– Yaponiya bioloqu və sitoloqu. O, Yaponiyada elm üzrə doktorat dərəcəsi əldə etmiş ilk qadındır.

Həyatı Kono Yasui 16 fevral 1880-ci ildə Yaponiyanın Kaqava prefekturasında doğulmuşdur. Kaqava Normal Məktəbinin qadınlar bölməsində təhsil almış, 1898-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinə daxil olmuşdur. 1902-ci ildə məzun olduqdan sonra Gifu Qızlar Liseyində, 1904-cü ildə Kanda Qızlar Məktəbində müəllim kimi işləməyə başlamışdır. 1905-ci ildə Tokio Qadınlar Ali Normal Məktəbinin yeganə elmi tədqiqat üzrə tələbəsi olmuş, zoologiya və botanika sahələrində ixtisaslaşmışdır. Onun tərəfindən 1905-ci ildə yazılmış "Karp balığında Veber orqanı" məqaləsi "Zoological Science" jurnalında qadın müəllifə aid ilk məqalə olmuşdur.

Yasui 1906-cı ildə botanika və sitologiya sahələrində araşdırmalar aparmağa başlamışdır. Salvinia natans adlı qıjı növünün ziqotunu araşdırmış və nəticələri "Journal of Plant Science" jurnalında nəşr olunmuşdur. Digər tədqiqatları Böyük Britaniyanın "Annals of Botany" jurnalında yayımlanmış və işi xarici jurnalda yayımlanmış ilk yapon qadın olmuşdur. 1914-cü ildə təhsil almaq məqsədilə əvvəlcə Almaniyaya, daha sonra ABŞ-yə getmiş və Çikaqo Universitetində sitologiya araşdırmaları aparmışdır. 1915-ci ildə Harvard Universitetində kömürü öyrənmiş, 1916-cı ildə Yaponiyaya qayıdaraq Tokio Universitetində "Qəhvəyi kömürün quruluşu və Yaponiyada daş kömür" adlı diplom işini tamamlamışdır.

Yasui 1924-cü ildə qarğıdalının, tradeskansiyanın və yabanı xaşxaşın genetikasını öyrənməyə başlamışdır. 1929-cu ildə "Cytologya" jurnalının əsasını qoymuşdur. 1945-ci ildə atom bombasının bitkilərə təsirini öyrənmişdir. 1949-cu ildə Oçanomizu Universitetinin professoru olmuşdur.

Mükafatları Yasui 1955-ci ildə "Bənövşəyi lent" medalı ilə, 1965-ci ildə isə "Qiymətli tac" ordeni ilə təltif olunmuşdur.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya bioloqları Kateqoriya:Sitoloqlar Kateqoriya:Yaponiyanın qadın alimləri Kateqoriya:Harvard Universitetinin məzunları