Akif Səməndər oğlu Pirverdiyev — Azərbaycan hərbi xadimi, general-mayor (2022), Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunlarının 4-cü Ordu Korpusunun komandiri (2025-ci ildən), Xüsusi Təyinatlı Qüvvələr komandanının birinci müavini — qərargah rəisi (2023–2024) və XTQ komandanı vəzifəsini müvəqqəti icra edən (yanvar–iyun 2024).

Həyatı Akif Səməndər oğlu Pirverdiyev hazırkı Goranboy rayonunun Qaramusalı kəndində anadan olmuşdur. Birinci Qarabağ müharibəsi iştirakçısıdır.

Akif Pirverdiyev 2004-cü ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrində (XTQ) xidmət etmişdir. 28 iyul 2023-cü ildə XTQ komandanının maddi-texniki təminat üzrə müavini vəzifəsindən azad edilərək XTQ komandanının birinci müavini — qərargah rəisi vəzifəsinə təyin edilmişdir. 2024-cü ilin yanvar ayından iyun ayınadək Xüsusi Təyinatlı Qüvvələr komandanı vəzifəsini müvəqqəti icra etmişdir. 6 iyun 2024-cü ildə bu vəzifədən azad edilmişdir.

Akif Pirverdiyev polkovnik rütbəsində İkinci Qarabağ müharibəsində iştirak edərək cəbhənin müxtəlif istiqamətlərində döyüşmüşdür. Xüsusi Təyinatlı Qüvvələrin silah, ərzaq və digər təminatı onun rəhbərlik etdiyi bölmələr tərəfindən həyata keçirilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2022-ci il tarixli Sərəncamı ilə Akif Pirverdiyevə general-mayor ali hərbi rütbəsi verilmişdir.

2025-ci ilin aprel ayında Akif Pirverdiyev Azərbaycan Respublikası Müdafiə Nazirliyi Quru Qoşunlarının 4-cü Ordu Korpusunun ("Bakı Korpusu"nun) komandiri təyin olunmuşdur.

Təltifləri "Zəfər" ordeni (9 dekabr 2020) 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni (24 iyun 2021) "Vətən uğrunda" medalı (25 iyun 2018) "İgidliyə görə" medalı (25 iyun 2025) "Şuşanın azad olunmasına görə" medalı (29 dekabr 2020) "Füzulinin azad olunmasına görə" medalı (25 dekabr 2020) "Cəbrayılın azad olunmasına görə" medalı (24 dekabr 2020)

İstinadlar

Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan tərəfindən İkinci Qarabağ müharibəsi iştirakçıları