Hüseyn bəy Mirzəcamalov (tam adı: Hüseyn bəy Məhəmmədrəfi bəy oğlu Mirzəcamalov, mühacirətdə: Hüseyn Camal Yanar; ) — Azərbaycan ictimai və teatr xadimi, publisist, şair, dramaturq və tərcüməçi. AXC Parlamentinin Qanun layihələri şöbəsinin rəisi, İstiqlal Muzeyinin Məhəmməd Ağaoğlu ilə həmqurucusudur.
Həyatı Hüseyn bəy Məhəmmədrəfi bəy oğlu Mirzəcamalov 17 fevral (köhnə təqvimlə 5 fevral) 1890-cı ildə Şuşada kasıb bəy ailəsində anadan olmuşdur.
1906–1910-cu illərdə Şuşa şəhər real məktəbində, 1910-1911-ci illərdə Novoçerkas şəhərindəki Aleksey Don Politexnik İntitutunda (indiki Cənubi Rusiya Dövlət Texniki Universitetində) və 1913-1915-ci illərdə Moskva Kommersiya İnstitutunda oxuyub.
Fərqli ixtisasda təhsil alsa da, Hüseyn bəy şair, publisist, dramaturq kimi tanınıb. 1912-ci ildə Tiflisdə Azərbaycan teatrı üçün "Auditoriya" binasının açılış mərasiminin təşkilində o da fəal iştirak edib. "Zakavkaziye" qəzetinin 3 aprel 1912-ci il tarixli nömrəsində yazılıb:
Hüseyn bəy "Auditoriya"da keçirilən tədbirlərdə iştirak edib, maarifləndirmə işi aparıb. Professor Əziz Şərif "Keçmiş günlərdən" xatirə əsərində yazıb:
"Baku" qəzetinin 3 may 1912-ci il tarixli sayında isə onunla bağlı belə bir xəbər verilib: "Tiflisdən verilən xəbərlərə görə, Qafqaz Mətbuat Komitəsi M. Əlibəyovun "Məhkəmələr qapısında tökülən göz yaşları" və Hüseyn Mirzəcamalovun birpərdəli "İşgilli Məmo" əsərlərinin Qafqaz səhnələrində oynanmasına icazə vermişdir". Bu qəzetin həmin il başqa bir sayında isə Hüseyn bəyin gürcü yazıçısı İosif Gedevanişvilinin "Xain" pyesinin Azərbaycan dilinə tərcüməsi üzərində işləməsi barədə məlumat verilib. Hüseyn bəy İosif Mçedlişvilinin "Qaçaq Kərəm" pyesini, İlya Çavçavadzenin də bir əsərini dilimizə tərcümə edib.
H.Mirzəcamalov dönəmin ziyalıları ilə yaxın münasibətdə olub. Məhəmməd Əmin Rəsulzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Sur kimi şəxslərlə dostluq edib. Hüseyn Cavid gənc yaşda vəfat edən Abdulla Surun dəfni ilə bağlı yazdığı məqaləsində ("İqbal" qəzetinin 16, 17 və 18 may 1912-ci il tarixli sayları) ondan da bəhs edib:
Cümhuriyyət dövrü thumb|299x299px|AXC Parlamentinin işçiləri arasında Hüseyn bəy Mirzəcamalov (orta cərgədə sağdan oturan 1-ci) Təhsilini bitirib Bakıya qayıtdıqdan sonra Hüseyn bəy milli hərəkata qoşulub, Müsavat firqəsinə üzv olub. Bakıda siyasi, iqtisadi, ədəbi, sosial mövzularda mühazirələr oxuyub. Müsavat firqəsinin Bakı komitəsi təşkil edildiyi zaman komitənin sədri Abbasqulu Kazımzadə, müavinləri isə Hüseyn bəy Mirzəcamalov və Mirzəbala Məmmədzadə seçiliblər. Fevral inqilabından sonra "Kaspi" qəzetinin 18 oktyabr 1917-ci il tarixli 233-cü sayənda Müəssislər Məclisinə seçkilərə hazırlıqdan söhbət gedən məqalədə Qafqazın müxtəlif bölgələrindən Məclisə 19 nəfər namizədin siyahısında Karyagin qəzasının komissarı Mirzə Hüseyn Mirzəcamalovun da adı çəkilir.
Cümhuriyyət dönəmində, 1 noyabr 1918-ci ildən 22 yanvar 1919-cu ilə qədər Ziraət və Dövlət Əmlakı Nəzarətində (Əkinçilik və Dövlət Əmlakı Nazirliyində) nazirinin şəxsi katibi olub. O, AXC Parlamentinin Dəftərxanasında Qanunvericilik (Ləvayihi-qanuniyyə) şöbəsinin müdiri olub.
1919-cu il dekabrın 7-də sənətşünas-alim Məhəmməd Ağaoğlunun və Hüseyn bəy Mirzəcamalovun təşəbbüsü ilə Azərbaycanın ilk rəsmi muzeyi – İstiqlal muzeyi təsis olunub. Onların təşəbbüsünü dəstəkləyən "Azərbaycan" qəzeti 23 sentyabr 1919-cu il tarixli sayında yazırdı:
Ağaoğlu və Mirzəcamalovun yaxından iştirakı ilə hazırlanmış "Həmişəlik Azərbaycan Parlaman İmarətində təsis edilən İstiqlal muzeyi adına müəssislər tərəfindən toplanmış şeylərin birinci Parlaman Divani-Rəyasətinə təhvil verilməsi haqqında şərait" adlı sənədi AXC Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultan Məcid Qənizadə də imzalayıblar. Sənəd 1919-cu il noyabrın 6-da, muzeyin açılışına hazırlıq ərəfəsində tərtib olunub. Həsən bəy Ağayev İnventar komissiyasına muzey üçün bir otaq ayrılması haqqında sərəncam verib və komissiya belə bir qərar çıxarıb: "Muzeyin saxlanma xərclərini Parlament öz üzərinə götürür, bu şərtlə ki, muzey eksponatları yalnız parlamentə məxsus olmalıdır".
İstiqlal muzeyi 1919-cu il dekabrın 7-də AXC Parlamentinin quruluşunun birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil edilib. Muzeyə təhvil verilən ilk eksponatların siyahısında Azərbaycanın istiqlalına dair sənəd və materiallar, tarixi və maddi mədəniyyət nümunələri, arxeoloji tapıntılar, silahlar, rəsm əsərləri, xalça və xalça məmulatları, bədii tikmələr, mis qablar, bəzək əşyaları və digər sənət əsərləri, Qurani-Kərimin nadir nüsxələri, müxtəlif əlyazmalar var idi.
"Yaşıl qələm" cəmiyyətinin fəal üzvü olan H. Mirzəcamalov muzeydə "Fransa və Rusiyada böyük inqilablar, onları doğuran amillər haqqında" və b. mövzularda məruzələr etmiş, dövri mətbuatda mühüm ictimai-siyasi məsələləri vətəndaş mövqeyindən işıqlandıran yazıları çap olunmuşdur.
Hüseyn bəy Mirzəcamalov AXC Xarici İşlər Nazirliyinin diplomatik korpusu içində 14 dekabr 1919-cu ildən "Cənubi Qafqazda rus siyasəti ilə bağlı materiallar" xüsusi komissiyanın üzvü olaraq işləyib və bu vəzifəni 27 aprel istilasınadək davam etdirib. Bu materiallar 1920-ci ildə Bakıda "Rusiyanın Zaqafqaziyada siyasətinə dair sənədlər. Birinci buraxılış" () adı ilə çap edilib.
Sovet dövrü Azərbaycan Cümhuriyyəti devrildikdən sonra Azərbaycan SSR Xalq Maarif Komissarlığının Məktəbəqədər Tərbiyə Şöbəsinin müdiri olub. Həmin şöbədə onunla birgə Abbasqulu Vəlixanov, Şəfiqə Qaspıralı, Yusif Qazıyev, Gülməryəm Tahirova, Əsgər Axundov və başqaları çalışırdı. Daha sonra Xalq Maarif Komissarlığının 22 iyun 1920-ci tarixli 84 saylı əmri ilə Arslan Kriçinski, Hüseyn bəy Mirzəcamalov və Məhəmməd Ağaoğlu 24 may 1920-ci ildən XMK nəzdindəki abidələrin qorunması alt bölməsi Kollegiyasının üzvləri təyin ediliblər.
Bakıda "Azərnəşr"də 1924-cü ildə "Müxtəsər istatistik: tarixçə və nəzəriyyəsi", 1926-cı ildə "Keçmiş günlər" kitabları çap edilib.
1954-cü il sentyabrın 18-də Azərbaycan SSR-in yeni daxili işlər naziri Quskov Azərbaycan KP MK-nın birinci katibi Mir Teymur Yaqubova məktub göndərərək kitabxanalarda siyasi cəhətdən ziyanlı kitabların olması haqda məlumat verərək onların dərhal yığışdırılmasını təklif edib. 1954-cü il oktyabrın 9-da qəbul edilmiş qərara əsasən araslarında Hüseyn bəy Mirzəcamalovun da olduğu 21 müəllifin kitabları kitabxanalardan yığışdırılıb.
Mühacirət həyatı Bolşevik işğalından sonra Hüseyn bəy də Azərbaycanı tərk edib, Türkiyəyə sığınıb. Hüseyn bəy bacısı Xeyransanı və onun dörd qızı (Sürəyya, Qəmər, Dilşad) ilə bir oğlunu da özü ilə aparıb. Çünki bacısının əri, Qarabağ xanlarının nəslindən olan Talıbxan bəy Talıbxanbəyov (1859–1920) həm çar hakimiyyəti, həm Cümhuriyyət dövründə müxtəlif qəzalarda polis pristavı və qəza rəisi kimi çalışıb, ona görə də ilk qətlə yetirilənlərdən olub.
Ömər Özcanın qeyd edir ki, Hüseyn bəy Türkiyəyə gəldikdən sonra dolanışıq məqsədilə siqaret və içki istehsal edən bir idarədə çalışıb, ərəb və fars dillərini bildiyi üçün Mövlananın tədqiqatı ilə məşğul olub. Eyni zamanda siyasi fəaliyyətini da davam etdirib. Müsavat Firqəsinin Xarici Bürosunun qərarı ilə 1924-cü ildə Mədəniyyət Komitəsi nəzdində qurulan Azəri Türk Gənclər Birliyində təmsil olunub. 1929-cu ildə təşkilatın ümumi qurultayında ali heyətin üzvü kimi hesabat verib. Mühacirətdə çap olunan "Azərbaycan" jurnalında Hüseyin Camal Yanarın "Analara ithaf", "Yuxusuz bir gecənin məhsulu", "Söyləmə belə", "Həyat çeşməsi", "Neylərəm" kimi şeirləri dərc olunub.
Hüseyn bəy mühacirətdaxili qalmaqallardan uzaq bir həyat yaşayıb, fərqli baxışları olan liderləri daim birliyə səsləyib. Azərbaycan Milli Birliyinin Münxendə çap etdiyi "Azerbaycan" dərgisinin 1952-ci ildə çap olunan 6-7-ci qoşasayında "Bitərəf azərinin səsi" başlıqlı yazı dərc olunub. Yazıda Hüseyn Camal Yanarın İstanbuldan göndərdiyi 20 oktyabr 1952-ci il tarixli məktubu yer alıb. Məktubda yazır:
Hüseyn bəy 13 aprel 1974-cü ildə vəfat edib. 15 apreldə Kadıköydə Osmanağa məscidində cənazə namazı qılınıb, Qaracaəhməd qəbiristanlığında dəfn olunub.
İsttinadlar
Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan teatr xadimləri Kateqoriya:Azərbaycan dramaturqları Kateqoriya:Azərbaycanlı dramaturqlar Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycanlı şairlər Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Türkiyə azərbaycanlıları