V Mehmed Rəşad (Osmanlı türkcəsi: محمد خامس — Meḥmed-i ẖâmis) () — 35-ci Osmanlı sultanı və 114-cü İslam xəlifəsi.
Həyatı
İlk illəri 2 noyabr 1844-cü ildə Çırağan sarayında dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası isə Gülcamal Qadınəfəndidir. Saray ənənələrinə uyğun olaraq böyüdüldü. Ərəbcə, farsca və dini dərslər aldı. 9 aprel 1857-ci ildə Dolmabağça sarayında qardaşları Nurəddin Əfəndi, Kəmaləddin Əfəndi və Burhanəddin Əfəndiylə birlikdə sünnət edildi. Atasının və əmisi Sultan Əbdüləzizin səltənəti illərində sərbəst və rahat həyat sürdü. Qardaşı Sultan Əbdülhəmid taxta çıxdıqdan sonra vəliəhd oldu və sarayda nəzarət altında yaşamağa başladı. Özündən əvvəlki 2 sultanın taxtdan endirilməsi səbəbilə narahat olan Sultan Əbdülhəmid qardaşının sarayda yaxın ətrafından başqa heç kimlə görüşməsini istəmirdi. Bu qapalı və təhlükəli həyat tərzi onun əqli və psixoloji vəziyyətinə olduqca mənfi təsir edirdi. Sultan Əbdülməcidin daha əvvəl taxta çıxan hər iki oğlu (V Murad və II Əbdülhəmid) saray çevrilişi nəticəsində hakimiyyətə gəlmişdi. 31 mart hadisəsinin ardından İttihad və Tərəqqi cəmiyyətinin söz sahibi olduğu Məclis-i Məbusan bir yandan Sultan Əbdülhəmidi taxtdan endirməyə, digər yandan isə Mehmed Rəşad Əfəndini taxta çıxarmağa qərar verdi (27 aprel 1909). Bundan başqa məclis, İttihadçıların üsyanı yatıran ordusunun İstanbula gəlişini şəhərin ikinci fəthi hesab edərək yeni sultana V Mehmed ünvanının verilməsini qərarlaşdırdı.
Səltənət illəri Sultan Rəşad həmin gün Hərbi nazirlikdə keçirilən andiçmə mərasimində məşrutiyyətin ilk sultanı olmaqdan fəxr hissi duyduğunu və bütün Osmanlılarla birlikdə məşrutiyyətin və müqəddəs səltənətin xidmətində olacağını bildirdi. Şəriəti, məşrutiyyəti, millətin hüquqlarını və vətənin mənfəətlərini qoruyacağına and içdi. Məclis üzvlərinin hamısının mərasimdə iştirak etməməsi səbəbilə andiçmə mərasimi Məclis-i Məbusan binasında yenidən təkrarlandı (20 may 1909). V Mehmed ünvanıyla taxta çıxarılsa da, xalq tərəfindən Sultan Rəşad olaraq adlandırıldı.
Taxta çıxdığı il 65 yaşında olan Sultan Rəşadın doqquz illik səltənəti böyük böhranlar içərisində keçdi. 10 dəfə hökumət dəyişdi. Bütün hökumət kabinetləri böhranlı bir şəraitdə qurulmuş və yenə böhranlı bir şəkildə iqtidardan çəkilmişdir. Sultan Rəşad isə bu böhranların qarşısını almağa və ya istiqamətini dəyişməyə qadir deyildi. Bundan başqa konstitusiyaya görə, icra hakimliyi tamamilə sədrəzəmin əlində idi. Sədrəzəm və qurduğu hökumət kabineti məclis qarşısında məsuliyyət daşıyırdı və Məclis-i Məbusanın təsdiqi olmadan fəaliyyət göstərə bilmirdi. Sultanın sədrəzəm təyin etmə hüququ olsa da, sədrəzəmin fəaliyyətinə qarışa bilmirdi. Bu səbəblə sultanın siyasi gücü azalmış və saray dövlət idarəsinin mərkəzindən ayrılmışdı. Siyasi həyatın əsas mərkəzi İttihad və Tərəqqi cəmiyyəti ilə sədrəzəm və onun hökumət kabinetinə təhvil verilmişdi. Belə ki, bu vəziyyət hələ taxta çıxdığı ilk gün məlum olmuşdu. İstanbulu idarəsi altına alan diktator Mahmud Şövkət Paşa andiçmə mərasimi əsnasında sabiq sultanı Salonikiyə sürgün etmişdi. Əslində isə bundan nə sultanın, nə də sədrəzəmin xəbəri vardı. Ertəsi gün xəbəri fransız səfirindən alan sədrəzəm vəziyyətə sultana bildirmək üçün saraya gəlmiş, ancaq saraydakı xidmətçilərin də alındığını öyrənmişdir. Sultan Rəşadın təkidlə vəzifədə qalmasını istədiyi Əhməd Tofiq Paşa İttihadçıların təzyiqi ilə istehfa verdi. Yerinə isə onların istəyilə Hüseyn Hilmi Paşa gətirildi (5 may).
Bu əsnada ikinci məşrutiyyətin elanından sonra bütün ölkədə başlanan iğtişaşlar davam edirdi. Bunun əsl səbəbi isə konstitusiyaya uyğun idarəçilik forması ilə ənənəvi Osmanlı idarəçiliyi arasında fərqləin olması idi. Hətta bu vəziyyət ölkənin bəzi yerlərində ayaqlanmaların baş verməsinə səbəb olmuşdu. Əhali ilə yaxınlıq qurmaq və ölkənin dərdləri ilə yaxından tanış olmaq üçün sultan tez-tez İstanbulda gəzintilərə çıxırdı. Sədrəzəm və bəzi nazirlərlə birlikdə Bursa və İzmitə səyahət etdi. Burada din və irqindən asılı olmayaraq əhalinin bütün təbəqələrindən olan insanlarla danışıqlar aparırdı. Məktəblərə və xeyriyyə qurumlarına iyanələr bəxş edirdi. Bu gəzintilər səbəbilə xüsusi olaraq kəsilən pulları hədiyyə olaraq payladı. Məclis-i Məbusanın ikinci ilinin açılış mərasimində (18 noyabr 1909) çıxış edən Sultan Rəşad bu gəzintilərdə gördüyü və şahid olduğu hadisələrdən danışdı. Bütün vətən övladlarında Osmanlı qardaşlığı fikrinin gücləndiyini görməkdən məmnun olduğunu bildirdi. Onun fikrincə, bunun əsas səbəbi bərabərliyi təmin edən məşrutiyyət və onun idarəçilik formasının təbii bir nəticəsi idi.
Məşrutiyyətin elan edilməsinə nail olan və siyasi həyatın mərkəzində yer alan İttihad və Tərəqqi cəmiyyətinin ölkə idarəçiliyində heç bir təcrübəsi yox idi. Cəmiyyətə bağlı olan bəzi şəxslər azadlıq və məşrutiyyət adı altında pərdə arxasından öz mənafelərini güdürdülər. Ayrı-seçkilik edən İttihadçılar istəmədikləri və ya onlardan tərəf olmayan dövlət adamlarını istehfaya məcbur edir, onların yerinə öz adamlarından bir nəfəri təyin edirdilər. Bu səbəblə ölkənin idarəsi təcrübəsiz və naşı insanların əlinə düşdü. Konstitusiya çərçivəsində səltənətini davam etdirən Sultan Rəşad, konstitusiyaya bağlı olan və ya zahirən belə görünən hökumət kabinetlərinin qərarlarına zidd getmirdi. İttihadçıların təzyiqlərindən bezərək istehfa verən Hüseyn Hilmi Paşanın yerinə, yenə İttihadçıların istəyilə Roma səfiri İbrahim Haqqı bəy təyin edildi (12 yanvar 1910). Vəzirlik rütbəsi alaraq sədarətə gətirilən İbrahim Haqqı Paşa İttihadçılara sələfindən daha bağlı oldu. İttihadçıların ölkə və dünya siyasi həyatından uzaq fikirləri ölkənin müxtəlif yerlərində üsyanlara səbəb olmuşdu. Alban üsyanının qəddarcasına yatırılması isə bu gərginliyi daha da artırdı. Balkan millətlərinin kilsələrinin provaslav kilsəsindən ayrılmasından sonra Rumelidəki məktəb və kilsələrin aidiyyətı problemi həll olunmamışdı. Balkan millətlərinin Osmanlılara qarşı birləşməsinin qarşısını almaq üçün Sultan Əbdülhəmid tərəfindən qurulan mükəmməl planı İttihadçılar bir qərarla məhv etdi (3 iyul 1910). İstanbul ortodoks patriarxı sultanı ziyarət edərək bu qərarı imzalamamasını istəsə də, Sultan Rəşad xristian millətlər arasındakı düşmənçiliyi aradan qaldıracağına inandığı bu qərarı təsdiqlədi. Beləliklə, Balkan millətlərinin Osmanlı əleyhində birləşməsi başlamış, Balkan müharibəsinə zəmin yaratmışdır. Balkan yarımadasında yenidən çıxan iğtişaşların ardından yerli əhalini sakitləşdirmək və yenidən dövlətin lehinə qazandırmaq üçün sultanı Rumeli səyahətinə göndərdilər (5–26 iyun 1911). Sədrəzəm və bəzi dövlət adamlarının da iştirak etdiyi səyahət Çanaqqala, Saloniki, Skopye, Priştina, Kosova və Bitola şəhərlərini əhatə edirdi. Sultan Rəşad bu şəhərlərdə və gəzinti boyunca keçdiyi yerlərdə təzahüratlarla qarşılandı. Ulu babası Sultan Murad Hüdavəndigarın türbəsinin yerləşdiyi Kosova çölündə cümə namazı qıldı.
Sultan Rəşadın Rumeli səyahəti bir çox kəsimlər, xüsusilə də albanlar üzərində müsbət təsir göstərdi. Ancaq sultanın hökumətə təsir edə bilməməsi və İttihadçıların bundan istifadə etməsi nəticəsində bölgədə sabitlik təmin olunmadı. Cəmiyyətin inhisarçılıq siyasəti nəticəsində məclisdə onlara qarşı müxalif qrup yaranmışdı. Mətbuatda bu şəxslərin yeni bir siyasi partiya qurması və rəhbərliyinə İttihad və Tərəqqinin qurucularından Sadiq bəyin gətirilməsi xəbərləri çıxdı. Sədrəzəmin istehfa verməsindən çəkinən Sultan Rəşad Sadiq bəyi Salonikiyə sürgün etdi.
İbrahim Haqqı Paşa hökumətinin yanlış siyasətlərindən biri də Trablusqərb-Benqazi vilayətindəki əsgər sayını azaltması idi. Əvvəllər Roma səfiri olan İbrahim Haqqı Paşanın, Sultan Əbdülhəmidin bölgədəki italyanlara qarşı yaratdığı bu vilayəti ordusuz və hakimsiz qoyması İtaliyanı bölgədə gücləndirdi. Trablusqərbin boşaldılmasını və təslim edilməsini tələb edən İtaliya 29 sentyabrda Osmanlı imperiyasına müharibə elan etdi. Hadisənin səbəbkarı olaraq görülən İbrahim Haqqı Paşa həmin gün istehfa verdi. İtaliya Afrika qitəsindəki son Osmanlı torpağı olan Trablusqərb-Benqazi bölgəsini ilhaq etdiyini elan etdi (5 oktyabr).
Sultan Əbdülhəmid dövründə 7 dəfə sədarətə gətirilən Mehmed Səid Paşa yenidən sədrəzəm oldu (30 sentyabr 1911). Müxalif qüvvələr və onları dəstəkləyən mətbuat İbrahim Haqqı Paşanın mühakimə edilməsini istəyirdi. Məclisdəki Trablusqərb vəkillərinin verdiyi bu təklifi İttihadçıların qəbul etməməsi nəticəsində müxalif qüvvələrin birləşməsi prosesi sürətləndi. Hürriyət və İttifaq cəmiyyəti qurularaq (21 noyabr 1911) Kürəkən Fərid Paşa rəhbər, Sadiq bəy isə rəhbər köməkçisi təyin edildi. Məclisdəki 105 müxalif vəkilin 70-inin yeni partiyaya qatılması və İstanbulda keçirilən seçimlərdə (11 dekabr) bu partiyanın qələbə qazanması İttihadçıların gözünü qorxutdu. Sultan Rəşadın əliylə məclisi bağlamaq istədilər. Ancaq konstitusiyanın 35-ci maddəsinə görə, sultana aid olan bu hüququ məşrutiyyyəti təhlükəyə salması bəhanəsiylə daha əvvəl dəyişdirmişdirlər. Mehmed Səid Paşa, bu hüququn yenidən sultana verilməsi üçün konstitusiyanın 35-ci maddəsində dəyişiklik etmək fikrini məclisdə irəli sürsə də, müxalif qüvvələr bu təklifi qəbul etmədi. Nəticədə Səid Paşa vəzifədən ayrıldı (30 dekabr 1911).
Sultan Rəşad, bütün bunlara baxmayaraq Səid Paşanın sədarətdə qalmasını istəyirdi. Hürriyət və İttifaq cəmiyyətindən bir heyət sultanı ziyarət edərək bu dəyişikliyə qarşı olmadıqlarını, ancaq Səid Paşanı sədarətdə görmək istəmədiklərini bildirdilər. Sultan Rəşad isə məclisdəki bütün vəkillərin millətin təmsilçisi olduğunu və onun gözündə hər kəsin bərabər olduğunu bildirərək bu məsələyə qarışmadı. Yeganə arzusunun vətənin xoşbəxtliyi, inkişafı və qorunması olduğunu deyən Sultan Rəşad sədrəzəmin təyin edilməsi hüququnun ona aid olduğunu yumşaq bir dillə izah etdi. Məclis-i Məbusan rəhbəri Əhməd Rza bəyi saraya dəvət edərək müxalif qüvvələrin konstitusiyadakı dəyişiklik məsələsinə olan münasibətini bildirən Sultan Rəşad siyasi partiyalar arasındakı münasibətlərin yaxşılaşmasını istəyirdi. Müxalif qüvvələrin etirazına baxmayaraq Səid Paşa doqquzuncu dəfə sədarətə gətirildi (31 dekabr 1911). Səid Paşa 36-cı maddənin dəyişdirilməsi məsələsini məclisdə yenidən gündəmə gətirdi. Müxalif qüvvələrin etirazından sonra konstitusiyanın 7-ci maddəsinə uyğun olaraq, sultanın fikri alınaraq Məclis-i Məbusan ləğv edildi (18 yanvar 1912). Beləliklə, həm İbrahim Haqqı Paşa mühakimə edilməkdən xilas oldu, həm də ikinci məşrutiyyətin həqiqi çoxpartiyalı dövrü başa çatdı. İttihad və Tərəqqinin təzyiqi altında keçirilən və "dəyənəkli seçimlər" olaraq adlandırılan seçimlərdə Hürriyət və İttifaq cəmiyyəti aradan qaldırıldı. Seçimlərdən sonra çağırılan məclisdəki (18 aprel 1912) vəkillərin 15-i istisna olmaqla, hamısı İttihad və Tərəqqi cəmiyyətinin üzvləri idi.
Paytaxtda konstitusiya dəyişikliyi, məclisin ləğvi və seçim keçirilməsi ilə vaxt itirildi və Trablusqərbdə vəziyyət ağırlaşdı. İtaliya Egey adalarını işğal etdikdən sonra (24 aprel — 20 may 1912) İstanbul təhlükə altına düşdü. Bu əsnada Balkan dövlətləri də Osmanlı əleyhinə müharibəyə hazırlaşdı. Alban üsyanı yenidən alovlandı. Üsyanı yatırmaqla vəzifələndirilən ordunun bəzi zabitləri dağa çıxaraq üsyana qoşuldu. Bu zabitlər İstanbuldakı təmsilçiləri vasitəsilə hökumətə memorandum göndərərək məclisin ləğv edilmsini və Kamil Paşa rəhbərliyində yeni bir hökumət kabinetinin qurulmasını, əks təqdirdə hakimiyyətə əl qoyulacağını bildirdilər. Hərb naziri Mahmud Şövkət Paşa dərhal istehfa verdi (9 iyul 1912). Onun ardından bir neçə nazirin də könüllü şəkildə vəzifədən ayrılması nəticəsində Səid Paşa hökuməti də istehfa verdi (16 iyul 1912). Nəticədə iqtidar İttihadçıların əlindən çıxdı.