— Yaponiya İmperator Ordusunda general-leytenant idi. İkinci Dünya müharibəsi zamanı rəhbərlik etdiyi 14-cü Yapon Ordusu Filippin ərazisinə hücum edərək, tarixə Bataan ölüm yürüşü kimi düşən faciəli hadisəni törətmişdir. Masaharu Homma birbaşa komandanlığı altında olan hərbçilərin törətdiyi müharibə cinayətlərinə görə məsuliyyətə cəlb edilmiş, 1946-cı il aprelin 3-də güllələnmə hökmü icra olunmuşdur.

Bioqrafiya Masaharu Homma Sado adasında, Niiqata prefekturasının Yapon dənizi sahillərində doğulmuşdur. İmperator Ordusunun Hərbi Akademiyasını 1907-ci ildə 14-cü buraxılışda məzun olmuş, 1915-ci ildə isə Ordu Qərargah Məktəbinin 27-ci buraxılışını bitirmişdir.

Böyük Britaniyada səkkiz il hərbi attaşe vəzifəsində çalışan Masaharu, Qərb mədəniyyətinə dərin hörmət bəsləyir, bu sivilizasiyanın incəliklərini yaxşı anlayırdı. 1917-ci ildə Şərqi Lankaşir alayında xidmət etmiş, növbəti il Fransada Britaniya Ekspedisiya Qüvvələrinin tərkibində döyüşmüş, göstərdiyi şücaətə görə Hərbi Xaç ordeni ilə təltif olunmuşdur.Fuller, Richard. Shokan: Hirohito's Samurai London 1992 p. 103

İngilis dilini mükəmməl bilən Masaharu 1930-1932-ci illərdə yenidən Böyük Britaniyada hərbi attaşe kimi fəaliyyət göstərmişdir. 1932-ci ildə Cenevrə Tərksilah Konfransında Yaponiya nümayəndə heyətinin üzvü seçilmiş, 1932–1933-cü illərdə Ordu Nazirliyinin mətbuat şöbəsində çalışmışdır. 1933–1935-ci illərdə İmperator Ordusunun 1-ci piyada alayının komandiri təyin edilmiş, 1935–1936-cı illərdə isə 32-ci piyada briqadasına rəhbərlik etmişdir.Ammenthorp, The Generals of World War II

Yaponiyanın hərbi xadimi Homma 1937-ci ildə imperator ailəsinin üzvü, şahzadə Titibunun hərbi müşaviri təyin edilmişdir. Şahzadə ilə birgə Qərbi Avropaya diplomatik səfər edərək, VI Corcun tacqoyma mərasimində iştirak etmişdir. Diplomatik səfər çərçivəsində Almaniyaya yollanmış, orada Nürnberq qurultayında olmuş, Adolf Hitlerlə görüşmüşdür; şahzadə 1936-cı ildə imzalanmış Antikomintern paktından sonra Almaniya ilə münasibətləri möhkəmləndirməyə çalışmışdır.

Homma İmperator Silahlı Qüvvələrinin Tayvan ordusuna komandanlıq etmiş, "Taiwan Army" adlı hərbi marşın mətnini qələmə almışdır. Müğənni Yamaquçi Yoşiko (Çin adı Li Şian Lan) əsgərlərin döyüş ruhunu yüksəltmək məqsədilə bu marşı ifa etmişdir.

1938-ci ilin iyul ayında general-leytenant rütbəsinə yüksəlmişdir.

Homma 1938–1940-cı illərdə İkinci Çin–Yaponiya müharibəsi başlanması ilə Yaponiya İmperator Ordusunun 27-ci diviziyasının komandanı təyin edilmiş, Tyantszində xarici imtiyazlı ərazilərin mühasirəsinə rəhbərlik etmiş, britaniyalılarla danışıqları şəxsən aparmışdır.Budge, The Pacific War Online Encyclopedia Nankinin süqutundan sonra o, açıq şəkildə bəyan etmişdir ki, sülh dərhal əldə olunmazsa, fəlakətli nəticələr qaçılmaz olacaq.Toland, p. 250 Ön cəbhədəki vəzifəsindən uzaqlaşdırılan Homma 1940–1941-ci illərdə Tayvan Ordu Dairəsinin baş komandanı vəzifəsinə təyinat almışdır.

İstinadlar

Kateqoriya:Yaponiya generalları