Vilmoş Aba-Novak (; ) — Macarıstan rəssamı və qrafiki.

Həyatı Vilmoş Aba-Novak 1894-cü ildə Macarıstanın Budapeşt şəhərində anadan olmuşdur. Onun atası Düla Novak, anası isə Roza Vaqinger idi. Aba-Novak 1912-ci ildə rəssamlıq məktəbini bitirdikdən sonra Budapeştdəki Kral Macarıstan Rəssamlıq Məktəbində (indiki Macarıstan İncəsənət Universiteti) təhsilini davam etmişdir. O, bu zaman rəssam Adolf Fenyesin emalatxanasında işləməyə başlamışdır. Aba-Novak Birinci Dünya müharibəsi səbəbindən fəaliyyətinə fasilə vermişdir. O, Avstriya-Macarıstan ordusuna çağırılmış və Şərq cəbhəsində xidmət etmişdir. Aba-Novak müharibə zamanı Viktor Olgeydən rəssamlıq dərsləri almağı bacarmışdır. O, müharibədən sonra rəssamlıq fəaliyyətinə davam etmişdir. O, 1921–1923-cü illərdə yay aylarını bir qrup rəssamla birlikdə Rumıniyanın Solnok və Baya-Mare incəsənət koloniyalarında keçirmişdir. Aba-Novakın ilk fərdi sərgisi 1924-cü ildə burada baş tutmuşdur.

Aba-Novak 1928-ci ildə Macarıstan Rəssamlıq Akademiyasının təqaüdçüsü kimi 1928–1930-cu illərdə üç il müddətinə Romaya yaradıcılıq ezamiyyətinə göndərilmişdir. O, Macarıstan rəssamlığında "Roma məktəbi"nin aparıcı nümayəndələrindən olmuşdur. Aba-Novak 1937-ci ildə Parisdə keçirilən Ümumdünya Sərgisində və 1940-cı ildə Venesiya biennalesində jürilərin qərarı ilə Qran-Pri mükafatına layiq görülmüşdür. O, 1939–1941-ci illərdə Macarıstan Kral Rəssamlıq Məktəbində dərs demişdir.

Vilmoş Aba-Novak 29 sentyabr 1941-ci ildə, 47 yaşında Budapeştdə vəfat etmişdir. Qəbri Farkaşreti qəbiristanlığındadır.

İstinadlar

Xarici keçidlər Aba-Novák Galéria

Kateqoriya:Macarıstan rəssamları Kateqoriya:XX əsr rəssamları