Göylər Dağ və ya Dağ Göylər — Azərbaycan Respublikasının Şamaxı rayonunun Göylər kənd inzibati ərazi dairəsində kənd. Kənd Göylər bələdiyyəsinə aiddir.
Toponimikası "Göylər" oykonimi bu ərazidə məskunlaşmış səlcuqların Salur tayfasına mənsub "göglər" qolunun adı ilə əlaqələdir. Türklərin yaşadıqları başqa bölgələrdə də eyni tayfa adına rast gəlmək olur. Türkmənistanda Salur tayfasından Yeddi Uruq tirəsinin bir qolu Kuyukler, digər qolu isə Qokler adlanır. Ersari tayfasının da bir qolu Qekqler adlanır. Göylər kəndində Boğallı, Muradhasıllı, Masallı, Qazıxanlı, Mollalı, Cibi noxudlu, Tatarlar və Sayadlı tirələrindən olan insanlar yaşayırlar. Bundan başqa Türkmənistanda da Sayadlı tayfasının bir tirəsi Göylər adlanır.
19-cu əsrdə Göylər obasının yerində 2 kənd yaranıb. Kəndlərdən biri Dağ Göylər digəri isə Çöl Göylər adlanır. Göylər Dağ kəndi dağda yerləşdiyi üçün belə adlanıb. Oykonim Göylər/Göglər (etnotoponim) və dağ (dağlıq ərazi) komponentlərindən düzəlib, "dağlıq ərazidə olan Göylər kəndi" deməkdir. Tarixi Göylər obası 1821-ci ildə Şirvan xanlığının inzibati ərazi vahidi olan Elat mahalının tərkibində olan 20 obadan biri olub.Mahalın sakinləri əsasən maldarlıq, qismən isə əkinçiliklə məşğul olurdular.
Çar Rusiyasında 19-cu əsrin ortalatına aid mənbələrə əsasən Pirmərdəkan dağında yarımköçəri həyat tərzi keçirən gövlər tayfasına aid olan 96 ailənin bir hissəsi kəndin dağlıq ərazisində, digər hissəsi isə çöl ərazisində məskunlaşdıqları üçün burada iki kənd yaranıb. Kəndlərdən biri Dağ Göylər, digəri isə Çöl Göylər adlanıb.
1826-cı ilin payızında rus qoşunlarının polkovnik Mişenkonun komandanlığı altında Şirvan əyalətində Qacarlara qarşı apardığı hərbi əməliyyatlar dövrünə aid sənədlərdə Göylər kəndinin də daxil olduğu Elat mahalı haqqında məlumatlar qeydə alınıb. 1826-cı il oktyabr ayının rəsmi hərbi hesabatlarına əsasən, həmin dövrdə kəndin tabe olduğu Elat mahalının idarəçiliyi naib Məmməd bəy Əmir Səliyevə tapşırılıb. Müharibə dövründə kənd və daxil olduğu mahal həm hərbi-kəşfiyyat, həm də maddi təminat baxımından proseslərə cəlb edilib.Рапорт полковника Мищенко генерал-адъютанту Паскевичу от 23-го октября 1826 года. Лагерь при сел. Джевате // Акты, собранные Кавказской археографической комиссией. — Т. VII. — Тифлис, 1878. — С. 26-27.
Şamaxı soyqırımı dövründə 1918-ci ilin mart-iyul aylarında erməni millətçi silahlı birləşmələri və yerli molokan dəstələrinin Şamaxı qəzasında törətdiyi kütləvi müsəlman qırğınları zamanı qəzanın ən böyük yaşayış məntəqələrindən olan Göylər kəndi strateji əhəmiyyətli hadisələrin mərkəzində yer almışdır. Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə İstintaq Komissiyasının (FİK) sənədləri kəndin bu dövrdəki vəziyyətini sənədləşdirir.Рустамова-Тогиди Солмаз Али кызы. «ШЕМАХА. Март-июль 1918 г. Азербайджанские погромы в dokumentax». Том І. Город Шемаха. Баку, 2013, 880 стр. (Fövqəladə İstintaq Komissiyasının sənədlər toplusu).
1 yanvar 1916-cı il rəsmi statistikasına görə kənd tamamilə azərbaycanlılardan (müsəlmanlardan) ibarət, qəzanın ən böyük kənd icmalarından biri idi. Kənd bilavasitə erməni (Mədrəsə) və rus-molokan (Xilmilli, Çuxuryurd, Astraxanka) kəndləri ilə əhatə olunduğundan, qırğınlar başlayan an tam hərbi mühasirəyə düşmüşdür.
Stepan Lalayev və Ağabek Lalayevin komandanlıq etdiyi erməni qüvvələri yerli molokan silahlıları (Yakov Bezrodnov və b.) ilə ittifaqa girərək Şamaxı şəhərini dağıtdıqdan sonra ətraf müsəlman kəndlərinə, xüsusilə Göylərə hücum etdilər. Hücum edən qüvvələr odlu silahlar və pulemyotların dəstəyi ilə kəndin taxıl ehtiyatlarını və mal-qarasını kütləvi şəkildə qarət etmiş, müqavimət göstərən yerli sakinləri qətlə yetirmişlər. Göylər kəndi coğrafi mövqeyinə görə Şamaxı şəhərindəki qırğından qaçıb dağlara sığınan minlərlə dinc şəhər sakini (qadınlar, uşaqlar, yaşlılar) üçün əsas müvəqqəti sığınacaq və xilas düşərgəsinə çevrilmişdir. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq, Göylər əhalisi kəndə pənah gətirən qaçqınları qorumaq üçün silahlı müqavimət göstərmiş, itkilər verdikdən sonra sağ qalan əhali ilə birgə Göyçay istiqamətinə çəkilmişdir.
İstintaq nəticələri
FİK sədri Ələkbər bəy Xasməmmədov və müstəntiq A. F. Novatskinin rəsmi hesabatlarında sübut olunmuşdur ki, Göylər kəndinə edilən hücumlar təsadüfi toqquşma deyil, bölgənin müsəlman demoqrafiyasını seyrəltmək və gələcək ərazi iddiaları üçün zəmin yaratmaq məqsədilə icra edilən planlı siyasətin tərkib hissəsidir.
SSRİ dövründə 1977-ci il üçün tərtib olunmuş Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə Şamaxı rayonunun Göylər Dağ kəndi, tərkibində Acıdərə, Çaylı, Çöl Göylər, Göylər Dağ, və Yenikənd kəndlərinin olduğu Göylər kənd Sovetinin mərkəzi olaraq qeyd olunub. Həmin dövrdə kənd əhalisi heyvandarlıq, taxılçılıq və üzümçülüklə məşğul olub. Kənddə şərab zavodu, orta və səkkizillik məktəb, kitabxana, mədəniyyət evi, kinoqurğu, və xəstəxana olub.
Hal–hazırda, Göylər Dağ kəndi Azərbaycanın Şamaxı rayonunun Göylər kənd inzibati ərazi dairəsinin mərkəzidir.
Dini və ictimai keçmişi Göylər kəndinin dini-etnoqrafik və mənəvi tarixi kənd ərazisində aparılan arxeoloji tədqiqatlar və etnoqrafik araşdırmalar əsasında üç əsas xronoloji mərhələ üzrə öyrənilir.
İslamdan əvvəlki dövr və erkən orta əsrlər Kənd ərazisindəki Kərimli təpəliyində yerləşən qədim qəbiristanlıqdakı uzunsov formalı, yerə batmış qəbirlərin tədqiqatçılar tərəfindən qədim türk etnoslarına aid olduğu ehtimal edilir. Çöl Göylər ərazisində, Pirə-Bağdad qəbiristanlığının yaxınlığında mövcud olmuş, lakin hazırda yeri dəqiq bilinməyən "Sarı pir" ziyarətgahının İslamdan əvvəlki dövrə — Tenqriçilik inanc sisteminə aid olduğu da ehtimal olunur.
Erkən orta əsrlər və Qafqaz Albaniyası dövrünü xarakterizə edən iki əsas toponimik faktor Çöl Göylər ərazisindəki "Qalacıq yeri" və Dağ Göylər ərazisindəki "Arnout" dağıdır. Arxeoloq, professor Aləm Nuriyevin araşdırmalarına əsasən, "Qalacıq yeri" yaşayış məskənində III–VIII əsrlərdə şəhər tipli yaşayış mövcud olmuşdur. Ərazidə xristianlıq dövrünə aid maddi sübutlar aşkar edilmədiyi üçün, alban tayfalarının bir qisminin zərdüştilik dininə etiqad etdiyi və strateji hündürlüyə malik "Arnout" zirvəsindən hərbi-müdafiə məqsədilə od elementindən (tonqallardan) istifadə etdiyi irəli sürülür.
İslam dövrü və orta əsrlər Tədqiqatlar İslam dininin bu əraziyə VIII əsrdə gəldiyini göstərir. Göylər kəndinin 16 kilometrliyində yerləşən Şamaxı Cümə məscidinin inşa tarixi (743-cü il), Qalacıq yaşayış məskəninin məhv olmasının VIII əsrə təsadüf etməsi və Pirə-Bağdad ərazisində ərəblərlə yerli sakinlər arasında baş vermiş döyüş haqqında yerli rəvayətlər bu fikri əsaslandırır.
Ərazi Şirvanşahlar dövlətinin tərkibinə daxil olsa da, dövrün yazılı mənbələrində Göylər kəndinin adına birbaşa rast gəlinmir. Bu, mənbələrin məhdudluğu və əhalinin qismən yarımköçəri həyat tərzi keçirməsi ilə izah olunur.
XIX–XX əsrlər və çar Rusiyası dövrü Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunduqdan sonra, 1820-ci illərdən etibarən kameral siyahıyaalmalarda Göylər kəndi barədə rəsmi statistik məlumatlar qeydə alınmışdır. Çar üsul-idarəsi dövründə məscidlərə mollalar dövlət tərəfindən təyin edilir və onlara maaş verilirdi. Mollalar kənddə həm dini ayinləri icra edir, həm də mülki qeydiyyat, kəbin, miras bölgüsü və kənd icmasının sənədləşmə işlərini həyata keçirirdilər. 1872-ci il islahatlarından sonra mollalar birbaşa kənd icması tərəfindən seçilməyə və Tiflisdə yerləşən Zaqafqaziya Sünni Ruhani İdarəsi tərəfindən təsdiqlənməyə başladı.
Sənədlər və yerli yaddaş əsasında kəndin baş mollalarının xronologiyası müəyyən edilmişdir:
Molla Nuru — Əslən Qəbələdən olan bu şəxs 1840–1850-ci illərdə kəndə təyinatla göndərilmiş ilk məlum molladır. Molla Nəbi Hacı İbrahim oğlu — 1860-cı illərdə fəaliyyət göstərmişdir. Rəsmi sənədlərdə onun hökumət əleyhinə fəaliyyətdə şübhəli bilindiyi qeyd olunmuşdur. Molla Abdulla Nuru oğlu — 1870-ci illərdə kəndin mollası olub. Qəbələdən gəlmiş kəndin ilk məlum mollası Molla Nurunun oğludur. Molla Nurməmməd Abdulla oğlu — İstanbulda dini təhsil almış, XX əsrin əvvəllərindən 1925-ci ilə qədər fəaliyyət göstərmişdir. Molla Fəttah Abdulla oğlu — Qardaşı Molla Nurməmməd Abdulla oğlundan sonra sovet rejiminin ilk illərində icma tərəfindən molla seçilmiş, 1937-ci ildə Stalin repressiyaları zamanı güllələnmişdir.
Məscid tikintisi və dini təhsil Pir Mərdəkan xanəgahındakı köhnə məscidin kiçik olması və 1902-ci il Şamaxı zəlzələsinin fəsadları səbəbindən, 1902-ci ildə kənd ağsaqqalı Hacı Nuh Hacı İbrahim oğlunun rəhbərliyi və yerli əhalinin vəsaiti hesabına Göylərdə yeni, daha böyük kənd məscidi inşa edilmişdir.
Kənd məscidinin nəzdində fəaliyyət göstərən mollaxanada ilkin şəriət təhsili alan uşaqlar sonradan təhsillərini Şamaxı Cümə məscidinin mədrəsələrində davam etdirirdilər. Sovet dövründə dini təhsil qadağan edilsə də, kənddə ərəb və fars dillərini bilən xəttat və dindarların formalaşdırdığı, yerli dildə "Yeddilik" adlandırılan dindar qruplar fəaliyyət göstərmiş, Quranın xətm edilməsi ayinlərini qorumuşdular.
XIX əsrin ikinci yarısında iqtisadi vəziyyətin yaxşılaşması ilə kənd sakinləri Həcc ziyarətinə getməyə başlamışlar. Araşdırmalara görə, 1920-ci ilə qədər kənddən 22 nəfər Həcc ziyarətində olmuşdur (onlardan Hacı Hasan Səfər oğlu və Hacı Qasım Qurban oğlu ziyarət zamanı vəfat etmişlər). 1920-ci ildə sovet hakimiyyətinin qurulması və sərhədlərin bağlanması ilə bu ziyarətlər dayandırılmışdır.
Şeyx Əyyub təriqəti XIX–XX əsrlərdə Şirvan regionunda geniş yayılan və Şeyx Əyyub Bayram oğlu (1730–1796) tərəfindən əsası qoyulan sufi təriqəti Göylər kəndində də güclü nüfuza malik olmuşdur. Zikr və mürşüd-mürid prinsipinə əsaslanan bu təriqətin bəzi şeyxləri və müridləri Göylər kəndində məskunlaşmışdılar. Təriqətin ilk tanınmış göylərli müridləri və şeyx tərəfindən seçilən xəlifələri arasında Hacı İbrahim Əlimərdan oğlu, Yaqub Bədəl oğlu və Pirimverdi Halim oğlunun (Sofu Əhməd) adları çəkilir.
Coğrafiyası və iqlimi Göylər Dağ kəndi rayon mərkəzi Şamaxı şəhərindən 17 km cənubda, Çöl Göylər kəndindən 10 km məsafədə, Ləngəbiz silsiləsinin şimal ətəyində yerləşir.
Azərbaycanın Şamaxı rayonunun Göylər kənd inzibati ərazi dairəsinə Göylər Dağ, Acıdərə, Çöl Göylər, Yenikənd kəndləri daxildirlər. Göylər Dağ kəndi isə bu kənd inzibati ərazin dairəsinin mərkəzidir.
Əhalisi
19-cu əsrdə Çar Rusiyası Azərbaycanı işğal etdikdən sonra bölgədə bir neçə dəfə əhalinin siyahıyaalması aparılıb. 1856-cı il tarixli "Qafqaz təqvimi"ndə Elat mahalının Göylər kəndi əhalisinin sünni etiqadlı Azərbaycan türklərindən (təqvimdə "tatar" yazılıb) ibarət olduğu və öz aralarında Azərbaycan dilində (təqvimdə "tatarca" yazılıb) danışdıqları qeyd olunub.
1859–1864-cü illərdə aparılmış kameral təsvirin məlumatları əsasında tərtib edilmiş Bakı quberniyasının yaşayış məntəqələrinin siyahılarına görə, həmin dövrdə Göylər kəndində 96 təsərrüfatda, 728 nəfər əhali (368 kişi və 360 qadın) yaşayırdı. Bundan başqa siyahıda kənd əhalisinin sünni etiqadlı Azərbaycan türkləri (siyahıda "tatar" yazılıb) olduğu da qeyd olunub.
1873-cü ilə aid məlumatlara əsasən, Nikolay Zeydlits tərəfindən redaktə edilərək 1879-cu ildə nəşr olunmuş "Qafqaz diyarının yaşayış məntəqələrinin siyahıları"nın V cildində Göylər kəndi haqqında da məlumat var. Bu siyahılara görə 1873-cü ildə Göylər kəndində 137 təsərrüfatda, 847 nəfər əhali (464 kişi və 383 qadın) yaşayırdı. Bundan başqa siyahıda kənd əhalisinin sünni etiqadlı Azərbaycan türkləri (siyahıda "tatar" yazılıb) olduğu da qeyd olunub.
1886-cı ilə aid "Zaqafqaziya diyarının əhalisinə dair statistik məlumatlar toplusu"nda Göylər kəndində 1199 nəfərin (673 kişi və 526 qadın) yaşadığı qeyd olunub. Bundan başqa siyahıda kənd əhalisinin sünni etiqadlı Azərbaycan türkləri (siyahıda "tatar" yazılıb) olduğu da qeyd olunub.
20-ci əsrdə