Əsgər ağa Gorani (əsl adı: Əsgər bəy Haqverdi bəy oğlu Adıgözəlov; ) — Azərbaycan yazıçısı, maarifçi, teatr xadimi və ictimai xadim. Gəncə (Yelizavetpol) Şəhər başçısı, Şəhər Dumasının sədri və Şəhər İdarəsinin rəisi (1906–1910).

Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov ilə yanaşı Azərbaycan milli teatrının yaranmasında xidmətləri olmuşdur. "Sərgüzəşti-vəziri-xani-Lənkəran"da Teymur ağa, "Sərgüzəşti-mərdi-xəsis"də Hacı Qara rollarını ilk dəfə səhnəmizdə ifa etmişdir.

Həyatı Əsgər bəy Haqverdi bəy oğlu Adıgözəlov 15 may (köhnə təqvimlə 3 may) 1857-ci ildə Goran-Boyəhmədli kəndində anadan olmuşdur. Tarixçi Mirzə Adıgözəl bəy Qarabaği bəyin nəvəsidir. Bakı şəhər gimnaziyasını qızıl medalla bitirib. Sonra Moskvada Petrovski-Razumovski adına Kənd Təsərrüfat Akademiyasına daxil olub. Akademiyanı bitirəndən sonra vətənə dönüb. Quberniya katibi, kollec asessoru, mülkü müşavir kimi mülki çinlər daşıyıb. Yelizavetpol (Gəncə) quberniyası qəza hakiminin köməkçisi, Tiflis dairə məhkəməsinin prokuror nəzarət orqanlarında prokuror yoldaşı, beş il ərzində Gəncə bələdiyyə idarəsinin rəisi, Yelizavetpolda (Gəncədə) Mixaylovsk məktəbinin fəxri nəzarətçisi vəzifələrində işləyib. Gəncədə öz hesabına qız məktəbi açıb.

Fəaliyyəti "Petrovsk-Razumovsk" akademiyasını bitirdikdən sonra Ə. Gorani bir müddət Kutaysidə və Tiflisdə, 1905-ci ildən sonra isə Gəncədə ədliyyə və dövlət qulluqlarında işləmişdir. Nizami məqbərəsi ilk türbənin tikintisi XIII–XIV əsrlərə aid edilir. Nizaminin türbəsi vaxtilə Mirzə Adıgözəl bəy Qarabaği və Əsgər ağa Gorani tərəfindən təmir etdirilmişdir. Əsgər ağa Azərbaycan mədəniyyətinin görkəmli simalarından biridir.

Aktyor kimi Gənclərdə səhnəyə, teatra, ədəbiyyata həvəs oyadan Həsən bəy Zərdabinin təklifi ilə hələ teatr, səhnə, kütləvi gülüş yığıncağı nədir bilməyən gənclər sevimli müəllimlərinin məsləhətinə əməl edib Mirzə Fətəli Axundovun göndərdiyi əsərləri maraqla oxudular. Hamısının fikri üst-üstə düşdü ki, hər iki əsəri oynasınlar. Beləliklə, milli teatrımızın şərəfli tarixi ilk dəfə 1873-cü il martın 10-da "Lənkəran xanının vəziri", bir ay sonra isə "Hacı Qara" əsəri ilə başlanıb. Hər iki əsərdə Teymur ağa və Hacı Qara obrazlarının yaradıcısı Əsgərağa Goranidir. H. Zərdabi "Həyat" qəzetində yazmışdı:

Əslində Əsgərağa Gorani peşəkar aktyor deyildi, amma onda komizmi ilə sərtlik xüsusiyyətlərini birləşdirmək istedadı vardı. Səhnə incəliklərini, nüanslarını həssaslıqla duyur, dərk edirdi. Oynadığı Hacı Qara rolunun timsalında dövrün ədalətsizliyinə, riyakar mövqelərə, saxtakarlığa, yalanlara, qorxaqlıq və şərəfsizliyə nifrətini bildirmişdi. Onun qrimdə camaat qarşısına çıxması daxili emosiyasından, bu yolla fikirlərinə aşkarlıq gətirmək istəyindən yaranmışdı.

Jurnalist kimi 1875-ci il iyun ayının 22-də "Əkinçi"nin birinci nömrəsi çapdan çıxır. Bununla da milli Azərbaycan mətbuatının bünövrəsi qoyulmuş olur. "Əkinçi" ciddi senzura nəzarəti altında nəşr edilirdi. Bir yandan senzura təqibləri, o biri yandan da mürtəcelərin hücümları qızetin nəşrini çox çətin vəziyyətə salmışdı. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafına böyük təsir göstərən "Əkinçi" uzun müddət yaşamasa da N. Vəzirov, S. Ə. Şirvani, Əsgər ağa Gorani, Əhsənül-Qəvaid kimi dövrün şair və yazıçılarının fikir inkişafına imkan yaratmış oldu.

Ə. Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. O yazıları indi də həyəcansız oxumaq mümkün deyil. Nəcəf bəy Vəzirovla birlikdə Kənd Təsərrüfatı Akademiyasında oxuduğu zaman orada da cəhalətdən, avamlıqdan yaxa qurtarmaq, millətinin savadlanması üçün yollar axtarırdı. "Əkinçi" qəzetinin ilk saylarını böyük həvəslə oxuyan Əsgərağa redaktor Həsən bəy Zərdabiyə məktub yazmışdı:

Ə. Gorani "Əkinçi"nin ən fəal, dövrə, zəmanəyə, hadisələrə dəqiq, doğru münasibətini bildirən müxbirlərindən olub. Qəzetin 17 nömrəsində onun özünün və müxtəlif imzalarla 39 məqaləsi dərc olunub. Qəzetin bütün şöbələrində onun məktublarına rast gəlmək mümkündür. Ə. Gorani qəzetdə təzə xəbərlər yazmağa çox meyil edirdi. Bu xəbərlər böyük təbliğat gücünə malik idi. O, öz xalqında maarif və mədəniyyətə rəğbəti özünə məxsus üsulla oyadırdı. Məzmunca bir-birindən gözəl olan xəbərlərindən biri də "Əkinçi"nin 1876-cı ildə çıxan birinci nömrəsində Ə. Goraninin Peterburq padşahlıq kitabxanasında bəhs edən məqaləsi olmuşdur. Müəllif göstərir ki, bu kitabxanda 900 min basma, 30 min yazma kitab və 75 min kitab surəti saxlanılır. Qiymətli nüsxələr şüşə altında nümayiş etdirilir.

"Əkinçi" qəzetinin bütün nəşri boyu Ə. Gorani onun fəal müxbiri olmuşdur. Elm xəbərləri şöbəsində Ə. Goraninin qəbiristanlığa yaxın yerdə su quyularının qazılmasının zərərindən, mal-qaranı saxlamağın yeni üsullarından, Şərq xalqlarının elmsizliyinin səbəblərindən, telefonun və stenoqrafiyanın ixtirasından, tarix elminin inkişafı məsələlərindən bəhs edən maraqlı yazıları verilmişdir. Məktubat şöbəsində dərc etdirdiyi yazılarının birində (1875, № 8) Ə. Gorani Bakı–Tiflis dəmir yolunun çəkilməsi ilə əlaqədar dövlətin qərarından, dəmir yolunun keçəcəyi yerlərdən məlumat verir. Başqa bir məktubunda isə Peterburq kənd təsərrüfatı muzeyindən danışır. Muzeyin şöbələri, eksponatları haqqında məlumat verir, belə mədəni ocaqların əhəmiyyətini göstərir.

Tərcüməçi kimi Ə. Gorani rus dilində çıxan qəzet və jurnallardan maraqlı xəbərləri tərcümə edib "Əkinçi"yə göndərirdi. Onun "Znaniye" jurnalından, "Texniçeski sbornik"dən tərcümələri məlumdur. Ə. Goraninin tərcümələrinə H. Zərdabi tələbkarlıqla yanaşırdı, bəzi məqalələri yenidən işləmək üçün özünə qaytarırdı. Məsələn, qəzetin 28 aprel 1876-cı il tarixli 8-ci nömrəsində çıxan bir məktubun maraqlı tarixçəsi vardır. Ə. Gorani hələ Peterburqd olarkən müxtəlif mənbələrdən istifadə edərək "Hollandiya vilayətində necə pendir qayırırlar" ünvanlı məktub hazırlayıb göndərmişdi. Müəllif özü tərcümənin zəif olduğunu başa düşüb H. Zərdabiyə yazmışdır: "O Sırodelii v Qollandi" məqaləsini "şorsuyu" tərcümə etmişəm. Bilmirəm, düzdürmü?"

Əslində məktub maraqlı və məzmunlu idi. Lakin pendir hazırlamağın üsulları təsvir edilən yerlər oxucu üçün qaranlıq və anlaşılmaz olacaqdı. Bunu nəzərə alaraq H. Zərdabi müəllifin razılığı ilə məqaləni yenidən işləmiş, sadə bir dildə oxucuya çatdırmışdır. H. Zərdabi müəllifləri bu yolla sadə yazmağa təşviq edirdi.

Tərcüməçi kimi Onun dilimizə çevirdiyi şeirləri indi də oxucuların xoşladığı əsərlər sırasındadır. Həmçinin M. Lermantovun "Yel gəmisi" balladasını da tərcümə etmişdir.

M. Lermontovun vəfatından 48 il sonra, 1889-cu il avqust ayında tərəqqipərvər ziyalıların təşəbbüsü və səyi nəticəsində Pyatiqorskda şairin qəbri üzərində abidə qoyulur. "Kəşkül" qəzeti bu mərasim münasibətilə bir məqalə dərc edir. Qəzet habelə M. Lermontovun "Yel gəmisini" şeirinin tərcüməsini kitabça şəklində çap edir. Balladanı "Kəşkül"ün mühərrirlərindən Əsgər ağa Adıgözəlov-Gorani tərcümə etmişdir. "Kəşkül"ün 1889-cu il 88-ci və 92-ci nömrələrində "yadigar üçün" oxuculara göndərilməsi barəsində məlumat verilmişdir. "Kəşkül" mətbəəsi "Yel gəmisi"ni həmin il ikinci dəfə də çap etmişdir.

Yazıçı kimi thumb|"Qocalıqda yorğalıq" (Tiflis, 1892) Əsgər ağa Gorani publisist qələm sahibi kimi tanınmışdı. Maraqlı dram əsərlərinin müəllifi idi. "Qocalıqda yorğalıq" pyesi müxtəlif teatrların repertuarından uzun illər düşməmişdi. Həmin əsər əsasında unudulmaz televiziya rejissoru Rauf Kazımovski tamaşa lentə almışdı.

Vəfatından sonra Əsgər ağa 22 mart (köhnə təqvimlə 9 mart) 1910-cu ildə vəfat edib. Onun vəfatı ilə əlaqədar verilən nekroloqlarda bu cür səmimi sözlər vardır:

Ailəsi Əsgər ağa Gorani bibisi qızı Əzzət xanım Tağıbəyova ilə ailə qurub. Ancaq Əzzət xanım bir qədər sonra vəfat edib. Təxminən 1900-cü ildə Bəyim xanım Əbülfət xan qızı Ziyadxanova (1875–1953) ilə evlənib. Bu evliliyindən yeddi uşaq dünyaya gəlib. Üçü azyaşlı tələf olsa da, dördü ərsəyə çatıb: Danyal, Mikayıl, Əli, Leyla (Lilpar). Böyük oğlu Danyal Adıgözəlov ali təhsilli kənd təsərrüfatı mütəxəssisi idi. Ortancıl oğlu Mikayıl Adıgözəlov ömrünü hərbi xidmətdə keçirib, polkovnik rütbəsində istefaya çıxıb. Qızı Leyla (Lilpar) Adıgözəlova Gəncədə Müqəddəs Nina qız gimnaziyasını və 1933-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib, bir neçə il müəllim işlədikdən sonra Tibb İstitutunda təhsil alıb. 1941-ci ildən həkim işləyib.

Böyük qardaşı İsgəndər bəy Haqverdi bəy oğlu Adıgözəlov (1855–1905) varlı mülkədar olub. Gəncədə vəfat edib və Səbzikar qəbiristanlığında dəfn olub. Arvadı Sultanbəyim xanım Əbülfət xan qızı Ziyadxanova (1864–1938) Gəncə xanı Cavad xan Ziyadoğlu-Qacarın nəticəsi, Şahverdi xan, İsmayıl xan və Adil xan Ziyadxanovların bacısı olub. İsgəndər bəyin oğlanları Rəşid bəy (?–?), İmamverdi bəy (1900–1950) və Baxşəli bəy (1891–1960) Rusiya ali məktəblərində oxuyublar.

Kiçik qardaşı Yusif bəy Haqverdi bəy oğlu Adıgözəlov Tutubəyim xanımla evlənib. Tutubəyim xanım Xoy və Şəki xanı olmuş Cəfərqulu xan Dünbilinin nəticəsi, Hüseynqulu xan, Fətəli xan və Rüstəm xan Xoyskilərin bacısı olub. Ondan Nuşu xanım (1898–1958), Xosrov bəy (1903–1975), Dilşad xanım (1904–1950), Xasay bəy (1906–1943) adlı övladları olub.

Mənbə

İstinadlar

Ədəbiyyat S. Ə. Şirvani. Əsərləri, II cild, Bakı, 1969, səh. 123 N. N. Zeynalov. Azərbaycan mətbuatı tarixi (dərs vəsaiti). I hissə. ADU-nun nəşriyyatı, Bakı-1973, səh. 24–26

RƏF, arxiv 3 Q-2(27) "Həyat", 19 yanvar 1906 "Səda", 1910, № 57 "Həqiqət", 1910, № 56

Həmçinin bax Həsən bəy Zərdabi Nəcəf bəy Vəzirov

Xarici keçidlər

Əsgər ağa Gorani yaradıcılığı — qaranlıqdan işığa Əsgər ağa Adıgözəlov Gorani — teatrımızın yaradıcılarından biri Azərbaycan dilində yazılmış ilk coğrafiya dərsliyinin müəllifi Əsgər ağa Gorani Adıgözəlov (1857–1910) və yaxud qaranlıqdan və alatoranlıqdan işığa Gəncəli jurnalistlər Əsgər ağa Goraninin qəbrini ziyarət etdilər

Kateqoriya:Adıgözəlovlar Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycanlı maarifçilər Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycanlı dramaturqlar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Gəncə Şəhər İdarəsinin rəisləri Kateqoriya:İmdadiyyə dərnəyinin üzvləri Kateqoriya:Moskvada təhsil almış azərbaycanlılar Kateqoriya:Rusiya imperiyası yazıçıları Kateqoriya:Azərbaycan publisistləri