Ənuşirəvan İbrahimi () — siyasətçi, repressiya qurbanı. 21 Azər hərəkatının iştirakçısı Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin üzvü, Tudə Partiyasının İdarə Heyətinin üzvü.
1982-ci ildə siyasi fəaliyyətinə görə həbs olunub, 1987-ci ildə Tehranda Evin həbsxanasında edam olunub.
Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahiminin qardaşıdır.
Haqqında
İlk illəri 173x173px|thumb|left|Azərbaycan Milli Hökuməti dövründə 1946-cı il Təbriz. Ənuşirəvan Qəni oğlu İbrahimi 1926-cı il mayın 12-də Astarada anadan olub. İbtidai təhsilini Astarada almağa başlasa da atası Nəhavəndə sürgün edildiyi üçün təhsilini orada davam etdirib.1943-cü ildə Tudə Partiyasının gənclər təşkilatına üzv olub. Azərbaycanda 21 Azər hərəkatı qalib gəldikdən sonra burada Azərbaycan Milli Hökuməti quruldu. Bundan sonra Ənuşirəvan İbrahimi Təbrizə gələrək burada təsis edilmiş Polis Akademiyasında təhsil almağa başlayıb.
1946-cı il dekabrın 5-də Miyanə istiqamətində hücum edən şah qoşunları fədailər tərəfindən dayandırıldı. Azərbaycanın müxtəlif ərazilərindən insanlar silahlanmaq və şah qoşununa qarşı mübarizə aparmaq üçün Milli Hökumətə müraciətlər edirdilər. Bundan sonra Pişəvərinin rəhbərliyi ilə Müdafiə Komitəsi quruldu. Komitənin ilk işi Təbrizdə hərbi vəziyyət elan edib, "Babək" adlı könüllü dəstələr qurmaq oldu. Ənuşirəvan İbrahimi də öz qardaşı Firudin İbrahimi ilə birlikdə bu dəstələrin təşkilində iştirak edib. Könüllü dəstələrə ilk etapda 600 nəfər üzv oldu.
1946-cı il dekabrın 11-dən etibarən İran ordusu iri şəhərlərə girməzdən əvvəl bu şəhərlərdə ərbabların quldur dəstələri eləcə də mülki geyimli jandarmalar qırğınlar törətməyə başladılar. Bu dəstələr Tehran radiosu tərəfindən "İran vətənpərvərləri" adlandırılırdılar. Dəstələrin əsas məqsədi demokratların məhv edilməsi və şah qoşununun şəhərlərə girişini təmin etmək idi. Təbriz və Azərbaycanın digər şəhərləri talana və qırğınlara məruz qaldılar. Azərbaycan Milli Hökuməti süqut etdi. Minlərlə insan həbs olundu. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər. 1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Bundan sonra da qırğınlar və talan davam etdi.
Sonrakı illəri Qardaşı Firudin İbrahiminin tapşırığı ilə ailəsini Sovet Azərbaycanına keçirən Ənuşirəvan İbrahimiyə geri qayıtmağa icazə verməyiblər. Bakıya gəldikdən sonra Bakı Dövlət Universitetinə daxil olub və tarix üzrə təhsil alıb. Moskvada "İran Xalq Partiyasının 1944–1946-cı illərdə irticaya qarşı mübarizəsi (İXP-nin parlamentdə və hökumətin tərkibində fəaliyyəti timsalında)" adlı dissertasiya işini müdafiə edərək alimlik dərəcəsi qazanıb. 1947-ci ildə Bakıda Azərbaycan Demokrat Partiyasının Mərkəzi Komitəsi bərpa olundu. Ənuşirəvan İbrahimi də sonrakı illərdə partiyanın işində fəallıq göstərir və onun mərkəzi komitəsinə seçilir. Dəfələrlə ADF-nin cavanlar təşkilatı adından dünya demokrat cavanlarının beynəlxalq konfrans və seminarlarında iştirak edib.
1953-cü il avqustun 28-də İranda baş vermiş dövlət çevrilişindən sonra rejiminin təhlükəzislik qüvvələri tərəfindən şiddətli təqiblərə məruz qalan Tudə Partiyası rəhbərləri və üzvləri xaricə mühacirət edirlər. 1960-cı il avqust ayının 1-2-də ADF və İXP MK-nın üzvlərinin iştirakı ilə "Vəhdət konfransı" keçirilir və ADF öz adını və MK-sını saxlamaq şərtilə İXP-nin Azərbaycan Əyalət komitəsi kimi təsdiq olunur. Konfransın qərarı ilə Şərqi Almaniyada siyasi fəaliyyətlə məşğul olan Əmirəli Lahrudi Azərbaycana qayıdır və onun yerinə Berlinə Ənuşirəvan İbrahimi göndərilir. O, 1978–1979-cu illər inqilabı baş verənə kimi İXP İcraiyyə Heyətinin üzvü olaraq bu partiyanın İranla qonşu olan Türkiyə, Hindistan və bu kimi bir neçə ölkədə olan təşkilatlarının işlərinə rəhbərlik edib. 200px|thumb|Soldan sağa: Əyyub Nəmini, Calal Zahidi, Ənuşirəvan İbrahimi, Əli. Oturan Bağır İmrani. İran İslam İnqilabı nəticəsində şahlıq rejimi devrildikdən sonra Ənuşirəvan İbrahimi Şərqi Almaniyadan İrana gəlib. İXP-nin şəhər, vilayət və əyalət təşkilatları bütün ölkə üzrə fəaliyyətini bərpa edərək işə başlayır. Ənuşirəvan İbrahimi da Təbrizdə İXP-nin Azərbaycan Əyalət Təşkilatının — Azərbaycan Demokrat Firqəsinin katibi kimi fəaliyyətə başlayıb. Bu dövr ərzində firqənin rəsmi mətbu orqanı olan "Azərbaycan" qəzeti fəaliyyətini bərpa edib. "Yoldaş" və "Dədə Qorqud" jurnalları nəşrə başlayıb. 300-dən çox üzvü olan ""Azərbaycan şairlər və yazıçılar cəmiyyəti" yaradılıb.
1981-ci ildə Tehranda baş tutmuş Tudə Partiyasının 17-ci plenumunda partiyanın idarə heyətinə 9 nəfər seçilir. Onlardan biri də Ənuşirəvan İbrahimi olub. 1982-ci ilin əvvəllərində 3.000-dən çox firqə üzvü, eləcə də Tehranda olan Ənuşirəvan İbrahimi və mərkəzi komitənin digər üzvləri həbs olunub. Ənuşirəvan İbrahimi 1987-ci il sentyabrın 13-də Tehrandakı "Evin" həbsxanasında edam olunub. Tehranın şərq hissəsində yerləşən Misgərabad qəbiristanlığında edam olunmuş digər solçularla birlikdə dəfn edilib.
Ailəsi Ənuşirəvan İbrahiminin atası Qəni İbrahimi Fatimə Şirvani ilə ailə qurub. Bu evlilikdən 3 qız 2 oğlan övladları olub. Qəni İbrahimi siyasətlə məşğul olub. 1918-ci ildə Ədalət Partiyasının Astara şöbəsini təsis edib. 1920-ci il iyul ayında Ənzəli şəhərində Ədalət partiyasının ilk konqresində iştirak etdikdən sonra İran Kommunist Partiyasının Astara şöbəsini təsis edib. Siyasi fəaliyyətinə görə daim təqib olunub. 1931-ci ildə həbs olunub. Ərdəbilədə saxlanıldığı müddətdə işgəncələrə məruz qalıb. Sirr verməsin deyə özünü yandıraraq intihar edib. Amma onu xilas edə biliblər. Daha sonra isə Təbrizə aparılıb. Bir müddət Təbrizdə həbsxanada cəza çəkdikdən sonra Tehranda yerləşən Qəsri Qacar həbsxanasına köçürülüb. 2 il sonra xəstələndiyi üçün Nəhavənd şəhərinə sürgün edilib. Sürgündə olmasına baxmayaraq fəaliyyətini davam etdirib. 1941-ci ildə Tudə Partiyası qurulduqdan sonra partiyanın Nəhavənd şöbəsini yaradıb. 1946-cı ilin dekabr ayında yenidən həbs olunub. Həbsdə ikən ağır işgəncələrə məruz qalıb. 1958-ci ilin dekabr ayında azadlığa buraxıldıqdan sonra zəhərlənərək öldürülüb.
Qardaşı Firudin İbrahimi jurnalist və hüquqşünas olub. Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin üzvü və Azərbaycan Milli Hökumətinin baş prokuroru olub. "Azərbaycanın qədim tarixi haqqında", "Sülh uğrunda" kitablarını yazıb. Şah qoşunu Təbrizə daxil olduqdan sonra Təbrizi tərk etməyib. 4 fədai ilə birlikdə Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin binasında səngər quraraq bir neçə gün onlara və qarətçilərə qarşı döyüş aparıb. 1946-cı il dekabrın 15-də güllələri bitdiyi üçün həbs olunublar. 1947-ci ilin may ayının 22-də Təbrizdə, Gülüstan bağında dar ağacından asılıb.
Bakıda Rəfiqə xanım Axundova ilə ailə qurub. Bu evlilikdən Firudin, Fuad və Fəramərz adlarında üç oğlu dünyaya gəlib.
Həmçinin bax Firudin İbrahimi Azərbaycan Milli Hökuməti Azərbaycan Demokrat Firqəsi
İstinadlar
Ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:Astarada (İran) doğulanlar Kateqoriya:Edam olunmuş azərbaycanlılar Kateqoriya:Xavəran qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Tudə partiyasının üzvləri Kateqoriya:Edam olunmuş inqilabçılar Kateqoriya:Azərbaycan tarixçiləri