Cəmil Nəcəf oğlu Nəcəfov () — Azərbaycan Müdafiə Nazirliyinin Sülhməramlı Qüvvələrinin baş leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Tərcümeyi-halı Cəmil Nəcəf oğlu Nəcəfov 1993-cü il, iyunun 24-də Sumqayıt şəhərində anadan olub.

Binəqədi rayonu Sovet İttifaqı Qəhrəmanı H. Hüseynov adına 83 nömrəli məktəb-liseydə təhsil alıb. 2011-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseydən məzun olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 26 iyun 2015-ci il tarixli əmri ilə "leytenant", Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 26 iyun 2018-ci il tarixli əmri ilə "baş leytenant" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 5 il ərzində motoatıcı taqım komandiri, sülhməramlı qüvvələr taborunun sülhməramlı taqımının komandiri vəzifələrində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı" yubiley medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 10-da Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsinin icrası zamanı şəhid olub. Binəqədi Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Subay idi.

İstinadlar

Kateqoriya:İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfdən həlak olanlar