Firudin Əli oğlu Əliyev () — Azərbaycan neft mühəndisi, dövlət xadimi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi və büro üzvü (1983), Azərbaycan SSR Ali Sovetinin 9–10-cu çağırış deputatı.

Həyatı Firudin Əli oğlu Əliyev 1936-cı il fevralın 2-də Tovuz rayonunun Yanıqlı kəndində doğulmuşdur. 1953-cü ildə Tovuz şəhər orta məktəbini bitirərək Azərbaycan Sənaye İnstitutuna daxil olmuş, 1958-ci ildə institutu bitirdikdən sonra neft sənayesi sahəsində operator, quyuların yeraltı təmiri ustası, "Əzizbəyovneft" mədən idarəsinin şöbə rəisi, "Azneft" Birliyi Neftçıxarma İdarəsinin böyük mühəndisi vəzifələrində çalışmışdır.

1966-cı ildə Firudin Əliyev "Azərneftsənayemaş" Birliyi xüsusi konstruktor bürosunun baş mühəndisi təyin edilmiş, 1972–1975-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunun direktoru vəzifəsində işləmişdir. 1975-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin kimya və neft sənayesi şöbəsinin müdiri təsdiq edilmişdir. 1983-cü ilin fevral ayında Azərbaycan KP MK bürosunun üzvü və MK katibi seçilmişdir.

Firudin Əliyev 1961-ci ildə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilmişdir. 9-cu və 10-cu çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş və Azərbaycan SSR Ali Soveti sənaye komissiyasının üzvü olmuşdur. Azərbaycan Kommunist Partiyasının 29 və 30-cu qurultaylarında Firudin Əliyev Azərbaycan KP MK tərkibinə seçilmişdir. O, "Qırmızı əmək bayrağı" ordeni və SSRİ medalları ilə təltif edilmişdir.

Firudin Əliyev 11 sentyabr 1983-cü ildə vəfat etmişdir. Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri