Kamal İbrahimov (29 noyabr 1973, Bakı, Azərbaycan SSR, SSRİ) — "Baku Steel Company" QSC-nin Baş direktoru, "Qala Həyat Sığorta" ASC və "Qala Sığorta" ASC-nin Direktorlar Şurasının sədri, iqtisad elmləri namizədidir.

Həyatı Kamal İbrahimov 29 noyabr 1973-cü ildə Bakı şəhərində anadan olub. Atası Mirsahib İbrahimov, anası isə Səadət Qəndilovadır. Ailəlidir, üç övladı var.

1980-1990-cı illərdə Bakı şəhəri, 134 saylı orta məktəbdə təhsil alıb və təhsilini gümüş medalla başa vurub. 1990–1995-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) "İstehsalın iqtisadiyyatı və idarə edilməsi" fakültəsində ali təhsil alıb, universiteti fərqlənmə diplomu ilə bitirib. 1995-1999-cu illərdə ADİU-da aspirantura pilləsi üzrə təhsil alıb, 2000-ci ildə dissertasiya müdafiə edərək İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yüksəlib. 2016-cı ildən ADİU-nun "Maliyyə və maliyyə institutları" kafedrasında Elmlər doktoru proqramı üzrə doktorantura təhsili alıb.

Əmək fəaliyyəti 1995-1997-ci illərdə Bakı şəhəri, Yasamal rayonu üzrə Dövlət Vergi Müfəttişliyində dövlət vergi müfəttişi vəzifəsində çalışıb.

1997-2000-ci illərdə Baş Dövlət Vergi Müfəttişliyinin İri Vergi Ödəyiciləri ilə İş üzrə İdarəsində dövlət vergi müfəttişi, daha sonra böyük dövlət vergi müfəttişi vəzifələrində işləyib. 2000-ci ildə Azərbaycan Respublikası Vergilər Nazirliyinin İri Vergi Ödəyiciləri və Xüsusi Vergi Rejimli Müəssisələrlə İş üzrə Baş İdarəsinin Vergiyə cəlbetmə şöbəsinin böyük dövlət vergi müfəttişi olub.

2000–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Qiymətli kağızlarla əməliyyatların tənzimlənməsi və nəzarəti şöbəsinin, daha sonra Hüquq departamentinin rəisi vəzifələrində çalışıb.

2003-2014-cü illərdə "Standard İnsurance" ASC-nin İdarə Heyətinin sədri olub. 2006-2008-ci illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri kimi fəaliyyət göstərib. 2011-2014-cü illərdə İcbari Sığorta Bürosunun Himayəçilər Şurasının sədri olub.

2014-2016-cı illərdə "Standard Insurance" ASC-nin Direktorlar Şurasının sədri və "Bank Standard" QSC-nin Müşahidə Şurasının sədri kimi çalışıb.

2016-cı ildən "Qala Həyat Sığorta" ASC və "Qala Sığorta" ASC-nin Direktorlar Şurasının sədri kimi fəaliyyət göstərir.

2021-ci ildən "Baku Steel Company" QSC-nin Baş direktorudur.

Həmçinin bax Baku Steel Company

İstinadlar

Kateqoriya:Azərbaycan iqtisadçıları Kateqoriya:Azərbaycanlı iqtisadçılar