Sığorta () – şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

İxtisaslaşdırılmış təşkilatlar – sığorta şirkətləri – tərəfindən sığorta etdirənlərin sığorta haqlarından (mükafatlarından) formalaşan, sığorta hadisəsi nəticəsində sığorta etdirənə dəyən zərərin ödənildiyi sığorta fondunun hesabına fiziki və hüquqi şəxslərin əmlak maraqlarının qorunması ilə bağlı olan münasibətlər sistemidir.

Ümumilikdə sığorta istehsal münasibətlərinin mühüm elementlərindən biridir. Bu, istehsal prosesində maddi itkilərin ödənilməsi ilə əlaqədardır və normal, fasiləsiz və müntəzəm təkrar istehsalın əsas şərtlərindən hesab edilir. Sığorta xidmətləri sığorta bazarlarında yayılır. Sığorta bazarı – pul münasibətlərinin xüsusi sferasıdır və burada alqı-satqı obyekti kimi spesifik xidmət – sığorta müdafiəsi, təklif və ona olan tələbatı formalaşdıran pul münasibətləri kimi çıxış edir.

Sığorta könüllü və icbari formalarda həyata keçirilə bilər. Könüllü sığorta sığortaçı ilə sığortalı arasında müqavilə əsasında həyata keçirilir. Sığortanın aparılmasının ümumi şərtlərini və qaydalarını müəyyən edən könüllü sığorta qaydası sığortaçı tərəfindən müstəqil müəyyən olunur. Sığortanın konkret şərtləri sığorta müqaviləsinin bağlanması zamanı müəyyən olunur. İcbari sığorta qanunun qüvvəsi ilə həyata keçirilən sığortadır.

Qanunvericiliyə zidd olmayan aşağıdakı əmlak mənafeləri sığorta obyektləri ola bilər: sığortalının və ya sığorta olunan şəxsin həyatı, sağlamlığı, əmək qabiliyyəti və pensiya təminatı ilə əlaqədar (şəxsi sığorta); əmlakın sahibliyi, istifadəsi və sərəncamlığı ilə əlaqədar (əmlak sığortası); sığortalı tərəfindən ona və ya fiziki şəxsin əmlakına vurulmuş ziyanın, eləcə də hüquqi şəxsə dəymiş ziyanın ödənilməsi ilə əlaqədar (məsuliyyət sığortası).

Ölkə ərazisində yerləşən hüquqi şəxslərin əmlak mənafelərinin (təkrar sığorta və qarşılıqlı sığorta istisna olmaqla) və ölkənin rezidentləri kimi fiziki şəxslərin əmlak mənafelərinin sığortası yalnız sığorta fəaliyyətinin həyata keçirilməsinə lisenziyası olan hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.

Sığortaçılar sığorta agentləri və sığorta brokerləri vasitəsi ilə sığorta fəaliyyətini həyata keçirə bilərlər.

Verilmiş səlahiyyətlərə uyğun olaraq sığortaçının adından və onun tapşırığı ilə fəaliyyət göstərən fiziki və ya hüquqi şəxslər sığorta agentləridir. Sığortalının yaxud sığortaçının tapşırıqları əsasında öz adından sığorta üzrə vasitəçilik fəaliyyətini həyata keçirən sahibkarlar qismində müəyyən olunmuş qaydada qeydiyyatdan keçən hüquqi və ya fiziki şəxslər sığorta brokerlər sayılır.

Sığortanın inkişaf tarixi Bəşər cəmiyyəti yaranandan bəri təbiət və cəmiyyətin inkişaf qanunauyğunluqlarından qaynaqlanan bir sıra ziddiyyətlər müxtəlif formalarda daima özünü büruzə vermişdir. Sözü gedən təbiət-cəmiyyət ziddiyyətinin təzahür formalarından bəziləri müxtəlif təbii fəlakətlər və insan iradəsindən asılı olmayan bir sıra bədbəxt hadisələr şəklində büruzə verir. Həmçinin, zaman-zaman cəmiyyətin öz inkişafı ilə əlaqədar müəyyən xoşagəlməz hadisələr, proseslər baş verə bilər. Belə bir şəraitdə qabaqcadan planlaşdırılmayan və ya proqnozlaşdırılmayan hallar, siyasi-iqtisadi dəyişikliklər, müharibələr, bazar konyukturasının dəyişməsi və s. baş verə bilər, hansı ki, hər hansısa bir fərdin şəxsi vəsaiti hesabına ehtimal edilən təhdidlərin qarşısını almaq qeyri-mümkündür. Bəşər cəmiyyətinin ilkin inkişaf dövrlərində baş verən təbii və qeyri-təbii fəlakətlər, təsərrüfatlara dəymiş böyük ölçülü zərərlər, həmçinin növbəti təhlükələrin baş vermə riski cəmiyyət üzvlərini düşünməyə və çıxış yolları axtarmağa vadar etmişdir. Zaman keçdikcə fərdlər tək başına potensial zərərlərin qarşısını alma iqtidarında olmadıqlarının fərqinə vararaq müəyyən vəsaitlər toplamağa və riskləri öz aralarında "bölüşdürməyə" başlamışdır. İlk addımlara nümunə kimi, inşaatda həlak olmuş şəxslərin ailələrinə yardım toplanılması, dəniz tacirlərinin quldurlara və oğrulara qarşı bir araya gələrək pul fondları yaratması və s. göstərilə bilər. Sonrakı mərhələlərdə bu meyillər get-gedə güclənmiş və ilkin vəsait fondları təkmilləşərək müasir dövrdəki ehtiyat fondlarına, sığorta fondlarına çevrilmişdir.

Sığorta bazarının fəaliyyət mexanizmi Bazar iqtisadi münasibətləri çərçivəsində hökm sürən davamlı iqtisadi inkişaf müasir sığorta bazarı və onun səciyyəvi cəhətlərinin tədqiq edilməsini zəruri etmişdir. Sığorta bazarı mahiyyətcə tələb və təklifin formalaşdığı, alqı-satqı obyekti sığorta müdafiəsi olan, alıcıların və satıcıların (sığortaçı və sığortalı) görüşdüyü mücərrəd məkanı və ya pul münasibətlərinin xüsusi sosial-iqtisadi strukturunu ifadə edir. Fəaliyyət göstərən sığorta bazarı mürəkkəb və üzvi bir sistemi əhatə etməklə müxtəlif struktur hissələrini özündə cəmləşdirir. Sığorta bazarının mahiyyətini özündə təcəssüm etdirən əsas meyar sığorta cəmiyyəti və ya sığorta kompaniyasıdır. Sığorta kompaniyasının mövcudluğu sayəsində bu və ya digər iqtisadi münasibətlər formalaşır, sığorta fondunun təşəkkülü və istifadəsi prosesi yaranır, şəxsi və korporativ maraqlar bir-birinə qarışır.

Sığorta fəaliyyəti Qeyd etdiyimiz kimi, müasir bazar iqtisadiyyatı şəraitində bazar subyektləri üçün bir sıra qeyri-müəyyənliklər qaçılmazdır. Bu qeyri-müəyyənliklər isə öz növbəsində zaman-zaman həmin fərdlər üçün müəyyən risklərə, təhlükələrə yol aça bilir. Dövrümüzdə bu tipli qeyri-müəyyənliklər nəticəsində ortaya çıxan təhlükələrin, zərərlərin qarşısını almaq üçün bir sıra çox və vasitələrdən istifadə olunur. Təsadüfi deyil ki, bu gün bir sıra böyük şirkətlərdə ehtimal olunan risklərə qarşı ön tədbirlər görmək üçün ayrıca risklərin idarə edilməsi (risk menecmenti) bölməsi fəaliyyət göstərir. Risklərin idarə edilməsi bir müəssisənin və ya fərdin fəaliyyəti üçün müəyyən problemlərə yol açacaq təhdidlərin öncədən sezilməsi, ehtimal edilməsi və həmin risklərin qarşısını almaq üçün görülən tədbirləri ehtiva edir.

Sığortalı Sığortaçı ilə müqavilə bağlanan (sığorta etdirən) və ya xeyrinə sığorta müqaviləsi bağlanan (sığorta olunan), yaxud qanuna görə sığortalanmış sayılan fiziki şəxs (fəaliyyət qabiliyyəti məhdud olan və ya fəalliyyəti qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırılan, eləcə də fəaliyyət qabiliyyəti olmayan şəxslərdən başqa) və ya hüquqi şəxsdir. Başqa sözlə sığortalı – sığorta polisinə malik, kompaniya və ya şəxsdir. Sığorta polisi isə sığorta haqları və sığorta ödənişlərinin həcmini, ödəmə qaydalarını müəyyənləşdirən, bir sözlə, sığorta müqaviləsini müəyyənləşdirən sənəddir.

Sığortaçı Yalnız sığorta və təkrar sığorta fəaliyyətini göstərmək məqsədilə yaradılmış, qanunvericiliklə müəyyənləşdirilmiş qaydada xüsusi razılıq almış hüquqi şəxs olan sığorta təşkilatıdır.

Sığortanın funksiyaları Sığortanın iqtisadi mahiyyəti, onun ictimai məqsədlərində ifadə olunan funksiyalarında daha da açılır. Funksiyalar sığortanın maliyyə sisteminin bir həlqəsi kimi xüsusiyyətlərini aydınlaşdırmağa imkan verən təzahür əlamətləridir. Maliyyə anlayışı öz iqtisadi mahiyyətini hər şeydən əvvəl bölgü funksiyası vasitəsilə ifadə edir. Bu funksiya özünü sığortanın funksiyalarında göstərir. Sığortanın əsas etibarilə dörd əsas funksiyası var. Bunlar aşağıdakılardan ibarətdir:Risk funksiyası, Xəbərdarlıq funksiyası, Yığım(əmanət funksiyası), nəzarət funksiyası. Əsas fuksiya kimi risk funksiyası çıxış edir. Belə ki, zərər həmişə meydana çıxa bilər və hətta hər il təkrar oluna bilər. Sığortanın qarşısında qoyulan məqsədlərə uyğun olaraq sığortaçı təşkilat zərərçəkmiş təsərrüfat subyektlərinə pul yardımı göstərməlidir. Bu çərçivədə fəaliyyət göstərən sığorta riski funksiyası yenidən bölgü münasibətlərini həyata keçirir. Dəyərin pul formasında yenidən bölgüsü, təsadüfi sığorta hadisələrinin baş verməsilə əlaqədar olaraq sığorta iştirakçıları arasında aparılır. Yenidən bölgü münasibətləri sığortanın mahiyyətini əks etdirməklə yanaşı, sığortanın risk funksiyasının həyata keçirilməsində əsas rol oynayır. Sığortanın xəbərdarlıq funksiyası əsasən sığorta fondunun vəsaitlərinin müəyyən hissəsi hesabına sığorta risklərinin azaldılması tədbirlərinin müəyyənləşdirilməsinə istiqamətlənir. Xəbərdarlıq və ya qabaqcadan xəbər vermə funksiyası, əhalinin və ya təsərrüfat subyektlərinin öz mümkün itkilərinin nəticələrini aradan qaldırmağa çağırış olmaqla bütün əmlakın, fəaliyyətin, həyatın və s. sığortalanmasını ifadə edir. Yəni sığorta ehtimal olunan itkilərin zərərsizləşdirilməsidir. Sığortaya görə ayırmalar sığorta fonduna cəlb olunduğu üçün sığorta həm də yığım funksiyasını həyata keçirir. Sığortanın köməyi ilə xeyli miqdarda pul vəsaitlərinin toplanılmasının maliyyə siyasəti baxımından çox böyük əyəmiyyəti var. Sığorta münasibətlərinin əmanət xarakteri daşıması və onun əmanət funksiyası sığorta ayırmaları hesabına sığorta fonduna külli miqdarda pul vəsaitinin toplanması ilə əlaqədardır. Bu isə maliyyə siyasəti baxımından əhəmiyyətlidir. Sığortanın başqa bir funksiyası olan nəzarət funksiyası yuxarıda göstərilən üç funksiyanın nəticəsi kimi çıxış edir və konkret sığorta münasibətləri zamanı həmin funksiyalarla birlikdə meydana çıxır. Nəzarət funksiyası sığorta fondu vəsaitlərinin formalaşdırılması və istifadəsi ilə əlaqədardır. Sığorta nəzarətinin qanunvericilik sənədləri əsasında həyata keçirilməsi maliyyə nəzarətinin həyata keçirilməsinin tərkib hissəsi kimi çıxış edir. Sığortanın ictimai istehsalın fasiləsizliyinin təmin olunmasında və ictimai istehsalın balanslaşdırılmasında rolu özünü əsas etibarı ilə sığortanın aparılmasının son nəticələrində göstərir. Son nəticə dedikdə əsasən sığorta sahələrinin optimallaşdırılması, sığorta əməliyyatlarının inkişaf göstəriciləri, zərərlərin vaxtında aradan qaldırılmasında və s. nəzərdə tutulur.

Sığortanın növləri Sığorta cəmiyyətin ictimai-iqtisadi həyatının bütün tərəflərini əhatə etməklə əhalinin maddi rifahının və sahibkarlıq riskinin zəmanətçisi kimi çıxış edir, gözlənilməz və fövqəladə hadisələr zamanı əmlak mənafelərinin qorunmasına, dövlətin maliyyə sisteminin möhkəmləndirilməsinə təsir göstərir. O, nəinki sığorta hadisələri zamanı büdcəni dəyən zərərlərin ödənilməsindən azad edir, hətta uzunmüddətli investisiyaların mənbəyinə çevrilir. Sığorta ixtisaslaşdırılmış sığorta təşkilatları tərəfindən həyata keçirilir. Bu təşkilatlar dövlət və qeyri-dövlət təşkilatları ola bilər. Onların fəaliyyət sahəsi daxili (məhdud), xarici və yaxud qarışıq sığorta bazarlarını əhatə edir. Sığorta bazarının yüksək inkişafı şəraitində sığorta həm ölkə daxilində, həm də xaricdə həyata keçirilə bilər. Bu sığortanın təşkilati təsnifləşdirilməsidir. İstənilən təsnifləşdirilmənin əsası elə əlamətlərdən ibarət olmalıdır ki, bu bütün həlqələrin qarşılıqlı əlaqələrini təmin etsin. Təsnifatın əsasında iki əlamətin nəzərə alınması mümkündür: sığorta obyektlərinin və sığorta məsuliyyətinin səviyyəsində fərqlər. Bunlara uyğun olaraq iki təsnifləşdirmə tətbiq edilir: sığorta obyektləri üzrə və təhlükəlilik səviyyəsi üzrə. Birinci təsnifat ümumidir, ikincisi isə yalnız əmlak sığortasını əhatə etməklə sahə xarakteri daşıyır.

Sığorta münasibətləri iki formalarda həyata keçirilir: Məcburi sığorta Könüllü sığorta

Məcburi sığorta