Babil (Akkad dilindəki "Tanrının qapısı" mənasını verən "bab-İllu" sözlərindən) — E.ə. II minilliyin əvvəllərində Mesopotamiyada mövcud olmuş şəhər, Babilistanın paytaxtı. Qədim dünyanın ən böyük şəhərlərindən biri. Babil şəhər dövləti e.ə. XIX əsrdə Babilistan dövlətinə çevrildi. Babilin qalıqları Dəclə və Fərat çaylarının qovuşması yaxınlığında, indiki Bağdad şəhərindən 85 km cənubdakı Əl-Hillə şəhərinin yerində tapılmışdır.
Tarixi Babil çarlığı Mesopotamiyada yerləşən, öz hakimiyyətə altında böyük əraziləri birləşdirən güclü bir dövlət olmuşdur. Onun tarixi üç dövrə bölünür: Qədim (e.ə. XIX–XVI); Orta (e.ə. XVI–XII); Yeni (e.ə. VII–VI);
Qədim dövr Şumer-Akkad dövlətinin dağılmasından sonra başlamışdır. Akkad və Assur kimi, Babil dövlətin tarixi eyniadlı şəhərlə bağlı olmuşdur. Sami dillərində Bab-İl sözləri "Tanrı qapısı" deməkdirAndré-Salvini, B. Les premières mentions historiques et la légende des origines. // Babylone 2008, p. 28–29.. İlk Babil dövlətinin yaradıcısı Sumuabum olmuşdur. Dövlət çarlar və ona tabe olan məmurlar tərəfindən idarə olunurdu. Babilin baş tanrısı və himayəçisi Mərduk adlı tanrı idi. O insanların və heyvanların yaradıcısı hesab olunurdu.
Babil şəhəri çox əlverişli yerdə yerləşirdı: orada ticarət, karvan yolları kəsişirdi. Eyni zamanda Dəclə və Fərat çaylarının bir-birinə yaxınlaşmasına görə bu yerlərdə suvarma və gəmiçiyin inkişafı üçün geniş imkanlar yaranmışdır.
Qədim Babilin güclü dövlətə çevrilməsi prosesi çar Hammurapinin (e.ə. 1792–1750-ci illər) hakimiyyəti zamanı baş vermişdir. O Mesopotamiyanın cənubunda yerləşən şəhərləri, daha sonra ətraf dövlətləri Mari və Eşnunnanı ələ keçirmişdir. Şimalda isə Assur, Nəynəva (Nineviya) və bəşqa şəhərlər onun hakimiyyətini qəbul etmişlər. Hammurapinin dövründə ölkədə inşaat işləri görülürdü, suvarma sistemləri təkmilləşdirilmişdir; heyvandarlıq, ticarət, gəmiçilik, sənətkarlıq sahələri inkişaf edirdi, hətta yeni suvarma kanalları qazılırdı.
Babil cəmiyyətinnin ictimai quruluşu, başqa qədim cəmiyyətlərdə olduğu kimi quldarlıq olmuşdur. Kölə əməyindən geniş istifadə olunurdu və qul ticarəti aparılırdı. Kölələr təbəqəsi hərbi dustaqlar və borclarını verə bilməyən adamlardan ibarət olmuşdur.
Çar Hammurapi həm də tarixdə ilk dəfə olaraq qanunlar məcmuəsi dərc etmişdir. Bu qanunlar ictimai həyatın bütün sahələrini əhatə edirdi. Orada cinayət hesab olunan əməllər və onların müqabilində tətbiq olunan cəzalar əks olunmuşdur. Bu məcmuə gələcəkdə "Çar Hammurapinin qanunları" adlandırılmışdır və daş sütunlar üzərində həkk olunmuşdur. Bu cür sütunlar bütün ölkə şəhərlərində qurulmuşdur və əhali çar Hammurapinin qanunlarını bilirdi. Sütunlardan biri Susa şəhərində tapılmışdır və başqa dillərə tərcümə olunmuşdur.İngilis dilinə tərcüməsi. Hammurabi's Code of Laws Translated by L. W. King ; Rus dilinə tərcüməsi Законы Хаммурапи // Хрестоматия по истории древнего Востока. М., 1980, с.152–177. Перевод Якобсона. thumbnail|Üzərində çar Hammurapinin qanunları həkk olunmuş sütun. Hammurapidən sonra ölkə tədricən zəifləməyə başlamışdır. Daha sonra daxili çəkişmələr və xarici qüvvələrlə savaşlar başlamışdır. Cənubda elamlılar Şümer şəhərlərini, şimalda Mitanni dövləti ticarət yollarını ələ keçirərək, Babilə ağır zərbələr endirmişlər. Eyni zamanda kassi tayfaları da ölkəyə basqınlar edirdilər. Onların başçısı Qandaş 1742-ci ildə Babilə qarşı uğurlu yürüşlər təşkil edə bilmişdi. Sonda hittilər e.ə. 1595 ildə Babilə qarşı yürüş edərək, şəhəri ələ keçirdilər, şəhərin baş tanrısı Mərdukun heykəllərini özləri ilə apardılar. Bununla da qədim Babil tarixi sona çatmışdır.
Orta tarix Bundan sonra Babili kassilər idarə edirdi. Lakin onlar zəngin Babil mədəniyyətinin təsiri altında olub, onun mənəvi dəyərlərini mənimsəyib, tədricən babillilərlə qarışıblar. Kassi çarı II Aqum hittilərə qarşı yürüş edib, baş tanrı Mərdukun heykəllərini geriyə qaytarmışdır.
Ancaq kassi hakimiyyəti də tədricən zəiflədi. Babil öncə Misir, sonra isə Mitanni və Hitti çarlıqlarından asılı vəziyyətə düşdü. Sonra Assur dövləti gücləndi və e.ə. XIII əsrdə Babili idarə edən kassi çarlarını məğlub etdi.
Eyni zamanda ölkəyə elamlılar da basqınlar edirdi. Onlar e.ə. XII əsrdə Babil dövlətinin çox hissəsini işğal edib, kassi çarlarının hakimiyyətinə son qoydular. Sonra Babil Elam canişinləri tərəfindən idarə olunurdu. Ancaq Babilin bəzi şəhərləri elamlıların hakimiyyətini qəbul etməyib, elamlılara müqavimət göstərmişdilər. Elama qarşı azadlıq hərəkatına Babilin qərbində yerləşən İsin şəhərinin başçıları rəhbərlik edirdilər. Onlardan ən güclüsü çar I Nəbu-Kudurri-Usur (Nəbukadnəzar) (e.ə. 1125–1103-cü illər) olmuşdur. O elamlılara qalib gələ bilmişdir. Bundan sonra baş şəhər yenə də Babil olmuşdur.
Daha sonra e.ə. XI–VIII yüzilliklərdə Babilə və bütün Mesopotamiya ərazisinə Ərəbistandan gəlmiş arami, sonra isə, e. ə. VIII əsrdə, kəldani tayfalarının axını prosesi baş vermişdi. Onlar da tədricən Babil mədəniyyətini mənimsəmişlər.
E.ə. IX əsrdən başlayaraq, Babilistana Assuriya qoşunu hücum etməyə başlamışdır. Onlar ölkənin şimal hissəsini ələ keçirmişlər. E.ə. 744-cü ildə Assur çarı III Tiqratpalasar Babil şəhərini də ala bilmiş, ancaq Babilin dövlətçiliyinə tam son qoymamışdır. Bundan sonra ölkə Assuriyaya tabe olan kiçik çarlıq halında varlığını davam etdirmişdir.
Assuriya çarı II Şarrumken (Sarqon) Babili hakimiyyəti altında saxlaya bilməmiş və şəhər kəldani tayfa başçısı Mərduk-Apla-İddin tərəfindən istila edilmişdir. Orada o özünü Babil çarı elan edərək, elamlılarla birlikdə assurlulara qarşı savaşa başladı. E.ə. 720–710-cu illərdə müttəfiqlər üstünlük əldə edə bilmişlər. Ancaq sonra, II Şarrumken Elam goşununa qalib gəlmiş, Mərduk-Apla-İddini isə Babildən qaçmağa məcbur etmişdir. E.ə. 705–703-cü illər ərzində Mərduk-Apla-İddina assurlulara qarşı vuruşmuş, ancaq heç bir uğur əldə edə bilməmişdir.
E.ə. 692-ci ildə babillilər Assuriyaya qarşı üsyana qalxmış, Elam və arami tayfaları ilə ittifaq bağlamışlar. Bir müddət tərəflər arasında qanlı döyüşlər getmişdir. Sonda Assur çarı Sanheriv (Sinaherib) E.ə. 689-cu ildə Babili işğal edərək, onu darmadağın etmiş, əhalinin əksəriyyətini öldürmüş, sağ qalanların bir hissəsini isə kölə edib şəhərdən sürgün etmişdir.
Daha sonra hakimiyyətə gələn çar Esarhaddon Babili bərpa etmiş və sağ qalan babilliləri yenidən şəhərə qaytarmışdır. Yeni Babil çarı Şamaş-Şum-Ukin əvvəl Assuriyaya tabe olmuşdur, lakin sonra e.ə. 652-ci ildə Misirlə, Elamla, aramilərlə, ərəblərlə, kəldanilərlə və Suriya dövlətləri ilə ittifaqa girərək, yenə də Assura qarşı savaşa başlamışdır. Ancaq bu dəfə də babillilər məğlub oldular. E.ə. 648-ci ildə Assuriya qoşunu şəhəri ələ keçirib, əhalisinin çox hissəsini məhv etmişdir. A. Y. E E.ə. 626-cı ildə Assura qarşı daha bir üsyan başlamışdır. Üsyançılara kəldani tayfa başçısı Nəbu-Apla-Usur (Nəbopalassar) rəhbərlik etmişdir. O, Elamla ittifaqa girərək Assuriyaya qarşı bir neçə uğurlu yürüş təşkil edə bilmişdir. E.ə. 626-cı ilin sonunda babillilər onun hakimiyyətini qəbul etdilər. Şəhərə gələn Nabopalasar, özünü çar elan edərək Yeni Babil dövlətini qurmuşdur. E.ə. 616-cı ildə babillilər Uruk şəhərini ələ keşirmiş, sonra isə Assur şəhərini mühasirəyə almışdılar, ancaq onları ələ keçirə bilməmişdilər.
E.ə. 614-cü ildə Assuriyaya qarşı daha bir güclü dövlət — Midiya — savaşa girmişdir. Midiyalılar Assuriya şəhərini alıb onları əhalisi ilə birlikdə məhv etdilər. Bundan sonra e.ə. 612-ci ilin bahar aylarında babillilər midiyalılarla ittifaqa girərək, onlarla o dövrdə Assuriyanın baş şəhəri olan Nəynəvaya (Nineviyaya) qarşı hücuma keçərək onu mühasirəyə aldılar. Həmin ilin avqust ayında müttəfiqlər Nəynəvanın müdafiəsini yararaq, şəhəri ələ keçirib, onu əhalisi ilə birlikdə yer üzündən sildilər.
Assur qoşununun bir hissəsi Xərran şəhərinə qaçmış və orada müqaviməti davam etdirmişlər. E.ə. 609-cu ildə Nabopalasar oraya irəliləyərək onları məğlub etmişdir.
Bu zaman Suriya və Fələstin üzərinə Misir qoşunu irəliləmişdir. Fironlar Assuriyanın süqutundan yararlanmaq və bu əraziləri Misirin tərkibinə qatmaq fikrinə düşmüşdülər. Bunun qarşısını almaq üçün Nabopalasar Fərat çayının sahilində yerləşən Qarkəmiş şəhərinə hücum edərək, e.ə. 605-ci ildə orada yerləşmiş misirliləri darmadağın etmiş, sonra isə Suriya və Fələstini ələ keçirərək, onları öz dəvlətinin tərkibinə qatmışdır.
Yeni tarix E.ə. 605-ci ildə hakimiyyətə Nabopalasarın oğlu II Nəbu-Kudurri-Usur (Nəbukadnəzar) gəlmişdir. Onu daha çox Buhtunnəssar kimi tanıyırlar. O çox güclü və tanınmış çar olmuşdur. Onun dövründə Babil dövləti Misirlə, Suriya və Fələstin torpaqları uğrunda savaşlar aparmışdırBradford, Alfred S. (2001). With Arrow, Sword, and Spear: A History of Warfare in the Ancient World, pp. 47–48.. Orada bir neçə vilayət Misiri dəstəkləmiş və Babilə qarşı üsyana qalxmışdır. Bu vilayətlərdən biri də Yəhudiyyə dövləti olmuşdur.
E.ə. 588-ci ildə II Nəbukadnəzarın qoşunu Yəhudiyyənin baş şəhəri Yerusəlimi (Qüdsü) mühasirəyə almış və 586-cı ildə yəhudilərin müqavimətini qıraraq şəhərə girmişdir. Yerusəlim dağıdılmış və yandırılmış, əhalisi isə oradan imperiyanın başqa vilayətlərinə sürgün olunmuşdur. Rəvayətlərə görə Yerusəlimdə yəhudilərin ən müqəddəs yeri olan Süleyman məbədi də tamamilə dağıdılmışdır. Bundan sonra Nəbukadnəzar Sidon və Edom şəhərlərini almış, Tir şəhərini isə mühasirədə saxlamışdır. Beləliklə, e.ə. 582-ci ildə Misir Fələstində müttəfiqlərinin məğlub edilməsindən və Babil ordularının onun sərhədlərinə qədər irəliləməsindən sonra, Babillə barış anlaşması bağlamağa məcbur olmuşdur. 574-cü ildə isə sonuncu müqavimət ocağı olan Tir şəhəri də Babil imperiyasına tabe olmuşdur.
II Nəbukadnəzar Babildə və imperiyanın başqa bölgələrində çoxlu inşaat işləri aparmışdır. O Babili uzunluğu 14 metrəyə çatan, iki cərgəli möhkəm divarla əhatə edərək, onu alınmaz qalaya çevirmişdi. Bayır divarın önundə müdafiə xarakterli su ilə dolu xəndək qazılmışdır.
II Nəbukadnəzardan sonra, Babildə hakimiyyət uğrunda daxili çəkişmələr olmuşdur. Bu çəkişmələrin nəticəsində Babilin sonuncu çarı arami əsilli Nəbu-Nəid (Nabonid) (e.ə. 556–539) hakimiyyətə gəlmişdir. Onun hakimiyyəti zamanı imperiyada vəziyyət çox gərginləşmişdir: vilayətlərəri üsyanlar bürümüş, hakim zümrələr arasında ziddiyətlər kəskinləşmişdir. Nabonid kahin zümrəsinin yüksək nüfuzunundan ehtiyat edərək, onları endirməyə çalışırdı. Bunun üçün o Babildə Sin tanrısını baş tanrı etmişdir. Ancaq ənənəvi Mərduk tanrısının kahinləri bununla razılaşmaq istəməmişlər.
Əvvəlcə Nabonid problemləri həll edə bilmişdir. Üsyanlar yatırılmış, daha sonra Şimali Ərəbistanda yeni ərazilər fəth edilmişdir. Orada Teymə şəhəri inşa edilmiş və çarın iqamətgahı oraya köçürülmüşdür. Babili isə Nabonidin oğlu Bel-Şar-Usur (Valtasar) idarə edirdi.
Ancaq sonra imperiyada vəziyyət yenə də gərginləşmişdir. Daxildə cəmiyyətin müxtəlif zümrələri çarın apardığı siyasəti bəyənmirdilər. Bu zaman Babilə Fars orduları daxil oldular. Nabonid məğlub olub, əsir götürülmüşdür. Onun oğlu isə Babil uğrunda gedən döyüşdə öldürülmüşdür.
Bundan sonra Babilin bütün ərazisi İran imperiyasının tərkibinə qatılmış və bu dövlət tarixdən silinmişdir.
Babilin özəllikləri thumbnail|"Etemenanki" zikkuratının rekonstruksiyası I Nəbukadnəzar çarlığı zamanı Babil Yaxın Şərqin ən inkişaf etmiş dövləti olmuşdur. İctimai həyatın hər bir sahəsində iqtisadi inkişaf və mədəni dirçəliş müşahidə edilirSaggs, H. W. F. (2000). Babylonians, p. 165. University of California Press.. Babil Qədim şərqin ən büyük şəhəri olmuşdur. Onun əhalisinin sayı 200 000-ə çatmışdır. Şəhərin bir tərəfində böyük çar sarayı, başqa tərəfində isə, Esagila adlanan, babillilərin əsas tapınağı (məbədi) yerləşmişdir. Bu dördkünc tapınağın hər tərəfinin uzunluğu 400 metr olmuşdur. Esagilanın yanında uzunluğu 91 metrə çatan Etemenanki (şumercə "Cənnət və Dünyanın quruluşu") adlanan qülləsi (zikkuratı) inşa edilmişdir. Onun ən yüksək yerində Mərduk tanrısının məbədi yerləşirdi. Bəlkə də məhz bu zikkuratı yunanlar "dünya möcüzələrindən" biri hesab edirdilər.