Emil Mpenza (; ) — hücumçu mövqeyində çıxış etmiş Konqo əsilli Belçika futbolçusu, Belçika milli futbol komandasının keçmiş üzvü.

Həyatı

Klub karyerası Mpenza peşəkar karyerasını 1995-ci ildə qardaşı Mbonun da çıxış etdiyi Belçikanın "Kortreyk" komandasında başlayıb. Burada bir mövsüm ərzində 32 oyun keçirib, 5 qol vurub. 1996-cı ildə qardaşı ilə birlikdə "Muskron", 1997-ci ildə isə "Standard Lyej" komandasına keçib. 2000-ci ildə qardaşı ilə yolları ayrılıb — Emil Almaniyanın "Şalke 04", Mbo isə Portuqaliyanın "Sportinq Lissabon" komandasına transfer olunub.

Üç il Gelzenkirxen təmsilçisinin heyətində çıxış etdikdən sonra, yenidən "Standard Lyej"ə qayıdıb. Burada bir mövsüm çıxış etdikdən sonra, 2.5 milyon avro qarşılığında Almaniyanın "Hamburq" komandasına keçib. 2006-cı ilin yanvarında Qətərin "Əl-Rəyyan" komandasına transfer olunub.

14 fevral 2007-ci ildə İngiltərənin "Mançester Siti" komandasına keçib. Yeni komandasında ilk rəsmi oyununu 3 mart 2007-ci ildə "Uiqan Atletik"ə qarşı keçirib. "Mançester Siti"nin heyətində İlk qolunu 17 mart 2007-ci ildə "Midlsbro"nun, ikinci qolunu isə 30 mart 2007-ci ildə "Nyukasl Yunayted"in qapısından keçirib.

2 sentyabr 2008-ci ildə Çempionşip təmsilçisi "Plimut Arqayl" ilə 1 illik müqavilə bağlayıb. 13 sentyabr 2008-ci ildə "Norviç Siti" ilə oynanılan görüşdə yeni komandasında debüt edib. "Plimut Arqayl"ın heyətində ilk qolunu 8 noyabr 2008-ci ildə "Çarlton Atletik"in qapısından keçirib.

2009-cu ildə İsveçrənin "Sion" komandası ilə bir illik müqavilə bağlayıb. Burada bir mövsüm keçirən Mpenza, 31 oyun keçirib, 21 qol vurub.

4 avqust 2010-cu ildə Azərbaycanın "Neftçi" komandası ilə üç illik müqavilə bağlayıb. Bakı təmsilçisinin heyətində 31 oyun keçirib, 6 qol vuran Mpenza, 2012-ci ilin yanvarında komandanı tərk edib.

"Neftçi" klubu Mpenzanın klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 21 fevral 2012-ci ildə futbolçu ilə imzalanmış müqaviləyə birtərəfli qaydada xitam verib. 2012-ci il martın 13-də "Neftçi" FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırıb. Mpenza da öz növbəsində FİFA qarşısında əks-iddia qaldıraraq, klubdan təzminat tələb edib.

Üç il müddətində davam etmiş araşdırmalardan sonra — 21 yanvar 2015-ci ildə FİFA Mpenzanın xeyrinə qərar çıxarıb. Bu qərarla əlaqədar 15 iyul 2015-ci ildə "Neftçi" İdman Arbitraj Məhkəməsinə Apellyasiya müraciəti ünvanlasa da, qərar qüvvədə saxlanılıb. Belçikalı hücumçuya ödəniş gecikmə faizləri və məhkəmə borcları ilə birgə 1,1 milyon dollar təşkil edib. Bu məbləğ 5 hissəyə bölünüb və 2016-cı ilin sonunadək müvafiq hesaba köçürülüb.

Mpenza 2013-cü ildə Belçikanın "Endraxt Alst" komandasına keçsə də, burada rəsmi görüşlərdə debüt etmədən futbolçu karyerasını bitirib.

Milli karyerası Mpenza 1997–2009-cu illər aralığında formasını geyindiyi Belçika milli futbol komandasının heyətində ümumilikdə 57 oyun keçirib, 19 qol vurub. O, Belçika millisinin heyətində 1998 FİFA Dünya Kubokunun və Avro 2000-nin iştirakçısı olub.

Mükafatları Şalke 04 Futbol üzrə Almaniya Kuboku: 2000/01, 2001/02

Hamburq UEFA İntertoto Kuboku: 2005

Neftçi Azərbaycan çempionatı: 2011/12

İstinadlar

Xarici keçidlər Emil Mpenza Soccerway.com saytında Emil Mpenza Nationall-football-teams.com saytında Emil Mpenza Soccerbase.com saytında

Kateqoriya:Brüsseldə doğulanlar Kateqoriya:Belçika futbolçuları Kateqoriya:Belçika milli futbol komandasının oyunçuları Kateqoriya:Şalke 04 FK futbolçuları Kateqoriya:Mançester Siti FK futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2000 futbolçuları Mpenza Mpenza Kateqoriya:İsveçrə Super Liqası futbolçuları Kateqoriya:Sion FK futbolçuları Kateqoriya:Bundesliqa futbolçuları Kateqoriya:Belçikanın kişi futbolçuları Kateqoriya:Qətər Ulduzlar Liqası futbolçuları Kateqoriya:İngiltərə Futbol Liqası futbolçuları Kateqoriya:1998 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası B futbolçuları Kateqoriya:Belçika Birinci Diviziyası A futbolçuları Kateqoriya:Hamburq FK futbolçuları Kateqoriya:Belçika U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Konqo Demokratik Respublikası əsilli idmançılar Kateqoriya:İngiltərədə legioner Belçika idmançıları Kateqoriya:Qətərdə legioner futbolçular Kateqoriya:İsveçrədə legioner futbolçular Kateqoriya:İngiltərədə legioner futbolçular Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Futbol hücumçuları