Murad Qoçu oğlu Fərzəliyev (22 avqust 1963, İmişli şəhəri) — Milli Olimpiya Komitəsinin mətbuat katibi, "Olimpiya dünyası" qəzetinin baş redaktoru, Əməkdar jurnalist.
Həyatı Murad Qoçu oğlu Fərzəliyev, 1963-cü il 22 avqust tarixində İmişli şəhərində anadan olub. M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını fərqlənmə diplomu ilə bitirib.
Fəaliyyəti İmişli Rayon Komsomol Komitəsində ikinci katib, Rayon İcra Hakimiyyətində təlimatçı vəzifələrində çalışıb. Şəhər Sovetinin deputatı, gənclərlə iş komissiyasının sədri seçilib. "Şücaət" hərbi-vətənpərvərlik klubunun təsisçisi və rəhbəri olub. Sovet dövründə Əfqanıstanda döyüşən azərbaycanlı əsgərlərə həsr olunmuş "Onlar bizimlə yaşıd idi…" xüsusi buraxılışının müəllifidir. Jurnalistika sahəsində 1989-cu ildən fəaliyyətə başlayıb. 1993-cü ildən 2001-ci ilədək İmişli rayonunun ictimai-siyasi mətbuat orqanı olan "Xalq sözü" qəzetinin baş redaktoru olub. İmişli Rayon Ziyalılar Cəmiyyətinin sədri seçilib. Milli Olimpiya Komitəsinin (MOK) rəsmi mətbuat orqanı olan "Olimpiya dünyası" və "olimpiyadunyasi.com" online qəzetlərinin baş redaktorudur. Olimpnews.az saytının təsisçisidir. Milli Olimpiya Komitəsi tərəfindən çap edilmiş Azərbaycanda idmanın və Olimpiya Hərəkatının tarixi ilə bağlı ensiklopedik kitabın redaksiya heyətinin, MOK-un və Ədalətli Oyunlar Komissiyasının üzvüdür. Dəfələrlə yay və qış Olimpiya oyunlarında, Avropa Yeniyetmələrinin Olimpiya Festivallarında, Gənclərin Yay Olimpiya, İslam Həmrəyliyi və Avropa Oyunlarında, eyni zamanda Olimpizm və idmanla bağlı beynəlxalq tədbirlərdə nümayəndə heyətinin tərkibində ölkəmizi jurnalist kimi təmsil edib. Elmi iş üzərində çalışır. Azərbaycan Jurnalistlər Birliyinin (AJB), Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) üzvüdür. 2020-ci ildə Milli Məclisin deputat seçkilərində iştirak edib.
Bədii yaradıcılığı Murad Fərzəliyev bədii yaradıcılıqla məşğul olur, "Bir az gecikəndə" və "Mən hər gün günəşi qarşılayıram" adlı şeirlər kitabının müəllifidir. Şeirləri respublikamızda və ölkə hüdudlarından kənarda müxtəlif mətbu orqanlarında işıq üzü görüb, Türkiyədə nəşr edilən "Avrasiya şairlərinin antologiyası" kitabında dərc edilib. Bir şeiri orta məktəb dərsliyinə salınıb..
Mükafatları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 oktyabr 2007-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adına layiq görülüb. Ədalətli Oyunlar Komissiyasının qərarı ilə “Ədalətli oyun prinsiplərinin ən yaxşı təbliğatçısı” mükafatını alıb. “İlin idman jurnalisti” nominasiyasının qalibi seçilib. Rəhbərlik etdiyi "Olimpiya dünyası" qəzeti dəfələrlə ilin idman nəşri elan olunmuş, İspaniyada "Nüfuza və keyfiyyətə görə" beynəlxalq mükafata layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2022-ci il tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilib. Prezident təqaüdünə layiq görülüb. "Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" yubiley medalına layiq görülüb.
İstinadlar
Kateqoriya:İmişli rayonunda doğulanlar