400px|thumb|Hacı, Əli və İmran Qasımov qardaşları

Qasımov qardaşları — XIX əsrin sonları, XX əsrin əvvəllərində Bakı şəhərində tikilmiş binaların əksəriyyətinin tikintisini həyata keçirmiş "Qasımov qardaşları və K" şirkətinin sahibləri. Qasımov qardaşları tərəfindən Bakıda İsmailiyyə Sarayı, Səadət Sarayı, Yeni Avropa otelinin binası, Mitrofanovun sarayı kimi monumental binalar tikilmişdir. Musa Nağıyevin Bakıda tikdirdiyi əksər binaların tikintisini həyata keçirən qardaşlar Fuad Axundova görə İstiqlaliyyət küçəsi və 28 May küçəsində yerləşən və həmin dövrdə tikilən bütün binaların tikinti işlərini həyata keçiriblər. Bundan başqa qardaşlar xeyriyyəçiliklə də məşğul olublar.

Qardaşlar 200px|thumb|left|Qasımovların yaşayış evi 200px|thumb|right|Sadıqov qardaşlarının mədaxil evinin tikintisi. Soldan ikinci Hacı Qasımov Qasımov qardaşlarının atası Hacı Məmməd Əli Molla Qasım oğlu Ordubadda yerləşən xalça yununun rənglənməsi üzrə emalatxananın sahibi olub. Qardaşlar Bakıya gələrək burada işləməyə başlayırlar.

Böyük qardaş Hacı Qasımov 1867-ci ildə anadan olub. Bakıya gələrək xarratlıqla məşğul olub. O, qısa bir zamanda ətrafına peşəkar ustaları yığaraq tikinti arteli yaradır. Daha sonra Hacı Qasımov qardaşları ilə birgə tam tikinti işlərini yerinə yetirən şirkət yaradır. Sifarişçi layihə ilə tanış olduqdan sonra ödəniş edib və təyin olunmuş vaxtda işi təhvil alırdı. Qardaşların yaratdığı şirkət tikinti materiallarının alınması və çatdırılması, tikinti işlərinin aparılması, fasadların bədii tərtibatı, apartamentlərin işlənməsi və digər öhdəlikləri üzərinə götürürdü. Daha sonra qardaşlar Bakıda parket zavodu açıblar.

Ortancıl qardaş Əli Qasımov 1873-cü ildə anadan olub. Qardaşları arasında öz ciddiliyi və sakitliyi ilə fərqlənib. Şirkətdə maliyyə işlərinə nəzarət onun vəzifəsi olub. thumb|İmran Qasımov Kiçik qardaş İmran Qasımov şirkətin işlərində uğurlu olmaqla yanaşı incəsənətə və teatra da böyük maraq göstərirdi. O həm də Azərbaycanın ilk aktyorlarından biridir. 1907-ci ildə ilk milli Azərbaycan operası olan "Leyli və Məcnun" operasının məşqləri Üzeyir Hacıbəyovun yaxın dostu İmran Qasımovun təklifi ilə Qasımovların evinin üçüncü mərtəbəsindəki geniş zalda keçirilirdi. 25 yanvar 1908-ci ildə opera ilk dəfə səhnəyə qoyulanda İmran Qasımov burada iki rolu oynayır. "Kəngərlinski" ləqəbi ilə çıxış edən o, həm Leylinin atası – Fəttah, həm də Məcnunun dostu — Zeyd rollarını ifa edir. Azərbaycan, rus və fransız dillərini bilib. Xeyriyyəçi kimi məşhur olan o bir çox aktyorların ailəsinə də maddi kömək edirdi. İstiqlaliyyət və Murtuza Muxtarov küçələrinin kəsişməsində yerləşən şəhərdə tanınan kitab mağazalarından biri yandıqdan sonra İmran Qasımov həmin mağazanın təmirini öz üstünə götürərək ora bəzi qiymətli kitabları da alır. 1914-cü ildə Saədət Sarayının podratçısı İmran Qasımov tikilməkdə olan binanın eyvanındakı cəngavər heykəlini yerləşdirərkən yerə yıxılır və vəfat edir. Onun həyat yoldaşı Rübabə xanım isə bu hadisəyə dözə bilməyib 2 həftədən sonra özünə qəsd edir.

25 noyabr 1918-ci ildə böyük qardaş Hacı Qasımovun nəvəsi dünyaya gəlir. O isə dünyasını dəyişmiş qardaşının xatirəsini əbədiləşdirmək üçün ona İmran adını verir. Sonradan Hacı Qasımovun nəvəsi İmran Qasımov dramaturq, kinossenarist, Azərbaycan SSR xalq yazıçısı, Azərbaycan SSR dövlət mükafatı və "Lenin" ordeni laureatı olur.

Fəaliyyətləri 200px|thumb|right|Bakı Texniki Məktəbinin qarşısında yerləşən Qasımov qardaşlarının tikinti malları mağazası 200px|thumb|left|1926-cı ildə tikilmiş və Hacı Qasımovun tikintisinə rəhbərlik etdiyi Dövlət Bankının işçilərin yaşayış binası Bir çox milyonçuların sifarişlərini yerinə yetirən Qasımov qardaşları demək olar ki Musa Nağıyevin binalarının əksəriyyətinin podratçısı olublar. Təkcə 1908–1910-cu illərdə onlar Musa Nağıyevə məxsus 7 gəlir evi və mülkün tikintisi ilə məşğul olublar. Nağıyevin binalarını tikməklə yanaşı eyni dövrdə onlar özləri üçün Bakı Texniki Peşə Məktəbinin qarşısında bir bina tikirlər. Binanın birinci mərtəbəsində Qasımov qardaşlarına məxsus o dövrdə Bakının ən böyük tikinti mağazalarından biri yerləşib. Binanın üst mərtəbələri isə kirayə verilirdi.

Xeyriyyəçiliklə də məşğul olan qardaşlar Bakı Real Məktəbinin tikintisinə də dəstək olublar. 1900–1904-cü illərdə tikilən binanın tikintisi Şəhər Dumasının maliyyə çatışmazlığına görə uzanırdı buna görə də tikintini Bakı milyonçuları öz üstlərinə götürürlər. Bu binanın da tikinti işlərini Qasımov qardaşları şirkəti görür və öz növbələrində binanın döşməsəni üzləmək üçün lazım olan palıddan düzəldilmiş parketləri təmənnasız məktəbə hədiyyə edirlər.

Azərbaycanın qızıl ordu tərəfindən işğalından sonra isə qardaşların əmlakları müsadirə edilərək özləri isə həbs olunurlar. Həbs müddəti uzun çəkmir və onlar bir neçə günə azad edilirlər. Sonradan Hacı Qasımov "Azneft"-də iş icraçısı kimi fəaliyyət göstərib və onun rəhbərliyi ilə Bakıda bir çox evlər o cümlədən Dövlət Bankının işçilərinin evi də tikilmişdir. Ortancıl qardaş Əli Qasımov isə Bərdə-Xankəndi yolunun tikintisinə rəhbərlik edib. Yeni iqtisadi siyasət dövründə qardaşlar döşəmə daşları istehsal edən kiçik zavod açıblar.

Qardaşlar tərəfindən tikilmiş binalar Qardaşlar Bakıda 100-ə yaxın binanın sahibi olan Musa Nağıyevin əksər binalarının eləcə də fəaliyyət göstərdikləri dövrdə Bakıda tikilmiş əsas monumental tikililərin tikintisini həyata keçiriblər. Fuad Axundova görə onların şirkəti İstiqlaliyyət küçəsi və 28 May küçəsində yerləşən və həmin dövrdə tikilən bütün binaların tikinti işlərini həyata keçiriblər. "Qasımov qardaşları və K" şirkəti tərəfindən Bakıda tikilən əsas binalar: