Tofiq Məlikli (tam adı: Tofiq Davud oğlu Məlikov; ) — Azərbaycan və Rusiya ədəbiyyatşünası, şərqşünas-türkoloq, tərcüməçi, kulturoloq, yazıçı və ictimai xadim. Filologiya elmləri doktoru, Azərbaycanın əməkdar elm xadimi (2011). Moskva Dövlət Linqvistika Universitetinin professoru. Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun (BTMF) vitse-prezidenti (1991).
Həyatı Tofiq Məlikli 31 avqust 1942-ci ildə Gəncədə ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olmuş, 1965-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmiş, elə həmin ildə də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində diktor işləmişdir. 1966-cı ildə SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasına qəbul olunur. 1968-ci ildə “XX əsrin 60-cı illərində türk poeziyası” mözusunda namizədlik, 1994-cü ildə “Yeni türk poeziyası: təşəkkülü və inkişafı” mövzusunda doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1969-1992-ci illərdə SSRİ EA Şərqşünslıq İnstitutunda, 1991-1994-cü illərdə İstanbul Universitetində Rus dili və ədəbiyyatı bölümünü qurmuş və ona başçılıq etmiş, 1994-2015-ci illərdə Moskva Dövlət Linqivistka Universitetində açdığı “Türk dili və mədəniyyəti mərkəzi”nin rəhbəri olmuşdur. 1998-ci ildə professor elmi adı almış T. Məlikli hazırda Moskva Dövlət Linqvistika (dillər) Universitetinin (MDLU) professorudur. Eyni zamanda, 1991-ci ildən Beynəlxalq Türkoloji və Mədəniyyət Fondunun (BTMF) vitse-prezidentidir. 2011-ci ildən “Azərbaycanın əməkdar elm xadimi”dir. T.Məlikli, həmçinin Azərbaycan Yazıçılar Birliyinin Moskva şöbəsinin və “Ocaq” Cəmiyyətinin rəhbəri, Rusiya türkoloqları komitəsi sədrinin müavinidir. 2003-cü il oktyabr ayının 25-də Moskvada Azərbaycan Yazıçılar Birliyinin Moskva Bölməsi yaranarkən bölmənin sədri Tofiq Məlikli seçilmişdir.
Elmi fəaliyyəti Əsas elmi fəaliyyəti ədəbiyyatşünaslıq, ümumtürk və Türkiyə filologiyası, ədəbiyyat nəzəriyyəsi, kültüroloji ilə bağlıdır. Sovet məkanında çağdaş türk poeziyasının yeganə uzmanı olan Tofiq Məlikli Türkiyə ədəbiyyatındakı yeni bir cərəyanın - Yeni poeziyanın ideya-estetik prinsiplərini uzun illər araşdıraraq və kompleksli tarixi-ədəbiyyatşünalıq incələmələrinə, bu cərəyanın aparıcı şairlərinin yaradıcılıqlarının sistemli analizinə dayanmış, türkoloji elmində ilk dəfə olaraq bədii birliyin orijinal tipinin mükəmməl sistemini yaratmışdır. Bu sistem çağdaş türk ədəbiyyatında baş verən proseslərin anlaşılmasında və incələnməsində önəmli rol oynamaqdadır. Tofiq Məlikli 15 elmi monoqrafiyanın və türk ədəbiyyatı, qarşlaşdırılmalı ədəbiyyatşünaslıq, Azərbaycan ədəbiyyatı, türkoloji və filoloji problemlərə həsr olunmuş 200-ə yaxın məqalənin yazarıdır. Nazim Hikmət, Fazil Hüsnü Dağlarca, Yaşar Kamal, Orxan Pamuk, Fəqir Bayqurt, Əziz Nesin və başqa Türkiyə yazıçılarının əsərlərini rus və Azərbaycan türkcəsinə çevirmişdir. İki poetik kitabın müəllifidir. T.Məliklinin əsərləri bir çox xarici dillərə tərcümə edilmişdir. Mükafatları Türk Dil Qurumunun fəxri üzvü (Türkiyə Cümhuriyyəti) - 2000 Beynəlxalq Rəsul Rza mükafatı lauretı (Azərbaycan Yazıçılar Birliyi) - 2008 Əməkdar Elm Xadimi (Azərbaycan Respublikası) - 2011 Sergey Yesenin adına Ədəbiyyat mükafatı (Rusiya Federasiyası) - 2012 MDB Parlament Assambleyasının fəxri nişanı (Rusiya Federasiyası) - 2018 Bəxtiyar Vahabzadə mükafatı (Azərbaycan Yazıçılar Birliyi) - 2018 Humay milli mükafatı (Humay Milli Mədəniyyət Mərkəzi, Azərbaycan) - 2019 Əsas əsərləri 60-cı və 70-ci illərin əvvəllərində türk poeziyası. Moskva: 1980 (rusca) Nazim Hikmət və yeni Türkiyə şeiri. Moskva: 1987 (rusca) Yeni türk şeiri: təşəkkülü və inkişafı. Bakı: 1993 (rusca) Türkiyə ədəbiyyatı: köklər və budaqlar. Moskva: 1990 (rusca) Türkoloji problemler. Bakı: 2008 (Aərbaycan türkcəsində) Türkiyə ədəbiyyatı tarixi. Moskva: 2010. (rusca) Dahinin tənhalığı.Fazil Hüsnü Dağlarca, Мoskva: 2014 (rusca) Türkiyə şairləri. Bakı: 2017.(rusca) Türkoloji və filoloji problemlər. Bakı: 2017 (Azərbaycan türkcəsində) Suyu axtaran adam. Bakı: "Təknur" nəşriyyatı, 2019 (Azərbaycan türkcəsində)
Ədəbiyyat Qaralamasız yaşanan ömür. Tərtibat: İlham Bədəlbəyli. Tofiq Məlikinin 70 illiyinə ərmağan. Moskova: 2012.(Rus və Aərbaycan türkcəsində). Məlikli (Məlikov) Tofiq Davud oğlu.- S.D.Miliband. Rusiya şərqşünasları. Moskva, 2008.(rusca)
İstinadlar
Xarici keçidlər Milli Azərbaycan Ədəbiyyatı Muzeyində görkəmli türkoloq-alim Tofiq Məlikli ilə görüş keçirildi Tofiq Məlikli - 70
Kateqoriya:Azərbaycan türkoloqları Kateqoriya:Azərbaycanlı türkoloqlar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Azərbaycanlı ədəbiyyatşünaslar Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:SSRİ türkoloqları Kateqoriya:SSRİ ədəbiyyatşünasları Kateqoriya:Rusiya ədəbiyyatşünasları Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:Rusiya tərcüməçiləri Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar