Əndəlüs teryeri () — İspaniyanın teryer tipli it növü. İrq adını onun əsas fəaliyyətindən götürmüşdür. Əndəlüs bölgəsindəki şərabxanalarda boçkalar arasında gizlənən siçan və siçovulları ovlamaq bu itin ənənəvi işidir. Bu cins 2000-ci ildə "İspaniya Kənd Təsərrüfatı Nazirliyi" və "İspaniya Kennel Klubu" tərəfindən yerli İspaniya cinsi kimi rəsmi olaraq tanınmışdır.

Görünüş Əndəlüs teryeri orta ölçülü bir itdir. Boyu erkəklərdə 37–43 sm, dişilərdə isə 35–41 sm arasında dəyişir (ideal olaraq erkəklərdə 40 sm, dişilərdə 38 sm). Görünüşcə uzun ətraflara malik Cek Rassel Teryerinə bənzədiyi üçün bəzən "İspaniya Cek Rasseli" adlandırılır. Atletik və çevik quruluşa malik olan bu cinsin başı üçbucaq formalıdır, kəlləsi yarı düz, gözləri isə tünd rənglidir. Uzun burun və yüksəkdə yerləşən, ucları əyilmiş qulaqlara malikdir. Quyruğu ənənəvi olaraq dörddə bir hissəsinə qədər kəsilir, lakin təbii qısa quyruqla doğulan fərdlər də mövcuddur. Xəzi qısa, sıx və adətən ağ rəngdədir. Üzündə qəhvəyi, ağ və qara rənglərin qarışığından ibarət nişanələr (tricolor) olur. Əksər fərdlərdə qəhvəyi rəngli qaşlar görünür.

Temperament Bu itlər canlı, cəsarətli və güclü ov instinktlərinə malikdirlər. Gəmiriciləri ovlamaqda yüksək bacarıq göstərir, həmçinin mükəmməl qoxu və görmə qabiliyyətləri ilə seçilirlər. Hərəkətləri koordinasiya etməkdə ustadırlar və çevikdirlər. Sosial xarakterləri, uşaqlarla yaxşı ünsiyyət qurma qabiliyyətləri və müxtəlif mühitlərə uyğunlaşma bacarıqları ilə tanınırlar. Dostcanlı olmalarına baxmayaraq, iş zamanı diqqətli və ciddidirlər.

Tarix Bu cinsin əsası İngiltərə şərab tacirlərinin İspaniyanın Xeres bölgəsinə köç etdiyi dövrdə qoyulmuşdur. Onlar özləri ilə Tülkü teryeri kimi irqləri gətirmiş və bu itləri yerli cinslərlə çarpazlaşdırmışlar. Əsas məqsəd şərabxanalarda siçan və siçovullarla mübarizə aparmaq idi. 1900-cü illərdə Dekorativ teryer də bu irqin inkişafında iştirak etmişdir. 1993-cü ildə "Club Nacional del Perro Andaluz Ratonero Bodeguero" adlı ilk irq klubu qurulmuş və irq standartı müəyyən edilmişdir. 2000-ci ildə İspaniya hökuməti tərəfindən yerli irq kimi tanınan bu cins, 2024-cü ildə "Fédération Cynologique Internationale" (FCI) tərəfindən də rəsmi olaraq qəbul edilmişdir.

Sağlamlıq Əndəlüs teryeri üçün xüsusi sağlamlıq problemləri sənədləşdirilməmişdir. Bununla belə, erkək balalarda testislərin kisəyə enməməsi kimi hallar nisbətən tez-tez müşahidə edilir.

Qulluq Bu itlər kiçik ölçülü olsa da, yüksək enerji səviyyəsinə görə çoxlu fiziki fəaliyyət tələb edirlər. Onları gündə üç-dörd dəfə gəzdirmək məsləhət görülür. Bir saatlıq aktiv gəzintilər enerjilərini sərf etmələri üçün kifayət edir. Qısa və sıx xəzləri baxımı asanlaşdırır. Ayda bir dəfədən çox yuyulmaları tövsiyə edilmir, çünki bu, xəzlərinin qoruyucu yağ təbəqəsini itirməsinə səbəb ola bilər. Xəzlərinin müntəzəm təmizlənməsi təbii yağların bərabər yayılmasına və su keçirməz xüsusiyyətinin qorunmasına kömək edir. Enerji səviyyələri yüksək olduğundan, gündəlik yeməklərinin bölünərək verilməsi məsləhətdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Teryerlər