AMEA Fəlsəfə və Sosiologiya İnstitutu — Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu.

İnstitutda Azərbaycan və dünya fəlsəfə tarixi, ictimai-siyasi fikir, müasir dünyanın sosial-mənəvi inkişafı, elmi-idrakın fəlsəfi-sosioloji məsələləri, sosial-psixologiyanın aktual problemləri, fəlsəfənin yeni istiqamətləri, gender, multikiulturalizmin fəlsəfi problemləri mövzularında tədqiqatlar aparılır.

Tarixi 1945-ci il yanvarın 23-də Azərbaycanda fəaliyyət göstərən SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı Azərbaycan Elmlər Akademiyasına çevrildi. Yaradıldığı ildən akademiyanın nəzdində 4 bölmə, 16 elmi-tədqiqat institutu, 3 muzey fəaliyyətə başlayıb. Fəaliyyətə başlayan institutlardan biri də "Fəlsəfə İnstitutu" olub. İnstitut 1945–1950-ci illərdə "Fəlsəfə İnstitutu", 1950–1956-cı illərdə "Tarix və Fəlsəfə İnstitutu", 1956–1967-ci illərdə Azərbaycan EA-nın "Fəlsəfə sektoru", 1967–2002-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının "Bəhmənyar adına Fəlsəfə və Hüquq İnstitutu", 2002–2009-cu illərdə "Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutu", 2009–2013-cü illərdə "Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu, 2013–2016-cı illərdə "Fəlsəfə və Hüquq İnstitutu", 2016–2020-ci illərdə "Fəlsəfə İnstitutu" adı altında fəaliyyət göstərib. 2020-ci ilin noyabr ayından isə "Fəlsəfə və Sosiologiya İnstitutu" adlandırılıb.

Fəaliyyət istiqamətləri Fəlsəfə və Sosiologiya İnstitutunun fəaliyyət istiqamətləri əsasən Azərbaycan və dünya fəlsəfə tarixi, ictimai-siyasi fikir, müasir dünyanın sosial-mənəvi inkişafı, elmi, elmi-idrakın fəlsəfi-sosioloji məsələləri, məntiq elminin təşəkkülü və inkişafı, sosial-psixologiyanın aktual problemləri, fəlsəfənin yeni istiqamətləri, gender, multikiulturalizmin fəlsəfi problemləri, informasiya cəmiyyətinin və vətəndaş etikasının formalaşması, davamlı inkişafın nəzəri-fəlsəfi və sosioloji problemlərini, Azərbaycan beynəlxalq münasibətlər sistemində və ölkə daxili siyasi proseslərin fəlsəfəsi və sosiologiyasını əhatə edir.

İnstitutda Azərbaycan ictimai fikir tarixində öz sözünü demiş görkəmli alimlər çalışmışdır. Bunlardan AMEA-nın həqiqi üzvləri Aleksandr Makovelski, Firudin Köçərli, Aslan Aslanov, müxbir üzvləri Məqsəd Səttarov, Zakir Məmmədov, Ziyəddin Göyüşov və b. adlarını çəkmək olar.

Direktorları Müxtəlif illərdə instituta rəhbərlik edən alimlər: 1945–1950-ci illər — akademik Aleksandr Makovelski; 1950–1956-cı illər — f.e.d. Vitali Səmədov, t.e.d. Məmməd İsgəndərov, t.e.d.Əliövsət Quliyev; 1958-ci il — f.e.d. Mehbalı Qasımov; 1958–1959-cu illər — f.e.d. Əddin Şakirzadə; 1959–1984-cü illər — akademik Firudin Köçərli; 1985–1987-ci illər — f.e.d. Zahid Orucov; 1987–1995-ci illər — akademik Aslan Aslanov; 1995–2001-ci illər — f.e.d. Əli Abasov; 2002–2008-ci illər — f.e.d, prof. Yusif Rüstəmov; 2008-ci ildən — f.e.d. İlham Məmmədzadə.

Strukturu Fəlsəfə və Sosiologiya İnstitutunda 25 şöbə fəaliyyət göstərir: Azərbaycan fəlsəfə tarixi şöbəsi. Şöbə müdiri — Hacıyeva Arzu Əşrəf qızı. Fəlsəfə üzrə elmlər doktoru, 1929-cu ildə təsis edilən və müasir Azərbaycan Elmlər Akademiyasının sələfi olan Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda fəlsəfə şöbəsi də açılmışdı ki, ona nəzəri fəlsəfə, ictimai elmlərin və pedaqogikanın metodologiyası bölmələri ilə yanaşı fəlsəfə tarixi bölməsi də daxil idi. Fəlsəfə tarixi bölməsi şöbəyə çevrilərək həmin vaxtdan etibarən fasiləsiz olaraq müvafiq elmi qupumların, o cümlədən 1945-ci ildən Azərbaycan Elmlər Akademiyasının müvafiq institutlarının (hazırda AMEA Fəlsəfə və Sosiologiya İnstitutu) nəzdində fəaliyyət göstərir. "Fəlsəfə və ictimai fikir tarixi" şöbə çoxəsrlik Azərbaycan mənəvi mədəniyyətinin tədqiq və təhsil sahəsində ənənələrini davam etdirərək fəlsəfə və fəlsəfi elmlərdən olan məntiq, psixologiya, etika, estetika, cəmiyyətşünaslığın tarixi ilə bağlı məsələlərin tədqiqi və tədrisini həyata keçirmiş və bu sahədə çoxlu kadr hazırlamışdır. Respublikada XX əsrin 30-cu illərindən indiyədək Qədim Şərq, Qədim Yunanıstan, Orta əsrlər, Yeni və Ən yeni dövr Qərb, rus, marksist fəlsəfəsi, 50-ci illərdən isə müntəzəm və sistemli şəkildə araşdırılmağa başlayan Azərbaycan və Şərqin İslam bölgəsi fəlsəfəsinin, həmçinin Qərb ölkələrinin, o cümlədən XX əsr fəlsəfəsi tarixi məsələləri şöbənin tədqiqat obyektləridir. Ötən illər ərzində həmin sahələrdə Azərbaycan tədqiqatçıları çoxlu monoqrafiyalar, elmi məqalələr dərc etdirmiş, böyük sayda namizədlik və doktorluq dissertasiyaları müdafiə etmişlər. Fəlsəfə tarixinin konkret problemləri üzrə tədqiqatların böyük bir qismi adətən onların mənsub olduqları bölgələrin sosiomədəni kontekstində, digər bir qismi isə bölgələrarası – Şərq-Qərb kontekstində aparılmışdır. Nəzəri-metodoloji məsələlərin fəlsəfə tarixinin konkret problemlərinin şərhi ilə əlaqələndirilməsi, sintezi bu tədqiqatların səciyyəvi cəhətlərindəndir. AMEA Rəyasət heyətinin 18 yanvar 2017-ci il tarixli 1/16 qərarı ilə şöbənin adı "Azərbaycan fəlsəfə tarixi" olaraq dəyişdirilmişdir.

Estetika şöbəsi. Şöbə müdiri – fəlsəfə elmləri doktoru, professor Adil Əsədov. Estetika şöbəsi 2010-cu ildə "Gözəlliyin fəlsəfəsi" qrupu əsasında yaradılmışdır.Şöbədə estetikanın müasir problemləri tarixi araşdırılır. Gözəlliyin və incəsənətin hərtərəfli təhlili diqqət mərkəzində saxlanılır. Şöbənin əsas nailiyyəti prof. Adil Əsədovun üçcildlik "Gözəlliyin fəlsəfəsi" monoqrafiyasıdır. Fəlsəfi pentalogiya üslububda yaradılmış bu əsərin birinci hissəsi Nizami Gəncəvi üslubunda dialoqdur. Burada gözəllik, eybəcərlik, insanın cismani və mənəvi gözəlliyi, gözəllik və elmi yaradıcılıq, gözəlliyin obyektivliyi problemi, təxəyyülün gözəlliyi, həqiqi gözəllik və bəzək, incəsənətdə gözəllik mövzuları ətrafında virtual dialoq təqdim olunmuşdur. İkinci cilddə müəllif mövqeyi xalis şəkildə təqdim olunmuşdur.Üçüncü cilddə isə müəllif mövqeyi ətrafında aparılmış geniş müzakirələr Platon üslubunda dialoq formatında təqdim olunmuşdur.

Etika şöbəsi. Şöbə müdiri: fəlsəfə elmləri doktoru, professor İlham Ramiz oğlu Məmmədzadə. Etika şöbəsi 1980-ci illərin əvvəlində yaranıb. Etika şöbəsi Azərbaycanda vətəndaş cəmiyyəti etikasını, fərdin davranışında vətəndaş əxlaqı və mənəvi dəyərlərin qarşılıqlı əlaqəsinin özünəməxsusluğunu tədqiq edir. 1981-ci ilin sonu "Etika", 2002-ci ildə "Etika və Estetika", 2005-ci ildən 2009-cu ilə qədər "Aksiologiya və fəlsəfi antropologiya", 2009-cu ildən "Etikanın nəzəri və tətbiqi problemləri" şöbəsi adı altında fəaliyyət göstərmişdir. İlham Məmmədzadə 1989-cu ildən bu günə qədər "Etikanın nəzəri və tətbiqi problemləri" şöbəsinin müdiridir. Struktur dəyişiklikləri ilə əlaqədar olaraq şöbə "Etikanın nəzəri və tətbiqi problemləri" adlanırdı və yenidən institutun da adının dəyişdirilməsindən sonra "Etika" adlanır.

Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi şöbəsi. Şöbə müdiri tarix elmləri doktoru, dosent Mədətli Eynulla Yadulla oğlu Şöbə AMEA Rəyasət Heyətinin 18 yanvar 2017-ci il tarixli 1/16 qərarı ilə yaradılmış, Fəlsəfə İnstitutunun 01 may 2017-ci il tarixli 137 nömrəli əmri ilə fəaliyyətə başlamışdır. Şöbədə Ulu öndər Heydər Əliyevin siyasi irsi və Azərbaycançılıq fəlsəfəsi araşdırılır. Ulu öndər Heydər Əliyevin siyasi irsinin bütövlükdə araşdırılması, xüsusilə də, bu zəngin irsin mühüm tərkib hissəsi olan Azərbaycançılıq məfkurəsi ilə əlaqədar Heydər Əliyevin məruzələrində, nitqlərində, çıxışlarında, müraciətlərində, müsahibələrində irəli sürülən nəzəri fikirlərin öyrənilməsi və elmi-fəlsəfi tədqiqə cəlb edilməsi; Azərbaycançılıq fəlsəfəsinin mahiyyətinin, formalaşmasının və dövlətçilik təcrübəsində tətbiqinin hərtərəfli tədqiq edilməsi və elmi, populyar nəşrlərdə, mətbuatda işıqlandırılması; Ulu Öndərin müstəqil Azərbaycan dövlətçiliyinin həm qurucusu, həm də ideoloqu kimi çoxşahəli fəaliyyətində azərbaycançılıq məfkurəsinin aparıcı istiqamətinin və rolunun müxtəlif aspektlərdən fəlsəfi təhlilə cəlb olunması; Azərbaycan cəmiyyətinin vahid, bölünməz və güclü bir cəmiyyət kimi formalaşmasında Heydər Əliyev şəxsiyyətini n və fəaliyyətinin yerinin və rolunun araşdırılıb elmi kitablar və məqalələrlə ictimaiyyətə təqdim edilməsi; Prezident İlham Əliyevin uğurla və yaradıcılıqla həyata keçirdiyi daxili və xarici siyasətin məhz Heydər Əliyevin zəngin və tükənməz irsindən qaynaqlandığının və müasir dövlətçilik təcrübəsində uğurla sınaqdan keçdiyinin elmi-fəlsəfi əsaslandırılmasıdır.

İdrak nəzəriyyəsi və məntiq şöbəsi. Şöbə müdiri fəlsəfə elmləri doktoru Qurbanov Füzuli Məhəmməd oğlu. Şöbə 1974-cü ildə yaradılıb. Əvvəlcə, adı "Dialektik materializm və təbiətşünaslığın fəlsəfi məsələləri" olub. Sonra elmin metodologiyası ilə bağlı ad qoyulub. Son bir neçə ildə "İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi" adı altında fəaliyyət göstərib. Hazırda "İdrak nəzəriyyəsi" şöbəsi adlanır. Əsas elmi fəaliyyət istiqamətləri idrak nəzəriyyələri və elmin fəlsəfəsinin aktual problemləri ilə bağlıdır. Müasir mərhələdə idrak nəzəriyyələrinin fəlsəfi analizi şöbənin əsas tədqiqat istiqamətidir. Bununla yanaşı, müasir elmi istiqamətlər, onların nəzəri-tətbiqi özəlliklərinin fəlsəfi analizi, elm və texnikanın fəlsəfi problemləri, fənlərarası yanaşmanın metodoloji xüsusiyyətləri şöbədə araşdırılır.

İnformasiya cəmiyyəti və rəqəmsal inkişaf fəlsəfəsi şöbəsi. Şöbə müdiri v.i.e. f.ü.f.d. M. S. Cəbrayılov. "Ekologiyanın fəlsəfi problemləri" şöbəsi keçmiş SSRİ məkanında ilk dəfə olaraq prof., f.e.d Ağayar Şükürov tərəfindən təsis olunmuşdur. Şöbədə 2006-cı ilə qədər "Ekologiya Fəlsəfə. Mədəniyyət" adlı məcmuənin 46 buraxılışı nəşr olunmuşdur. 1991-ci ildən 2008-ci ilin noyabr ayınadək şöbə müdiri professor A. Şükürov olmuşdur. Şöbənin adı bu günə qədər bir neçə dəfə dəyişdirilərək müxtəlif elmi-fəlsəfi istiqamətlərlə bağlı tədqiqatlar aparmılşdır; * 2000-ci ildə Qlobal və sosial ekologiyanın fəlsəfi problemləri (rəhbərlik edən prof., f.e.d Ağayar Şükürov) * 2009-Qloballaşma və İnformasiya cəmiyyətinin problemləri (şöbə müdiri, professor f.e.d. R. Mirzəzadə) * 2013-Qloballaşma və informasiya cəmiyyətinin fəlsəfi problemləri" – (şöbə müdiri f.ü.f.d. S. Mustafayev) * 2017-İnformasiya cəmiyyətinin fəlsəfi problemləri — (şöbə müdiri f.e.d. A. Rüstəmova) * 2021-ci il — İnformasiya cəmiyyətinin fəlsəfi və sosioloji problemləri (şöbə müdiri əvəzi, f.ü.f.d. M. S. Cəbrayılov) Şöbənin əsas tədqiqat istiqamətləri: süni intellekt və 4-cü sənaye inqilabının informasiya cəmiyyətinə təsirləri; informasiya cəmiyyətinin inkişaf proseslərinin fəlsəfi analizi; informasiya cəmiyyətinin nəzəri və metodoloji problemləri; Azərbaycanda informasiya cəmiyyətinin formalaşması və inkişafı: reallıqlar və perspektivlər; informasiya cəmiyyətində insan potensialı və həyat keyfiyyəti məsələləri; informasiya cəmiyyətinin müasir konsepsiyaları və s.