– Yaponiya astronomu. O, kometa ovçusu kimi tanınmış və 1940–68-ci illərdə 12 kometa kəşf etmişdir.
Həyatı və karyerası Minoru Honda 1913-cü ildə Yaponiyanın Tottori prefekturasında doğulmuşdur. İbtidai məktəbi bitirdikdən və 2 illik uzadılmış təhsil aldıqdan sonra valideynləri ilə birlikdə fermer kimi işləməyə başlamışdır. Lakin məktəb illərindən etibarən astronomiyaya maraq göstərən Honda 1927-ci ildə 28 millimetrlik linzalarla ilk teleskopunu düzəltmişdir. Honda 17 yaşına çatanda Şiqeru Kandanın kometalar haqqında kitablarını oxumuş və hələ də Yaponiyada kometa kəşf olunmadığını öyrənmişdir. O, dərhal kometa kəşf etməyə qərar vermiş və ulduz xəritəsi olmadan müşahidələrə başlamışdır.
1937-ci ildə Honda Şərq Astronomiya Cəmiyyətinin qurucusu olan İssey Yamamoto tərəfindən işə götürülmüş və o, Hiroşimada Zodiak İşığı rəsədxanasında işləməyə başlamışdır. 1941-ci ilin aprelində Kuraşiki rəsədxanasında astronom Şiqeki Obayaşinin yerini tutmuşdur.
1941-ci ilin iyulunda Honda Yaponiya ordusunun əsgəri kimi müharibəyə cəlb olunmuş və Çinin şimal-şərqinə, daha sonra isə Sinqapura göndərilmişdir. Honda hərbi xidməti zamanı da özü ilə monokulyar gəzdirmiş və ulduzları müşahidə etmişdir. Sinqapurda əldə etdiyi 8 santimetrlik linza ilə teleskop düzəltmişdir.
Honda 1965-ci ildə Kuraşikidə iki bağçanın direktoru olmuş və növbəti illərdə işıq çirkliliyi səbəbilə astronomik müşahidələrinə son vermişdir. 1981-ci ildə Kuraşikinin 30 kilometr şimalında kiçik rəsədxana tikdirmiş və ölənə qədər rəsədxanı 1451 dəfə ziyarət etmişdir.
Kəşfləri Honda 1940-cı ilin oktyabrında şərti adı C/1940 S1 olan kometa kəşf etmişdir. Bu kometa 3 gün əvvəl Okayama prefekturasında yerləşən Kuraşiki rəsədxanasında Okabayaşi tərəfindən müşahidə olunduğu üçün ona Okabayaşi–Honda adı verilmişdir. 1941-ci ilin yanvarında isə şərti adı C/1941 B1 (Frend–Riiz–Honda) olan kometa aşkar etmişdir. Sinqapurda düzəltdiyi teleskop vasitəsilə 1947-ci ilin mayında kometa kəşf etmişdir. Lakin kəşf etdiyi kometanın əslində daha əvvəl kəşf olunmuş Qriqq–Skellerup kometası olduğu məlum olmuşdur. Buna baxmayaraq, Hondanın kəşfi Yaponiya qəzetlərində yayımlanmışdır.
Honda 1946-cı ilin mayında Kuraşiki rəsədxanasına qayıtmış və 1947-ci ilin noyabrında şərti adı C/1947 V1 (Honda) olan kometa kəşf etmişdir. Həmin dövrdə Yaponiya ABŞ işğalı altında olduğu üçün yaponlar xarici ölkələrlə ancaq poçtla əlaqə saxlaya bilirdilər. Tokio Astronomiya Rəsədxanasının direktorunun xahişindən sonra Hondanın kəşfi barədə Beynəlxalq Astronomiya İttifaqına məlumat verilmişdir.
Honda müharibədən sonra bir çox kometa kəşf etməyə davam etmişdir: C/1948 L1 (Honda–Bernaskoni), 45P/Honda–Mrkos–Paydusakova, C/1953 G1 (Mrkos–Honda), C/1955 O1 (Honda), C/1962 H1 (Honda), C/1964 L1 (Tomita–Qerber–Honda), C/1968 H1 (Tago–Honda–Yamamoto), C/1968 N1 (Honda) və C/1968 Q2 (Honda). Hondanın kəşfləri Yaponiyada bir çox şəxsin kometa axtarması üçün ilham mənbəyi olmuşdur. Kaoru İkeya və Tsutomu Seki onunla məsləhələşdikdən sonra kometalar kəşf etmişdirlər.
Honda 1960-cı ilin fevralında novaların fotoqrafik müşahidələrinə başlamışdır. İlk uğurlu kəşfini 1970-ci ilin fevralında, sonuncusunu isə 1987-ci ilin yanvarında gerçəkləşdirmişdir. Onlardan birini 1975-ci ilin avqustunda çılpaq gözlə kəşf etmişdir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya astronomları Kateqoriya:Kometa kəşf edənlər