Oqtay Əsgər oğlu Kərimov () — Azərbaycan Respublikası daxili işlər nazirinin müavini (2022-ci ildən), polis general-leytenantı (2023).
Həyatı Oqtay Əsgər oğlu Kərimov 6 iyun 1967-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Simferopol Ali Hərbi-Siyasi İnşaat Məktəbini, 1997-ci ildə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirmişdir.
Oqtay Kərimov 1988–1990-cı illərdə SSRİ Silahlı Qüvvələrində bölük komandirinin müavini, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyindəki nizami polis hissəsində bölük komandirinin müavini və bölük komandiri olmuşdur. 1992-ci ildən 2015-ci ilədək DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsində inspektor, baş inspektor, şöbə rəisi, Baş idarə rəisinin müavini, 2015–2016-cı illərdə DİN-in Daxili Qoşunlarında Qərargah rəisinin birinci müavini, 2016–2022-ci illərdə isə Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifələrində xidmət etmişdir. 16 dekabr 2022-ci ildə Azərbaycan Respublikası daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilmişdir.
Oqtay Kərimova 29 iyun 2017-ci ildə polis general-mayoru, 25 iyun 2023-cü ildə polis general-leytenantı isə ali xüsusi rütbələri verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 30 iyun 2004-cü ildə "İgidliyə görə" medalı, 1 iyul 2015-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 29 iyun 2018-ci ildə "Vətən uğrunda" medalı, 2 iyul 2021-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.
Ailəlidir, üç övladı var.
İstinadlar
Kateqoriya:Azərbaycan DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisləri Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycan Respublikasının daxili işlər nazirlərinin müavinləri