Fate/stay night: Heaven's Feel II. lost butterfly () – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2019-cu ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının ikinci filmidir. Əvvəlki filmdə Müqəddəs qədəh döyüşündən kənar qalan və xidmətçisini itirən baş qəhrəman Şiro Emiya onun üçün dəyərli insan olan Sakura Mato və digər iştirakçılar üçün həll yolu axtarmağa çalışır.

Filmin Yaponiyada premyerası 12 yanvar 2019-cu ildə ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel III. spring song" 15 avqust 2020-ci ildə buraxılmışdır.

Məzmun Seyberin kölgə tərəfindən udulması və öldürülməsindən sonra Şiro Emiya Müqəddəs qədəh müharibəsindən kənar qalır və evinə məğlubiyyətlə qayıdır. Lakin döyüşməyə davam etmək qərarına gəlir. Rin Tosaka ilə görüşdən qayıdandan sonra Şiro başa düşür ki, Sakura Mato qardaşı Şinci tərəfindən qaçırılıb və Şinci ilə döyüşə girişir. Sakura hamıdan dayanmağı xahiş edir və Rayder onun çağırışına qulaq verir. Rayderin əsl ustasının Sakura olduğu məlum olur. Artıq Rayderi idarə edə bilməyəcəyini başa düşən Şinci insanın idarəetməsini itirməsinə səbəb olan eleksirlə Sakuranı zəhərləyib qaçır. Arçer və Rin Sakuraya hücum edirlər, lakin Rayder onu müdafiə edir və Meduza şəxsiyyətini üzə çıxararaq onları daşa çevirməyə başlayır. Lakin Şiro yaralananda və şüurunu itirəndə Sakuranın kədəri özünün də yaralanmasına səbəb olur, nəticədə, Rayder dayanmağa məcbur olur.

Şiro Fuyuki kilsəsində oyanır. Kirey Kotomine onun yaralarını sağaldır və Sakuranı əməliyyat edir. Kotomine başa salır ki, Sakuranın bədəni Zoken Matonun möhür qurdları ilə dolub və onun manası ilə qidalanırlar. Rin Sakuranı öldürməyə gedəndə Kotomine Şiroya izah edir ki, əslində Rinlə Sakura doğma bacıdılar, Sakura Mato ailəsinə övladlıq kimi verilib. Sakura Şironu özündən uzaq tutmaq istəsə də, Şiro onu daim qoruyacağına söz verir. Sakura və Rayder Şironun evinə köçürlər.

Şiro və Rin müttəfiq tapmaq üçün İlyasvil fon Aynzbernin yanına gedirlər, lakin onun Zoken və kölgə ilə döyüşdüyünə şahidlik edirlər. Kölgə qaranlıq tərəfini üzə çıxaran Dəyişmiş Seyberi Berserkerlə döyüşə göndərir. Dəyişmiş Seyber Berserkeri öldürür və kölgə onu da udur. Zoken Assassini göndərsə də, hücumu effektiv olmur, əvəzində kölgə Şironun sol qolunu ölümcül yaralayır və Arçer ali fantazmı ilə kölgəni uzaqlaşdırır. Arçer öz həyatını qurban verərək sol qolunu kəsir və Şiroya köçürür. Xidmətçilərini itimiş Rin və İlyasvil Emiyanın evinə köçürlər. Şiro Arçerin gücünə hələlik nəzarət edə bilmədiyindən yeni qolunu müqəddəs parça ilə möhürləyirlər. Rinin Şiroya yaxınlaşdığını görən Sakura onları qısqanmağa başlayır və Şirodan onu sevib-sevmədiyini soruşur. Şiro müsbət cavab verir və sekslə məşğul olurlar.

Növbəti gecə Sakura yuxulu halda şəhərdə gəzir və bir neçə insanı öldürür. Xidmətçi Qilqameş ona hücum etsə də, kölgə onu da udur. Sakura Emiyanın evinə qayıdır və Şiro kölgənin onu izlədiyini başa düşür. Qilqameşdən aldığı yaralara görə Sakura bütün günü çarpayıda uzanır və İlyasvil ona deyir ki, o, Müqəddəs qədəh üçün yaradılan bir alətdir və az ömrü qalıb. Şiro Zoken ilə görüşür və məlum olur ki, kölgə 10 il əvvəlki Müqəddəs qədəhin bir parçasıdır və onu Sakuranın bədəninə özü yerləşdirib. Kölgə elə Sakuranın özüdür və Zokenin müttəfiqi deyil. Zoken Şiroya bildirir ki, kölgəni dayandırmağın yeganə yolu Sakuranı öldürməkdir və onun güvəndiyi yeganə şəxs Şirodur. Lakin Şiro bunu etməyi bacarmır.

Şiroya yük olduğunu görən Sakura Rayderə onu qorumaq əmri verir və Mato malikanəsinə qayıdır. Şiro Sakuranı evdə tapmayanda onun dalınca qaçır. Şinci Sakuraya təcavüz etməyə çalışır və illərlə onu zorladığını Şiroya deməklə hədələyir. Sakura panikaya düşür və ögey qardaşını öldürür. Kölgə üzə çıxır və Sakuranın qaranlıq tərəfini üzə çıxarır.

İstehsal Film ilk dəfə 2018-ci ilin mayında anons edilib. Rejissor Tomonori Sudo filmi istehsal etməyin çətin, lakin əyləncəli olduğunu bildirib. Sudo daha sonra bildirmişdi ki, müəyyən səhnələrdə Şiro ilə Sakuranın şəxsiyyətinin inkişafına kömək edib. İstehsalçı heyətin digər üzvləri filmin təsiredici sonluğunun olduğunu vurğulayıblar.

Filmin personaj səsləndiriciləri əvvəlki filmdə olduğu kimidir. Noriaki Suqiyama Şiro personajına daha fərqli prizmadan yanaşdığını bildirib. Noriko Şitaya Sakuranın hislərinin Şiro tərəfindən başa düşülməsindən zövq aldığını ifadə edib. Ayako Kavasumi Seyberin yeni şəxsiyyəti haqqında qarışıq fikirlərdə olub, lakin fanatların onun personajını döyüşərkən görməsini istədiyini bildirib. Rin Tosakanın aktrisası Kana Ueda personajı səsləndirərkən özünü çox emosional hiss edib və hətta ağlayıb. Şinci Matonu səsləndirən Hiroşi Kamiya personajının franşiz boyunca qaranlıqlaşdığını və filmin əsas mənfi obrazı olduğunu bildirib.

1 noyabr 2018-ci ildə filmin əsas mahnısının "I beg you" adlanacağı anons edilib. Mahnı Yuki Kaciura tərəfindən bəstələnib və Aimer tərəfindən ifa edilib. Mahnı Şiro ilə Sakuranın münasibətlərinə köklənib və Aimer mahnıda Sakuranın qaranlıq tərəfini və sirlərini göstərmək istəyib.

Buraxılış Film Yaponiyada 12 yanvar 2019-cu ildə buraxılmışdır. 2018-ci ildə Aniplex of America filmi ABŞ-da buraxacağını açıqlamışdır. Filmin ABŞ premyerası 23 fevral 2019-cu ildə Los-Ancelesdə baş tutmuş, kinoteatrlarda nümayişi isə 14 mart 2019-cu ildə başlamışdır. 14 martda Kanadada ekranlaşdırılmışdır. Avstraliya və Yeni Zelandiyada 16 mart 2019-cu ildə, Malayziyada isə 18 aprel 2019-cu ildə kinoteatrlarda buraxılmağa başlamışdır.

Filmi reklam etmək üçün Pizza Hut şirkəti ilə əməkdaşlıq edilib. Filmin bəzi personajları Puzzle & Dragons oyununa əlavə edilib. DVD və Blu-ray buraxılışlar Yaponiyada 21 avqust 2019-cu ildə buraxılıb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2019-cu ilin anime filmləri Kateqoriya:Yaponca filmlər Kateqoriya:Aniplex Kateqoriya:Yuki Kaciuranın anime filmi musiqiləri Kateqoriya:Videooyunlara əsaslanan anime filmləri Kateqoriya:Fentezi anime və manqaları Kateqoriya:Fate/stay night Kateqoriya:Fövqəltəbii anime və manqaları Kateqoriya:Ufotable Kateqoriya:Yaponiyanın fentezi filmləri Kateqoriya:2004-cü il haqqında filmlər