Həzrət Əbdürrəhman oğlu Süleymanov () — Azərbaycan-sovet dövlət xadimi, SSRİ Tədarük Nazirliyinin Azərbaycan SSR müvəkkili (1942–1953), Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin birinci katibi (1940–1942).

Həyatı Həzrət Əbdürrəhman oğlu Süleymanov 1902-ci ildə Zaqatala dairəsinin İlisu kəndində anadan olmuşdur. 9 yaşında Bakıya gələrək natamam təhsil almışdır. Əmək fəaliyyətinə 1917-ci ildə tərcüməçi olaraq başlamış, 1920-ci ildə Qax Nahiyə İnqilab Komitəsinin sədri olmuşdur. 1923-cü ildə istehlak kooperasiyası sistemində işləməyə göndərilmiş, 1931-ci ilədək Zaqatala İstehlak Cəmiyyətinin sədri olmuşdur.

Həzrət Süleymanov 1931-ci ildə Zaqatala Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri təyin edilmiş, 1934-cü ildə isə "Azərittifaq"ın rəyasət heyətinin üzvü seçilərək çörək ticarəti və tədarük idarələrinə başçılıq etmişdir. 1938-ci ildə Göyçay Rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, 1940-cı ildə isə Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1942-ci ildən SSRİ Xalq Tədarük Komissarlığının (1946-cı ildən SSRİ Tədarük Nazirliyinin) Azərbaycan SSR müvəkkili, 1953-cü ildən isə Azərbaycan SSR kənd təsərrüfatı və tədarük nazirinin müavini vəzifələrində çalışmışdır. Həzrət Süleymanov Sov.İKP MK yanında Ali Partiya Məktəbində təhsil almış, buranı 1953-cü ildə bitirmişdir. 1962-ci ildə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini vəzifəsinə təyin edilmişdir.

Həzrət Süleymanov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin II, IV və V çağırış deputatı seçilmişdir. "Qırmızı əmək bayrağı", "Şərəf nişanı", 1-ci dərəcəli "Vətən müharibəsi" ordenləri ilə, bir sıra medallarla, eləcə də Ümumittifaq Kənd Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl medalı ilə təltif edilmişdir.

Həzrət Süleymanov 1970-ci ilin avqust ayında vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan Kommunist Partiyası Göyçay Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Göyçay Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Zaqatala Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin II çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IV çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin V çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri