Atabəy Şahmur oğlu Cahangirov () — Azərbaycan ictimai-siyasi xadimi, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Saatlı Rayon Sovetinin sədri (1991), Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin birinci katibi (1987–1991).

Həyatı Atabəy Şahmur oğlu Cahangirov 7 iyul 1951-ci ildə Saatlı rayonunun Novruzlu kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmiş, əmək fəaliyyətinə 1970-ci ildə Nəriman Nərimanov adına kolxozda aqronom kimi başlamışdır. Bu vəzifədə 1975-ci ilə qədər işləmiş, eyni zamanda kolxozun ilk komsomol təşkilatının katibi olmuşdur. Azərbaycan LKGİ Saatlı Rayon Komitəsinin ikinci, sonra isə birinci katibi vəzifələrinə seçilmişdir.

Atabəy Cahangirov 1975–1981-ci illərdə Azərbaycan LKGİ Saatlı Rayon Komitəsində işləmişdir. 1981–1987-ci illərdə Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin katibi olmuş, 1987-ci ildə həmin komitənin birinci katibi seçilmişdir. Saatlı Rayon Sovetinin sədri olmuş, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 28 iyul 1992-ci ildə vəzifəsindən azad edilmişdir.

Atabəy Cahangirov Azərbaycan Ali Sovetinin XII çağırış deputatı seçilmiş, Ekologiya və təbii ehtiyatlardan istifadə olunmasına nəzarət komissiyasının, sonra isə Milli siyasət və millətlərarası münasibət məsələləri komissiyasının üzvü olmuşdur.

Atabəy Cahangirov 5 fevral 2022-ci ildə vəfat etmişdir. Kardioloq Tofiq Cahangirovun qardaşı idi.

İstinadlar

Kateqoriya:Saatlı Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Saatlı Rayon Komitəsinin birinci katibləri