Cəfər Qafar oğlu Cabbarlı () — Azərbaycanlı dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1933).

Həyatı Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub.Etnik Tatdır. Kömürçü işləyən atası (Qafar Cabbarlı) görmə qabiliyyətini itirdikdən sonra ailə məcburiyyət qarşısında Bakıya köçərək, "dağlı məhəlləsi" adlanan yerdə yaşamağa başlayıb. Cəfərin 3 yaşı olanda atası vəfat edib. Evin yükü anası Şahbikə xanımın üzərinə düşüb. O, imkanlı ailələrin paltarlarını yuyub, çörək bişirərək Cəfəri dini məktəblərə qoyub. Cəfər ara-sıra Xızıya gedir, orada aşıqsayağı şeirlər yazan bibisi Zərnişanla, dağ kəndlərindəki qohumları ilə görüşürdü.

1924-cü ildə Cəfərin böyük qardaşı Hüseynqulu öldü. Bu ölüm Cəfəri çox sarsıtdı, çünki Hüseynqulu ona qardaşlıqla yanaşı atalıq etmişdi. Cəfər ailənin ən kiçik uşağı idi. Onun atası Qafar kömürçülüklə məşğul olurdu. Anası Şahbikə xanım isə evdar qadın idi. Cəfər 1922-ci ildə əmisi qızı Sona xanımla ailə həyatı qurdu. Bu evlilikdən onun Aydın və Gülarə adlı 2 övladı oldu. Onun böyük oğlu Aydın Cabbarlı 1924-cü ildə anadan olmuşdur. O, tibb elmləri namizədi idi. Qızı Gülarə Cabbarlı isə filoloq, həmçinin Cəfər Cabbarlının ev-muzeyinin direktoru idi. C. Cabbarlının özünün təqdim etdiyi anketdə himayəsində 8 nəfərin — həyat yoldaşı Sonaxanım, 3 yaşlı oğlu Aydın, qayınanası Zeynəb, vəfat etmiş qardaşı Hüseynqulunun 50 yaşlı həyat yoldaşı Zinyət, 65 yaşlı digər arvadı, 4 yaşlı oğlu Heydər, 12 yaşlı oğlu Əlbəndə, 14 yaşlı qızı Mələk — olduğunu və aylıq cəmi 99 manat əməkhaqqı aldığını qeyd edir. 8 ilə yaxın müddətdə Kommunist qəzetində çalışmış, lakin sonradan bu kollektivdən uzaqlaşmaq məcburiyyətində qalmışdır. 1928-ci ildən Azərbaycan Dövlət Türk Akademik Dram teatrosunda tərcüməçi və ədəbi hissə müdiri kimi fəaliyyətə başlamışdır.

Təhsili thumb|left|180px|Cəfər Cabbarlı gənclik illərində Şahbikə xanım Cəfəri təhsildən məhrum etməmək üçün, əvvəlcə məhəllə mollasının yanında "çərəkə" oxumağa, bir müddət sonra isə molla Qədirin yanına Quran oxumağa qoyur. Daha sonra başqa uşaqlar ilə birlikdə 1905-ci ildə "Starıy Poçtovı-25"-də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli "7-ci müsəlman və rus" məktəbinin birinci sinfinə daxil olur. Cəfərin ilk müəllimləri pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə "7-ci müsəlman və rus" məktəbini bitirərək bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına "3-cü ali ibtidai" məktəbdə oxuyur. 1915-ci ilin aprelin 2-də Cəfər məktəbi bitirir.

1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alır. Sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. Lakin o, ərizə yazıb həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. 1924–1927-ci illərdə isə C. Cabbarlı Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin filologiya şöbəsində də təhsil almışdır.

Ölümü İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində Cabbarlı çox zəiflədi və 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də öldü.

250px|thumbnail|left| Cəfər Cabbarlının dəfn günü

Belə ki, 31 dekabr gecə saat 4-də C. Cabbarlının həyat yoldaşı Sona xanım qəflətən yuxudan ayılır, işığı yandıranda Cəfərin gülümsər çöhrəsini və yanaqlarında donub qalmış iki damla göz yaşını görür.

Cabbarlı səhər saat 10-da Azərbaycan Yazıçılar İttifaqının sədri Məmmədkazım Ələkbərli ilə birlikdə Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırov və Xalq Komissarları şurasının sədri Hüseyn Rəhimovla görüşməli idi. Mircəfər Bağırov tapşırığı ilə "Pravda" qəzeti üçün yazdığı, sonralar "Firuzə" adı ilə məşhurlaşan "Bakı" novellasını respublika rəhbəri üçün oxumalı idi.

C. Cabbarlının cəsədi "Semaşko" adına xəstəxanaya aparılır. Beyni yarılmadan Moskvaya beyin üzrə tədqiqat institutuna göndərilir. Nəticədə, onun ürək iflicindən dünyasını dəyişdiyi deyilir. Lakin ədibin qəfil ölümü ilə bağlı söz-söhbət uzun müddət səngimək bilmir. Hətta Əbdülvahab Yurdsevər Ankarada çap etdirdiyi "Azərbaycan dram ədiblərindən Cəfər Cabbarlı" məqaləsində sənətkarın təzyiqlərə dözməyərək intihar etdiyini qeyd edir.

Cəfər Cabbarlı ilə xalqın son vida mərasimi 1935-ci il yanvarın 2-də İsmailiyyə binasında keçirilir. Böyük bir izdiham sənətkarı Fəxri Xiyabana yola salır.

Cabbarlının qızı Gülarə Cabbarlının iddiasına görə, həkimlər anası Sona xanıma deyiblər ki, Cəfər Cabbarlı öldükdən sonra onun beyni çıxarılaraq Moskvaya, oradan da Leninqrada aparılıb. Orada hansısa muzeydə Maksim Qorkinin və Leninin beyinləri ilə birgə saxlanılıb. Çəkisi isə 2,5 kq-a qədər imiş. Leninin də, Qorkinin də beynindən böyük imiş. Sona xanımın iddiasına görə bütün bu faktlar o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin diqqətində olan məsələlər olduğuna görə heç kimə deyilməmişdir.

Məhəmməd Əmin Rəsulzadə öz əsərində qeyd edirdi:

"O, gənc yaşlarında, qüvvət və enerji ilə dolu ikən, 1934-cü ilin sonunda vəfat etdi. Onu dövlət hesabına dəfn etdilər. Azərbaycan komissarları onun tabutu başında növbəyə durdular və bununla onun kommunist deyilkən, kommunistliyi mənimsədiyini göstərmək istədilər. Kommunist olmadığını göstərən hadisələrdən biri də onun Moskvada toplanan ədiblər qurultayında söylədiyi məşhur nitqdir. Bu nitqində o, "həqiqi sənətkar və yazıçının şanına yaraşmayan sosial sifariş" üsulunun, yəni şairləri hökumət tərəfindən müəyyən mövzularda yazmağa məcbur edilmənin əleyhinə çıxmışdır".

Səməd Vurğunun yazdıqlarından:

"C. Cabbarlı XIX və XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən nadir simalarından biridir. Cabbarlı öz yaradıcılığının vüsəti, sənət xəzinəsinin zənginliyi etibarilə Mirzə Fətəli Axundovdan və Cəlil Məmmədquluzadədən (Molla Nəsrəddin) sonra XX əsr ədəbiyyatının ən görkəmli simasıdır. Cabbarlı Azərbaycan klassik dramaturgiyası və klassik şeiri zəminəsində yetişmiş, milli ədəbiyyatımızın ən gözəl ənənələrini inkişaf etdirmiş, yeni bir dramaturgiya ədəbi məktəbini yaratmış bir şəxsiyyətdir".

İctimai-siyasi fəaliyyəti Cəfər Cabbarlı 1910-cu illərdən Müsavat Partiyasına üzv olmuş, 1919-cu ildən isə Müsavat Partiyası Bakı Komitəsinin üzvü olmuşdur. Cəfər Cabbarlı Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin stenoqrafı olmuşdur. O, həmçinin, 1919-cu ildə keçirilmiş Müsavat Partiyasının II Qurultayında da iştirak etmişdir.

Aprel işğalından sonra yaradılan Gizli Müsavatın Məhəmməd Əmin Rəsulzadənin razılığı ilə başçılığına Mirzə Bala Məmmədzadə gətirilmiş, Əbdülvahab Yurdsevər başçının müavini, Cəfər Cabbarlı isə Ümumi Mərkəzinin Baş katibi təyin olunmuşdur.

Cəfər Cabbarlı 1934-cü ilin martında Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur, həmin ilin avqustunda isə o, Ümumittifaq Sovet Yazıçılarının I Qurultayında iştirak etmiş, İttifaqın İdarə Heyətinin və Rəyasət Heyətinin üzvü seçilmişdir.

Cəfər Cabbarlı 1934-cü ildə Bakı Şəhər Sovetinə deputat seçilmişdir.

Yaradıcılığı

İlk dövr Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə "Həqiqəti-əfkar" qəzetində dərc olunmuşdur və 1915-ci il aprel ayının 3-də "Məktəb" jurnalının 6-cı nömrəsində onun "Bahar" adlı şeiri nəşr olunmuşdu. "Məktəb" jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C. Cabbarlını da özünə cəlb edə bilmişdi. C. Cabbarlının yaradıcılığa başlamasında "Məktəb" jurnalının da müəyyən rolu olmuşdur."Bəsirət" qəzeti, 8 iyul 1917

1915-ci ildə "Qurtuluş" jurnalı tərəfindən elan edilmiş müsabiqədə Cabbarlının "Qürub çağı bir yetim" şeiri bəyənilmiş və o, birincilik qazanaraq Sabirin "Hophopnamə"si və "Qurtuluş" jurnalının birillik abunəsi ilə mükafatlandırılmışdı."Bəsirət" qəzeti, 25 fevral 1917

Gənc Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür, ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışır. Ayrı-ayrı ailələrin ağır vəziyyəti onu düşündürür. O, düşündüklərini "Boranlı qış gecəsi", "Bayram saxlayanlara", "Dilənçi" və "Novruz bayramına hazırlaşan müsəlmana töhfə" kimi şeirlərində əks etdirmişdir."Qurtuluş" jurnalı, 1915

"Hürriyyəti-nisvançılara protesto", "Arvadlar deyirlər", "Kişilər deyirlər", "Qızlardan kişilərə protesto" və başqa şeirlərində şair vaxtilə dəb halını almış qadın azadlığı məsələsinin yarımçıq həll edildiyindən, qadınların hələ də ibtidai hüquqlardan məhrum olduğundan bəhs edirdi. Bəzən şairin tənqid atəşi ictimai, siyasi məsələlərə doğru yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir.

Cəfər Cabbarlının pyes və hekayələrində olduğu kimi, satirik şeirlərində də kapitalizm şəraitində qadına münasibət məsələsi mühüm yer tutur. Yazıçı satirik şeirlərində cəmiyyətinin qadına mənfi münasibətlərini tənqid edərək, onları öz hüquqlarını müdafiə etməyə çağırır.

Cabbarlı ilk şeir, hekayə və dramlarını 1915–1916-cı illərdə yazmışdır.1915–1920-ci illər Cəfər Cabbarlının təkcə tələbəlik illəri deyil, ədəbiyyata, sənətə gəldiyi dövr idi. O, bir-birinin ardınca "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi" və ya "Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın" kimi Azərbaycan əsərlərini qələmə almış, lirik və satirik şeirlərlə, bir sıra hekayələrlə müxtəlif mətbuat orqanlarında çıxışlar etmişdir. İlk hekayələrindən olan "Aslan və Fərhad"ın üzərində 15 iyul 1916-cı il tarixi var. "Mənsur və Sitarə" hekayəsinin əlyazma nüsxəsi və həmçinin "Sitarə" adlı opera 1915-ci ilin axırları və ya 1916-cı ilin ortalarında yazılmışdır.

Cabbarlı yaradıcılığa şeirlə başlasa da, ən məşhur əsərlərini dramaturgiya janrında yazmış və Azərbaycan dramaturqu və teatr xadimi kimi tanınmışdır. Xalqın tərəqqisinin ana xəttini mədəniyyətin, teatrın inkişafında görən sənətkar bir-birinin ardınca gözəl səhnə əsərləri yaratmış, eyni zamanda incəsənətin müxtəlif sahələrində də fəaliyyət göstərmişdir.

C. Cabbarlının yaradıcılığının ilk dövrünə aid olan "Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş" əsərinin üzərindəki qeydə görə əsər, 30 dekabr 1915-ci ildə yazılmışdır. Müəllif bu əsərində cəmiyyətdəki ədalətsizlikdən bəhs edir, gördüyü haqsızlıqlara qəzəb və nifrətini bildirirdi. "Vəfalı Səriyyə yaxud göz yaşları içində gülüş" əsərindən sonra yazıçı "Solğun çiçəklər" əsərini yazmışdır. Əsər 1915-ci ildə yazılmışdır. Dramda yazıçı ictimai quruluşa qarşı öz etirazını bildirmişdir. Yazıçı "Solğun çiçəklər"də yaşadığı burjua-mülkədar cəmiyyətinin ziddiyyətlərini əsas götürərək, onu bir ailə daxilində verməyə çalışmışdır. Eyni zamanda həmin cəmiyyətdə hakim rolu olan pulun və dövlətin insanların əxlaqını pozaraq, daxili aləmlərini eybəcərləşdirdiklərini, sədaqətli, təmiz qəlbli insanlara əzab və işgəncələr verildiyini ifşa etmişdir. Əsər ilk dəfə 1916-cı ildə İsmailiyyə Sarayında oynanılmışdır. Pyes ailə-məişət mövzusuna həsr olunmuşdur. Əsərdə Cabbarlı həyatı realist boyalarla təsvir edərək, ədalətsizliyin, fəlakətlərin mənbəyini göstərə bilmişdir.

"Nəsrəddin şah" C. Cabbarlının ilk tarixi pyesidir. Ədibin əlyazmaları içərisində "Nəsrəddin şah" pyesinin variantlarının ən köhnəsi təxminən 1916-cı ilə aiddir. Əsərdə Cabbarlı İranda hökm sürən şah despotizmi (Qacarlar) fonunda zəhmətkeş kəndlilərin ağır həyatını, xanların azğınlığını, mütərəqqi İran gənclərinin azadlıq uğrunda mübarizəsini göstərmişdir.

Cəfər Cabbarlı Azərbaycanda ilk dəfə olaraq tarixi dram janrını milli-azadlıq ideyaları ilə, geniş xalq kütlələrinin şah mütləqiyyətinə qarşı çıxışı ilə zənginləşdirmişdir.