thumb|250px|Nikolae Çauşesku və partiya üzvləri Nyamts monastırında. 1966-cı il.

Rumıniya Sosialist Respublikasında Pravoslav Kilsəsi — Rumıniyanın sosialist respublikası olduğu və Kommunist Partiyasının hakimiyyətdə olduğu 1947–1989-cu illərdə Rumın Pravoslav Kilsəsinin tarixi. Kommunist hakimiyyət orqanları ilə kilsə arasında əlaqələr olduqca sıx idi. Dövlət "dövlət ateizmi" siyasətini elan etmişdir, lakin rəhbərlik kilsə ilə fəal əməkdaşlıq aparmışdı və prezident Nikolae Çauşeskunun hakimiyyəti altında Pravoslav Kilsəsi kommunizm ilə rumın millətçiliyinin sintezindən ibarət ideologiyanı fəal şəkildə təbliğ etmişdir.

Dinin istismar vasitəsi olması haqqında marksist tezislərə baxmayaraq, SSRİ-nin mövcudiyyətinin ilk iki onilliyində olduğu kimi, Rumıniyada dinə qarşı belə şiddətli mübarizə aparılmamışdı. Bu Rumın Pravoslav Kilsəsinə Rumıniya patriarxı Yustinianın rəhbərliyi altında kommunist dövlətində "sosial bərabərliyə" nail olmaq üçün hər cür səy göstərməyə imkan yaratmışdı. Bununla belə, kilsə Rumıniya əhalisinə, o cümlədən din hüququnun müdafiəsi formasında əks-inqilabi fəaliyyətə görə məhkum olunmuşlara qarşı repressiyalardan ya bixəbər qalmış, ya da onları qınamamışdır.

Rumıniya hökuməti SSRİ-dən nümunə götürərək eyni şəkildə öz ölkəsində fəaliyyət göstərən Yunan Katolik Kilsəsini ləğv etmiş və bir çox prixod mənsubunun pravoslav xristianlığa vəftiz olunmağa məcbur etmişdir. Hökumət ilə tam formada əməkdaşlığa baxmayaraq, Rumın Pravoslav Kilsəsi sovet qoşunlarının Rumıniyadan çıxarılmasından sonra repressiyalardan xilas ola bilməmişdi. Beləliklə, 1958-ci ildən 1963-cü ilə qədər iki min yarıma yaxın keşiş və rahib kilsənin ən yüksək rütbələrinin razılığı ilə həbs edilmişdi. Nikolay Çauşeskunun hakimiyyəti dövründə ruhanilər dövlətin əmrlərini fəal şəkildə yerinə yetirmişdilər və bəziləri hətta Kommunist Partiyasının yüksək rəhbərliyinə rəğbət qazandırmağa çalışmışdılar. Ehtimal olunur ki, ruhanilərin böyük əksəriyyəti əyalət polisində – Sekuritatedə əməkdaş idi. Onlar müxtəlif dini icmalar haqqında rəsmi orqanlara məlumat vermişdilər. Sekuritatenin məlumatına görə, bu cür xəbərverənlərin sayı bütün kilsə məmurlarının 80%-ni təşkil edə bilər.

Əməkdaşlıq tarixi Kilsə Rumıniyanın yeni kommunist hakimiyyətləri ilə əməkdaşlığa başlamışdı. Onlar təkcə Rumıniya sakinləri üzərində öz təhsil və mədəni təsirini saxlamaq yox, həm də öz əmlakını dövlətin xeyrinə müsadirə edilməsi ehtimalından qorumaq istəyirdilər. Eyni zamanda, Rumın Pravoslav Kilsəsi şantaj üçün potensial hədəf olaraq qalmışdı. Sosialist Rumıniyasının siyasi rəhbərliyi ilə əməkdaşlıq edən, demək olar ki, bütün keşişlər Rumıniya monarxiyasının tərəfdarları və "Dəmir Qvardiya" faşist hərəkatının üzvləri idi.

Kilsələrin birləşdirilməsi Rumıni Yunan Katolik Kilsəsi təxminən 1,725 kilsəyə sahib idi və 1,5 milyondan çox prixod mənsubu əhalisi var idi. Onun kilsə ayinlərinin əsasən pravoslavlarınkinə bənzəməsinə baxmayaraq, yunan katolikləri pravoslav kilsəsi ilə birləşmə ideyasına böyük ölçüdə qarşı idilər. Onlar bu birləşməni kommunistlərin göstərişi hesab etmiş, Qərb dövlətləri ilə əməkdaşlığı dəstəkləmişdilər. Bu, yunan katoliklərinin qərbmeyilli baxışlarını boğmağa çalışan dövlət və kilsə tərəfindən repressiyaların başlamasına səbəb olmuşdur. Hökumət tezliklə yunan katoliklərini qanundan kənarlaşdırmış, onların kilsəsini "antimilli və antitarix" adlandırmış, onları milləti parçalamağa cəhddə ittiham etmişdir.

1 dekabr 1948-ci ildə Rumın Yunan Katolik Kilsəsi ləğv edilmiş, onun bütün kilsələri və kafedralları Rumıniya Pravoslav Kilsəsinin tabeliyinə verilmişdir. Ruhanilər Yunan Katolik Kilsəsinin Pravoslav Kilsəsi ilə de-fakto birləşməsini etiraf etməyə məcbur olmuşdular, lakin bəziləri buna yalnız Sekuritatenin təzyiqi ilə razı olmuşdular. 1,800 yunan katolik ruhanisindən 430-u kilsələrin birləşməsini tanıyan bəyanatı imzalamışdı. Rumın Pravoslav Kilsəsinin prixod mənsublarının sayı yüz minlərlə yunan katoliklərinin pravoslavlığı qəbul etməsi səbəbindən artmışdı.

Patriarx Yustinian Real adı İoann Marina olan Yustinian 1948-ci ildə Rumıniya patriarxı seçilmişdi. Həmin dövr ölkədə kommunist hakimiyyəti artıq qurulmuşdu. O, Rumın Pravoslav Kilsəsinə kommunist dialektik materializm dünyagörüşünü aşılamağa cəhd göstərmişdir. Yustinian cəmiyyətin kommunist quruluşunun Pravoslav Kilsəsinin istəklərinə zidd olmadığı və kommunist hakimiyyət orqanları ilə əməkdaşlığın pis bir şey olmadığı fikrini müdafiə etmişdir. Onun kommunizm və kilsə problemlərinə həsr olunmuş əsəri "Apostolat Social" adı ilə nəşr edilmişdir. O, burada sosializmin xristianlığın ayrılmaz bir hissəsi olduğunu bildirmişdir. Kilsə ölkədə savadsızlıqla mübarizə kampaniyasına böyük köməklik göstərmiş, hətta monastırların abbatlarını o dövrdə maarifləndirici xarakter daşıyan ictimai faydalı işlərlə məşğul olmağa məcbur etmişdir.

Bununla belə, Yustinian məktublarında repressiya qurbanlarından bəhs etməmişdi. Bunun nəticəsində bir çox dindarlar, əsasən də pravoslavlığı qəbul etmiş keçmiş yunan katolikləri onu "kukla" və "opportunist" adlandırmağa başlamış, həm də onu hakimiyyətdən rəğbət qazanmaq üçün səy göstərməkdə günahlandırmışdılar. Məhz Yustinianın dövründə kilsə o qədər siyasətə qarışmağa başlamışdı ki, hətta Rumıniya ilahiyyatçıları Ümumdünya Kilsələr Şurasını və Roma-Katolik Kilsəsini "anqloamerikan imperializminin alətləri" adlandırmağa başlamışdılar. 1960-cı illərdə bir növ Rumıniya "əriməsi" başlamış, bundan sonra kilsə növbəti hücumlardan yayınmış və fəaliyyət istiqamətini ekumenik hərəkata doğru aparmışdır.

right|thumb|Patriarx Yustinian və Rumıniya Kommunist Partiyasının rəhbərliyi Ümumdünya Gənclər Festivalında. 1953-cü il.

Yustinianın rəhbərliyi dövründə Rumıniyada 200-dən çox monastırda əlverişli islahatlar başlamışdı, rahiblər artıq dünyəvi həyata qoşulurdular. Bəzi yerlərdə kənd təsərrüfatı kooperativləri, bəzi yerlərdə isə emalatxanalar yaradılmışdı. Bu tədbirlərdən sonra 1956-cı ilə qədər ölkədə rahiblərin sayı 7 minə çatmışdı. 1958-ci ildə sovet qoşunları ölkədən çıxdıqdan sonra Kommunist Partiyası gözlənilmədən monastırlara soyuq münasibət göstərməyə başlamışdı. Partiya onları dövlət əleyhinə müxalifətin mümkün yuvaları adlandırmış və rahiblərə nəzarət başlamışdı. 1958–1963-cü illərdə 2,5 mindən çox rahib əks-inqilabi fəaliyyət ittihamı ilə həbs edilmiş, monastırların yarısı bağlanmışdır.

1959-cu ildə Müqəddəs Sinod üç monastır seminariyasını bağlamaq üçün dövlət əmrlərini təsdiqləmişdi. 1966-cı ildə 40 yaşdan kiçik rahiblərə və 55 yaşdan kiçik rahiblərə hakimiyyət orqanlarının "ictimaiyyətə faydalı" adlandırdığı dünyəvi işə cəlb edilmələri üçün monastırları tərk etmək əmri verilmişdir. Rahiblik Çauşeskunun hakimiyyətinin sonuna qədər monastisizm təzyiq altında qalmışdı, lakin ona qarşı aktiv repressiya aparılmamışdı.

Pravoslav Kilsəsi müharibələrarası illərdə bütün milliyyətçi hərəkatları dəstəkləmişdi. Xüsusilə antisemit baxış bucağına malik olan faşistlərə və radikal milliyyətçilərə yaxın idilər. Bunun nəticəsi idi ki, o dövrdə Dəmir qvardiyanın üzvü olan kahinlərin sayı çox idi. Pravoslav yazıçısı və ilahiyyatçısı Nikifor Krainiy "Gîndirea" jurnalında milliyyətçi ideologiya ilə pravoslav dünyagörüşünün vəhdəti tezisini şiddətlə müdafiə etmiş, filosof Nae İonesku və ilahiyyatçı Dumitru Steniloe isə "rumın olmaq pravoslav olma deməkdir" tezisini irəli sürmüşdür.

Kommunistlər hakimiyyətə gəldikdən sonra yeni hökumət Dəmir qvardiyanın millityətçilik baxışını rədd rtmiş və proletar milliyyətçiliyinə keçid etmişdir. Bununla belə, 1960-cı illərin əvvəllərində ölkəyə rəhbərlik edən George Georgiu-Dejin dövründə hökumət xristian dünyagörüşünə daha çox müraciət etməyə başlamışdır. Maarifçilik fəaliyyətinə arxalanan hökumət kilsənin köməyi ilə ölkədə rumınların qədim daklarla əlaqədar mənşəyi haqqında tarixi nəzəriyyəni yaymağa başlamışdır. Rumıniya ilahiyyatçısı və tarixçisi Mirça Pekuraryu bu nəzəriyyəyə əməl edərək tarix dərsliklərində yazmışdır ki, daklar pravoslavlığı həvari Andrey sayəsində qəbul etmişdir.

İustin və Feoktist thumb|Nikolae Çauşesku və Patriarx İustin arasında görüş.

1977–1986-cı illərdə Rumıniya Pravoslav Kilsəsinin rəhbəri Patriarx İustin (Moisesku) olmuşdu. O, Rumın Pravoslav Kilsəsinin rəhbəri olduğu müddətdə digər kilsələrə (o cümlədən Rus Pravoslav Kilsəsinə) müxtəlif sinodal nümayəndə heyətlərinə rəhbərlik etmiş, həmçinin ölkədə nəşriyyat fəaliyyətinə diqqət yetirmiş, "Părinți și scriitori bisericești" kitab kolleksiyasını təsis etmiş və 1982-ci ildə "Bibliya"nın yeni sinodal tərcüməsini (1979-cu ildə "Əhdi-cədid" də daxil olmaqla) təsdiqləmişdir. İustinin rəhbər olduğu dövründə ölkədə bir sıra kafedral və monastırlar bərpa edilmişdi.

İustinin vəfat etməsindən sonra dünyəvi adı Teodor Arepaşu olan Patriarx Feoktist rəhbərliyə seçilmişdi. Kommunist hökuməti bu cür addımlara etiraz etmirdi, çünki onu etibarlı müttəfiq kimi görürdü və güzəştə getməyə meyilli idi. Feoktist Çauşeskunun siyasətini, hətta "sistemləşdirmə" siyasəti çərçivəsində kilsələrin sökülməsi və dissident keşişlərlə mübarizə kimi tədbirləri dəstəkləyirdi. O, Buxarestdə 22 kilsənin sökülməsinə səssiz qaldıqdan və heç bir reaksiya vermədikdən sonra "hökumətyönlü kukla" adlandırılmışdır. Feoktist tez-tez ictimai çıxışlarında Çauşeskuya tərif dolu məktublar və teleqramlar oxuyur, həmçinin Rumıniya Sosialist Respublikasının rəhbəri kimi onun nailiyyətlərini yüksək qiymətləndirirdi.

Rumıniya inqilabı thumb|Nikolae Çauşeskunun Feoktistin Moldova mitropoliti təyin edilməsi haqqında fərmanı.

19 dekabr 1989-cu ildə Timişoarada etirazlar başlayandan sonra Feoktist Çauşeskuya teleqram göndərərək onu Rumıniya Kommunist Partiyasının baş katibi vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik etmişdir. O, bu teleqramda Çauşeskunun "parlaq fəaliyyətini", "müdrik rəhbərliyini" və "cəsarətli təfəkkürünü" yüksək qiymətləndirmiş, onun hakimiyyətini ölkənin "qızıl dövrü" adlandırmışdır. Buna baxmayaraq, etirazların miqyası genişlədikcə Feoktist üsyançıların və Milli Qurtuluş Cəbhəsinin tərəfinə keçmiş və Çauşesku "dövrümüzün Herodu" olmuşdur.

18 yanvar 1990-cı ildə Feoktist bütün bu illər ərzində onları aldatdığına, Çauşeskunu şiddətli formada müdafiə etdiyinə və onun hakimiyyəti ilə mübarizə apara bilmədiyinə görə möminlərdən üzr istəməyə məcbur qalmışdır. O, səhhətinə və yaşına görə vəzifəsini tərk etmiş, lakin üç aydan sonra təcili xahişlə yenidən Patriarx vəzifəsinə qayıtmışdır. Feoktist daha sonra teleqramları partiyanın göstərişi ilə yazdığını və heç vaxt şəxsi fikrini onlarda əks etdirmədiyini bildirmişdir.

Sekuritate Kahinlərin Sekuritate ilə əməkdaşlığına dair faktlara baxmayaraq, kahinlərin əməkdaşlığının miqyası və Rumıniya məxfi polis xidmətinin fəaliyyətinə təsiri hələ qiymətləndirilməmişdir, çünki Rumıniyada bir çox sənədlərin məxfiliyi ləğv olunmayıb və bir çox dövlət arxivləri ictimaiyyətə açılmayıb. Bəzi keşişlər müxtəlif konfessiyaların nümayəndələrinin məlumatlarını birbaşa dövlət polisinə çatdırmışdılar və kilsənin bunu təkzib etməyinə baxmayaraq, əhalinin narazılığı və kilsəyə qarşı inamsızlıq səviyyəsi artmışdı. Məsələn, mitropolit Banatlı Nikolay etiraf etmişdir ki, o, daha yüksək rütbə əldə etmək üçün beş dissidentin, o cümlədən George Kalçu-Dumitryasanın məlumatlarını Sekuritateyə təhvil vermişdir.