Hacıyev Sədi Məhəmməd oğlu — Zaqafqaziyada statistika üzrə ilk alim, iqtisadiyyat elmləri doktoru.
Bioqrafiyası Sədi Hacıyev 1930-cu il mart ayının 22-də Gürcüstan SSR-in Marneuli rayonunun Qaçağan kəndində anadan olmuşdur. 1947-ci ildə Qaçağan orta məktəbini bitirmiş, 1947-1948-ci illərdə həmin məktəbdə müəllim vəzifəsində işləmişdir. 1948-ci ildə K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun ticarət-uçot fakültəsinin statistika şöbəsinə daxil olmuş və 1952-ci ildə həmin institutun statistika ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 1952-1953-cü illərdə K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun statistika kafedrasında müəllim vəzifəsində işləmişdir.
1953-cü ildə Moskva İqtisadi Statistika İnstitutunun "Statistikanın ümumi nəzəriyyəsi" kafedrasında əyani aspiranturaya daxil olmuş, 1956-cı ildə həmin institutda aspiranturanı bitirdikdən sonra təyinat əsasında K. Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunun statistika kafedrasında müəllim vəzifəsində işləməyə göndərilmişdir. Burada statistikanın ümumi nəzəriyyəsi, iqtisadi statistika, ticarət statistikası, statistikanın tarixi, beynəlxalq statistika fənlərini tədris etmişdir.
1958-ci ildə Moskvada İqtisadi Statistika İnstitutunda statistika ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmiş ilk azərbaycanlı olmuşdur. 1959-cu ildən S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması" kafedrasında statistika ixtisası üzrə baş müəllim, 1963-cü ildən isə dosent vəzifəsində işləmişdir. 1963-cü ildə Azərnəşrdə 3,0 ç.v. həcmində "Azərbaycan SSR-nin kolxozlarında əsas fondların statistikası" mövzusunda kitabçası çapdan çıxmışdır. Universitetin iqtisadiyyat fakültəsinə tələbə qəbulunun artması ilə əlaqədar olaraq 1964-cü ildə statistika kafedrası təşkil olunmuşdur. 1964-cü il yanvarın 17-də statistika kafedrasına müdir vəzifəsinə seçilmişdir. Bundan sonra statistika fənni üzrə çox sayda proqram və dərs vəsaiti hazırlamışdır. Həmin dövrdə onun rəhbərliyi altında kafedranın bütün müəllim kollektivinin cəlb edilməsi nəticəsində statistika fənninin hər bir mövzusu üzrə əyani dərs vəsaiti tərtib edilmişdir. 1964-cü ildə 3,0 ç.v. həcmində statistikanın ümumi nəzəriyyəsi ilə bağlı dərs vəsaiti hazırlamışdır.
1966-cı il sentyabr ayının 1-dən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adı ilə fəaliyyət göstərən "Statistika" kafedrasında müdir vəzifəsində çalışmağa başlamışdır. 1967-ci ildə 6,0 ç.v. həcmində "Statistikanın ümumi nəzəriyyəsi" adlı dərs vəsaiti tərtib etmişdir. Onun rəhbərliyi altında 1969-cu ildə 3,0 ç.v. həcmində "Statistika lüğəti" kitabı və 12 ç.v. həcmində "İqtisadi statistika" dərs vəsaiti nəşr olunmuşdur.
1970-ci ildən "Statistika" kafedrasının elmi-tədqiqat işlərinin yerinə yetirilməsinə rəhbərlik etməyə başlamışdır. Onun rəhbərliyi ilə kafedranın müəllimləri böyük həcmdə "İctimai istehsalın səmərəliliyinin yüksəldilməsi problemlərinin iqtisadi-statistik təhlili" mövzusunda büdcə-tədqiqat işini yerinə yetirmişdir.
1970-1982-ci illərdə təsərrüfat hesablı bir sıra elmi-tədqiqat işinin yerinə yetirilməsinə rəhbərlik etmişdir. Bunlardan "Azərbaycan SSR-də üzümçülüyün səmərəliliyinin yüksəldilməsi problemləri" mövzusunda 26,0 ç.v. həcmində, "Ağcabədi rayonunun təsərrüfatlarında istehsalın iqtisadi faydalılığının yüksəldilməsi məsələləri" mövzusunda 16,0 ç.v. həcmində elmi işləri göstərmək olar. Bunlarla yanaşı rus dilində statistika kitablarının tərcümə edilməsi sahəsində geniş fəaliyyət göstərmişdir. 1966-cı ildə M. İ. Manoxinin "Kənd təsərrüfatı statistikasının əsasları" adlı 10 ç.v. həcmində, 1968-ci ildə isə prof. İ. Q. Malının "Statistikanın nəzəriyyəsi" adlı 25 ç.v. həcmində dərs kitablarını Azərbaycan dilinə tərcümə etmişdir.
S.Hacıyev institutun ixtisaslaşdırılmış elmi şurasının, fakültə elmi şurasının, institutun elmi-metodiki şurasının, Azərbaycan SSR Təhsil Nazirliyinin iqtisadiyyat üzrə metodseksiyasının, "Azərbaycan xalq təsərrüfatı" jurnalının redaksiya kollegiyasının üzvü olmuşdur. 1959, 1970 və 1979-cu illərdə əhalinin ümumittifaq siyahıyaalınmasında fəal iştirakına görə SSRİ hökuməti tərəfindən təşəkkür almışdır. 1968-ci ildə statistika elminin və təcrübəsinin inkişafındakı roluna görə SSRİ MSİ-nin yubiley qramotası ilə təltif olunmuşdur.
1973-cü il fevralın 18-də Moskva İqtisadi Statistika İnstitutunun müdafiə şurasında "Kənd təsərrüfatında əsas fondların istifadəsinin iqtisadi-statistik tədqiqi problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Statistika ixtisası Zaqafqaziyada iqtisad elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüş ilk alimdir.
1974-cü ildə Azərbaycan SSR ali təhsil nazirliyinin qrifi əsasında "Maarif" nəşriyyatında 13,0 ç.v. həcmində "Statistikanın ümumi nəzəriyyəsi" adlı və 16,0 ç.v. həcmində "Kənd təsərrüfatının statistikası" adlı dərs vəsaitlərini nəşr etdirmişdir.
Statistika ixtisası üzrə kafedranın professoru kimi 1977-1989-cu illərdə nəşr olunmuş "Azərbaycan Sovet Ensiklopediyası"nda statistika məqalələrinin yazılmasında iştirak etmişdir.
Onun rəhbərliyi altında 10-a qədər mütəxəssis statistika ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir. Azərbaycan müstəqillik qazanandan sonra professor S.Hacıyev uçot və statistikanın beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində Dövlət Statistika Komitəsinə yaxından köməklik etmişdir.
1987-ci ildə 21,0 ç.v. həcmində "Statistikanın ümumi nəzəriyyəsi" adlı dərsliyi "Maarif" nəşriyyatında nəşr etdirmişdir. 1989-cu ildə Moskvada 50,5 ç.v. həcmində əsas müəlliflər kollektivi ilə birlikdə "Statistika lüğəti" kitabını çap etdirmişdir.
SSRİ-nin bir çox şəhərlərində keçirilən simpozium və konfranslarda Azərbaycanı təmsil etmişdir. 1991-ci ildə "Statistikanın ümumi nəzəriyyəsindən" 5,0 ç.v. həcmində metodik göstəriş, 1992-ci ildə "Dinamika sıraları" adlı 6,0 ç.v. həcmində dərs vəsaiti, 1994-cü ildə "Statistikanın tarixi" adlı 6,0 ç.v. həcmində dərs vəsaiti, 1997-ci ildə 5,0 ç.v. həcmində "Statistikada indekslər" adlı dərs vəsaiti, 2005-ci ildə "Statistikanın ümumi nəzəriyyəsi" dərs vəsaitini nəşr etdirmişdir. Ümumilikdə 150 adda, 350 ç.v. həcmində elmi əsərin və metodik vəsaitin müəllifidir.
23 may 2006-cı ildə vəfat etmişdir.
İki qız və bir oğlan övladı var.
Əsərləri Kitablar, monoqrafiyalar və metodik əsərlər
Redaktə etdiyi işlər Xalq təsərrüfatının inkişafının maliyyə-statistik problemləri: Elmi əsərlər tematik məcmuəsi. Bakı: AzXTİ-nun nəşriyyatı, 1981. Aqrar-sənaye inteqrasiyası şəraitində kəndin inkişaf problemləri: Elmi əsərlər külliyatı. Bakı: AzXTİ-nun nəşriyyatı, 1983. Milli hesablar sistemi (dərs vəsaiti; elmi redaktor). Bakı: AzDİU-nin nəşriyyatı, 1997.
Büdcə və təsərrüfat hesablı elmi-tədqiqat əsərləri
Ensiklopedik materiallar
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər