Rəb-i Rəşidi kompleksi () — Elxani hökmdarı Qazan xanın hakimiyyəti illərində vəziri Fəzlullah Rəşidəddin tərəfindən inşa etdirilən və daxilində bir sıra təhsil, mədəniyyət, ibadət və tibb mərkəzlərinin olduğu yaşayış kompleksi.Təbrizin şimal-şərqində yerləşən Rəb-i Rəşididə 30 min ev vardı. Bəzi mənbələrə görə burada 24 karvansara, 1500 dükan, üçmərtəbəli karvansaralar, məscid, bazar, hamam, zərbxana, 7 min tələbəsi və 4500 müəllimi olan tədris müəssisəsi fəaliyyət göstərirdi. Hamamlar, kağız istehsal edən karxana, boyaqçı emalatxanaları, xiyabanlar, sikkəxana, bağlar, dəyirmanlar, rəssam və xəttatların fəaliyyət göstərdiyi emalatxanalar Rəşidiyyənin çoxfunksiyalı şəhərcik olduğuna dəlalət edirdi. Lakin Rəb-i-Rəşidinin çiçəklənməsi uzun çəkmədi. 1318-ci ildə baş vəzir Fəzlullah Rəşidəddin edam edildikdən bir müddət sonra qəzəblənmiş kütlə 1336 -cı ildə şəhərciyi talan və viran etdi. Beləliklə, Rəb-i Rəşidi süqut etdi.

Tarixi Monqollar, xüsusən birinci yarım əsrlik talan və dağıntılar başa çatdıqdan sonra Yaxın Şərqdə Elxanilər dövlətinin yaranması ilə müsbət izlər buraxmağa başladılar. Xüsusən Qazan xanın (1295-1304) taxta çıxması və daxili çəkişmələrə son qoyaraq dövləti öz nəzarəti altına alması ilə Elxanilər dövlətində böyük inkişaf fəaliyyəti başlandı ki, burada Elxani hökmranlığının mərkəzi olan Azərbaycan imtiyazlı yer tuturdu. Bu dövrdə bir tərəfdən Təbriz kimi köhnə yaşayış məskənlərində yeni quruculuq işləri aparılır, digər tərəfdən isə Elxani dövlətinin ərazisində yeni məskənlər salınmağa çalışılırdı. Bu mərkəzlərin ən əhəmiyyətlisi Təbrizdən təxminən 4 km uzaqlıqda olan Qazaniyyə və ya Şənbi Qazan idi. Bura şəhər divarlarından kənarda tikilmiş böyük sosial kompleks və bu kompleksin ətrafında formalaşan yaşayış məntəqəsi idi. Qazan xanın qurduğu digər yaşayış məntəqəsi isə Mahmudabad idi.

Bu quruculuq fəaliyyətlərinin ən önəmli nümunələrindən biri vəzir Fəzlullah Rəşidəddin tərəfindən XIV əsrin əvvəllərində  Təbrizin şimal-şərqində yerləşən Sorhab adlı yerdə inşa etidirlən və daxilində bir çox təhsil, mədəniyyət mərkəzlərinin yerləşdiyi Rəb-i Rəşidi adlı yaşayış kompleksidir. İnşaasına 1300-cü illərdə başlanılan bu kompleksin bütün xərcləri Fəzlullah Rəşidəddin tərəfindən təsis edilən vəqflərdən qarşılanmışdır. Rəb-i Rəşidinin 1309-cu il 9 avqustda qələmə alınan vəqfiyyəsinə sonradan 1314-cü ilin martında və 1315 (noyabr), 1316-cı (oktyabr-noyabr) illərdə bir sıra əlavələr ediləsə də günümüzə qədər gəlib çatmışdır. Kompleksin tikintisi Rəşidəddinin ölümündən 3 il əvvəl başa çatmışdır. İlk əvvəl daxilində yeni kanallar, mədrəsə , xəstəxana, yeməkxana, kimsəsiz uşaqlar evi tikilən bu kompleks sonradan bu binaların ətrafına yeni evlərin inşa edilməsi ilə getdikcə şəhərciyə çevrilmişdir.

Rəb-i Rəşididə "Küçə-i üləma" adlanan bir küçə yerləşirdi ki, burada sadəcə alimlər yaşayırdı. Bu küçədəki kitabxanada 60 min cild kitab varidi.

Rəb-i Rəşidi şəhərciyini vəzir Rəşidəddinin vəzirliyi dövründə oğlu Qiyasəddin Məhəmməd özü idarə edirdi. Rəşidəddin 17 iyul 1318-ci ildə öldürüldükdən sonra Rəb-i Rəşidi bir müddət sahibsiz qaldı. 1327-ci ildən Rəşidəddin oğlu Qiyasəddin Məhəmməd Elxani vəziri olmuş və 1335-ci ilə qədər davam edən bu vəzirlik dövründə atasının elmə və alimlərə olan həssaslığını davam etdirmişdir. 1336-cı ildə şəhərcik süqut edir.

Quruluşu Rəb-i Rəşidi kompleksi 3 əsas hissədən ibarət idi. Bunlar Rabaz-i Rəşidi, Şəhristan-i Rəşidi və Rəb-i Rəşidi olmuşlar.

Rabaz-i Rəşidi Rəb-i Rəşidiyə bitişik formada inşa edilən, anbar və zirzəmilərin yerləşdiyi, o cümlədən qəyyumların, müşriflərin,  gözətçi və açarçıların eləcə də türk əsilli ailə və uşaqların yaşadığı evlərdən ibarət böyük yaşayış məskəni idi. Şəhristan-i Rəşidi Rəb-i Rəşidinin yaxınlığında yerləşən böyük məhəllə və onu tamamlayan iqtisadi, sosial binaların toplusundan ibarət idi. Kompleksdə işləyən evli məmurların əhəmiyyətli bir hissəsi ailələri ilə birlikdə burada Salihiyyə məhəlləsində yaşayırdı. Bunlardan başqa burada kasıblar üçün evlər (darül məskən) , yeməkxana, müxtəlif taxıl anbarları, məscid ( Məscid-i Cami-yi Şəhristan) , bazar, zərbxana və böyük bir bağ yerləşirdi. Salihiyyə məhəlləsi bir küçə qapısı vasitəsilə Rəb-i Rəşidiyə bir digər qapı vasitəsilə isə Bazar, Darvazay-i Sorhaba (Təbriz şəhər qapısına) birləşirdi. Rəb-i Rəşidi kompkesin ən həyati və əsas ünsürləri burada yerləşirdi. Rəb-i Rəşidi ayrılıqda daxilində bir sıra təhsil, mədəniyyət, ibadət və sağlamlıq mərkəzlərinin yerləşdiyi böyük bir kompkesidi.Buradakı binalar keçidlər və dəhlizlər vasitəsilə bir birinə bağlanırdı və gecələr məşəllər, lampalarla işıqlandırılırdı. İmarətlərin yaxınlığında isə Rəşid-i abad bağı yerləşirdi. Bu bağ su kanalları vasitəsilə sulanırdı.thumb|332x332px|Rəb-i Rəşidi kompleksinin qalıqlarıRəb-i Rəşidinin aşağıdakı əsas vahidlərdən ibarət idi:

Rəvzə (ağaclı geniş həyət) – kompleksin mərkəzində yerləşən və ortasında böyük hovuzu olan bağça idi. Kompleksdəki bir çox məskən- iki məscid, tələbə və müxtəlif işlərdə işləyən insanların qaldıqları evlər, Quran və Hədis kitabxanası, yetim uşaqlar üçün məktəb bu bağçanın daxilində yerləşirdi. Məscidlər – Rəb-i Rəşididə 2 məscid yerləşirdi. Bunlardan böyüyü Məscid-i Səyfi daha sıx toplu insanlarla qılınan namazlar üçün istifadə edilirdi. Yay aylarında mədrəsədəki elmi dərslər də burada tədris edilirdi. Digər məscid Məscid-i Şətəvi isə qış aylarında istifadə edilirdi. Təfsir və hədis kimi mədrəsə dərsləri isə burada keçilirdi. Mədrəsə – Rəvzə daxilində yerləşirdi. Dərslər daha çox məscidlərdə və suffa adlanan sıralarda keçirilirdi. 1315-ci ilin noyabr ayında mədrəsələrdə 2 müdərris, 3 muid (müdərris köməkçisi), 25 tələbə, 1 mürəttib, 1 kitabxanaçı və 1 kitab mübadili işə başlamışdı. Quran və hədis kitabxanası – Rəvzə daxilindəki qış məscidinin yanında yerləşirdi. Mütəvəlli hər il Quran-i Kərimin 30, Cami ül-üsul fi ehədisi r-rəsul adlı hədis kitabının isə 4 nüsxəsini hazırlatmalı idi. Kiməsiz uşaqlar məktəbi ( Beytut təlim-i eytam) – Bu bina Rəvzə içindəki ən böyük bina idi. Kompleksədki uşaqlar evində qalan 10 kimsəsiz uşaq burada təhsil alırdı. Xanəgah – ümumilikdə 8 otaq, salon və mətbəxdən ibarət idi. Burada 1 şeyx, 10 sufi, 1 qulluqçu, 1 suçu, 1 qapıçı, 1 işıqçı və 1 gözətçi yaşayırdı. Yeməkxana (Daruz-ziyafə) – Bu yer xanəgaha bağlı idi və kompleksin girişində yerləşirdi. Bura xanəgah camaatına, qonaqlara və qonşulara yemək və ziyafət verildiyi yer idi. Mətbəx və zəruri əşyaların (havayic-xana) yerləşdiyi yuxarı və aşağı mərtəbələrdən ibarət idi. Bunlardan sağda xanəgah əhalisi, solda isə qonaqlara müxtəlif yeməklər və gündə cəmi 65 mən (54.166 kq.) çörək verilirdi. Eyni zamanda, uzaq yerlərdən gələn səyyahlar üç gün burada qonaq edilir və qidalanırdılar. Kompleksdə bu yeməkxanadan əlavə Şəhristanda yerləşən daru'l-məsakində başqa bir aşxana da var idi. Xəstəxana (Darus-şəfa) – xəstəxana, dərman evi (şərab xanə),dərman anbarı (məhzən-i ədviyyə), mətbəx, gül suyu evi (gül-ab-xana) bəzi işçilərin iqamətgahları və tibb dərslərinin verildiyi rəvak-i mürtebin adlı binanın daxil olduğu binalar kompleksi. Bəzi tibb dərsləri ilə yanaşı, həkimin yaşadığı yer xəstəxananın sağ tərəfində, düz yanında yerləşirdi. Xəstəxanada; 1 həkim, 1 oftalmoloq, 1 cərrah, 2 feldşer, 1 əczaçı, 1 mühafizəçi, 1 aşpaz, 2 xəstə baxıcısı, 1 suçu, 1 xadimə və 1 qapıçı olmaqla ümumilikdə 13 nəfər çalışırdı. Mütəvəlli evi (Saray-i mütevelli-Beytül-mütəvəlli-Darül-mütəvəlli – Rəb-i Rəşidinin idarəsindən məsul olan qəyyumun qaldığı ev idi.Bina iki hissədən ibarət idi. O, Rəb-i Rəşidin əsas qapısının yanında, bir tərəfdən rəvza, digər tərəfdən darül-qütub və zirzəmi ilə bitişik idi. Rəb-i Rəşidiyə aid dəyərli əşyalar burada qorunurdu. Müşrif evi (Saray-i muşrif-Darül-muşrif) – İmarətdə maliyyə işləri və hesablar və qeydlərə nəzarət etmək üçün məsul olan şəxsin qaldığı ev idi. Bir tərəfdən xəstəxananın, digər tərəfdən isə xarici divarın (bara) yanında yerləşirdi. İki ayrı küçə vasitəsilə qəyyum evi və rəvzaya bağlanırdı. Nazır evi (Saray-i Nazir) – Bu, qəyyumun idarə baxımından köməkçisi olan şəxsin qaldığı ev idi. Memar Hacı Qəzvini tərəfindən tikildiyi qeyd olunan bu bina rəvzənin solunda yerləşirdi. Müxtəlif evlər (Hücrəha-yi səbat) – bu ev və onun otaqları hafizlər, tələbələr və digər məmurların iqamətgahı idi. Evlərin bəziləri xəstəxananın yuxarısında, bəziləri rəvzədə, bəziləri isə əczanın arxa tərəfində yerləşirdi. Hamam – kompleksdə hamam var idi. Bu hamamın icarəyə verilməsindən əldə edilən gəlir kompleksin ehtiyaclarına sərf edilirdi. Hovuz və ya su çəni (Həvz-xana) – yəqin ki, bura kompleksin sakinlərinin itifadəsi üçün nəzərdə tutulan suyun saxlandığı yer olub.Kompleksin su ehtiyacı kanallar vasitəsi ilə Təbriz ətrafındakı çaylardan təmin edilirdi. Saqqaya – mahiyyəti tam məlum olmasa da, su qoymaq/götürmək üçün yer olma ehtimalı böyük olan saqqayalar imaretin bir neçə yerində yerləşirdi. Bağça (Sərabistan) – Rəvzədəki qış məscidinin günbəzinin arxasında yerləşirdi. Qonaq evi və ya İki malikanə (Do Səraçə) – Rəb-i Rəşidiyə gələn qonaqlar üçün iki malikanə və ona bitişik digər evlər tikilmişdir. Bu quruluş Rəb-i Rəşidi məskəninin bir az yuxarısında və kənarında yerləşirdi. Böyük keçid (Dəhlizi Bozorq) və ya Böyük yol (memerr-i bazarq) – bazardan keçərək Rəb-i Rəşidinin əsas qapısına qədər (dərvaze) uzanırdı. Xəzinə (Hizanə) – qəyyumun evinə bitişik, son dərəcə qorunaqlı, vəqf gəlirlərinin toplandığı və mühafizə edildiyi yer idi. Gəlirlər burada sandıqlarda saxlanılır və ehtiyaca görə xərclər buradan istifadə olunurdu. Xəzinə sandıqlarını qəyyumlar, müşrif və nazirlər birgə möhürləyirdilər. Anbarlar (Ənbarha) – Burada anbarlar müxtəlif məqsədlər üçün tikilmişdir. Bu anbarlar müxtəlif yerlərdə yerləşir, burada çörək hazırlamaqda istifadə olunan dənli bitkilər və bir sıra qida ləvazimatları saxlanılırdı. Uşaqlar evi (Beytül əytam) – Salihiyyə məhəlləsindəki ictimai kompleksdə 10 yetim və kimsəsiz uşağın qaldığı bina idi. Burada atabəy adlı baxıcının nəzarəti altında olan uşaqlar yazıb-oxumağı öyrənmək üçün gündüzlər müəllimin yanına aparılırdı. Kitabxana (Beytül-kutub-Kitab-xanə) – Mütəvəlli binasının yanında yerləşirdi və bilavasitə ona tabe idi. Bu kitabxanada; bir kitabxanaçı və bir münavil işləyirdi. Kitabın dəyərinə bərabər depozit alındıqdan sonra kitablar yalnız bir ay ərzində kitabxanadan çıxarıla bilərdi. Fəzlullah Rəşidəddinin bir çox kitabının orijinal nüsxələri də bu kitabxanada saxlanılırdı. Türbə (Künbəd) və Hafiz otağı (Darül-huffaz) – vəqfin türbəsinin yerləşdiyi yer idi. Vaqifin (Fəzlullah Rəşidəddinin) vəfatından sonra cənazəsinin türbənin zirzəmisində dəfn edilməsi tapşırılmışdı.Türbənin yuxarısındakı qübbədə 24 hafiz, 3-3 formada növbələşərək gecə gündüz Quran oxuyurdular. Türbədə əlavə olaraq 1 açarçı, 1 xadimə çalışırdı. Əczaxana (Dara-xanə) – dərmanların hazırlanaraq xəstələrə paylandığı yer idi. Bazar ertəsi və cümə axşamı günləri qonaqlardan başlayaraq imarətdə qalanlara və yaxınlıqda yaşayan xəstələrə müəyyən qaydada dərmanlar paylanırdı. Çörəkxana – Rəb-i Rəşidi sakinlərinin gündəlik ehtiyacı olan 723 mən (gündə 602,475 kq, ildə 298,750 mən - 248,958 kq) yayda miftahül-əvbab adlanan yerdə, qışda isə nazirin evinin yanındakı çörəkxanada bişirilirdi. Çörəkxanada qul arvadlarının köməyi ilə İraq üsulu, Seycant, Siyavant kimi müxtəlif növ və çəkilərdə çörəklər bişirilirdi. Digər bəzi binalar (Bəzi imaret) – nizamnamənin mətninə görə, kompleksin xarici ətrafında müxtəlif məqsədlər üçün sonradan tikilmiş bəzi binalar varidi.