– Yaponiya fotoqrafı. 1880-ci illərdə Yokohamanın tanınmış fotoqraflarından biri idi. Onun fotoları Qərb dünyasında daha çox tanınır.
İlk illəri Kusakabe Kimbey 1841-ci ildə Kofu şəhərində parça ticarəti ilə məşğul olan ailədə doğulmuşdur. Ailə adı Matsuya idi. 18 yaşı olanda rəssam olmaq üçün Yokohama şəhərində köçmüşdür.
Fotoqrafiya Kusakabe 1860-cı illərin sonunda fotoqraf Feliçe Beatonun şagirdi olmuşdur. O, əvvəlcə ona fotoların əllə rənglənməsində kömək etsə də, daha sonra köməkçisi olmuşdur. 1867-ci ilin payızında Beatonun Şanxay səfərində onu müşayiət etmişdir. 1870-ci illərdə fotoqraf Baron Raymund fon Stillfridin köməkçisi olmuşdur. 1880 və ya 1881-ci ildə Yokohamanın Bentendori küçəsində öz fotostudiyasını və ya fotodükanını açmışdır. Fotoqrafik məhsulların və ənənəvi kostyumların satışı ilə məşğul olmuşdur. 1885-ci ildə Beato və Stillfridin neqativlərini alaraq biznesini genişləndirmişdir. 1889-cu ildə studiyasını şəhərin Honçodori küçəsinə köçürmüşdür.
Kusakabe Yaponiya mənzərələrini və gündəlik həyatı əks etdirən fotolar çəkmişdir. Yaponiya qadınları və geyşalar onun sevimli mövzularından biri olmuş, əsərlərində ukiyo-e elementlərindən istifadə etmişdir. O, Tokionun Şinbaşi bölgəsindən olan O-en, Ponta, Momoko, Tsumako, Azuma və Miyako kimi məşhur geyşaları modeli kimi istifadə etmişdir. Kusakabenin studiyası 1892-ci ildə 2000 mənzərə fotosu və kostyum təklif edirdi, eləcə də, fənər slaydlarının satışı ilə məşğul olurdu. 1897-ci ildən etibarən kollotipiya və çapla məşğul olmağa başlamışdır. 1901-ci ildə fotoqrafik bəzədilmiş ipək yelpiklərin satışına keçmişdir. Yokohamada fəaliyyət göstərən digər fotoqraf Tamamura Kozaburo ilə rəqabət aparmışdır. Əsasən Yaponiyadakı əcnəbilər üçün işlədiyi üçün "Kimbey" adından istifadə etməyə üstünlük vermişdir, çünki əcnəbilər bu adı daha rahat tələffüz edirdilər. O, hazırladığı fotoalbomları turistlərə satdığı üçün Qərb dünyasında daha çox tanınmışdır. Onun fotostudiyası 1901-ci ildə Yaponiyada ən böyük fotostudiyalardan biri idi. Kusakabe 1885-ci ildə Yokohama Kayqan Kilsəsində vəftiz olunaraq xristianlığı qəbul etmişdir.
Son illəri və ailəsi Kusakabenin oğlu atasının biznesini idarə etməklə maraqlanmadığı üçün kürəkəni Oqava Saşiçi varisi olmuş, lakin o, 1909-cu ildə ölmüşdür. Kusakabe 1913-cü ildə təqaüdə çıxmış, 1930-cu ildə Aşiya şəhərinə köçərək nəvəsi Uçida Tama ilə yaşamağa başlamışdır. O, son illərində rəssamlıqla məşğul olmuşdur. Oqavanın qızı olan Tama 1995-ci ilə qədər yaşamış, 1923-cü ildə Böyük Kanto, 1995-ci ildə Böyük Hanşin zəlzələsindən sağ çıxmışdır.
Qalereya
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya fotoqrafları Kateqoriya:Portret fotoqrafları Kateqoriya:Yaponiya xristianları Kateqoriya:Yaponiya rəssamları