Ancelka Martiç (; ) — Xorvatiya yazıçısı və ədəbi tərcüməçisi. Ən çox İkinci Dünya müharibəsi dövründə bir oğlanla maral balasının dostluğundan bəhs edən "Pirqo" romanı ilə tanınan uşaqlar üçün yazdığı hərbi nəsri ilə məşhurdur.
Həyatı Ancelka Martiç 1 may 1924-cü ildə Zaqreb şəhərində üç uşaqdan ikincisi olaraq anadan olmuşdur. Atası 1933-cü ildə gənc yaşda vəfat etmiş, xəstə olan anası isə ailəni dolandırmaqda çətinlik çəkmişdir. Buna görə Martiç çox vaxt kənd yerlərində nənə və babasının yanında keçirmişdir. Bu səfərlər onun ədəbi yaradıcılığının əsas motivlərindən biri olmuşdur.
İkinci Dünya müharibəsi ərəfəsində orta məktəbi bitirmişdir. 1941-ci ildə müqavimət hərəkatının fəalı olan qardaşı marionet dövlət olan Xorvatiyanın milisi tərəfindən aşkarlanıb tutularaq 1942-ci ilin fevralında Yasenovats həbs düşərgəsində edam edildikdən sonra Martiç partizanlara qoşulmuş və hərbi müxbir kimi fəaliyyət göstərmişdir. Müharibənin sonunda Belqradın azad edilməsində iştirak etmiş və yaralı yoldaşını xilas etdiyinə görə Yuqoslaviyanın "Cəsarət" ordeni ilə təltif edilmişdir.
Martiçin ilk şeirləri "Kulturni prilozi" jurnalında dərc olunmuşdur. Müharibədən sonra "Vjesnik" və "Omladinski borac" qəzetlərində, eləcə də "Pionir" uşaq jurnalında jurnalist kimi çalışmışdır. "Radost" uşaq jurnalının baş redaktoru və "Naša dyeca" nəşriyyatının baş redaktoru olmuşdur. 1954-cü ildən Xorvatiya Yazıçılar İttifaqının üzvü idi.
11 noyabr 2020-ci ildə vəfat etmişdir. Zaqrebdə yerləşən Miroqoy qəbiristanlığında dəfn olunmuşdur.
Yaradıcılığı Ancelka Martiç şeirlər, uşaq kitabları və illüstrasiyalı kitablar üçün mətnlər yazmışdır. O, Xorvatiyanın uşaqlar üçün yazılmış hərbi nəsrinin ən görkəmli müəllifidir. Buna baxmayaraq, onun bəzi əsərləri avtobioqrafik kitablar və Xorvatiya yazıçısı İvana Brliç-Majuraniçin ənənələrinə uyğun fantastik nəsr nümunələridir. "Pirqo" romanında birinci şəxs adından yazılmış lirik hekayədə Martiç müharibənin hamıya, istisnasız olaraq, əzab gətirdiyi haqqında danışır.
Onun əsərləri polyak, çex, rus, italyan, esperanto, Çin və fars dilləri daxil olmaqla bir çox xarici dillərə tərcümə edilmişdir. Martiç özü də sloven dilindən bir sıra kitabları tərcümə etmişdir.
Əsərləri Mali konjovodac i druge priče – Zaqreb, 1951 Bjelkan – Zaqreb, 1951 Pirgo – Zaqreb, 1953 Jezero u planini – Zaqreb, 1956 Vuk na Voćinskoj cesti – Zaqreb, 1956 U vihoru – Zaqreb, 1958 Dječak i šuma – Zaqreb, 1960 Kurir Dragan i njegovo konjče – Sarayevo, 1961 Neugasivi životi – Zaqreb, 1961 Mali borac – Zaqreb, 1964 Proljeće, mama i ja – Zaqreb, 1968 Baba Kata – Zaqreb, 1971 Djedica Pričalo i čarobni vrutak – Zaqreb, 1977 Šašavi dani – Zaqreb, 1978 Mali konjovodac – Zaqreb, 1985 Izabrana djela в Pet stoljeća hrvatske književnost – Zaqreb, 1991 Zarobljenik šumske kuće – Zaqreb, 1999 Tri lisice i šumski car – Zaqreb, 2002 Dječak div i druge bajke – Zaqreb, 2002
Mükafatları Ədəbi yaradıcılığına görə Ancelka Martiç Qızıl çələnglə Yuqoslaviya "Əmək" ordeni ilə təltif edilmişdir. 1973-cü ildə Polşa uşaqları adından verilən unikal mükafat olan "Təbəssüm" ordeninə layiq görülmüşdür.
İstinadlar
Kateqoriya:Xorvatiya yazıçıları Kateqoriya:Xorvatiya uzunömürlüləri Kateqoriya:Yuqoslaviya partizanları