Laçının işğalı — 1992-ci ilin mayında, Birinci Qarabağ müharibəsinin əvvəllərində, Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri və separatçı Qondarma Dağlıq Qarabağ Respublikasının döyüşçülərindən ibarət erməni qüvvələri tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə qarşı Laçının nəzarəti uğrunda başladılan hərbi hücum əməliyyatı.

Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğal ərəfəsində rayonda 60 min nəfərə yaxın azərbaycanlı və kürd yaşayırdı.

1992-ci ilin əvvəllərində Azərbaycanda ağır siyasi böhran yaşanırdı. Azərbaycan Xalq Cəbhəsi (AXC) Azərbaycan Prezidenti Ayaz Mütəllibovun istefa etməsini tələb etmişdi. Xocalı soyqırımı ilə bağlı detalların ictimaiyyətə yayımlanmasından sonra Mütəllibova qarşı nifrət yaranmış, prezident müxalifətin təzyiqi ilə 6 martda istefa vermişdi. Prezident səlahiyyətlərini Yaqub Məmmədova icra etməyə başlamış, Rəhim Qazıyev isə müdafiə naziri olmuşdu. Buna baxmayaraq, 9 mayda Şuşa işğal edilmiş, bu isə Azərbaycanda daxili siyasi gərginliyi pik həddə çatdırmışdı. Qazıyev vəzifəyə gəldikdən sonra dərhal Moskvaya danışıqlara getmiş, Şuşanın işğaldan azad edilməsi üçün Rusiya Müdafiə Nazirliyinin dəstəyini əldə edə bilmişdi. Milli Ordunun hissələrindən ibarət 2,700 nəfərlik canlı qüvvə Daxili Qoşunlar və polis bölmələrindən dəstək almış, o cümlədən hərbi texnika ilə təchiz edilmişdi. Onlar 12 mayda Şuşa ətrafına yerləşdirilmiş, lakin əməliyyat həyata keçirilməmişdi. Bu zaman orduda itaətsizlik başlamış, hərbi komandirlər Elbruc Orucov və polkovnik Rüfət Əmirov döyülərək Laçından qovulmuşdu. Yevlaxdakı qərargahda görüşən Azərbaycan hərbi komandanlığı Ağdamdakı rus qoşunlarının dəstəyi ilə Şuşanı 17 mayda azad etmək üçün yeni bir plan cızmağa başlamışdılar.

Buna baxmayaraq, 14 mayda Ali Sovetin Mütəllibovu hakimiyyəti gətirməsi vəziyyəti çətinləşdirmişdi. Bunu dövlət çevrilişi olaraq qiymətləndirən AXC Bakıda inqilab etməkdə qərarlı idi. Cəbhə bölgəsində, o cümlədən Laçında yerləşdirilən AXC batalyonları mövqelərini tərk edərək Bakıya üz tutmuşdu. 15 mayda İsgəndər Həmidov texnika ilə parlamentə daxil olaraq Mütəllibovu devirmişdi. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasından qayıdan Qazıyev vəziyyətdən xəbərdar olan kimi Bakıya qayıtmış, AXC-ni Laçını təhlükə altına qoymaqda günahlandırmışdı. Artıq hakimiyyəti əlinə alan AXC KTMT-yə qoşulmaqdan imtina etmiş və ölkədəki rus qoşunlarını qovmuşdu. Vəziyyətdən xəbərdar olan erməni komandanlığı Laçına hücum əməliyyatına başlayır. Erməni qüvvələri ilk növbədə Zarıslı kəndinə hücum edərək oradakı azərbaycanlı qüvvələri qovmuşdur. Müdafiə xəttində boşluq yarandığından Elbrus Orucov rəhbərlik etdiyi qüvvələrə geri çəkilməyi əmr etmiş, lakin bu, orduda panikaya səbəb olmuşdu. Erməni qüvvələri Turşsu kəndini işğal edir və Laçına doğru irəliləməyə başlayır. Azərbaycanlı qüvvələr tank və PDM-lərlə rayon ərazisini tərk edir və 18 maya qədər Laçın boşaldılır. Həmin gün Laçın şəhəri işğal edilir və yağmalanaraq yandırılır. Şəhərin 8 minə yaxın əhalisi qaçqın düşür. Baş qərargah rəisi Şahin Musayev 19 mayda Qubadlıya gələrək vəziyyətə ələ almağa çalışır və növbəti gün uğursuz bir əks-hücum əməliyyatı baş tutur.

Laçının işğalı beynəlxalq ictimaiyyət tərəfindən sərt reaksiyaya səbəb olmur. Erməni diplomatları Laçını Qarabağ ermənilərinin blokadadan çıxması üçün zəruri olan bir humanitar dəhliz kimi təqdim etmişdi. Həmçinin, onlar Laçında baş verənlərin Ermənistanla aidiyyatının olmadığını və oradakı yerli kürdlərin üsyan etdiyini iddia etmişdir. 20 mayda erməni rəhbərliyi tərəfindən burada Laçın Kürd Respublikasının qurulduğunu elan edilir, lakin bu qondarma respublika bir həftə belə yaşamır. Laçın dəhlizinin açılması Ermənistan ordusunun müharibə illərindəki ən böyük nailiyyətlərindən birinə çevrilir, çünki bu dəhlizdən gələn dəstəklər nəticəsində Dağlıq Qarabağdakı ermənilərin hərbi imkanları dəfələrlə artmışdır.

Zəmin Laçın rayonu Azərbaycanın qərbində, Kiçik Qafqazda yerləşir. Rayon ərazisi Narzan, İstisu, Turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılarla zəngindir. Rayonun iqtisadiyyatında heyvandarlıq, bitkiçilik və arıçılıq üstünlük təşkil etmişdir. Sovet hakimiyyəti 1930-cu ildə bölgəni inzibati ərazi vahidinə çevirmiş və əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçını inzibati mərkəz təyin etmişdir. Şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. İşğal ərəfəsində rayonda 58,736 nəfər azərbaycanlı və kürd yaşayırdı. Ermənistan və Dağlıq Qarabağdan qovulan azərbaycanlıların bir qismi Laçına köçmüşdü.

Ermənistanı Dağlıq Qarabağla birləşdirən əsas yol Laçın rayonu ərazisində keçirdi və adətən Laçın dəhlizi adlanır. Ermənilərin baxış bucağına görə, bu dəhliz Dağlıq Qarabağın erməni əhalisi üçün zəruri tədarük xətti rolunu daşıyırdı. Bura Ermənistanın cənubundakı Sünik mərzindəki Gorus şəhərini Dağlıq Qarabağın regional paytaxtı olan Xankəndi şəhərinə birləşdirirdi; Ermənistanı Dağlıq Qarabağa birləşdirən digər əsas yol Murov silsiləsindən keçirdi. Azərbaycan Laçın dəhlizinə nəzarətin itirilməsini öz suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə pozulması, eləcə də azərbaycanlı kəndli əhalisinin birbaşa təhlükə altına qoyulması olaraq görürdü. Laçın şəhərini işğal edərək

Siyasi vəziyyət 250px|thumb|right|1992-ci ilin fevralında Şuşa şəhəri.

1992-ci ilin əvvəllərində Azərbaycanda siyasi böhran baş verirdi. Azərbaycan Xalq Cəbhəsinin (AXC) sədri Arif Hacıyev Azərbaycan Prezidenti Ayaz Mütəllibova ultimatum göndərmiş, ona təhlükəsizlik və istədiyi halda ölkədən getməyə zəmanət verilməsi ilə istefa etməsini təklif etmişdir. AXC rəhbərliyi ultimatumun qəbul edilmədiyi halda güc tətbiq edəcəyini və qan tökülməsindən çəkinməyəcəyini bildirmişdi. Həmin ilin martında Azərbaycan Ali Sovetinin Milli Şurası jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı ilə bağlı videoçarxının yayımlanmasına icazə vermişdi. Soyqırımın görüntüləri Azərbaycan ictimaiyyətini sarsıtmış, Mütəllibova qarşı nifrətə səbəb olmuşdu. Müxalifətin təzyiqi ilə üzləşən prezident Ayaz Mütəllibov 6 martda vəzifəsindən istefa vermiş, növbəti prezident seçkilərinə qədər prezident səlahiyyətləri Ali Sovetin sədri Yaqub Məmmədova həvalə edilmişdir. Müdafiə naziri vəzifəsi AXC üzvü Rəhim Qazıyevə verildi. 9 may 1992-ci il tarixində Şuşa işğal edilmiş, bu isə Azərbaycanda daxili siyasi gərginliyi pik həddə çatdırmışdı.

Şəhərin işğalı müdafiə naziri postuna yeni gəlmiş Rəhim Qazıyevin dövründə baş vermişdi. Qazıyev öz reputasiyasını qorumaq üçün şəhəri geri almaq planları qurmağa başlamışdı. Digər cəbhəçilərdən fərqli olaraq açıq şəkildə rusiyapərəst olan Qazıyev 10 mayda Rusiyanın müdafiə nazirinin müavini olan Pavel Qraçovla görüşmüş və ondan hərbi dəstək almışdır. Şuşaya köçürülməli olan 2,700 əsgərin təlimdən keçməsi üçün Goran Təlim Mərkəzindən istifadə edilmiş, daxili qoşunların hərbi hissələri və polis bölmələri də çağırılmışdır. Elbrus Orucovun rəhbərliyində olan qüvvələr hərbi texnika və "Qrad"larla təchiz edilmişdi. Əməliyyatda iştirak edəcək qüvvələr 12 mayda Şuşa ətrafında yerləşdirilsə də, şəhərin azad edilməsi məqsədilə heç bir əməliyyat keçirilməmişdi. Orucov sonradan bildirmişdir ki, o, Müdafiə Nazirliyindən belə bir əməliyyat keçirmək üçün əmr almamışdı.

12 mayın axşamında orduda itaətsizlik başlamışdı. Elbruc Orucov və polkovnik Rüfət Əmirov döyülərək Laçından qovuldu. Ardınca, azərbaycanlı hərbi liderlər Yevlaxda hərbi qərargahda görüşdü. Hazırlanan planda komandanlığın Tərtər, Ağdam və Xocavənd rayonlarında erməni qoşunlarına manevr zərbələri endirməsi, rus qoşunlarının Əsgəranı ələ keçirməsi, 17 mayda isə Milli Ordunun Turşsu və Zarıslıda olan əsas qüvvələrinin Şuşanı azad etməsi nəzərdə tutulurdu. Buna baxmayaraq, Laçındakı vəziyyət nəzarətdən çıxmışdı, silahlı qüvvələrin bir hissəsi cəbhə xəttindən Bakıya çəkilirdi.

Dövlət çevrilişi 14 mayda Ali Sovet yenidən iclas keçirdi və Mütəllibovun vəzifəsi keçmiş kommunist deputatlar tərəfindən bərpa edildi. Onlar Mütəllibovun istefasını konstitusiyaya zidd elan etmişdi, çünki Xocalı istintaqının ilkin nəticələri onun hər hansı qanunsuz hərəkətinin olmadığını göstərmişdi. Bunu dövlət çevrilişi kimi görən AXC Mütəllibovu yenidən vəzifəsindən uzaqlaşdırmağı planlaşdırırdı. AXC batalyonunun qoşunları 14 maydan 15 maya keçən gecədə cəbhə xəttindən geri çəkilmişdi. Arif Paşayevin başçılıq etdiyi Laçın alayının çoxlu sayda əsgəri və Etibar Məmmədovun döyüşçüləri də mövqelərindən geri çəkilərək Bakıya yola düşmüşdü. AXC əvvəlcə Mütəllibova ultimatum göndərdi, lakin diplomatik mənbələr rus əsgərlərinin müdaxilə etməyəcəyini bildirdikdən sonra silahlı hücum başladı. Mütəllibov hakimiyyətdə qalmaq üçün rus qüvvələrinin köməyinə ümid bəsləsə də, Rəhim Qazıyevin səyləri nəticəsində ondan məhrum oldu.

15 mayda, günorta saatlarında AXC-nin hərbi qolunun rəhbəri olan İsgəndər Həmidov zirehli texnika və əsgərlərdən ibarət kolonna ilə parlament binasına və televiziyaya basqın etdi. Baş tutan atışmada 10-a yaxın əsgər həlak olmuş, Mütəllibov isə yenidən devrilmişdi. Növbəti gün o, Azərbaycanı tərk etdi. Müxalifət təmsilçisi İsa Qəmbər həm parlamentin spikeri, həm də 7 iyunda keçiriləcək prezident seçkilərinə qədər Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən şəxs seçildi. Həmidov daxili işlər naziri, başqa bir müxalifət təmsilçisi Tofiq Qasımov xarici işlər naziri təyin edildi, Qazıyev isə müdafiə naziri olaraq qaldı. Həmin gün Özbəkistanın Daşkənd şəhərində Rusiyanın himayəsi altında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) yaradılmışdır. Ermənistanın KTMT-yə daxil olmasına baxmayaraq, artıq AXC iqtidarında olan Azərbaycan KTMT-yə qoşulmaqdan imtina etmişdi. Rus hərbçilərinin Ağdamdan geri çəkildiyini və Əsgərana hücum olmayacağından xəbər tutan erməni ordusu 16 mayda öz əsgərlərini Şuşa–Laçın xətti ilə yerləşdirməyə başlamışdı.

İşğal 250px|thumb|right|Jurnalist Çingiz Mustafayev azərbaycanlı qoşunların Laçını tərk etməsini lentə almışdır.

Ermənistanın Gorus şəhərindəki artilleriya qüvvələri tərəfindən dəstəklənən erməni silahlı dəstələri 15 mayda 776 saylı hərbi hissənin yerləşdiyi Zarıslı kəndi yaxınlıqlarında hücuma keçdi. Döyüşlər zamanı, günortadan sonra hərbi hissənin komandiri Xaqani Rüstəmov həlak oldu. Rüstəmovun əsgərləri bundan sonra onun cəsədini də götürüb cəbhə bölgəsini tərk etdilər. Erməni dəstələri ardınca buranı işğal etdilər və Turşsu istiqamətində hücuma keçdilər. 776 saylı hərbi hissənin cəbhəni tərk etməsindən sonra Şırlan–Sarıbaba istiqamətində yerləşdirilmiş Azərbaycan qüvvələrinin müdafiəsində boşluq yarandı.

Elbrus Orucov cəbhə xəttini qısaltmaq məqsədilə Milli Ordunun hissələrinə geri çəkilmə əmri verdi, lakin bu, ümumi panikaya səbəb oldu. Orucov özü axşam saatlarında Laçına getdi, Şuşa və Laçın rayonundakı Azərbaycan hərbçiləri geri çəkilməyə başladı. Salatınkənd yaxınlığındakı körpü partladıldı. 777-ci xüsusi təyinatlı batalyon dərhal Qubadlıya, 771 saylı hərbi hissə isə icazəsiz olaraq Yevlaxa getdi. 773 saylı hərbi hissə də 16 mayın səhəri Laçını tərk etdi.

16 mayda erməni qüvvələri Turşsu kəndini, həmçinin Kirs və Sarıbaba yüksəkliklərini ələ keçirdi. Ruhdan düşmüş Azərbaycan ordusu müqavimət göstərə bilmədi. Tank və piyada döyüş maşınları ilə qaçan qüvvələri lentə alan jurnalist Çingiz Mustafayev onlardan ərazini tərk etməməyi xahiş etmişdi. Daşkənddən Gəncəyə gələn Rəhim Qazıyev Laçında baş verənlərdən xəbər tutduqdan sonra dərhal Bakıya yollandı. Qazıyev döyüşçülərini burada görəndə əsəbiləşdi və onlardan birinə yumruq atdı. Qazıyev daha sonra Ali Sovetdə kürsüyə keçərək AXC rəhbərliyini cəbhədən əsgərləri geri qaytarmaqla Laçını təhlükə altına qoymaqda günahlandırdı.