Boston teryeri — Amerika Birləşmiş Ştatlarına aid, kiçikölçülü və kompakt it cinsi. "Amerikan centlmen" kimi tanınan bu cins 1893-cü ildə Amerika İtçilik Klubu (AKC) tərəfindən qeyri-idman cinsi olaraq təsnif edilmişdir. Boston teryerləri qısa quyruğu, dik qulaqları və diqqətçəkən siması ilə məşhurdur. 2022-ci ildə AKC-nin qeydiyyatına əsasən, Boston teryeri ABŞ-nin ən populyar 24-cü cinsi olaraq qeydə alınmışdır.
Tarixi Boston teryeri cinsi təxminən 1870-ci ildə Boston sakini Robert Hoper tərəfindən yaradılmışdır. Hoper Vilyam O'Brayn adlı şəxsdən bull-end-teryer tipli bir it olan Cac adlı iti almışdır. Cac Boston teryeri cinsinin əcdadı hesab olunur. Bu cinsin əsası XIX əsrin sonu və XX əsrin əvvəllərindəki orijinal bull-end-teryer cinsləri ilə birbaşa əlaqəlidir. Cac təxminən 15 kq ağırlığında idi. Daha sonra o Edvard Burnetin Gip adlı ağ buldoq tipli dişi iti ilə cütləşdirildi. Gip təxminən 9,1 kq ağırlığında idi və cinsin bugünkü tipik xüsusiyyətlərini daşıyırdı. 1891-ci ildə Boston Teryeri Klubu yaradıldı və 1893-cü ildə AKC tərəfindən tanındı. İlk illərdə cinsin rəngi və işarələri o qədər də vacib sayılmırdı, lakin XX əsrdə bu xüsusiyyətlər cinsin standartına daxil edilərək əhəmiyyətli hala gəldi. Cinsin aqressiv təbiəti zamanla azalaraq daha dostyana xarakterə çevrildi. 1922-ci ildən etibarən Boston Universiteti Rett adlı Boston teryerini öz maskotu kimi istifadə edir. 1979-cu ildən isə Boston teryeri Massaçusets ştatının rəsmi dövlət iti elan edilmişdir."Get to Know the Boston Terrier" , 'The American Kennel Club', retrieved 19 may 2014
Təsviri Boston teryeri kiçikölçülü, kompakt və mütənasib quruluşa malik bir itdir. Başı kvadrat formasındadır, dik qulaqları və bir qədər əyilmiş boynu vardır. Ağzı qısa və adətən qırışsızdır. Dişləri bərabər və ya bir qədər aşağı mövqedə yerləşir. Sinəsi geniş, quyruğu isə qısadır. Beynəlxalq cins standartlarına əsasən, Boston teryerinin çəkisi 11 kq-dan çox olmamalıdır. Boyu 38–43 sm arasında dəyişir.
Kürk adətən qara və ya qarışıq zolaqlı rəngdə olur. Çox tünd və ya qeyri-standart rənglər qəbul edilmir. AKC standartlarına görə, Boston teryerinin işarələri iki kateqoriyaya bölünür. Tələb olunan işarələrə ağ sinə, ağ ağız və gözlər arasında ağ zolaq, arzu olunan işarələrə isə ağ yaxalıq, ön ayaqlarda ağ işarələr və arxa ayaqlarda çəngəllərə qədər ağ işarələr daxildir. Simmetrik işarələr daha arzuolunandır. Bu cinsin xarakterik işarələri və zərif görünüşü ona "Amerikan centlmen" ləqəbini qazandırmışdır.
Boston teryerinin ən diqqətçəkən xüsusiyyətlərindən biri böyük və görkəmli gözləridir. Gözləri yuvarlaq, geniş ayrılmış və kəllə sümüyündə kvadrat şəkildə yerləşmişdir. Quyruğu qısa, qıvrılmış və ya düz ola bilər, lakin uzunluğu adətən 5 sm-dən çox olmur.
Temperamenti Boston teryeri şən, güclü və mehriban bir xarakterə malikdir. Yumşaq və dostcanlı olan bu cins sahibləri ilə yaxşı münasibət qurmağa can atır. Təlimə asanlıqla uyğunlaşır və sahiblərinə sadiqdir. Bəzən ərazilərini qorumağa meyilli ola bilərlər ki, bu da digər itlərə və yad insanlara qarşı aqressiv davranışlara səbəb ola bilər. Ümumiyyətlə, həm erkək, həm də dişi Boston teryerləri sakitdir və yalnız lazım gəldikdə hürürlər. Cinsin orta ömür uzunluğu 12 ildir.Cline, Mrs. Charles D. (1995). Boston Terriers. T. F. H. Publications, Inc. .
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Teryerlər Kateqoriya:ABŞ-nin it cinsləri