Məmməd Əmin Azadvətən () — siyasətçi, fədai, repressiya qurbanı.Azərbaycanın Demokrat Firqəsinin Urmiya vilayəti komitəsinin sədri və Urmiya fədailərinin başçısı olub. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra, Azərbaycan Milli Məclisinə Urmiyadan nümayəndə seçilib.
Həyatı Məmməd Əmin Azadvətən Urmiyanın Nazlıçay mahalının Lələli kəndində anadan olub. İbtidai təhsil alsa da ailəsinin imkanı olmadığı üçün təhsilini yekunlaşdıra bilməyib. Mövcud hakimiyyətə müxalif olduğu üçün 1933-cü ildə həbs olunaraq Urmiya həbsxanasına salınıb. Bir müddət həbsdə saxlanıldıqdan sonra ömürlük Zəncana sürgün olunub. Sürgündə olduğu müddətdə Zəncan bələdiyyə idarəsində işləyib və bu dövr ərzində siyasi fəaliyyətini davam etdirib. 1940-cı ilin payızında yenidən həbs olunub. 4 ay Zəncanda saxlanıldıqdan sonra Tehranda yerləşən və əsasən siyasi məhbusların saxlanıldığı "Qəsri Qacar" həbsxanasına göndərilib. 1941-ci ildə Rza xan ölkədən qaçdıqdan sonra həbsdən azd olunub və Zəncana geri qayıdıb. Tudə Partiyasına üzv olub və Zəncanda şəhər komitəsinin yaradılmasında iştirak edib.
1943-cü ilin sonunda Urmiyaya gəlib və burada Tudə Partiyasının komitəsinin yaradılmasında iştirak edir. 1944-cü ildə Tudə Partiyasının Urmiya Vilayət Komitəsinin sədri seçilib. Tudə Partiyasının Azərbaycan Əyalət Komitəsinin üzvü olub. 1945-ci il yanvarın 1-də ona qarşı sui qəsd olsa da sağ qalıb.
1945-ci ildə Azərbaycan Demokrat Firqəsi yaradıldıqdan sonra Urmiya vilayəti komitəsinin sədri seçilib və Urmiya fədailərinə rəhbərlik edib. ADF-nin birinci qurultayında nümayəndə kimi iştirak edib və mərkəzi komitənin üzvü seçilib. Azərbaycan Milli Hökumətinin Milli Məclisinin birinci iclası dekabrın 12-də keçirilib. Bura seçilən nümayəndələrdən 26 nəfəri cəbhədə olduqları üçün məclisin ilk iclasında iştirak edə bilmirlər. Onlardan biri də Məmməd Əmin Azadvətən olub.
1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub.
1946-cı il dekabrın 13-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bununla da Azərbaycan Milli Hökuməti süqut edib.George Lenczowski. "United States' Support for Iran's Independence and Integrity, 1945–1959", Annals of the American Academy of Political and Social Science, Vol. 401, America and the Middle East. (may, 1972), s. 49 Məmməd Əmin Azadvətən də Urmiyada həbs olunub. Dövlət məmurları tərəfindən əməkdaşlığa dəvət olunsa da bunu qəbul etməyib və cavabında onlara deyib ki, "Nə danışırsınız, bişərəflər! Söyüd budaqlarını ikiqat əymək olar, qocaman çinar isə sınar, əyilməz". Rzaşah orta məktəbində qurulmuş məhkəmə tərəfindən Abbas Fəthi və digər demokratlarla birlikdə edama məhkum olunub. 1947-ci ildə Urmiyada edam olunub.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Cənubi Azərbaycanda doğulanlar Kateqoriya:Cənubi Azərbaycanda vəfat edənlər Kateqoriya:Sui-qəsd cəhdləri Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:Azərbaycan Milli Hökumətinin Milli Məclisinin deputatları