Anar Sahib oğlu Nağıyev () — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin giziri; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Şuşanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.
Tərcümeyi-halı Anar Sahib oğlu Nağıyev 1989-cu il, oktyabrın 30-da Gəncə şəhərində anadan olub.
2005-ci ildə Qazax rayon S. Nəsirov adına Ürkməzli kənd tam orta məktəbindən məzun olub.
2008-ci ildə Qazax Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və 2008–2009-cu illərdə N saylı hərbi hissədə xidmət edib.
2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "MAHHXHQ hazırlığı", 2013-cü ildə isə hərbi hissənin nəzdində "Gizir hazırlığı" kurslarını bitirib.
Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 22 iyul 2013-cü il tarixli əmri ilə "K/gizir" hərbi rütbəsi, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 14 iyun 2019-cu il tarixli əmri ilə "gizir" hərbi rütbəsi verilib.
Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 10 il ərzində motoatıcı taborun minaatan batareyasının minaatan taqımının minaatan komandiri, motoatıcı taborun minaatan batareyasının minaatan taqımı komandirinin müavini - minaatan komandiri, xüsusi təyinatlı alayın xüsusi təyinatlı qrupunun kəşfiyyatçısı (radioteleqrafçı), rabitə bölüyünün reqlament və texniki xidmət manqasının komandiri - texniki, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun kəşfiyyatçısı vəzifəsində xidmət edib.
Müxtəlif illərdə müdafiə nazirinin əmrləri ilə "Şücaətə görə", "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalları, Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi, həmçinin "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə, habelə fəxri fərmanlarla təltif edilib.
2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Murovdağ zirvələri uğrunda gedən xüsusi əməliyyata, həmçinin Cəbrayılın, Hadrutun və Şuşanın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Noyabrın 8-də Şuşa şəhəri ərazisində xidməti vəzifəsinin icrası zamanı şəhid olub. Qazax rayonunun Ürkməzli kəndində dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Evli idi. Anara adında bir qızı var.
İstinadlar
Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar