Tanrıverdi Qiyas oğlu Mustafayev () — "Bakı Elektrikşəbəkə ASC"nin Mətbuat xidmətinin rəhbəri, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr şöbəsi, biologiya elmləri namizədi.
Həyat və fəaliyyəti Tanrıverdi Mustafayev 1962-ci il yanvarın 4-də Qərbi Azərbaycanın, Çəmbərək rayonunun Gölkənd kəndində kolxozçu ailəsində anadan olub. 1969-cu ildə doğma kəndlərindəki orta məktəbin birinci sinfinə gedib. 1979-cu ildə orta məktəbi başa vuraraq, Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) Avtomatika və Hesablama Texnikası fakültəsinin Sənaye elektronikası ixtisasına qəbul olub. 1984-cü ildə ali təhsilini uğurla başa vurub, təyinatla Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışmağa başlayıb. 1985-cil ilin aprelindən 1987-ci ilin aprelinə qədər göndərişlə Moldova EA-nın Ekoloji Genetika İnstitutunun İxtisasartırma və İxtisasdəyişmə Fakültəsində təhsilini davam etdirib. 1987-ci ilin oktyabrında Moldova EA-nın Ekoloji Genetika İnstitutunun aspiranturasına daxil olub. 1991-ci ildə aspiranturanı bitirib və biologiya elmləri namizədi elmi dərəcəsi alıb. Hələ Sovet dövründə Moldova ilə Azərbaycan arasında elmi, mədəni əlaqələri saxlamaq və daha da inkişaf etdirmək üçün Moldova Azərbaycanları adət-ənənələri mərkəzi — "Araz" cəmiyyəti yaradıb.
Moldovanın Nazirlər Soveti yanında Milli Münasibətlər üzrə Dövlət Departamentinə (MMDD) işə dəvət olunub. Həmin Departamentdə Moldovada yaşayan azlıqlarla iş şöbəsinin müdiri təyin olunub.
1997-ci ildə Moldova prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində nümayəndə heyəti ilə birlikdə ölkəmizə gəlib və Heydər Əliyevlə görüşüb. 1998-ci ildə Moldova-Türkiyə hökumətlərarası iqtisadi, mədəni, elmi əlaqələr komissiyasının üzvü olub. 2001-ci ilin noyabrına qədər həmin vəzifədə çalışıb. 2001-ci ilin noyabrında Moldova nümayəndə heyəti tərkibində Dünya Azərbaycanlılarının I Qurultayında iştirak edib. 2002-ci ilin əvvəlində yenidən Moldovadan Azərbaycana gəlib. Fevral ayının 7-də Moldovadakı işini Azərbaycandakı işlə dəyişib: "Barmek" Azərbaycan Elektrik Şəbəkəsinin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin olunub. Hazırda "Bakı Elektrikşəbəkə ASC"nin Mətbuat xidmətinin rəhbəridir. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Ailəsi Ailəlidir, iki oğlu var — biri Qərbi Azərbaycanda, digəri isə Moldovada anadan olub.
İstinadlar
Xarici keçidlər Mənim kəndim — Tanrıverdi Mustafayev
Kateqoriya:Azərbaycan Texniki Universitetinin məzunları Kateqoriya:Qaraqoyunluda doğulanlar