Azərbaycanın sovetləşdirilməsində Türkiyənin müdaxiləsi — Mustafa Kamal Paşanın rəhbərlik etdiyi Türkiyə Böyük Millət Məclisi hökuməti və Ənvər Paşanın rəhbərlik etdiyi "gənc türklər" qruplaşmasının Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələnən Aprel işğalına gedən yolda və işğal prosesində rolu.

Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyası Antanta dövlətləri tərəfindən parçalanmışdı. Bundan sonra Türkiyədə Mustafa Kamal Paşanın başçılığı ilə milli azadlıq hərəkatı başlamışdı. Kamalçılar Sovet Rusiyası ilə ittifaqın qurulmasını dəstəkləyir və britaniyayameylli olduğunu ittiham etdikləri Müsavat Azərbaycanında bolşevik inqilabı istəyirdilər. Mustafa Kamal özü Osmanlının Azərbaycandakı fəaliyyətlərini tənqid etmiş və pantürkizmdən uzaqlaşaraq Türkiyəni birinci sıraya qoyan milliyətçilik növünə üz tutmuşdu.

1919-cu ildən başlayaraq Mustafa Kamal və Ənvər Paşa Azərbaycan vasitəsilə bolşeviklər ilə ittifaq qurmaq üçün mübarizə aparmağa başlamışdılar. Bu zaman kamalçı Fuad Sabit, Xəlil Paşa və "gənc türklər"dən Baha Səid Bakıda Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin əleyhinə fəaliyyətə başladılar. Bu dövrdə Şərq cəbhəsi komandanı Kazım Qarabəkir bolşeviklərin maddi və silah yardımının intensivləşməsi üçün "Qafqaz səddi" adlandırdığı maneəni aradan qaldırmağı özünə hədəf qoymuşdu.

Qarabəkir, eləcə də azərbaycanlı və türkiyəli kommunistlərin əhəmiyyətli bir qismi Qızıl Ordunun hərbi müdaxiləsini yox, Azərbaycanda daxili inqilab nəticəsində hökumətin dəyişməsini arzulayırdı. Buna baxmayaraq, Qarabəkirin səyləri uğursuz alınmışdı. IX Qızıl Ordunun Bakıya hücum əməliyyatında çoxsaylı türkiyəli kommunist, o cümlədən Xəlil Paşa və Baha Səid iştirak etmişdi. Bundan başqa, Bakıda fəaliyyət göstərən türkiyəli zabitlər əməliyyatdan əvvəl Azərbaycanda təbliğat işləri ilə məşğul olmuş, Qızıl Ordunun Azərbaycandan keçərək Türkiyəyə kömək göndərdiyini iddia etmişdilər. Azərbaycanda bu iddialara inam artmışdı və hətta Nəsib bəy Yusifbəyli hökumətinin istefasından sonra müvəqqəti olaraq dövlət başçısı olmuş Məmmədhəsən Hacınski də bununla razı idi.

Azərbaycan Sovet Sosialist Respublikasının qurulmasından sonra onu tanıyan və səfir göndərən ilk ölkə Türkiyə olmuşdur. Məmduh Şövkət Esendal 1924-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının xarici siyasi funksiyalarını itirməsinə qədər Türkiyənin Azərbaycandakı səfiri olmuşdur. Türkiyənin bu prosesdə rolu Azərbaycan milliyətçiləri arasında məyusluğa səbəb olmuşdu. Hər halda, 1920-ci ildən sonra Türkiyə Azərbaycan siyasi mühacirəti üçün əsas məkanlardan birinə çevrilmişdi.

Zəmin Birinci Dünya müharibəsi Osmanlı imperiyası üçün tamamilə fəlakət ilə başa çatmışdı. Mudros barışıq müqaviləsinin imzalanmasından dərhal sonra Antanta dövlətləri keçmiş imperiyanın ən mühüm hərbi-strateji regionlarını, o cümlədən İstanbulu işğal etməyə və faktiki olaraq dövləti bölməyə başlamışdılar. Britaniya, Fransa, İtaliya qoşunları desant qoşunlarını çıxararaq ölkənin bir sıra ərazilərini işğal etmişdilər. 1919-cu ilin mayında Yunanıstan ordusu İzmirə desant endirdikdən sonra Türkiyədə komandir Mustafa Kamal Paşanın başçılığı ilə milli azadlıq hərəkatı başlamışdır.

Mudros barışığından sonra Osmanlı qoşunları Azərbaycanı tərk etmişdi, lakin Azərbaycandakı Türkiyə faktoru aradan qalxmamışdı. Türkiyənin ölkədəki nüfuzunun bariz göstəricisi Azərbaycan ordu sıralarına qoşulmuş keçmiş Osmanlı hərbi qulluqçuları və məktəb müəllimləri vasitəsilə müşahidə olunurdu. Bundan əlavə, Kamal Paşa Antanta dövlətlərinə qarşı başlatdığı azadlıq hərəkatı Azərbaycanda yerli əhali arasında Türkiyənin nüfuzu yenidən yüksəltmişdi. Türkiyə İstiqlaliyyət müharibəsi Azərbaycan ictimaiyyətinin müxtəlif təbəqələrindən əhəmiyyətli və artan dəstək almışdı. Tərəfdarlar arasında Türkiyədə milliyyətçilərin yerini sonda "gənc türklər"in alacağına inanan panislamçılar, Türkiyədə baş verənləri qlobal antiimperialist hərəkatın başlanğıcı kimi qiymətləndirən solçular, dar Azərbaycan milliyətçiliyinə qarşı olanlar var idi.

Birinci Dünya müharibəsinin son günlərində Osmanlı imperiyasının hərb naziri, "gənc türklər" hərəkatının əsas fiqurlarından olan Ənvər Paşa Türkiyədə xarici qüvvələrə qarşı əməliyyatlar aparmaq üçün Bakını strateji bazaya çevirməyi qarşısına məqsəd qoymuşdu. Buna baxmayaraq, o, uğur qazana və Azərbaycanın paytaxtına çata bilməmişdi. Onun ögey qardaşı, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa da eyni məqsəd güdürdü və barışıqdan sonra Osmanlı qüvvələrini Azərbaycan yurisdiksiyasına keçirməyə cəhd göstərmişdi.

Türkiyə milliyətçiləri Qafqaz republikalarının hesabına gəlsə belə, Rusiya ilə əməkdaşlığa razı idilər. Kamal Paşa bolşevizmi milli azadlıq hərəkatının ideologiyasına çevirməyi məqbul saymasa da Sovet Rusiyası ilə əməkdaşlığın "Qərb imperializminə qarşı mübarizə"də üstünlüklər verə biləcəyinə inanırdı. O, 1919-cu ilin yayında Ərzurum konqresində əhalini "rus xalqının xarici müdaxiləyə qarşı qəhrəmancasına mübarizəsindən ilham almağa" təşviq etmişdi. Türkiyənin siyasi ənənəsi azərbaycanlıları Rusiyanın təsirindən qurtulmaq və müstəqilliklərini qorumaq üçün Türkiyəyə təbii müttəfiq kimi baxmağa səbəb olmuşdu. "Gənc türklər" Türkiyənin xarici siyasətində panislamizm və pantürkizm ideyalarını təbliğ etmiş, 1918-ci ildən sonra da bu ideyaları dəstəkləməkdə davam etmişdilər. Buna baxmayaraq, Mustafa Kamal bu proqramların hər ikisini Türkiyənin Rusiya ilə dostluq münasibətlərinin saxlanması zərurətinə uyğun gəlmədiyi üçün qətiyyətlə rədd etmişdi. Həmçinin, bu ideologiyalar Türkiyənin maraqlarını hər şeydən üstün tutan Mustafa Kamalın özünəməxsus milliyətçilik forması ilə toqquşurdu.

Mustafa Kamal Paşa özü Osmanlının Qafqaz cəbhəsində fəaliyyətləri, Azərbaycana ordu göndərməsini tənqid edirdi. O, bildirmişdir: "Müharibə zamanı hökumətimizin başında duran şəxs Qafqazın fəthi, Azərbaycan hökumətinin möhkəmlənməsi və Misirin geri alınması üçün Osmanlı qoşunlarından istifadə etdi. Bu siyasət nəticəsində çox böyük ərazilər itirmişik. Çoxlu münbit torpaqlar əlimizdən alınıb. Ermənistandakı bədbəxt müsəlman xalqın yardımına getməkdən və Azərbaycan müsəlmanları ilə bir düşüncə ilə hərəkət etməkdən çəkinərək vətən və millətin indi cızdığı sərhədlər daxilində məqsədlərinizi həyata keçirməyi zəruri hesab edirik". İngilislərin "bolşevik" və "kamalist" inqilabları arasında kordon kimi istifadə etməyə çalışdıqları Cənubi Qafqaz dövlətləri onların arasında sədd rolunu oynayırdı. Həm kamalçılar, həm də "gənc türklər" bolşeviklərlə kommunikasiya yolu axtarırdılar və bunun üçün ən uyğun məkanlardan biri də Azərbaycan kimi görünürdü.

Danışıqlar və təbliğat Birinci Dünya müharibəsindən sonra Azərbaycanın siyasi məkanında ortaya çıxmış ilk türkiyəlilərdən biri Nuru Paşa olmuşdur. O, 1919-cu ilin əvvəlində Britaniya qoşunları tərəfindən həbs edilmiş və Batumda həbsdə saxlanılmışdı. 1919-cu ilin avqustunda tərəfdarları Nuru Paşanı müşayiət edən mühafizəçiləri pusquya salaraq qaçmasına kömək etmişdilər. O, daha sonra Dağıstanda Denikinə qarşı döyüşə qatılmış, Dağlılar Respublikası süqut etdikdən sonra Bakıya köçmüşdür. Nuru Paşa 1919-cu ilin sentyabrında burada yarırəsmi Türkiyə Xalqının Nümayəndəliyini yaratmışdı. Bu nümayəndəliyin əsas məqsədi Türkiyədə mübarizəyə dəstək, o cümlədən Azərbaycandan maliyyə yardımı axtarmaq idi. Buna baxmayaraq, Azərbaycan hökuməti bu məsələdə fikir ayrılığına düşmüş və nəticədə ingilislərin özgəninkiləşdirilməsi ilə bağlı narahatlıqlara görə aydın mövqe nümayiş etdirməkdən çəkinmişdi. Bu ərəfədə Kazım Qarabəkir Azərbaycana ultimatum irəli sürmüşdü. Şərtlərə görə, Türkiyədəki hərəkət qələbə çalacaq, "tez vəya gec erməniləri əzərək Qafqaza hakim olacaq", "Antantanın Ermənistan və Azərbaycana əsgər göndərəcəyi halda körpülər və tunellər dağıdılacaq, hərbi ləvazimatlara əl qoyulacaq", Azərbaycan bolşeviklər ilə razılığa gələcək və son olaraq, Azərbaycan ordusu "bolşeviklərin Arpaçay sahillərinə qədər gəlməsinə mane olmayacaq".

Bu hadisədən sonra Azərbaycanda türkiyəlilər hümmətçilər ilə əlaqə qurmağa başlamışdılar. Burada danışıqları aparan Nuru yox, Mustafa Kamala daha yaxın olan Fuad Sabit idi. O, oktyabr ayında Mustafa Kamalın tapşırığı ilə mart ayında Bakıda Türkiyə Kommunist Firqəsini təsis etmişdi. Partiyanın əsas məqsədlərindən biri də Ankara hökuməti ilə sovet hökumətinin yaxınlaşmasına təkan vermək idi. Onlar həmçinin, bolşeviklər ilə ittifaq qurmağa çalışan başqa bir qrup – Karakol cəmiyyətini sıxışdıraraq regionda türkiyəli kommunistlərin yeganə səlahiyyətli təmsilçisi olmağı planlaşdırırdılar. Fuad Sabit burada həmçinin, sovet casusları ilə əməkdaşlıq edərək Azərbaycan Xalq Cümhuriyyətinin əleyhinə fəaliyyət göstərirdi. Bundan başqa, Bakıda türkiyəlilərdən formalaşmış üçüncü bir kommünist qrupa Mustafa Sübhi rəhbərlik edirdi.

Xəlil Paşa Türkiyə ilə bolşeviklər arasında başqa bir kommunikasiya kanalının qurulmasında həlledici rol oynamışdı. Mustafa Kamal Xəlilin imkanlarından istifadə etmək fürsəti görmüş, onu Anadoludan uzaqlaşdırmaq qərarına gəlmişdi. Xəlil Paşa Ənvər Paşanın qohumu və Osmanlı Şərq Ordusu Qrupunun keçmiş komandanı olmuşdu. O, Osmanlı sultanı VI Mehmedin göstərişi ilə həbs olunmuş, lakin oradan qaçaraq və Ankara hökumətinə qoşulmuşdur. Kamal Xəlilin təcrübəsinin və görkəmli bir "gənc türk" kimi nüfuzunun dəyərləndirmişdi. Beləliklə, o, Sovet Rusiyasından hərbi yardım təşkil etmək məqsədilə Xəlili Cənubi Qafqaza gizli ezamiyyətə göndərmişdi.

thumb|left|311x311px|Nağı Şeyxzamanlıya görə, Xəlil Paşa Azərbaycanın sovetləşdirilməsində önəmli rol oynamışdır.

1919-cu ilin dekabrına kimi Xəlil Azərbaycana çatmış və orada Bolşevik Vilayət Komitəsinin üzvləri ilə əlaqə yaratmışdı. Xəlil Paşa xarici işlər komissarı Çiçerin və köməkçisi Karaxan ilə görüşərək antiimperialist cəbhə təklifi irəli sürmüş, hərbi və maliyyə yardımı istəmişdi. Türkiyə nümayəndə heyətinin tərkibində olan Fuad Sabit də Anadolu hərəkatının xüsusiyyətlərini Çiçerinə danışmışdı. Sonra hərb komissarı Lev Kamenev ilə məsləhətləşərək məxfi saxlanılmaq şərti ilə bir milyon lirə dəyərində qızıl, 60 min tüfəng, 108 pulemyot və 12 ağır artilleriya verilməsi razılaşdırılmışdır. Nuru Paşanın Azərbaycanda fəaliyyətinə görə ləngimə olsa da, 2 iyul 1919-cu ildə yardım komitəsi yola düşmüşdür.

Digər tərəfdən, Nuru Paşa bolşeviklərə qarşı güclü həvəs göstərirdi və 1918-ci ilin iyunundan Müsavat hökumətinə qarşı dərin düşmənçilik bəsləyirdi. O, Azərbaycanda siyasi təsirini genişləndirmək üçün İttihad Partiyası ilə sıx əlaqə qurmuşdu. Nuru Paşa müstəqil Azərbaycan dövlətinin qurulmasına qarşı çıxan həm sağçı, həm də solçu qüvvələrin koalisiyasını təmsil etməyə başlamışdı. Azərbaycandakı türkiyəli zabitlər Bakıda rejimin dəyişməsini səbirsizliklə gözləyirdilər, çünki onlar inanırdılar ki, Sovet Azərbaycanı bolşevik Rusiyasını kamalçı Türkiyəyə yaxınlaşdıracaqdı. Ənvər Paşanın əmri ilə yaradılmış Karakol cəmiyyəti 1919-cu ilin noyabrında qurucularından Baha Səid bəyi Bakıya göndərmişdi.

Artıq həmin ayda Azərbaycanın özündə olan türkiyəli zabitləri qeyri-qanuni toplantıya toplaşaraq Müsavat hökumətinə qarşı mübarizədə Kommunist Partiyasına bütün gücləri ilə dəstək verəcəklərini vəd etmişdilər. Müsavatçılara xidmət edən bəzi türklər, məsələn, 1919-cu ilin sonundan 1920-ci ilin əvvəllərində Lənkəran qarnizonunun əsas hissəsini təşkil edən Şirvan alayının zabiti Hulusi Məmmədzadə əsgərlər arasında sovet hakimiyyəti lehinə təbliğat aparırdılar. Azərbaycan kommunistləri Türkiyədə milli azadlıq hərəkatının rezonansından istifadə edərək xalq arasında yayılmış panislamçı və pantürkçü ritorikaya toxunmuşdular. Onlar öz təbliğatları ilə Azərbaycanı Britaniyanın kukla dövləti olmaqda günahlandırmış və Türkiyə ilə apardıqları müharibəyə istinad edərək britaniyalıların Azərbaycanın müstəqilliyində o qədər də maraqlı olmadıqlarını bildirmişdilər.