thumb|Vikicəmiyyətin böyük hissəsini kişi istifadəçilər təşkil edir. Vikipediyada gender bərabərsizliyi — Vikipediya redaktorlarının əsasən kişilər olması, Vikipediyadakı bioqrafiyaların daha az bir qisminin qadınlara aid olması və qadınları maraqlandıran mövzuların daha az əhatə olunmasına verilmiş ümumi ad.

2018-ci ildə aparılmış Vikipediyanın 12 dil versiyasını və Vikimedia Fondunun bəzi digər layihələrini əhatə edən sorğu zamanı sorğuda iştirak edən 3734 nəfərdən 90%-nin kişi, 8,8%-nin qadın olduğu, 1%-nin isə cinsi azlıqlara aid olduğu ortaya çıxmışdır. 2019-cu ildə Wikimedia Fondunun ozamankı baş direktoru Katherine Maher bildirmişdir ki, onun komandası qadınların ümumi redaktorların 15–20%-ni təşkil etdiyini ehtimal edir.

Vikipediyada qadınlarla bağlı məqalələrinin yaradılması, genişləndirilməsi, neytral və təfərrüatlı olması ehtimalı daha azdır. 2021-ci ildə aparılan bir araşdırma göstərmişdir ki, 2017-ci ilin aprelində dərc edilmiş bioqrafiyaların yalnız 17%-i qadınlara aid olduğu halda, silinməyə namizəd göstərilmiş bioqrafiyaların 41%-i qadınlara aid olmuşdur. Gender bərabərsizliyi Vikipediyaya ən çox irad tutulmuş mövzular arasındadır.

2015-ci ildə Vikipediyanın qurucusu Cimmi Vels ensiklopediyanın redaktorlarının ən azı 25%-nin qadınlardan ibarət olması ilə bağlı qoyduqları məqsədə çata bilmədiklərini açıqlamışdır. Vikipediyada qadın redaktorları həvəsləndirmək və qadınlarla bağlı mövzuların əhatə dairəsini artırmaq üçün "Edit-a-thon" və "Women in Red" kimi layihələr hazırlanmışdır.

Araşdırılması 2008-ci ildə dünya miqyasında aparılmış ilk araşdırma zamanı bütün redaktorların 13%-nin qadınlar olduğu ortaya çıxmışdır. 2011-ci ildə aparılmış araşdırmada bu rəqəmin qlobal miqyasda 9%-ə qədər endiyi müşahidə edilmişdir. 2009-cu ildə Vikimedia Fondunun sorğusu göstərmişdir ki, ortalama fəaliyyəti olan bir kişi redaktorun bu rəqəmdən iki dəfə çox redaktəsi olduğu halda 500-dən çox redaktə edən redaktorların yalnız 6%-i qadınlardır.

İstinadlar

Xarici keçidlər

Wikimedia Meta-Wiki-də Gender bərabərsizliyi

Kateqoriya:Vikipediya mübahisələri Kateqoriya:Gender bərabərliyi Kateqoriya:Seksizm Kateqoriya:Vikipediya tarixi Kateqoriya:Ayrı-seçkilik Kateqoriya:Gender tədqiqatları