Aqil Səlim oğlu Qurbanov () — Azərbaycan Respublikası müdafiə nazirinin müavini — Baş direktor.

Həyatı Aqil Səlim oğlu Qurbanov 15 avqust 1986-cı ildə Bakı şəhərində anadan olub. 2004–2008-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. 2008–2009-cu illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olub. 2012–2014-cü illərdə London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində magistr təhsili alıb.

Aqil Qurbanov 2015–2019-cu illərdə "PAŞA Holding" MMC-də investisiyalar üzrə menecer olub. Daha sonra "Sumqayıt Texnologiyalar Parkı"nın Müşahidə Şurasının sədri vəzifəsində işləyib.

Azərbaycan Respublikasının Prezidentinin 9 dekabr 2022-ci il tarixli Sərəncamı ilə müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə 27 fevral 2023-cü ildə müdafiə nazirinin müavini — Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə, 13 iyul 2023-cü ildə isə müdafiə nazirinin müavini — Baş direktor vəzifəsinə təyin edilib.

18 mart 2024-cü ildə "Azərsilah"ın Müşahidə Şurasının sədri təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2025-ci tarixli Sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Ailəlidir, iki övladı var.

İstinadlar

Kateqoriya:Paşa Holdinqin işçiləri Kateqoriya:Azərbaycanın müdafiə nazirlərinin müavinləri