Hamlet Göyüş oğlu Qoca () — Azərbaycan yazıçısı, nasir-tərcüməçi, ictimai xadim. SSRİ Yazıçılar İttifaqının və Azərbaycan Yazıçılar Birliyinin üzvü. Fransa Mədəniyyət Nazirliyinin "İncəsənət və ədəbiyyat Komandoru" ordeni və fəxri adı laureatı.

Həyatı Hamlet Qoca 1942-ci ilin 22 dekabr tarixində anadan olub. Orta təhsil illərindən Avropa dillərini öyrənməyə başlamış, Ağdaş şəhərində 1 saylı tam orta təhsil məktəbini bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun (indiki ADU) fransız dili və ədəbiyyatı fakültəsinə qəbul olunmuşdur. Təhsil illərində əlaçı olmuş, fransız dili ilə bərabər ingilis dilini də mükəmməl öyrənməyə səy göstərmiş, fransızca səlis, qramatik nitqə və tərcüməçilik qabiliyyətinə malik olmuşdur. 1963-cü ildə Tbilisidə keçirilən Tələbə Elmi Cəmiyyətlərinin Ümumittifaq konfransında fransız dilində məruzəsinə Fransalı nümayəndələr yüksək qiymət vermiş və təhsilinin davamı üçün onu Sarbon universitetinə dəvət etmişdilər, lakin dövrün məlum siyasətinin qoyduğu qadağalar qarşısında o, dəvətdən imtina etməyə məcbur olmuşdur. Hamlet Qoca hələ tələbə ikən 1964–1966-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix institutunda fransız dilində olan elmi-tarixi arxiv materiallarını Azərbaycan dilinə çevirməklə iş fəaliyyətinə başlamışdır. İnstitutu əla qiymətlərlə bitirəndən sonra 1966-cı ildə Afrikaya, Mali Respublikasındakı sovet səfirliyinə mütərcim təyinatı alır. 1968-ci ilə qədər burada çalışır və eyni zamanda Malinin tarixi-mədəni, ictimai-sosial, etnik xüsusiyyətlərini araşdırmaqla məşğul olur ki, bu da sənədli memuar tipli ilk əsərinin, "Tam-tamlar ölkəsində" (1971) kitabının yazılmasına imkan yaradır və sonralar bu silsiləni davam etdirərək işlədiyi, ezamiyyətdə olduğu Afrika ölkələrinin özəlliklərini əks etdirən "Afrikada gördüklərim" (1986), "Üç Afrika ölkəsi" (1989) kimi əsərlərini qələmə alır. Fəaliyyətinin bütün dövrlərində Fransanın görkəmli yazıçılarının əsərlərini Azərbaycan dilinə çevirmək, azərbaycanlı oxucuya orijinala maksimum yaxın bir üslubda təqdim etmək işini davam etdirmişdir. 1968–1971-ci illərdə işlədiyi "Gənclik" nəşriyyatında çap olunan uğurlu tərcümə nümunələri (A. Morua "Fəslin çiçəkləri", A. Filip "Bir göz qırpımı", M. L. Verner "Peretin nağılları" və s.) tərcüməçilik fəaliyyətinin inkişafına və genişlənməsinə şərait yaradır.

1971–1980-ci illərdə SSRİ-nin Asiya və Afrika xalqları ilə həmrəylik komitəsinin Azərbaycanda məsul katibi vəzifəsində çalışan Hamlet Qoca eyni zamanda ictimai-siyasi xadim kimi də fəaliyyət göstərmiş, müxtəlif dünyamiqyaslı beynəlxalq konfrans və tədbirlərdə Azərbaycanı ləyaqətlə təmsil etmişdir. 1980–1982-ci illərdə SSRİ-nin Əlcəzairdəki səfirliyində mədəniyyət mərkəzinin müdiri vəzifəsində çalışmış, vəzifə müddəti bitdikdən sonra yenidən əvvəlki işinə qayıtmışdır. 1994–2000-ci illərdə Azərbaycan Televiziya və Radio Şirkəti Qərb verilişləri redaksiyasında baş redaktor vəzifəsində çalışmışdır. 2000-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq Münasibətlər şöbəsində baş məsləhətçi təyin edilmişdir. Hamlet Qoca ağır xəstəlik keçirdiyindən ürək-damar çatışmazlığı səbəbi ilə 2019-cu il, mayın 7-də vəfat etmişdir.

Ailəsi Həkim Göyüş Şoşuq oğlu Qocayev (1912–1976), Zərxara Əli qızı Qocayevanın (1920–1999) ailəsində dünyaya gələn Hamlet Qoca ailənin səkkiz övladının (Fikrət, Səhhət, Vaqif, Hamlet, Məhəmmədəli, Gülbəniz, Aybəniz, Güldəniz) dördüncüsüdür. O, 1973-cü ildə həkim-terapevt Tünzalə Hüseynova ilə ailə həyatı qurmuş, 3 övladı olmuşdur:

Ceyhun Qocayev (1974-cü ildə anadan olmuş, İzmir Universitetinin psixologiya fakültəsində təhsil almışdır); Azər Qocayev (1975-ci ildə anadan olmuş, İstanbul Universitetinin tarix fakültəsində təhsil almışdır); Azad Qocayev (1987-ci ildə anadan olmuş, ADU-nun ingilis dili üzrə tərcüməçilik fakültəsində təhsil almışdır).

İctimai fəaliyyəti Hamlet Qocanın yaradıcılığının və əmək fəaliyyətinin böyük bir hissəsi Sovet İttifaqı illərinə təsadüf edir. Ümumittifaq miqyaslı ictimai-siyasi vəzifələr daşımasına baxmayaraq o, daim Azərbaycanın mövqeyini qorumağa çalışmışdır. Ermənilərin Azərbaycana ərazi iddialarının başladığı ilk dövrlərdən Hamlet Qoca məsələyə kəskin münasibətini bildirdiyi məqalə və yazıları ilə müxtəlif mətbuat orqanlarında çıxış edərək ziyalı mövqeyini meydana qoymuşdur:

1990-cı ilin yanvar hadisələri ərəfəsində daim "Azadlıq" meydanında qardaşı Fikrət Qoca ilə bərabər "Kommunist partiyası" biletini nümayişkaranə şəkildə tonqala atıb yandıranlardan, tankların qarşısında sona qədər əzmlə dayananlardan olmuşdur.

Yaradıcılığı Hamlet Qocanın istər tərcüməçilik, istərsə də ədəbi-bədii və publisistik yaradıcılığında maarifçi-demokratizmin prinsipial mövqeyi açıq-aydın duyulur. Tərcümə işində daha çox XIX–XX əsrlərdə yazıb yaratmış fransız yazıçılarının lirik-psixoloji mövzulu əsərlərinə müraciət edən Hamlet Qoca, yazıçının yazı manerasına sadiq qalmağa, dil-üslub xüsusiyyətlərinin imkan olduqca qorunmasına, tərcümədə daha münasib ifadə vasitələrinin işləsdilməsinə xüsusi diqqət göstərmişdir. Hamlet Qoca eyni zamanda Azərbaycan mədəniyyətinin təbliğində önəm kəsb edən bir çox ədəbi-bədii mətnləri Rəsul Rzanın "Rənglər" şeir silsiləsini, on Azərbaycan yazarının şeir və hekayələrini, o cümlədən bir sıra Azərbaycan xalq nağıllarını, Molla Nəsrəddin lətifələrini fransız dilinə tərcümə etmişdir. "Fransız müəlliflərindən daha çox kimi ruhunuza yaxın hiss edirsiniz" sualına Hamlet Qoca belə cavab vermişdir:

Hamlet Qoca nasir kimi də qələmini sınamışdır. Onun 1992-ci ildə çıxan "Kirayəçilər" adlı kitabında müasir həyatın müxtəlif aspektlərini əks etdirən hekayə və novellaları toplanmışdır. Müəllifin nəsri özünün dil axıcılığı, fikir aydınlığı, professional təsvir imkanları ilə seçilir, qəhrəmanları yüksək insani keyfiyyətləri ilə yadda qalır. 1971-ci ildə yazdığı "Tam-tamlar ölkəsində", 1986-cı ildə yazdığı "Afrikada gördüklərim" və 1989-cu ildə yazdığı "Üç Afrika ölkəsində" adlı əsərlərində isə müəllif tədqiqatçı səriştəsi ilə işlədiyi, ezamiyyətdə olduğu Mali, Qvineya, Qvineya-Bisau, Seneqal, Konqo, Toqo, Əlcəzair və s. Afrika ölkələrinin tarixi, adət-ənənələri, məişəti, insanları, etnik xüsusiyyətlərindən bəhs edir və memuar üslubunda yazdığı bu əsərlərində oxucu müəllifi bu dəfə səyyah-etnoqraf kimi tanıyır. 1990-cı ildə vətən sevgisi, millət qüruru ilə yazılmış "Fransızlar yurdum haqqınada" monoqrafiyasınada Hamlet Qoca Fransada Azərbaycan haqqında dərc olunmuş məlumatlara, XIX əsrdən başlayaraq bədii və publisistik yazılara nəzər salmış və Azərbaycana səyahət etmiş Aleksandr Düma, Karla Serena, Jül Leklerk, Bulanje və digər yazıçıların Azərbaycan, onun xalqı, etnik-mədəni xüsusiyyətləri, milli-mental dəyərləri haqqında fikirlərini müxtəlif mənbələrdən toplayaraq Azərbaycan dilinə tərcümə etmişdir.

Hamlet Qocanın Azərbaycan-Fransa ədəbi-mədəni əlaqələrinə verdiyi ən dəyərli töhfələrdən biri də 2000-ci ildə dərc etdirdiyi "Fransız ədəbiyyatı antologiyası (XIX–XX əsrlər)" oçerk və mətnlər toplusudur. Burada müəllif yaradıcılığına bələd olduğu fransız yazıçı və şairləri haqqında məlumatları və onların əsərlərindən etdiyi tərcümələri təqdim etmişdir. XIX əsrin sonu, XX əsr fransız ədəbiyyatının bir sıra yüksək ədəbiyyat ödüllərinə layiq görülmüş, lakin Azərbaycan oxucusuna az məlum olan yazıçıların əsərlərindən nümunələrlə yanaşı müəllif, irsindən nümunə vermədiyi bir çox şair və yazıçıların həyat və yaradıcılığı barədə qısa məlumat oçerkləri də təqdim etmişdir. 2011-ci ildə çıxmış "Keçmişdən 44 məktub" kitabında Hamlet Qoca bir çox görkəmli şəxsiyyətlərin ona ünvanladığı məktubları təqdim etmişdir.

Əsərləri Tam-tamlar ölkəsində. Bakı, 1971 Afrikada gördüklərim. Bakı, 1986 Üç Afrika ölkəsində. Bakı, 1989 Fransızlar yurdum haqqında. Bakı, 1990 Fransız ədəbiyyatı antologiyası. Bakı 2000 Keçmişdən 44 məktub Bakı. 2011

Tərcümələri Andre Morua. Fəslin çiçəkləri. Bakı.1970 Ann Filip. Bir göz qırımı. Bakı. 1971 Gi De Mopassan. Hekayələr və novellalar. Bakı. 1980 Qırmızı çaydan qayıdarkən (fransız yazıçılarının hekayələri) Bakı. 1981 Nikol Visselman. Samba və Ginaru. Bakı. 1982 Qəribə əhvalatlar. (hekayələr) Bakı. 1986 Anri Truaya. Həvva və alma. Bakı. 1988 Fransız hekayələri. Bakı. 1988 Gi Dö Mopassan. Roman və novellalar. Bakı. 1989 Ümmülbanu (Banin) Qafqaz günləri. Bakı.1992 Ümmübanu(Banin) Paris günləri. Bakı 2006 Jorj Simenon. Meqrenin qəlyanı. Bakı. 2008 Mrsel Eme. Vuivra. Bakı. 2008 Fransuaz Saqan. Çəmənlikdə piano. Bakı. 2008 Fransuz Saqan. Salam qüssə. Bakı. 2008 Alber Kamyu. Taun. Bakı.2008 Jorj Simenon. Malular ailəsi. Bakı. 2015 Andre Morua. Tufan. (Seçilmiş hekayələr) Bakı. 2015 Əhməd Ağaoğlunun ilk elmi əsəri: Şiə dinidə məzdəki inancları Bakı. Letterpress, 2007 Jak Rumən. Şeirlər. "Kaspi"qəzeti, 22 fevral, 2005

Mükafatları Hamlet Qoca, həmçinin Fransa-Azərbaycan tarixi və mədəni əlaqələri haqqında ilk araşdırma kitabının müəllifidir. Elə bu səbəbdən də iki ölkə arasında mədəni əlaqələrin inkişafındakı səmərəli fəaliyyətinə və xidmətlərinə görə Fransanın yüksək "İncəsənət və ədəbiyyat komandoru" ordeninə layiq görülmüşdür.

Xarici keçidlər Hamlet Qoca vəfat etdi Fikrət Qocaya ağır itki üz verib

Mənbə "Ədəbiyyat qəzeti" 12 dekabr, 2012 Sevinc Mürvətqızı. "525-ci qəzet", 19 dekabr, 2012 "525-ci qəzet", 12 yanvar, 2013 "Ədəbiyyat qəzeti", 11 may, 2019

İstinadlar

Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan memuarçıları