Amerika Yəhudi Komitəsi (American Jewish Committee) — 11 noyabr 1906-cı ildə yaradılmış yəhudilərin maraqlarının təbliğatını aparan qrup. Bu, ən qədim yəhudi təbliğat təşkilatlarından biridir və The New York Times-a görə, "geniş miqyasda Amerika yəhudi təşkilatlarının duayeni kimi qəbul edilir". 2009-cu ildən etibarən AYK özünü "Yəhudilərin və İsrailin təbliği üçün Qlobal Mərkəz" kimi təqdim edir.

Haqqında Amerika Yəhudi Komitəsi (AYK) beynəlxalq təbliğat təşkilatıdır və onun əsas diqqət mərkəzində olan məsələ yəhudilərin dini və mülki hüquqlarını beynəlxalq səviyyədə təbliğ etməkdir.

Təşkilatın ABŞ-də 22 regional ofisi, xaricdə 10 ofisi və dünya üzrə yəhudi icma institutları ilə 33 beynəlxalq tərəfdaşlığı mövcuddur.

AYK-nın proqram və şöbələrinə Afrika İnstitutu, Asiya Sakit Okean İnstitutu, Amerika Plüralizmi üzrə Belfer Mərkəzi, İnsan Hüquqlarının İnkişafı üzrə Yakob Blauşteyn İnstitutu, Müasir Yəhudi Həyatı, Hökumət və Beynəlxalq Münasibətlər, Harriet və Robert Haylbrun Beynəlxalq Dinlərarası Münasibətlər İnstitutu, Dinlərarası və Qruplararası Münasibətlər, Doroti və Yulius Koppelman Amerika Yəhudi-İsrail Münasibətləri İnstitutu, Latino və Latın Amerikası İnstitutu, Layihə Mübadiləsi, Lourens və Li Ramer Alman-Yəhudi Münasibətləri İnstitutu, Rusiya ilə Əlaqələr, Skandinaviyaya Təşəkkür, Transatlantika İnstitutu və Müsəlman-Yəhudi Məsləhət Şurası daxildir.

Tarixi

1900 – 1929 11 noyabr 1906-cı ildə 81 yəhudi əsilli amerikalı Amerika Yəhudi Komitəsini yaratmaq üçün Nyu-Yorkdakı Savoy hotelində bir araya gəldi. Qrup Rusiya İmperiyasında yəhudilərə qarşı qırğınlardan narahat idi. Komitənin rəsmi bəyanatında qurulma məqsədi ilə bağlı "yəhudilərin mülki və dini hüquqlarının pozulmasının qarşısını almaq və təqiblərin nəticələrini yüngülləşdirmək" qeyd edilmişdi.

İlk illərində təşkilata hüquqşünas Lüis Marşal, bankir Yakob H. Şif, hakim Mayer Sultsberger, alim Sayrus Adler və digər imkanlı və siyasi əlaqələri olan yəhudilər rəhbərlik edirdi. Sonrakı liderlər hakim Cozef M. Proskauer, Yakob Blauşteyn və İrvinq M. Encel idi. Nyu-Yorkdakı mərkəzi ofisdən əlavə, ölkə daxilində yerli ofislər də yaradıldı.

Lüis B. Marşal 1912–1929-cu illərdə təşkilatın sədri olmuşdur

1914-cü ildə AYK Birinci Dünya müharibəsinin yəhudi qurbanlarına kömək etmək üçün yaradılmış Amerika Yəhudi Birgə Paylaşım Komitəsinin yaradılmasına kömək etdi. Müharibədən sonra Marşal Avropaya getdi və sülh müqavilələrinə azlıqların hüquqlarını təmin edən müddəaların daxil edilməsi üçün öz imkanlarından istifadə etdi.

Marşal sədr vəzifəsində olarkən 1920-ci illərdə ABŞ-da tətbiq edilən immiqrasiya məhdudiyyətinə qarşı AYK-nı aparıcı qüvvəyə çevirdiyinə görə etibar qazanmışdı. Bundan əlavə, o, Henri Fordun antisemit ədəbiyyatı dərc etməsinə və onun avtomobil satıcıları vasitəsilə yayılmasına mane oldu və Fordu ictimaiyyət qarşısında üzr istəməyə məcbur etdi.

1930 və 1940-cı illər AYK 1930-cu illərdə Adolf Hitlerdən qaçan yəhudilər üçün sığınacaq yerləri tapmağı təklf edirdi, lakin bu məsələdə çox da uğur qazanmadı. 1939-cu ildə İkinci Dünya Müharibəsi başlayandan sonra AYK müharibənin demokratiya uğrunda olduğunu vurğulayırdı və Hitlerin anti-yəhudi siyasətinə diqqət çəkilməsini dəstəkləmirdi ki, yarana biləcək əks reaksiya bu müharibəni "yəhudi müharibəsi" kimi təsvir etməsin və ABŞ-da antisemitizmi gücləndirməsin.

1950-ci illər AYK qərəzin bölünməz olduğu və Birləşmiş Ştatlarda yəhudilərin hüquqlarının bütün amerikalıların bərabərliyi lehinə mübahisə edərək ən yaxşı şəkildə müdafiə oluna biləcəyi mövqeyi tutdu. AYK qərəzin səbəbləri və aradan qaldırılması ilə bağlı sosial-elmi tədqiqatları dəstəklədi və digər etnik, irqi və dini qruplarla ittifaqlar qurdu. Təşkilatın araşdırmasına 1954-cü ildə ABŞ Ali Məhkəməsinin məktəblərdə seqreqasiyanı qadağan etdiyi "Braun Təhsil Şurasına qarşı" işində istinad edilmişdi.

1950-ci ildə AYK sədri Yakob Blauşteyn İsrailin baş naziri David Ben-Qurion ilə razılığa gəldi və Amerika yəhudilərinin siyasi sədaqətinin yalnız onların yaşadıqları ölkəyə aid olduğunu bildirdi. 1967-ci ildəki Altı günlük müharibə ilə AYK yəhudi xalqının birliyini dəstəkləmək üçün yəhudi dövlətinin müdafiəçisi oldu.

1960 və 1970-ci illər Katolik Kilsəsi ilə birbaşa dialoq vasitəsilə AYK Roma Katolik Kilsəsinin 1965-ci il tarixli Nostra aetate sənədinə qədər və sonrakı illərdə yəhudi-xristian münasibətlərində əhəmiyyətli yüksəlişə yol açmaqda aparıcı rol oynadı. Amerika Yəhudi Komitəsi, Amerika Sinaqoq Şurası və Amerika Etika Birliyi ilə birlikdə ABŞ Ali Məhkəməsində baxılan "Encel Vitala qarşı" işində dövlət məktəblərində dua edilməsinin konstitusiyaya zidd olduğuna qərar verməyə çağırdı.

Altı günlük müharibədən əvvəl AYK rəsmi olaraq "qeyri-sionist" idi. Sionizmin yəhudilərə qarşı ikili sədaqət ziddiyyətindən irəli gələn, yəni eyni vaxtda həm ABŞ, həm də İsrailin maraqlarına xidmət etməyin mümkünsüzlüyü barədə ittihamlara məruz qoyacağı mübahisəli idi, lakin ABŞ Fələstinin bölünməsini dəstəklədikdən sonra AYK 1947–48-ci illərdə İsrailin yaradılmasını dəstəklədi. AYK həm də İsraildə daimi ofis açan ilk Amerika yəhudi təşkilatı oldu.

1970-ci illərdə AYK Ərəb Liqasının İsraili boykotuna qarşı çıxmaq üçün anti-boykot qanunvericiliyinin qəbulu uğrunda mübarizəyə rəhbərlik etmişdir. Xüsusilə, Yaponiyanın boykotdan çıxması AYK-nın fəaliyyəti ilə əlaqələndirilir. 1975-ci ildə AYK BMT-nin "Sionizm irqçilikdir" adlı 3379 saylı qətnaməsinə qarşı kampaniya aparan ilk yəhudi təşkilatı oldu. Nəhayət, 3379 saylı qətnaməyə qarşı aparılan kampaniya 1991-ci ildə həmin qətnamənin 4686 saylı qətnamə ilə ləğv edilməsi ilə uğurla nəticələndi. AYK İsrailin BMT-nin beş regional qrupundan biri olan WEOG-a (Qərbi Avropa və digərləri) qəbul edilməsinə kömək etməklə onun BMT-dəki diplomatik təcridinin qırılmasında aparıcı rol oynamışdır.

AYK Sovet İttifaqında yaşayan yəhudilərin mühacirət hüquqlarının əldə edilməsi kampaniyasında fəal iştirak edirdi və o, 1964-cü ildə Sovet Yəhudiliyi üzrə Amerika Yəhudi Konfransının yaradıcılarından biri oldu. Bu təşkilat 1971-ci ildə Sovet Yəhudiliyi üzrə Milli Konfransla əvəz olundu.

AYK 1973-cü ildə Mürrey Polnerin redaktoru olduğu yəhudi məsələlərinə dair "İndiki Zaman" (Present Tense) jurnalını yaratdı

1980 və 1990-cı illər 1982-ci ildə əsası qoyulan layihə mübadiləsi nüfuzlu amerikalılar üçün İsraildə seminarlar keçirir.

1987-ci ilin dekabrında AJC-nin Vaşinqton nümayəndəsi Devid Harris Sovet Yəhudiləri adından Azadlıq Bazar günü Yürüşünü təşkil etdi. Sovet hökumətindən yəhudilərin SSRİ-dən mühacirətinə icazə verməsini tələb edən mitinqinə Vaşinqtonda təxminən 250.000 adam qatıldı. 1990-cı ildə Devid Harris AYK-nın icraçı direktoru oldu. Onun rəhbərliyi altında AJC getdikcə beynəlxalq məsələlərə qarışmağa başladı. Həm ABŞ-da, həm də öz ölkələrində xarici diplomatlarla müntəzəm görüşlər hər ilin sentyabr ayında "diplomatik marafon" adlandırılan görüşlə, xarici ölkələrin BMT Baş Assambleyasının sessiyası üçün Nyu-Yorka toplaşan yüksək səviyyəli nümayəndələri ilə görüşlərlə tamamlanırdı. AYK-nın illik toplantısı daha çox hökumət rəsmiləri və xarici diplomatların iştirak edə bilməsi üçün Nyu-Yorkdan Vaşinqtona köçürüldü. 

1998-ci ildə AYK Almaniyada nümayəndəlik yaratdı və Berlində ofis açmaqla bunu edən ilk Amerika yəhudi təşkilatı oldu.

1999-cu ildə AYK NATO-nun Kosovoya müdaxiləsini dəstəkləyən reklam kampaniyası həyata keçirdi.

2000-ci illər 2000-ci ildə AYK dünyanın ən böyük yəhudi filmləri festivalı olan Corciya ştatının Atlanta şəhərində Atlanta Yəhudi Filmləri Festivalının yaradılmasına kömək etdi.

2001-ci ildə AYK Cenevrədə yerləşən BMT Watch ilə rəsmi tərəfdaş oldu.

AYK Brüsseldə 2004-cü ildə AYK Brüssel Transatlantik İnstitutunu açdı. Bu mərkəz öz missiyasının bəyanatına əsasən "qlobal təhlükəsizlik, Yaxın Şərqdə Sülh və insan hüquqları naminə transatlantik əməkdaşlığı" təşviq etmək üçün çalışır. Elə həmin il o, Amerika yəhudilərinin ictimai vəkilliyində yeni liderləri müəyyən etmək və öyrətmək üçün Rusiya İşləri Şöbəsini açdı. Paris, Roma, Mumbay və San-Pauluda başqa ofislər açıldı.

2005-ci ildə humanitar böhranlara cavab vermək üçün davam edən səylərin bir hissəsi olaraq, təşkilat ABŞ-da Cənubi Asiya sunamisinin və Katrina qasırğasının qurbanları üçün yardım fondlarına və yenidənqurma layihələrinə 2,5 milyon ABŞ dolları ayırdı.

2006-cı ilin may ayında Amerika Yəhudi Komitəsinin 100-cü İllik Toplantısını qeyd etmək üçün Vaşinqtonda 2000-ə yaxın insan toplandı. Prezident Corc Buş, BMT-nin Baş katibi Kofi Annan və Almaniya kansleri Angela Merkel komitənin şərəfinə verilən ziyafətdə iştirak etdilər.

2009-cu ildə qəbul edilmiş yeni strateji planın bir hissəsi olaraq, AYK özünü "İudaizmin və İsrailin təbliği üçün Qlobal Mərkəz" və "Qruplararası Münasibətlər və İnsan Hüquqları üzrə Mərkəzi Yəhudi ünvanı" kimi nəzərdə tutduğunu elan etdi. Onun yeni şüarı "Qlobal Yəhudi Təbliğatı" idi.

2010-cu ildə AYK illik konfransını "Qlobal Forum" adlandırdı.

2010-cu illər AYK-nın 2010-cu ildən bəri göstərdiyi diplomatik səylərə İranın nüvə silahına sahib olma proqramına qarşı çıxmaq; Avropa İttifaqının Hizbullahı terror təşkilatı elan etməsi üçün kampaniya; Almaniyada yəhudilərin sünnət etmək hüququnun qorunması; və Yunanıstan hökumətini neo-nasist Qızıl Şəfəq partiyasına qarşı tədbir görməyə çağırışlar daxildir.

Simon Vizental Mərkəzi və İudaizmin İslahatı Birliyi kimi digər agentliklərlə birlikdə AYK 2014-cü ilin ortalarında ABŞ Presviterian Kilsəsinin İsrail yaşayış məntəqələri ilə iş görən şirkətlərdən imtina etmək üçün atdığı addımı qınadı. AYK-nın bəyanatında qeyd olunurdu ki, sövdələşmə ABŞ-nin kilsə qrupunun "İsraili şeytaniləşdirən" bir addıdır və anti-sionist əhval-ruhiyyənin sübutu kimi "birtərəfli hesabatlara" və "Sionizm həll olunmayıb" kimi tədqiqat təlimatlarına istinad edir.Gruen, Sarah. "Jewish groups condemn US Presbyterian Church vote to divest from Israel " The Jerusalem Post. June 22, 2014.

2016-cı ildə AYK və Şimali Amerika İslam Cəmiyyəti Birləşmiş Ştatlarda yəhudilərin və müsəlmanların əleyhinə artan fanatizmi aradan qaldırmaq üçün Müsəlman-Yəhudi Məsləhət Şurasını yaratdılar.

22 fevral 2019-cu ildə AYK Otzma Yehudit partiyasını qınadı və onun fikirlərini "qınanmağa layiq" adlandırdı. AYK-nın bəyanatında deyilir ki, Otzma Yehuditin fikirləri "İsrail dövlətinin əsasını təşkil edən əsas dəyərləri əks etdirmir". AYK-nın bəyanatı Bayit Yehudi partiyasının Otzma Yehudit ilə birləşməsindən və yeni ortaq namizəd siyahısının növbəti Knessetdə yerlər və bəzi üzvləri üçün nazir postları qazanmaq üçün kifayət qədər səs qazanmaq ehtimalı yarandıqdan sonra verilmişdi. Otzma Yehuditin heç bir üzvü seçilmədi.

2020-ci illər 2020-ci ilin yanvar ayında AYK və Məkkədə yerləşən qeyri-hökumət təşkilatı olan Müsəlman Dünyası Liqası nasist almanlarının ölüm və konsentrasiya düşərgəsi olan Osventsimin azad edilməsinin 75-ci ildönümünü qeyd etmək üçün müsəlman və yəhudilərdən ibarət birgə nümayəndə heyətinə rəhbərlik etdilər. Səyahət indiyə qədər Osventsimə baş çəkmiş ən yüksək səviyyəli İslam nümayəndə heyəti idi. Səfər çərçivəsində Devid Harris və Müsəlman Dünyası Liqasının Baş Katibi Dr. Əl-İssa Osventsimin müsəlmanları və yəhudiləri necə birləşdirdiyinə dair Chicago Tribune-da birgə yazı dərc etdilər.

Ziddiyyətlər və tənqidlər

Holokost zamanı AYK-nın reaksiyası AYK Holokost zamanı "Amerikanın qapılarını qaçqınların üzünə açmaqdansa, Amerikada nativist əhval-ruhiyyəni saxlamağa çalışdı". Onlar Holokost zamanı reaksiya vermədikləri və susqunluq göstərdikləri üçün tənqid olundular. Tarixçi və AYK-nın Yəhudi İcması Məsələləri üzrə milli direktoru Stiven Beym AYK liderlərinin nasizmin unikallığını və onun "yəhudilərə qarşı müharibəsini" heç vaxt başa düşmədiyini söylədi.

Yeni antisemitizm