Xalxin-Qol döyüşü (; ) — 1939-cu ilin 11 may-16 sentyabr tarixləri aralığında Sovet Sosialist Respublikaları İttifaqı ilə Yaponiya imperiyası arasında baş vermiş silsilə toqquşmalar. Xalxin-Qol döyüşü 7 il 6 ay davam etmiş Sovet-Yapon sərhəd münaqişəsinin həll edici fazası hesab olunur. SSRİ tərəfdən Monqolustan Xalq Respublikası, Yaponiya imperiyası tərəfindən isə Mançjou-qo döyüşlərə cəlb edilmişdir.
11 may 1939-cu ildə atları üçün otlaq sahəsi axtaran 90 nəfərlik süvari monqol birliyinin mübahisəli əraziyə daxil olması sonradan sözügedən müharibənin başlamasının əsas səbəblərindən biri kimi göstərilməkdədir. Döyüşün adı toqquşmaların baş verdiyi Xalxin-Qol çayından götürülüb.
Yapon mənbələrində döyüş münaqişəsinin həlledici toqquşmasının baş verdiyi Nomonhan kəndinin adına uyğun olaraq Nomonhan olayı () kimi qeyd edilir. Sözügedən kənd Daxili Monqolustan Muxtar Rayonunun ərazisində yerləşir. Döyüşlər Yaponiya imperiyasının VI ordusunun məğlubiyyəti ilə nəticələnmişdir.
Arxa plan
1931-ci ildə Yaponiya imperiyası tərəfindən Mancuriyanın işğal edilməsindən sonra yaponların hərbi maraqları həmin ərazilərlə həmsərhəd olan sovet torpaqlarına doğru çevirilmişdir. Sovet-Yapon sərhəd münaqişəsinin ilk böyük toqquşması hesab olunan Xasan gölü döyüşü 1938-ci ildə indiki Primorsk diyarının sərhədləri daxilində baş vermişdi. Mançuriya sərhədində tez-tez yapon və sovet qoşunları arasında toqquşmalar baş verirdi.
1939-cu ildə Mançuriya ərazisində yaradılmış və Yaponiya imperiyası tərəfnidən idarə edilən Mançjou-qo kukla dövləti yaponları, Monqolustan Xalq Respublikası isə sovetlərlər mütəffiqlik münasibətlərinə malik idi. Yaponlar Mançjou-qo və Monqolustan Xalq Respublikası arasındakı dövlət sərhəddinin Buir gölünə tökülən Xalxin-Qol çayı olduğunu iddia edirdilər.
Bunun əksinə olaraq, monqollar və onların sovet müttəfiqləri sərhədin çaydan təxminən 16 kilometr şərqdə, Nomonhan kəndinin şərq sərhədləri boyunca uzandığını iddia edirdilər. –
Mancuriyanın işğal edilməsi əməliyyatlarına yaponların ən nüfuzlu və ali hərbi birləşməsi hesab olunan Kvantunq ordusu rəhbərlik etmişdi. 1940-cı ildə sayları 300 minə yaxınlaşan Kvantunq əsgərləri Yaponiya imperiyası ilə Sovet Sosialist Respublikaları İttifaqı arasındakı dövlət sərhəddini əsas qoruyucuları hesab olunurdu. General Michitaro Komatsubara rəhbərliyində yeni yaradılmış 23-cü Piyada Diviziyası indiki Daxili Monqolustan Muxtar Rayonunun Hailar şəhəri ərazisində yerləşirdi. Yeni yaradılmış qarnizon və bir necə sərhəd birləşməsi ümumilikdə VI yapon ordusuna tabe idi.
23-cü Piyada Diviziyası Kvantunq ordusunun ən təcrübəsiz və ən yeni hərbi birləşməsi idi. Sözügedən diviziya köhnəlmiş avadanlıqlarla təchiz edilmişdi və yapon hərbi mütəxəssisləri 23-cü diviziyanın döyüş qabiliyyətini orta səviyyədən aşağı kimi qiymətləndirirdilər.
Ərazidəki sovet qoşunları Transbaykal Hərbi Dairəsinə tabe 57-ci Xüsusi Korpusdan ibarət idi. Bu korpus Sibir və Mancuriya arasındakı sərhədin müdafiəsinə cavabdeh idi. Monqolustan Xalq Respublikasının qoşunları əsasən süvari briqadalardan və yüngül artilleriya bölmələrindən ibarət idi. Həmin bölmələr döyüş zamanı effektiv və çevik olduqlarından müəyyən uğurlar əldə etsələr də, yetərli sayda zirehləri və canlı qüvvələri yox idi.
1939-cu ilin 2 iyul tarixində müdafiə kommisarı Kliment Voroşilov İosif Stalinin bölgə ilə bağlı narahatlığını Georgi Jukova çatdırır və onun Monqolustana getməli olduğunu bildirir. İosif Stalin Transbaykal Hərbi Dairəsinin komandirindən razı deyildi və Yaponiya imperiyası tərəfindən bölgədə SSRİ-yə qarşı aparılan ekspansionist siyasətindən narahat idi.
1939-cu ildə başqa bir göstəriş Yaponiya Nazirlər Kabineti tərəfindən Kvantunq ordusuna göndərilmişdi. Həmin göstərişdə Monqolustan Xalq Respublikası və Sovet Sosialist Respublikaları İttifaqı ilə sərhəd bölgələrində təhlükəsizliyin güclədirilməsi və mümkün təxribatlara qarşı hazırlıqlı olmaqla bağlı təlimatlar əks olunmuşdur.
Yaponiya imperiyasının ana torpaqlarında xeyli uzaqda Mancuriya bölgəsində yerləşdirilmiş Kvantunq ordusu gözdən uzaqda olması səbəbindən zaman-zaman mərkəzdən gələn əmrlərə tabe olmurdu və özünü müstəqil hərbi birləşmə kimi aparmaqda idi.
Döyüş
May: Toqquşmalar 1939-cu ilin 11 may tarixində təxminən 70–90 nəfərlik monqol süvari birliyi öz atları üçün otlaq sahəsi axtarmaq məqsədilə həmin zamanlar tərəflər arasında mübahisəli ərazilər kimi tanınan torpaqlara daxil olmuşdur. Süvarilərin sözügedən otlaqlara səhvən yoxsa məqsədli şəkildə daxil olmaqları məlum deyil. Monqol atlıların mübahisəli ərazilərə daxil olduğunu görən Mançjou-qo əsgərləri monqollara hücum edərək onları Xalxin-Qol çayının ərazisindən kənarlaşdırmışdır. 13 mayda monqollar daha çox qüvvə ilə yenidən çıxarıldıqları əraziyə geri qayıtdılar və bu dəfə Mançjou-qolular onları çıxara bilmədilər.
14 mayda odpolkovnik Yaozo Azuma polkovnik Takemitsu Yamaqatanın rəhbərliyi altında 64-cü Piyada alayı tərəfindən dəstəklənən 23-cü Piyada Diviziyasının kəşfiyyat bölüyünün ərazidəki fəaliyyətləri nəticəsində monqollar geri çəkilmişdir.
SSRİ və Monqolustan qoşunlarının növbəti gün yenidən əraziyə qayıtmasından sonra Azuma rəhbərliyi altındakı birliklər əks-hücum əməliyyatlarına keçdi, ancaq Sovet-Monqolustan qüvvələri 28 may tarixinə qədər Azumanın rəhbərlik etdiyi bütün qüvvələri mühasirəyə alaraq məhv etmişdir. –
97 nəfər itki verən yaponlar 8 zabitlərini itirdilər və 33 nəfər isə müxtəlif dərəcəli yaralanmalarla xilas olmağı bacarmışdır. Sovet qoşunlarına həmin zaman Uzaq Şərq Cəbhəsinin komandanı olan Qriqori Ştern rəhbərlik etmişdir.
İyun: Eskalasiya Qısa toqquşmalarla bir nəticə əldə edilə bilməyəcəyini anlayan tərəflər qısa zamanda ərazidəki hərbi qüvvələrini artırmaq qərarına gəldilər. Yaponlar 30 mindən çox canlı qüvvəni əsas adadan bölgəyə göndərmiş, SSRİ isə İosif Stalinin ən çox güvəndiyi generallardan ola Georgi Jukovu çoxlu sayda hərbi birləşmə ilə birlikdə ərazidə yerləşdirmişdir. Georgi Jukovla birlikdə mərkəzdən göndərilən Sovet ordusunun Aviasiya general-leytenantı Yakov Smuşkeviç aviasiya bölməsindən məsul şəxs kimi sovet təyyarəçilərinin bölgədəki fəaliyyətlərini koordinasiya etməkdə idi.
Georgi Jukovun bir digər müavini vəzifəsinə isə Monqolustan Xalq İnqilabi Ordusunun korpus komissarı J. Lxaqvasuren təyin edilmişdir. 27 iyun tarixində Yaponiya imperiya ordusunun Hərbi Hava Qüvvələrinə mənsub II Hərbi Hava Briqadası Monqolustan ərazisində yerləşən Tamsak-Bulaqdakı sovet aviabazasına zərbələr endirmişdir.
Yaponlar bu döyüşün qalib tərəfi olsalar da, sonradan məlum oldu ki, Kvandunq ordusu həmin avia zərbələr üçün Tokiodan icazə almayıb. Hadisənin daha çox böyüməsinin qarşısını almaq məqsədi ilə rəsmi Tokio Mancuriyadakı qoşunlarına sovet aviabazalarına qarşı bir daha hava zərbələri endirməməyi əmr etmişdir.
İyun ayı boyunca Momonhan yaxınlığındakı çayın hər iki tərəfində sovet-monqol və yapon qüvvələri arasında müxtəlif döyüşlər baş vermişdir. Ayın sonuna yaxın yaponların 23-cü piyada diviziyasının komandiri general-leytenant Michitaro Komatsubaraya mərkəzdən işğalçıları qovmaq barədə yekun əmr gəlir və bu əmr ən qısa zamanda döyüşün yapon ordusunun xeyrinə başa çatdırmağı özündə ehtiva etməkdə idi.
İyul: Yapon hücumu
Yaponlar iki ayrı cinahdan hücum planlaşdırmışdılar. Birinci hücum xətti üç ayrı alay və əlavə olaraq dördüncü birləşmədən təşkil edilmişdi. Bunlar 71-ci və 72-ci Piyada alayı (23-cü diviziya) 64-cü piyada alayının bir batalyonu və polkovnik Şiniçiro Suminin rəhbərlik etdiyi 26-cı piyada alayından ibarət birləşmələr idi. Yuxarıda adı qeyd olunan hərbi birləşmələrin qarşısına Xalxin-Qol çayını qarşı tərəfə keçib, qərb sahilləri boyunca irəliləmək və düşmən nəzarətində olan Baytsaqan təpəsini ələ keçirmək vəzifəsi qoyulmuşdu. Həmin təpəni ələ keçirdikdən sonra birləşmələr cənuba dönərək, Kavatama körpüsü üzərində nəzarəti ələ keçirməli idilər.
Hücumun ikinci cinahına general-leytenant Yasouka Masaomini rəhbərlik edirdi. General-leytenantın tabeliyində III və IV tank alayları, 64-cü piyada alayının bir hissəsi, 28-ci piyada alayının bir batalyonundan ibarət İJA-nın I dərəcəli tank korpusu, 7-ci piyada alayı, 24-cü mühəndis korpusu və 13-cü sahə-artilleriya alayı kimi müxtəlif təyinatlı hərbi birləşmələr çəmləşmişdi. Masaomini birinci cinahdan fərqli olaraq aktiv döyüş əməliyyatlarından nisbətən arxada mövqe tutmuşdu və onu əsas vəzifəsi birinci cinahdan hücuma keçən birləşmələrə dəstək olmaq və onları mümkün mühasirəyə düşmək təhlükəsindən xilas etməkdən ibarət idi.
Birinci cinahın qarşısına qoyulan vəzifələr icra edildikdən sonra ikinci cinah Xalxin-Qol çayının şərq sahilində yerləşən sovet qoşunlarına hücum etməli və bütün sovet hərbi birləşmələri məhv edilikdən sonra cinahlar qanadlarda birləşməli idilər. Cinahlar şərti olaraq şimal və cənub əməliyyat qruplarına bölünmüşdülər. General-leytenant Yasouka Masaomini cənub əməliyyat qrupuna rəhbərlik edirdi, əsas hücum əməliyyatını həyata keçirməli olan birləşmələr isə şimal əməliyyat qrupuna daxil idilər.
Şimal əməliyyat qrupu Xalxin-Qol çayını keçməyə, sovetləri Baytsaqan təpəsindən sıxışdırıb çıxarmağa və cənuba doğru irəliləməyə müvəffəq oldular. Təhlükəni başa düşən Georgi Jukov 450 tankla birlikdə əks hücuma keçir. SSRİ müharibədə T-26 kimi nisbətən yüngül çəkili tanklardan istifadə edirdi. 6 ton çəkisi həmin tanklar əlavə pulemyot silahlarla da təchiz edilmişdi.Жуков Г. К. Воспоминания и размышления. [militera.lib.ru/memo/russian/zhukov1/07.html Глава седьмая. Необъявленная война на Халхин-Голе] : В 2 т. — М.: Олма-Пресс, 2002. и вопреки мнению командарма ШтернаМощанский И. Б. [militera.lib.ru/research/moschanskiy_ib01/index.html Информационная война. Органы спецпропаганды Красной армии.] — М.: Вече, 2010.
Sovet qoşunları piyadalar tərəfindən dəstəklənməməsinə baxmayaraq, yaponlara üç fərqli cinahdan hücum edərək onları az qala mühasirəyə salmağa nail oldular. Yaponların çayın qarşı tərəfinə təchizat çatdırmaq üçün salınmış yeganə panton körpüləri də yaponları xilas edə bilmədi və yapon qüvvələri 5 iyul tarixində geri çəkilmək məcburiyyətində qaldılar.
Vəziyyətin çıxılmaz olduğunu anlayan general-leytenant Yasouka Masaomini 2 iyul gecəsi I tank korpusu ilə birlikdə sovet artilleriyasından yayınmaq məqsədi ilə çayın qərb sahili boyunca şiddətli hücuma keçmişdir. General-leytenantın məqsədi gecə qaranlığından istifadə etməklə sovetlərin müqavimətini qırmaq və döyüşün taleyini həll etmək idi, ancaq Yasuoka qüvvəsinin yarısından çoxunu itirdi və qarşıya qoyulmuş hədəf - Kavatama körpüsünə çatmaq mümkün olmadı. – 9 iyul tarixində yaponların Xalxin-Qol çayı boyunca ən çox güvəndikləri hərbi birləşmə və rəhbəri Yasouka Masaomini əks-hücumlara daha çox tab gətirə bilməyərək, tamamilə tükənmiş vəziyyətdə geri çəkilmək məcburiyyətində qaldılar.
General-leytenant Yasouka Masaomininin 2 iyul tarixindəki uğursuz gecə əks-hücum əməliyyatı və 9 iyuldakı bütün qüvvələri ilə birlikdə geri çəkilməsi əslində Xalxin-Qol döyüşü nün müqəddəratını əhəmiyyətli dərəcədə həll etmişdi. Yaponlar məğlub olacaqlarını təxmin edirdilər, ancaq ərazidə kifayət qədər hərbi birləşmə və canlı qüvvələrinin qalması onları döyüşməyə və mübarizə aparmağa sövq edirdi. Hər iki düşmən ordu növbəti iki həftə ərzində Xalxin-Qol çayının şərq sahili və Holsten çayının mənsəbinə qədər uzanan dörd kilometrlik cəbhə boyu döyüşməyə davam etdilər. Həmin döyüşlər əsasən qarşılıqlı hücumlarla yox, əldə olan mövqeyləri qorumağa hesablanmış səngər döyüşlərindən ibarət idi.