Gəncə () — Azərbaycan Respublikasının əhalisinin sayına, sənaye məhsulları istehsalına görə üçüncü, ərazisinə görə isə ən böyük ikinci şəhərdir. Gəncə şəhəri Kiçik Qafqazın şimal-şərq tərəfində, Gəncə-Qazax düzənliyində, Gəncəçayın hər iki sahilində yerləşir.

Tarixi

Etimologiya

Müasir ərəb tarixşünasları "Gəncə" adının ərəb dilindəki farsca kökənli xəzinə anlamlı "Gānj" sözündən gəldiyini irəli sürürlər. Ərəb coğrafiyaşünası İbn Havqəl 977-ci ildə "Gəncə gözəl, varlı və qələbəlik şəhəridir. Buranın çoxsaylı əhalisi səxavətinə, mehribanlığına, elm adamlarına və mühacirlərə hörmətli münasibətlərinə görə fərqlənirlər" yazmışdır.

Fərrux Əhmədov Gəncə şəhərinin adının türk mənşəli olduğunu irəli sürür və ilkin forması hesab etdiyi "Qança" sözünün ilk komponenti "qan", "kan", "kaan", "xan" sözlərini türk dillərində hakim, sərkərdə, başçı, ikinci hissəsi olan –ca şəkilçisini isə məkan, yer, yurd kimi izah edir. Beləliklə, "Gəncə", "Qanca", "Kancə" sözləri "xan yeri", "xan məkanı","xan yurdu", "xanın, xaqanın oturduğu yer" anlamını verir. Müəllif bildirir ki, XX əsrin əvvəlinə kimi "Qanja" və "Xan yurt" adları yerli əhalinin dilində Gəncənin cənub hissəsindəki dağlıq yerlərdə saxlanmışdı".

Müasir İran tarixşünasları "Gəncə" adının fars dilindəki "gənc" () sözündən törədiyini iddia edir.

Gerbi

thumb|Yelizavetpol quberniyasının gerbi

Gəncə şəhərinin gerbi 21 may 1843-cü ildə təsdiq olunmuşdur. Qalxanvari gerbin ikiyə bölünmüş yuxarıdan 1-ci qızılı sahəsində zirvəsində Nuhun gəmisini simvolizə edən Ağrı dağı təsvir olunmuşdur. Gerbin yuxarıdan ikinci qızılı sahəsində mavi dalğalı kəmər Qara dənizi simvolizə edir. Bu sahələrin üstündə gümüş fonda əlində nizə süvari təsvir olunmuşdur. Gerbin yuxarı hissəsi Gürcü-İmereti quberniyasının gerbinin təsvirindən götürülmüşdür. Gerbin aşağı hissəsinin fonu qırmızıdır. Onun üzərində xaçvari şəkildə, sındırılmış müsəlman qılıncı və xəncər, rusların qələbəsini simvolizə edən dəfnə çələngi təsvir edilmişdir.

Yelizavetpol quberniyasının gerbi 5 iyul 1878-ci ildə təsdiq olunmuşdur. Qara qalxanda qızıl sütun üzərində xəncər, xəncərin yanında iki gümüş Georgi xaçı təsvir olunmuşdur. Qalxan imperator tacı ilə tamamlanır və şəhər gerblərində işlədilən mavi rəngli Andreyev lenti (Rusiya imperiyasının ilk ordeni olan və Müqəddəs Apostol Andrey Pervozvannı adına təsis edilən ordenin taxıldığı lentin nümunəsi) sarınmış qızılı palıd yarpaqları ilə əhatə olunmuşdur.

Gəncə şəhərinin üçüncü gerbi 2004-cü ildə Cavad xanın hakimiyyəti dövründə Gəncə xanlığının bayrağı olmuş qədim bayrağın simvolları əsasında bərpa olunmuşdur. Cavad xanın bayrağında əks olunmuş simvollar, xanın özünün də mənsub olduğu Ziyadoğlular nəslinin qədim dövrdən daşıdığı bayrağın simvolları idi.

Qədim dövr

Gəncənin bir şəhər kimi formalaşması haqqında müxtəlif tarixi fərziyələr mövcuddur. Bəzi alimlər şəhərin yaranmasını e.ə., əksəriyyəti isə orta əsrlərin başlanğıcına aid edirlər.

Orta əsrlər 130px|thumb|right|Qədim Gəncə yaşayış yerindən aşkarlanmış bürünc tanrı heykəli. Milli Azərbaycan Tarixi Muzeyi.

VII əsrin birinci yarısında Gəncə farslar tərəfindən, ikinci yarısında isə ərəblər tərəfindən dağıdılmışdır. VII əsrin axırlarında isə Gəncə ərəblərlə xəzərlərin döyüş meydanına çevrilmişdir.

X əsrdən, Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən Gəncə şəhəri ölkənin sosial-iqtisadi və mədəni həyatında vacib rol oynamağa başladı. Şəhərin həyatında ticarət və incəsənət vacib faktorlardan birinə çevrildi. Burda incəsənətin inkişafı üçün hər cür şərait mövcud idi. Dəmir, mis, alüminium və digər mədənlər Gəncə şəhərinin ətrafında fəaliyyət göstərir və yerli sənətkarları xammalla təchiz edirdilər. Gəncə paytaxt olaraq xüsusi diqqəti hərbi qüvvəsinin qücləndirilməsinə yönəltmişdi. Həmçinin bu dövrdə qala divarları tikilmiş və onun ətrafında xəndək qazılaraq şəhərin mühafizəsi gücləndirilmişdi. IX–X əsrlərdə Ərəb xilafətinin zəiflədiyi bir dövrdə Azərbaycanda Şirvanşahlar, Şəddadilər, Salarilər və Rəvvadilər müstəqil feodal dövlətləri yaranmağa başladı. X əsrin ortalarında Gəncə şəhəri Salarilərin hakimiyyəti altında olmuşdur. Daha sonra isə Şəddadilərin paytaxt şəhəri olmuşdur. Fəzl bin Məhəmmədin hökmranlığı dövründə Gəncə ən güclü dövrlərini yaşamışdır.

Şəddadilər dövründə qala, saraylar, körpülər və karvansaraylar inşa edilmiş və burda pul kəsilməyə başlanmışdır. Şəhəri əhatə edən yeni və daha davamlı qala inşa edildi. 1063-cü ildə dəmirçi İbrahim məşhur Gəncə qapılarını tikdi. Gəncənin geniş bir mərkəzə çevrildiyi bir dövrdə onun ərazisi də həmçinin böyüyərək genişləndi. Yeni ticarət və sənaye zonaları tikilməyə başladı. İpək və ipək məmulatları nəinki yerli, həmçinin xarici alıcıların da rəğbətini qazandı. X əsrdə Gəncə həm də dini mərkəz sayıla bilərdi. Belə ki, Alban katolikosu mərkəzi Bərdədən Gəncəyə köçmüşdü. Qətran Təbrizi o dövrləri belə qələmə almışdı: "İndi Gəncə sanki Cənnəti xatırladır". XI əsrin ortalarında Azərbaycan Səlcuqların işğalına məruz qalmışdı. Təbrizi tutduqdan sonra I Toğrul (1038–1068) 1054-cü ildə qoşunlarını Gəncə istiqamətində hərəkət elətdirdi. Gəncə hakimi Əbüləsvar Şavur I Toğrulun vassalı olmağa öz razılığını verdi. Şavur I Toğrula bahalı hədiyyə verərək onun şərəfinə xütbə oxutdurdu.

Səlcuqların aramsız basqınları XI əsrin ortalarında Şəddadi hökmdarı III Fəzl bin Fəzl göstərilən müqavimətin yetərsiz olduğunu görərək gec də olsa təslim olmağa qərar verdi və münasib bir şəraiti gözləyərək yenidən hakimiyyətə gəldi. 1086-cı ildə Səlcuq hökmdarı I Məlikşah (1072–1092) öz ordu başçısını, Bugayı Gəncəyə göndərdi. Yerli camaatın güclü müqavimətinə baxmayaraq Səlcuqlar şəhərin zəbtinə nail oldular. Döyüşdə Gəncə hökmdarı III Fəzl bin Fəzli əsir götürdülər və bununla da 100 ildən artıq hakimiyyətdə olan Şəddadilər sülaləsinin hökmranlığına son verildi. I Məlikşah Gəncə hakimi kimi öz oğlu olan Məhəmməd Təpəri təyin etdi. Məhəmməd Təpər sultan seçildikdən sonra belə Gəncənin Səlcuq hökmdarı olaraq qaldı.

XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə gürcü basqınlarına məruz qalmış, buna cavab olaraq Səlcuq ordusu Gürcüstana güclə soxularaq oraları talan etmişdir. Gəncə Səlcuq türklərinə məğlub olana, yəni XI əsrə qədər Qafqaz Alban xristianlığının mərkəzi olmuşdur. 1139-cu ildə zəlzələ nəticəsində V əsrdə yaranmış orijinal şəhər dağılmış və XII əsrdə əvvəlkindən bir az şərqdə yenidən tikilmişdir. thumb|left|170px|Eldənizlər dövrünə aid vaza, Qədim Gəncə, Azərbaycan Milli İncəsənət Muzeyi. Atabəylər dövründə öz inkişafının pik nöqtəsinə çatan Gəncə Eldənizlərin paytaxtlarından biri olmuşdur. Bu dövr abidələrinin verdiyi məlumata görə, Gəncə "mühüm şəhər", böyük şəhər və paytaxt yəni "dar əl-mülk" idi. Gəncə Yaxın və Orta Şərqdə ən mühüm ticarət-sənət mərkəzi idi. Şəhər yaxınlığında dəmir və mis filizlərinin olması dəmirçilik, metal emalı, silahqayırma, qab-qacaq hazırlanması, metalda naxış açma və başqa sənət sahələri inkişaf etmişdilər.Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136–1225-ci illər). Bakı, "Şərq-Qərb", 2007.s.167–168.

Əsas karvan yollarının üzərində yerləşməsi bu şəhəri vacib ticarət mərkəzlərindən birinə çevirmiş, lakin 1231-ci ildə monqolların Azərbaycana II yürüşündə basqına məruz qalaraq yenidən dağıdılmışdı. Gəncənin Ağkənd ərazisində XIV əsrə aid tarixi karvansara Elxanilər hökmdarı Əbu Səid Bahadur tərəfindən inşa olunub.https://www.yenigence.com/?p=52333 XV əsrdə Gəncə Qaraqoyunlu dövlətinin tərkibinə daxil edilmişdir.

Qaraqoyunlu hökmdarı Cahanşah ticarətin, sənətkarlığın, elmin və incəsənətin, mədəniyyətin inkişafı naminə böyük işlər görmüş bir hökmdardır. Onun hakimiyyəti illərində Naxçıvan, Gəncə və Təbriz kimi iri şəhərlər çiçəklənib tərəqqi etmişdi. Qaraqoyunlu dövlətinin tərkibində olan Gəncə şəhəri Əmir Qaraman və varisləri tərəfindən idarə edilmişdir. Ağqoyunlular dövründə Gəncə bölgəsi Ziyadoğlu Qacar əmirlərinin idarçiliyində olmuşdur.

Azərbaycan Səfəvi dövləti yarandıqdan sonra da Gəncə Ziyadoğlu Qacar nəslinin irsi idarəsində olmuş və Qarabağ bəylərbəyiliyinin mərkəzinə çevrilmişdir. I Təhmasibin dövründə Gəncə bəylərbəyi Şahverdi Ziyadoğlu Qacar olmuşdu.Mustafazadə Tofiq. Qarabağ xanlığı. Bakı, Sabah nəşriyatı, 2009, ISBN 5-86106-016-0. səh.27. Don Juan adı ilə Avropada yaşayan tarixi-coğrafi əsərlər müəllifi Oruc bəy Bayat burada 50 min ailənin (yəni 225 min nəfər) yaşadığını qeyd etmişdi.Azərbaycan tarixi (8-ci sinif üçün dərslik), Bakı,"Aspoliqraf", 2005. s.189

1606-cı ildən 1804-cü ildə Rusiya imperiyasına birləşdiyi dövrə qədər Gəncə Qacarlar, Əfşarlar, Zəndlər sülaləsinin tərkibində xanlıq mərkəzi olmuşdur.

Gəncə ləğv edildi

1747-ci ildə Nadir şah Əfşarın öldürülməsi Azərbaycanda müstəqillik uğrundakı mübarizəni daha da gücləndirdi ki, bunun da nəticəsində Azərbaycan ayrı-ayrı feodal torpaqlarına – xanlıqlara parçalandı. XVIII əsrin ortalarında belə xanlıqlardan biri də Gəncə xanlığı idi. Şahverdi xan Ziyadoğlu-Qacar Gəncənin xanı (1740–1756) oldu. Xanlığın mərkəzi Gəncə şəhəri oldu. XVIII əsrin 80-ci illərində hakimiyyətdə olan Cavad xanın (1785–1804) dövründə Gəncə xanlığı xeyli möhkəmləndi.

2 dekabr 1803-cü ildən blokadada olan Gəncə qalası Nikolay Dubrovinə görə bütün Adərbicanda ən yaxşı hesab edilirdi. Bu zaman şəhər onun Gürcüstan kraliçası Böyük Tamaranın dövründən bəri Gürcüstana aid olması və Gürcüstan hökmdarlarının zəifliyinə görə bu yerlə əlaqəsini kəsdiyini bəhanə edən general-leytenant Sisianovun rəhbərliyi altındakı rus ordusunun hücumlarına məruz qalırdı. Sisianova görə "Gəncə qalasının yerli mövqeyi bütün Adərbican üzərində hökmran" idi. Məhz buna görə də "bu istila Rusiya üçün birinci dərəcəli əhəmiyyətə malik" idi.

Sisianov Qacarlar nəslindən olan V Gəncə xanı Cavad xandan təslim olmağı tələb edəndə Cavad xan imtina etdi və Tamaradan bəri Gəncənin Gürcüstana aid olmasını rədd etdi. Gəncəyə yaxınlaşarkən Cavad xan onlarla savaşdı və məğlub oldu. Ancaq 3 yanvar 1804-cü ildə sübhçağı iki dəstəyə bölünmüş Sisianovun ordusu Gəncə üzərinə yürüş etdi. Qanlı həmlə zamanı Cavad xan ortancıl oğlu Hüseynqulu xanla birlikdə öldürüldü.

Gəncənin alınması bu ərazidən hücumlara məruz qalan Gürcüstanın şərq sərhədlərinin təhlükəsizliyini təmin etdi. Digər tərəfdən Qacarlar sülaləsinin hökmranlıq etdiyi İranın himayəsində olan Gəncənin işğalı İranda mənfi qarşılandı və faktiki olaraq Birinci Rusiya-İran müharibəsinin başlanmasına səbəb oldu.

1804-cü il yanvarın 3-də Çar Rusiyasının qoşunları Gəncə xanlığını işğal etdikdən sonra Gəncə şəhəri çar I Aleksandrın arvadı Yelizaveta Alekseyevnanın şərəfinə Yelizavetpol adlandırıldı. Xanlıq üsuli-idarəsi ləğv edilərək Yelizavetpol dairəsi yaradıldı. 1840-cı il 10 aprel islahatı nəticəsində dairə qəzaya çevrildi. Yelizavetpol qəzası Gürcü-İmereti quberniyasının tərkibinə verildi. Qəza Yelizavetpol, Qazax, Şəmşədil və Ayrım məntəqələrinə bölündü. Yelizavetpol qəzasında qəza idarə sistemi təşkil olundu.

1846-cı il 14 dekabr tarixli inzibati-ərazi bölgüsündən sonra Yelizavetpol qəzası yeni yaradılmış Tiflis quberniyasının tərkibinə daxil edildi. Çar II Aleksandrın 1867-ci il 9 dekabr tarixli fərmanı ilə Yelizavetpol quberniyası yaradıldı. Yelizavetpol (Gəncə) şəhəri eyniadlı quberniyanın və qəzanın mərkəzi oldu. Quberniyanın ərazisi keçmiş Gəncə, Qarabağ, Şəki xanlıqlarının və Samux və Şəmşədil mahallarının ərazilərini əhatə edirdi. Quberniyanın tərkibinə Yelizavetpol, Şuşa və Nuxa qəzaları və ləğv edilmiş Ordubad qəzasının bir hissəsi daxil edildi, yeni Qazax və Zəngəzur qəzaları yaradıldı. 1873-cü ildə Yelizavetpol quberniyası tərkibində Ərəş, Cəbrayıl və Cavanşir qəzaları təşkil olundu.

XX əsr

1905-ci ilin payızında Bakıda, Gəncədə, Şuşada, Azərbaycanın digər şəhərlərində rejimin özbaşınalıqlarını, milli məhdudiyyətləri ləğv etmək, çar məmurlarını işdən uzaqlaşdırmaq tələbləri ilə zəhmətkeşlərin kütləvi siyasi nümayişləri və mitinqləri baş verirdi.

1910-cu ildə Gəncədə də telefon xətti çəkilmiş, 1911-ci ildə buradakı dəmir yol stansiyasında avtomat telefon aparatı qoyulmuşdu.ARDA, f. 894, siy. 2, iş 102, v. 2.