Əli Əsəd Altunqaya, Əli Əsəd Babaoğlu və ya Əli Əsədzadə () — azərbaycanlı zabit, üsyançı və siyasi mühacir.
Azərbaycan Cümhuriyyəti dövründə orduda xidmət edib. Bakı, Quba, Yevlax, Zaqatala və Şuşada baş tutmuş döyüşlərdə iştirak edib. 1925-ci ildə Qubada gənclərdən ibarət antisovet təşkilat yaradıb. 1928-ci ildə Qubada, 1930-cu ildə isə Xaçmaz və Qusarçayda sovet işğalına qarşı baş verən üsyanlarda iştirak edib.
İkinci Dünya müharibəsi başladıqdan sonra cəbhəyə göndərilib. 1942-ci ildə könüllü olaraq almanların tərəfinə keçib və Azərbaycan Könüllülər Ordusuna qoşulub və SSRİ-yə qarşı döyüşlərdə iştirak edib. İkinci Dünya müharibəsinin başa çatdıqdan sonra Mittenvald qaçqın düşərgəsində saxlanılıb. 1946-cı ildə düşərgədə yaradılmış "Axın klubu"nun və onun mətbu orqanı olan "Axın" məcmuəsinin ümumkatibi seçilib.
1948-ci ildə Türkiyəyə köçüb. Entomologiya İnstitutunda, daha sonra Torpaq Məhsulları Ofisinin laboratoriyasında işləyib.
Həyatı
İlk illəri Əli Əsədzadə 1899-cu ildə, Quba şəhərində anadan olub. Atası tacir olub. İlk təhsilini molla məktəbində alıb. Rus, fars və ərəb dillərini öyrənib. 1916-cı ildə təhsilini davam etdirmək üçün Bakıya gedib.
Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra orduda xidmət edib. Bakı, Quba, Yevlax və Zaqatalada baş tutmuş bir çox döyüşlərdə iştirak edib. 1920-ci ildə Şuşa döyüşlərində iştirak edib və yaralanıb.
Sovet işğalında Aprel işğalından sonra Qubaya qayıdan Əsədzadə burada müəllim kimi fəaliyyət göstərib. 1925-ci ildə Qubada gənclərdən ibarət antisovet gizli təşkilat yaradıb. Təşkilatın üzvləri Azərbaycan Cümhuriyyəti parlamentinin keçmiş üzvü Həmdulla əfəndi Əfəndizadə ilə əlaqə saxlayıblar. Əsədzadə 1928-ci ildə Qubada sovet işğalına qarşı baş verən üsyanda, 1930-cu ildə isə Xaçmaz və Qusarçayda baş tutan üsyanlarda iştirak edib. Daha sonra onunla birlikdə təhsil almış, həmin dövrdə Azərbaycan SSR XKS yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri vəzifəsində çalışan Mircəfər Bağırov onunla danışıqlar aparıb. Bundan sonra Əsədzadə səkkiz silahdaşı ilə birlikdə silahı yerə qoyaraq müəllimlik fəaliyyətini davam etdirib.
Sonralar Əsədzadə entomologiya sahəsində təhsil alıb.
İkinci Dünya müharibəsi və sonrakı həyatı İkinci Dünya müharibəsinin başlamasından sonra Əli Əsədzadə orduya çağırılaraq cəbhəyə göndərilib. 1942-ci ildə könüllü olaraq almanların tərəfinə keçib və Azərbaycan Könüllü Ordusuna qoşulub. Leytenant rütbəsi alan Əsədzadə SSRİ-yə qarşı döyüşlərdə iştirak edib.
1943-cü ildə Xerson şəhəri ətrafında gedən döyüşlər zamanı ağır yaralanıb. Xidmət etdiyi tabor komandiri ilə birlikdə məhv olub. 15 nəfərlə birlikdə üç gün ərzində mühasirədə qalaraq döyüşü davam etdirib. Döyüşlərdə göstərdiyi şücaətə görə III dərəcəli yaralanma nişanı və II dərəcəli piyada hücum medalı ilə təltif olunub. Aldığı yaralar nəticəsində döyüş qabiliyyətini itirdikdən sonra 742 nömrəli hərbi hospitalın texniki rəisi vəzifəsinə təyin edilib.
İkinci Dünya müharibəsinin başa çatmasından sonra Əsədzadə SSRİ-yə təhvil verilmək təhlükəsi ilə üzləşən azərbaycanlı əsirlərin qaçırılmasında iştirak edib. Bir müddət Mittenvald şəhərindəki qaçqın düşərgəsində saxlanılıb. 1946-cı ildə düşərgədə türklər tərəfindən yaradılmış "Axın klubu"nun və onun mətbu orqanı olan "Axın" məcmuəsinin ümumkatibi seçilib.
1948-ci ildə Türkiyəyə köçən Əsədzadə "Altunqaya" soyadını qəbul edib. Burada Adana şəhərindən Türkiyə Böyük Millət Məclisinə seçilmiş millət vəkili Sinan Tekelioğlunun qohumu Ayşə xanımla ailə qurub. Əvvəlcə Türkiyədə Entomologiya İnstitutunda, daha sonra Torpaq Məhsulları Ofisinin laboratoriyasında qarışıq analizlər şöbəsində işləyib. Eyni zamanda Türkiyədə yaşayan azərbaycanlı mühacirlərlə əlaqələr saxlayıb.
Əli Əsəd Altunqaya 1956-cı il avqustun 4-də ürək tutmasından vəfat edib. Ankarada Cəbəci Əsri qəbiristanlığında dəfn olunub.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan üsyançıları Kateqoriya:Azərbaycanlı hərbçilər Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:İkinci Dünya müharibəsində iştirak edən Azərbaycan şəxsləri Kateqoriya:Entomoloqlar