İlandağ — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda dağ.

Dağın hündürlüyü 2415 metrdir.Azərbaycan Milli Ensiklopediyası Bakı 2007 səh.17 Vulkan mənşəlidir. Andezit-dasit süxurlarından təşkil olunmuşdur. Yamacları sıldırımlıdır. Kserofit kolluq və dağ-meşə landşaftı var.

Zəngəzur silsiləsindən cənub-qərbə ayrılan Dəmirlidağ-Göydağ qolunun qurtaracağında, Əlincə çayının sol sahilində, Kırna kəndindən 6 km şərqdə yerləşir. Bünövrəsinin sahəsi 3 kv.km-ə çatan, nisbi hündürlüyü 1000 m olan, əzəmətli, yamacları sıldırımlı, şimal-qərb istiqamətli oval zirvə şəklində ucalan relyef formasıdır. Orta Eosenin Barton mərtəbəsinə aid Orta Paradaş yarımlay dəstəsinin çökmə süxurlarını yarıb çıxan diorit və kvarslı diorit-porfir tərkibə malik Alt Miosen yaşlı eyniadlı subvulkanik intruziyanın əmələ gətirdiyi yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentində, eyniadlı əyilmənin cənub-qərb qanadında izlənilən Xoşkeşin-Düylün sinklinalının nüvə hissəsində yerləşir. Dağın adı "məskunlaşma yeri, diyar, xalq" mənalarını verən türk sözü il/el və qədim türk səcdəgahı Annu adının birləşməsindən əmələ gəlmiş və "allahın yaşadığı məskən" mənasını daşıyır. Zirvənin daha iki adı mövcuddur: onlardan biri İnandağ, yəni "İnam dağı", digəri isə Haçadağ, yəni zirvənin dar buğumla birləşdirilmiş iki hissədən ibarət olduğunu ifadə edən "ikiyə parçalanmış dağ" kimi səslənir.

Şumer mənşəli əfsanəyə görə Nuh peyğəmbərin gəmisi Gəmiqayadan Ağrı dağına yola düşərkən İlandağın zirvəsinə elə güclü toxunmuşdur ki, dağ haçalanmışdır. Ehtimal ki, dağın adı da bu əfsanə ilə bağlıdır.

Etimologiyası Şumer mənşəli qədim əfsanəyə görə, Nuh peyğəmbərin gəmisi yolda Gəmiqayadan başqa bir dağın zirvəsinə də toxunmuş və onu yarıb keçərkən bərk yırğalanmış, bu zaman Nuh peyğəmbər demişdir: "İnan, dağdır". Tədqiqatçılar İlandağ adını bu əfsanə ilə əlaqələndirirlər.İnandağ məqaləsi, Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, səh 212 Sonralar İnandağ sözü xalq təfəkküründə İlandağ (Elandağ) şəklinə düşmüşdür. İlandağa zirvəsinin formasına görə Haçadağ da deyirlər.

Tədqiqi İlandağın zirvəsinə 3 və ya 4 cığırla qalxmaq mümkündür. Kırna və Şurud kəndləri tərəfdən gələn cığırların birləşdiyi yerdə tikinti qalıqları mövcuddur. Dağ yamacındakı daşların üst-üstə qoyulması ilə ucaldılmış bu müdafiə qurğusu daşların arasına bərkidici məhlul vurulmadığından dövrümüzə dağılmış vəziyyətdə çatmışdır. Tikilinin sağ tərəfində divarı xatırladan hündürlüyü 300 – 500 metr olan qayalar ucalmaqdadır. Burada salamat qalmış divarın iç tərəfində 10 – 12 m² –lik yaşayış binalarının izləri (güman ki, müdafiəçilərin mənzil qərargahı olmuşdur) qalmışdır. Divar şimal və mərkəzdə bir qat, cənubda isə üç qatdır.

Dağın zirvəsinə qalxana kimi yeddi yerdə siklop tikililərin (qalaçaların) divar – hasarına (hündürlüyü 10 – 15 m) rast gəlinmişdir. İlandağın zirvəsində iki haça arasında qalın gil təbəqəsi vardır. Ocaq yerində gilin içərisindən orta əsrlərə aid saxsı qab qalıqları aşkar edilmişdir. Tədqiqatçılar İlandağın qədim müşahidə məntəqəsi kimi istifadə edildiyi qənaətinə gəlmişlər. Yaxınlaşan təhlükə haqqında burada yandırılmış ocaq vasitəsilə Əlincə qalaya, oradan isə Çalxanqala və Şapurqalaya məlumat verilirmiş.

İlandağ mixi yazısı İlandağ ərazisində Urartu dövrünə aid qayaüstü mixi yazı aşkar edilmişdir. Yazı elmi ədəbiyyatda Ojasar–İlandağ yazısı kimi də tanınır. Urartu yazılarına dair elektron məlumat bazasında abidə A 3–8 kimi qeyd olunur və CTU A 3–8 = KUKN 39a identifikasiyası ilə göstərilir.

Qayaüstü yazı 1988-ci ildə geoloq V. A. İqumnov tərəfindən sənədləşdirilmişdir. Yazı hamarlaşdırılmış qaya səthinə həkk olunmuşdur; mətn sahəsinin hündürlüyü 100 sm, eni isə yuxarı hissədə 30 sm, aşağı hissədə 50 sm-dir.

Yazıya dair ayrıca elmi məqalə 1996-cı ildə Simon Hmayakyan, V. A. İqumnov və H. H. Karagyozyan tərəfindən Studi Micenei ed Egeo-Anatolici jurnalında dərc edilmişdir.

Mətn Urartu hökmdarları İşpuini və onun oğlu Menuanın adı ilə bağlıdır. Mövcud oxunuşa əsasən, yazıda Urartu qoşunlarının Naxçıvan ərazisinə yürüşü, Arşini və Aniani ilə bağlı hərbi əməliyyatlar, Haldi tanrısı üçün stela ucaldılması və Puluadi torpağında qurban ritualının icrası haqqında məlumat verilir.

2026-cı il iyunun 1-də AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın muxbir üzvü, arxeoloq Vəli Baxşəliyev, AMEA Arxeologiya və Antropologiya İnstitutunun Xaraba-Gilan arxeoloji ekspedisiyasının rəisi Bəhlul İbrahimli və tədqiqatçı Hüseyn Cəfərov İlandağ ərazisində e.ə. VIII əsrə aid qayaüstü Urartu mixi yazılı mətnin yerini müəyyən etmişlər.

AMEA-nın məlumatına görə, yazı XX əsrin 80-ci illərinin sonunda Naxçıvan Muxtar Respublikasında, İlandağ ərazisində aşkar olunaraq elmi dövriyyəyə daxil edilmiş, lakin abidənin yeri dəqiq göstərilmədiyindən sonrakı illərdə onu yenidən müəyyən etmək mümkün olmamışdı.

AMEA həmin qayaüstü yazını Azərbaycan ərazisində Urartu mədəniyyətinə aid tapılmış ilk yazı nümunəsi kimi təqdim etmişdir.

İstinadlar

Həmçinin bax Əlincə qalası Gəmiqaya Naxçıvan Muxtar Respublikası Urartu

Kateqoriya:Culfa rayonunun dağları Kateqoriya:Azərbaycanda dağ zirvələri