Mixail Matatoviç İxilov (; ) – SSRİ tarixçisi, etnoqrafı və qafqazşünası.

Həyatı 7 noyabr 1917-ci ildə indiki Azərbaycanın Quba şəhərində dağ yəhudiləri ailəsində anadan olmuşdur. Uşaqlığı və gəncliyi Dağıstanın Dərbənd şəhərində keçmişdir. İvrit, rus və Azərbaycan dilləri ilə yanaşı, ləzgi dilini də bilirdi.

Pedaqoji institutun tarix fakültəsini bitirmişdir. İkinci Dünya müharibəsinin iştirakçısıdır. O, artilleriya məktəbini bitirdikdən sonra Baltikyanı və Leninqrad cəbhələrində döyüşmüş, bir neçə dəfə ağır yaralanmışdır.

Müharibədən sonra tarix və etnoqrafiya ilə məşğul olmuşdur. SSRİ Elmlər Akademiyasının Dağıstan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunda çalışmışdır. Moskvanın Etnoqrafiya İnstitutunda aspiranturanı bitirmiş və 1949-cu ildə dağ yəhudilərinin tarixi, mədəniyyəti və həyat tərzi ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun dağ yəhudiləri haqqında məqalələri “Qafqaz xalqları” və “SSRİ xalqları” adlı ümumittifaq toplusuna daxil edilmişdir.

İxilov Dağıstan xalqlarının etnoqrafiyasını öyrənmək üçün çoxillik ekspedisiyalarda iştirak etmiş və bu ekspedisiyalar zamanı geniş səhra materialı toplamışdır. Azərbaycanın bütün ləzgi kəndlərini gəzərək Quba ləzgiləri haqqında materiallar toplamışdır. 1957-ci ildə SSRİ Elmlər Akademiyasının Dağıstan filialının “Elmi qeydlər”ində “Quba ləzgiləri” adlı elmi məqaləsi, daha sonra isə eyniadlı kitabı nəşr olunmuşdur.

Qafqazın, Türkiyənin, Yaxın Şərqin, İranın, antik və ərəb dünyasının tarixini yaxşı bilirdi. Əsas işləri Dərbəndin tarixi, dağ yəhudilərinin tarixi və Dağıstan xalqlarının etnoqrafiyasına həsr olunmuşdur.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:Dağ yəhudiləri Kateqoriya:Azərbaycan yəhudiləri Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:SSRİ etnoqrafları Kateqoriya:Böyük Vətən müharibəsi artilleriyaçıları