Sarıcalı — Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun Ağdam rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsində kənd, Sarıcalı kənd inzibati ərazi dairəsinin mərkəzi. Hazırda bu kənd heç bir bələdiyyəyə aid edilməyibdir.
Tarixi
Azərbaycan SSR-nın 1977-ci il üçün inzibati ərazi bölgüsünə görə, Sarıcalı kəndi Ağdam rayonunun Ağdamkənd kənd Sovetinə daxil idi. Həmin il üçün, Ağdamkənd kənd Sovetinə həmçinin Ağdamkənd, Qaradağlı, Qarazeynallı və Qullar kəndləri də daxil idi.
Azərbaycan SSR prezidenti Mütəllibovun 6 iyun 1990-cı il tarixli fərmanı ilə, Ağdam rayonu üzrə Sarıcalı kəndi mərkəz olmaqla Sarıcalı kənd Sovetinin yaradılması qərara alınmışdı. Bu fərman ilə, Sarıcalı, Qarazeynallı, Qullar kəndlərinin Ağdamkənd kənd Sovetinin tərkibindən Sarıcalı kənd Sovetinin tərkibinə verilməsi, Ağdamkənd kənd Soveti yaşayış məntəqələrinin Ağdam şəhərinə qovuşması ilə əlaqədar olaraq Ağdamkənd kənd Sovetinin ləğv edilməsi, ləğv edilmiş Ağdamkənd kənd Sovetinin Ağdamkənd və Qaradağlı kəndləri isə Ağdam şəhəri ilə qovuşduğuna görə rayonun yaşayış məntəqələri siyahısından çıxarılması qərara alınmışdı. Bu fərman Azərbaycan SSR Ali Sovetinin 26 iyun 1990-cı il tarixli qərarı ilə təsdiq edilmişdi. Hal hazırda, Sarıcalı, Qarazeynallı və Qullar kəndləri Azərbaycanın Ağdam rayonunun Sarıcalı kənd inzibati ərazi dairəsinə daxildirlər, Sarıcalı kəndi də bu kənd inzibati ərazi dairəsinin mərkəzidir, keçmiş Ağdamkənd kənd Sovetinin təkibində olmuş Ağdamkənd və Qaradağlı isə Ağdam rayonunun yaşayış məntəqələri siyahısanda qeyd olunmur.
Sarıcalı kəndi Birinci Qarabağ müharibəsində 1993-cü il iyulun 23-də ağır döyüşlər nəticəsində Ermənistan SQ tərəfindən Rusiya 4-cü ordusunun köməyi ilə işğal olunmuşdur.
İkinci Qarabağ müharibəsində Azərbaycanın Qələbəsi nəticəsində imzalanmış Üçtərəfli Bəyanata əsasən, Ağdam rayonunun bütöv ərazisi 20 noyabr 2020-ci il tarixində Azərbaycana qaytarılmışdı.
27.03.2025-ci il tarixindən (Novruz bayramı ilə əlaqədar qeyri-iş günləri) Ağdama Böyük Qayıdış Sarıcalı inzibati ərazi dairəsindəki Sarıcalı kəndindən başladı.
Toponimikası Sarıcalı kəndinin adı Cavanşirlərdən Sarı Alının adından götürülmüşdür, çox sarı olduğu üçun ona Sarıca Alı deyiblər və toponim də buradan yaranmışdır. Bu əhalinin də həmin tayfadan olduğu deyilir.Qarabağnamələr. Mirzə Yusif Qarabagi. 2-ci kitab. Bakı. 1991-ci il. səh 14 Orta əsrlərdə Qarabağda yaşamış Cavanşir tayfasının oymaqlarından birinin adı. Bu oymaq Xaçın nahiyəsində Tərnəgüt ətrafında qışlayır, başqa adı “Torpaqbulaq“ olan Küştaş adlı yerdə yaylayır, indiki Ağcabədi rayonunda Bayat kəndi yaxınlığında Doğalan və Zəliyan çayları arasında əkinçiliklə məşğul olurdu. 1823-cü ilə aid mənbəyə aid Sarıcalı eli 5 kiçik maldar elatdan ibarət idi. XIX əsrin ortalarında oturaq həyata keçdikdən sonra Sarıcalı adlı kəndlər yaranmış və bir birindən fərqləndirilməsi üçün İncilli Sarıcalısı, Yetim Sarıcalısı, Dərgahlı Sarıcalısı, Çəmənli Sarıcalısı (yaxud Əmiraslanbəyli Sarıcalısı) və Sarıcalı-Yedditəpə adlanmışdır. Ağdam rayonundakı Sarıcalı kəndinin tam adı Dərgahlı Sarıcalısı (Sovet dövründə "Ağdamkənd Sarıcalısı") olmuşdur.B.Budaqov,Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri Bakı, 2005
İstinadlar
Xarici keçidlər Youtube-da bax :Bir kəndin nağılı. Sarıcalı (film) Ağdamda 1993-cü ildə öldürülən insanlara aid 15 ədəd sümük aşkarlandı - YENİLƏNİB
Kateqoriya:Ağdam rayonunun kəndləri