Hüquqi antropologiya  — şifahi və ya yazılı hüquqları və ictimai həyat təcrübəsini təhlil edərək, hər bir tarixi sivilizasiya tipi üçün xarakterik olan insan varlığının hüquqiləşdirilməsi proseslərini araşdıran və insan icmaların sosial və hüquqi həyatının əsasını təşkil edən qanunauyğunluqları aydınlaşdırmağa çalışan elmi və təhsil intizamıКовлер А. И. Антропология права: Учебник для вузов. — М., Норма, 2002. С. 23..

Hüquqi antropologiyanın yaranma tarixi Hüquqi antropologiya antropoloji elmlər içərisində nisbətən yeni, cavan sahələrdən hesab olunur. Hüquqi antropologiyanın bir elm kimi formalaşması tarixi mübahisəlidir. Belə ki, universitet təhsili sistemində hüquqi antropologiya keçən əsrin 90-cı illərindən tədris olunmağa başlayıb. İlk dəfə 1990-cı ildə Norbert Rulan tərəfindən Paris 7 universitetində tədris olunmuşdur. 1995-1996-cı tədris ilindən etibarən isə Rusiyadakı tədris olunmağa başlayıb. Hüquqi antropologiya hüquq və antropologiyanın qovşağında formalaşmış bir elm sahəsidir və müəyyən tədqiqatçılar onu sosial antropologiyanın bir sahəsi kimi də qəbul edirlər. Ümumilikdə hüquqi antropologiyanın müəyyən bir bilik sahəsi kimi ayrılması müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif cür qəbul olunur. Bu fənnin ilk dərsliyini yazan N.Rulan hüquqi antropologiyanın XVIII əsrin II yarısında formalaşmağa başladığını göstərmiş və fransız maarifçisi Jan Jak Russo və alman filosofu İmmanuel Kantı bu sahənin ilkin yaradıcıları kimi vermişdir. Lakin, bir çox tədqiqatçılar hüquqi antropologiyanın yaranmasını qədim hüquq sistemlərinin daha doğrusu yazılı hüquq formalaşana qədər mövcud olmuş ictimai həyatın nizamlanması formalarının tədqiqat obyektinə çevrilməsi ilə əlaqələndirirlər. Belə yanaşma hüquqi antropologiyanın XIX əsrin ortalarında formalaşdığını söyləməyə əsas verir.

Bu sahədə ilk tədqiqatlar ingilis antropoloqu Henri Samner Menə məxsus olduğundan bu alimi də hüquqi antropologiyanın banisi hesab edirlər. Digər yanaşmaya görə isə əksər tədqiqatçılar hüquq məhvumu adı altında yalnız dövlətlə bağlı olan məcmuələşdirilmiş - yazılmış qanunları qəbul edirlər. Dövlətə qədərki insan cəmiyyətində mövcud olan daxili münasibətlərin tənzimlənməsi, ictimai həyatın nizamlanması qaydaları isə buraya şamil edilmir. Bu müstəvidən yanaşma hüquqi antropologiyanın yalnız XX əsrin 20-ci illərində yarandığını söyləməyə imkan verir. Belə ki, Avropa pozitivist hüququnun ənənəvi və arxaik cəmiyyətlərdə tətbiqinin və onların mövcud adət-ənənələrə uyğunlaşdırılmasının ilkin elmi izahı Bronislav Malinovski tərəfindən verilmişdir. Samner Men əsasən qədim hüququ öyrəndiyi halda, Malinovski ilk dəfə olaraq müasir dövrdə mövcud olan, ibtidai icma cəmiyyətində yaşayan, yəni yazılmamış qanunlarla idarə olunan cəmiyyətlərin hüquqi mövcudluğunu tədqiq etməyə, onların əsas xüsusiyyətlərini aydınlaşdırmağa çalışmışdır. Bunu əsas götürərək xüsusən də hüquqşünasların böyük qismi hüquqi antropologiyanın məhz bu dövrdə yarandığını, formalaşdığını göstərirlər. Beləliklə, XIX əsrin sonu XX əsrin əvvəllərində Samner Men öz oriyentasına görə təkamülçülərə, Malinovski isə funksionalistlərə məxsusdur. Bununla da faktiki olaraq hüquqi antropologiyanın təkamülçülər və funksionalistlər tərəfindən formalaşdırılması ideyası ortaya çıxır.

Hüquqi antropologiyanın predmeti

Ümumilikdə hüquqi antropologiyanın formalaşması haqqında mövcud olan fərqli fikirlər hüququn özünün mahiyyətinə olan fərqli düşüncələrlə bağlıdır. Bu səbəbdən də hüquqi antropologiyada bu elm sahəsinin nəyi öyrənməsi ilə, yəni predmeti ilə bağlı da yekdil fikir yoxdur. Hüquqi antropologiya iki elmin - hüquqşünaslıq və antropologiyanın qovşağında yerləşir. Bu iki sahənin birləşməsi XX əsrin 20-ci illərinə aiddir. Antropologiya insan və insan fəaliyyətinin nəticələrini, hüquqşünaslıq isə insan cəmiyyətinin idarə olunmasının qanunauyğunluqlarını öyrənir.

Hüquq sistemi özü 3 yerə bölünür:

Adət hüququ - bu hüququn ilkin səviyyəsidir. Ənənəvi hüquq - müxtəlif cəmiyyətlərə xas olan hüquq sistemidir. Praqmatik hüquq - məcəllələşmiş hüquqdur. Bu hüquq sistemi Napalyonun vaxtında özünün zirvə nöqtəsinə çatmışdır. Praqmatik hüquq yalnız hüquqşünaslıq tərəfindən öyrənildiyi halda, adət hüququ və ənənəvi hüquq isə yalnız hüquqşünaslıq tərəfindən öyrənilə bilməz. Bu sistemlər insan cəmiyyətini öyrənən elm tərəfindən, yəni antropologiya tərəfindən öyrənilməlidir.

Hüquqşünaslar insan cəmiyyətini tarixən iki böyük dövrə bölürlər:

yazılmış hüquqa qədərki tarix yazılmış hüquqdan sonrakı tarix.

Ümumiyyətlə XVII əsrdən bu günə qədər hüquqşünaslıqda qanunun özünün nə olması mübahisəlidir. Bu da bu sahədə müxtəlif fikirlərin mövcudluğuna gətirib çıxarmışdır. Əsas problem budur ki, “nəyi qanun hesab etmək olar?”. Uzun müddət belə hesab edirdilər ki, insan cəmiyyətlərində müəyyən qəbul olunmuş qaydalara riayət etmək məcburidir, əks halda cəza tətbiq olunmalıdır.

Bu nöqteyi nəzərdən götürsək ilk qanunlar sinifli cəmiyyətlər yarandıqdan, yazılmış qanunlar formalaşdıqdan sonra yaranmışdır. Məsələn, hər hansısa bir əmələ görə azadlıqdan məhrum etmə və s. Lakin, cəmiyyətdə uzun bir dövr var ki, burada yazılmış qanunlar yoxdur. Ümumiyyətlə insan cəmiyyəti yarandıqdan sonra insanların fəaliyyətində müəyyən məhdudiyyətlər də mövcud olmuşdur. Belə ki, insan hər hansısa bir fəaliyyətlə məşğul olarkən müəyyən hərəkətlərə və ya düşüncə tərzinə görə məsuliyyət hiss etmişdir. Bu məsuliyyəti onda yaradan ətrafdakıların həmin hərəkətlərə yaxud düşüncə tərzinə olan reaksiyasıdır. Bunları müəyyən mənada əxlaqi qaydalar adlandırsaq da, elə deyil. Bu onunla bağlıdır ki, insan cəmiyyətinin yaranması qadağalarla başlayır və bu müxtəlif cəmiyyətlərdə müxtəlif şəkildə özünü göstərir.

Bununla da hüquqşünaslıqda belə bir sual yaranır: “Həmin bu qadağaları qanun hesab etmək olar ya yox?”. İbtidai icma cəmiyyətində mövcud olan bu qaydaları demək olar ki, heç kəs pozmur, baxmayaraq ki, bu dövrdə cəza yoxdur. Lakin, bizim cəmiyyətimizdə cəza olduğu halda insanlar mövcud qaydaları pozurlar. Bu da ona əsas verir ki, yazılmamış qanunlar yazılmış qanunlardan daha güclü mahiyyətə malikdir. Bu zaman isə belə bir sual ortaya çıxır: “Yazılmamış qanunların bu qədər gücü varsa, niyə onları qanun hesab etməyək?”. Beləliklə, elmdə mövcud olan ilk elmi baxışlara əsasən hüquqi antropologiya arxaik və ənənəvi cəmiyyətlərdə mövcud olan adət-ənənələr əsasında formalaşmış "adət hüququ"nu öyrənir.

Başqa sözlə hüquqi antropologiya primitiv cəmiyyətlərdə mövcud olan daxili nizamlanma qaydalarını tədqiq edir. Müasir cəmiyyətlərdə isə onların qalıqlarının ictimai həyata, insanların gündəlik davranışına təsirini tədqiq edir. Faktiki olaraq bu nöqteyi nəzərin tərəfdarları hüquqi düşüncənin ilkin çağlardan yazılmış qanunlar meydana gələnə qədərki tarixinin öyrənilməsini hüquqi antropologiyanın əsas vəzifəsi hesab edirlər və fənnin də hüquqi antropologiya adlandırılmasını təklif edirlər.

İkinci dünya müharibəsindən sonra hüquqşünaslıq sahəsində hüququn mahiyyəti ilə bağlı bir çox müddəalarda dəyişikliklər baş verdi. Bəzi tədqiqatçılar “adət hüququ”nun bir çox cəmiyyətlərdə yazılmış qanunlardan heç də az təsirli olmamasını nəzərə alaraq onların da hüquq məhvumu altında birləşdirilməsini təklif etdilər. Yəni, hüquq yalnız qanunlardan ibarət deyil, həmçinin, müəyyən adətlər, ənənələr də hüquq məhvumuna daxil edilməlidir. Bu nöqteyi-nəzərin tərəfdarlarları hüquqi antropologiyanın əsas predmeti kimi hüququn bir ictimai fenomen kimi insan mədəniyyətində tutduğu yerin tədqiqi olduğunu göstərirdilər. Belə ki, yer kürəsində mövcud olan və mövcud olmuş etnik toplumlar fərqli olduğu kimi mədəniyyətlər də fərqlidir və bu mədəniyyətlər sistemində insanların ictimai davranış qaydalarının tənzimlənməsi, sosial həyatın nizamlanması da fərqlidir.

Yəni, hüquqi antropologiyanın əsas predmeti hüquqi plüralizmin (müxtəlifliyin) öyrənilməsidir. Təsadüfi deyil ki, Norbert Rulanın “Hüquqi antropologiya” dərsliyinin əsas qayəsi Avropa mərkəzçilikdən, Avropa dəyərlər sistemindən uzaqlaşmaq, hüquqi plüralizmi qəbul etmək idi. Bəzi tədqiqatçılar göstərir ki, Yer kürəsində nə qədər insan cəmiyyəti varsa, bir o qədər də hüquq sistemi var. Bunların hamısı hüquqi plüralizmə görə eyni tərtibdə hesab olunur və eyni dəyərdə qəbul olunurlar. Bu səbəbdən də hüquqi antropologiyanın əsas vəzifələrindən biri də bütün bunları tədqiq etməkdir. İnsan cəmiyyətlərinin hər biri mövcudolma xüsusiyyətlərinə görə fərqlənsələr də, ümumi qayda-qanunlara əsaslanırlar. Həmin bu qanunauyğunluqların araşdırılması və ortaya çıxarılması əsas məsələlərdən biridir. Təsadüfi deyil ki, 1990-cı illərdən etibarən Avropanın bir çox ölkələrində, eyni zamanda bir sıra Şərq ölkələrində (Çin, Hindistan) hüquqi antropologiya ilə bağlı həm elmi, həm ictimai, həm də dövlət təşkilatları yaranmışdır. Günümüzdə hüquqi antropologiya ilə bağlı ən mühüm təşkilatlardan biri olan “Adət hüququ və hüquqi plüralizm üzrə beynəlxalq komissiya” (1997) fəaliyyət göstərir.

1997-ci ildən sonra isə hüquqi plüralizm üzrə müxtəlif dünya ölkələrində beynəlxalq konfranslar təşkil olunur. Ümumilikdə XX əsrin ortalarından hüquqi plüralizm özünə yer etmiş və ilk dəfə bu məsələləri ortaya çıxaran əslində Malinovski olmuşdur. Bu nöqteyi-nəzərdən - müxtəlif hüquq sistemlərinin eyni tərtibli olması nöqteyi-nəzərindən yanaşdıqda bəzi tədqiqatçılar hüquqi antropologiyanın əsasının Malinovskinin əsərlərində qoyulduğu göstərilir.

Bəzi tədqiqatçılar hüquqi antropologiyanın predmetinin yazılmamış qanunların tədqiqi olduğunu göstərirlər. Yazılmamış qanun dedikdə, yalnız adət hüququ nəzərdə tutulmur. İnsan cəmiyyəti əqidə, mənafe və s. əsasında birləşmiş insan toplumlarından ibarətdir. Bu toplumların böyük bir qisminin özünün daxili tənzimlənmə qaydaları vardır. Məsələn, mafiya, futbol fan-klubları, müxtəlif dini-siyasi ordenlər, hətta ayrı-ayrı firmalar və s. özünəməxsus daxili münasibətlərin nizamlanma qaydalarına malikdir. Bunun tipik nümunəsi kimi biz cəzaçəkmə müəssisəsində mövcud olan daxili qaydaları göstərə bilərik. Bir çox hallarda məhz bu yazılmamış qanunlar mövcud hüquqdan cəmiyyətin ictimai həyatına daha güclü təsir göstərir. Bəzi tədqiqatçıların fikrinə görə hüquqi antropologiyanın əsas vəzifəsi məhz bu xüsusiyyətlərin tədqiqidir. Yəni, yazılmamış, lakin insanların həyatında mühüm rol oynayan bütün hüquqi gerçəkliklərin öyrənilməsidir. Faktiki olaraq müasir dövrdə hüquqi antropologiya sahəsində əsas tədqiqatlar məhz bu istiqamətdə aparılır. Bütün bu deyilənləri biz ümumiləşdirərək, deyə bilərik ki, hüquqi antropologiya hər bir cəmiyyətə xas olan hüquqiləşmə proseslərini və onların daxili məntiqini açmağa, izah etməyə çalışır və insan cəmiyyətinin ilkin pillələrində insanların davranışlarını tənzimləyən qaydaları, adətləri, ənənələri və s. öyrənir. Yəni, faktiki olaraq, insan mədəniyyətinin tərkib hissəsi kimi xalq ruhunda, adətlərdə, folklorda, ayinlərdə maddiləşmiş tənzimlənmə xüsusiyyətlərini tədqiq edir. Hüquqi mədəniyyət insan mədəniyyətinin tərkib hissələrindən biridir. Sonuncu mənada hüquqi antropologiya bir çox tədqiqatçılar tərəfindən hüquqi antropologiya yox, hüququn antropologiyası kimi təqdim olunur.

Hüquqi antropologiyanın hüquqşünaslıqdan fərqi bunlardır:

Hüquqşünaslıq birinci növbədə yazılmış qanunlar, onların formalaşdırdığı qaydalar və həmin qaydaların riayət olunması mexanizmini tədqiq edir. Hüquqi antropologiya isə diqqəti adət hüququ və ənənəvi hüquqa yönəldir. Hüquqşünaslıq hüququ bir substansiya kimi, hüquqi antropologiya isə mədəniyyətin tərkib hissəsi kimi öyrənir. Hüquqi antropologiya hüququ mədəniyyət fenomeni kimi öyrəndiyi üçün o, cəzalandırma, məcburetmə mexanizmlərinə və s. diqqət yetirmir. Hüquqşünaslıqda isə bu əksinədir. Ümumən hüquqşünaslıqda iki əsas anlayış var: cinayət və cəza.

Hüquqi antropologiyanın tədqiqat metodları