Ələkbər Məmmədov (tam adı: Ələkbər Əmir oğlu Məmmədov; ; ) — sovet və Azərbaycan futbolçusu və məşqçisi, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kafedra müdiri, professor, "Şöhrət" və "Aleksandr Nevski" ordeni laureatı.

Məmmədov Bakının "Neftyanik" (1948-1953, 1960-1961), və Moskvanın "Dinamo" (1953-1959) komandalarında hücumçu mövqeyində çıxış edib. O, SSRİ yüksək liqasında 185 oyun keçirib, 56 qol vurub. "Dinamo"nun heyətində dörd dəfə — 1954, 1955, 1957, 1959-cu illərdə SSRİ çempionu olub. İki dəfə SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında qərarlaşıb (1956, 1957). SSRİ yığma komandasının tərkibində 1958-1959-cu illərdə 4 oyun keçirib. 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunlarının iştirakçısıdır.

Məmmədov 1963-1965 və 1971-1972-ci illərdə "Neftçi" komandasının, 1993-cü ildə isə Azərbaycan yığma komandasının baş məşqçisi olaraq fəaliyyət göstərmiş, Azərbaycanda gənc idmançıların hazırlanması və yüksək səviyyəli futbolçuların yetişdirilməsində müstəsna rol oynamışdır. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Milli Olimpiya Komitəsinin icraiyyə komitələrinin üzvü idi.

Ələkbər Məmmədov "На трех континентах" () (1963), "Тайны футбольной профессии" () (1991) və "Что наша жизнь? Игра!. Воспоминания и размышления" () (2010) adlı üç kitabın müəllifidir.

Erkən illəri Ələkbər Məmmədov 9 may 1930-cu ildə Bakıda qalayçı Əmir Məmmədov və əslən Belarusiyadan olan Nastya xanımın ailəsində anadan olub. Erkən yaşından atasını, daha sonra bacı və qardaşını itirən Məmmədov anasının himayəsi altında qalıb. Yaşayış səviyyəsi ağır olduğundan o, uşaq yaşlarından əməklə məşğul olaraq anasına kömək edib.

Dövrünün əksər uşaqları kimi, o da futbolun sirlərini "küçə futbolu"nda öyrənib. Əsasən "Soldat bazarı" və "Salyan kazarması" meydanlarında top qovmaqla məşğul olan Məmmədovu tezliklə "Spartak" cəmiyyətinin gənclər komandasına dəvət edirlər. 1945-ci ildə bu cəmiyyətin komandasını Moskvaya, "Spartak" mərkəzi şurasının çempionatına göndərəndə Ələkbər də onların arasında idi. Moskvadakı oyunlarda da fərqlənən Məmmədov o dövrün məşhur futbolçuları olmuş Vladislav Jmelkovla Anatoli Akimovdan xoş sözlər eşitmişdi.

Klub karyerası

Neftyanik: 1948–1953 Artıq istedadı ilə seçilən Ələkbəri 1947-ci ildə "Neftyanik"ə dəvət edirlər. Həmin vaxt onun cəmi 17 yaşı var idi. Çox gənc olmasına baxmayaraq, elə ilk günlərdən komandanın heyətində möhkəmlənə bilir və uzun müddət onun əsas simalarından birinə çevrilir. 1949-cu ildə "Neftyanik" güclülər dəstəsinə buraxılanda da Ələkbər komandada idi. Heyətdəki dəyişikliklərə baxmayaraq, o, komandanın əsas fiqurlarından biri idi. Ələkbər həmin mövsüm komandanın kapitanı Naum Naumtsev və İsay Abramaşvili ilə birgə bütün oyunlarda meydana çıxır.

Ələkbər növbəti futbol mövsümünü də əla keçirməsinə baxmayaraq, "Neftyanik" güclülər dəstəsində yerini qoruyub saxlaya bilmədi. İki mövsümdə güclülər dəstəsində cəmi 9 top vurmasına baxmayaraq o, komandasına xeyli fayda verə bilirdi. Rəqib cəbhədə çaşqınlıq yarada bildiyindən, onu saxlamaq üçün bir müdafiəçi kifayət etmir, Ələkbərin komanda yoldaşları isə bundan yararlana bilirdilər.

1951-ci ildə Məmmədov birinci liqada komandasının əsas zərbə qüvvəsi olur. O, mövsüm ərzində keçirilən 34 görüşün hamısında meydana çıxaraq rəqib qapısından 21 top keçirir. Vurulan qollara görə o, komandasının bombardiri olaraq, öz zonasında Serafim Arzamastsevdən ("Traktor") sonra ikinci nəticə göstərir. Vurulan 21 topdan biri isə daha əlamətdar olub. 1951-ci il sentyabrın 16-da İosif Stalin adına Respublika stadionunun (indiki Tofiq Bəhramov adına Respublika Stadionu) rəsmi açılış günündə ilk topu məhz Ələkbər vurur. Lakin "Neftyanik" həmin il güclülər dəstəsinə keçə bilmədiyindən, rəhbərliyin qəzəbinə tuş gəlir və komanda demək olar ki, buraxılır. Heyətin beş oyunçusu, o cümlədən Ələkbər Məmmədov komandada qalır, "Neftyanik" demək olar ki, yenidən formalaşır. O vaxt cəmi 22 yaşı olan Ələkbər Məmmədovu komandaya oynayan baş məşqçi təyin etmək istəyirdilər. Məmmədov öz xatirələrində bu haqda belə yazır: "Neftyanik"in bütün hazırlıq mərhələsini mən evdə keçirdim. Bunun əsas səbəbi isə çoxlu sayda təşkilati işlərin görülməsi idi. Mənim Səməd Vurğun küçəsindəki ev 8-də yerləşən mənzilim "Neftyanik"in bir növ ştabına çevrilmişdi".

Lakin rəhbərlik çox gənc oyunçunun belə məsul işə təyinatının düzgün olmadığını gec də olsa anlayıb, yenidən komandaya Şirəli Şirəliyevi baş məşqçi təyin edir. Birinci liqada oynamasına baxmayaraq, Ələkbər Məmmədovu bir çox güclü klublar öz heyətində görmək istəyirdilər. 1948-ci ildən 1953-cü ilə qədər "ağ-qaralar"ın heyətində çıxış edən Məmmədov bu müddət ərzində 132 oyunda meydana çıxıb və həmin oyunlarda 41 dəfə fərqlənməklə "Neftyanik"in qələbələrində böyük pay sahibinə çevrilib.

Dinamo Moskva: 1953–1959 320px|thumb|right|Ələkbər Məmmədov (aşağı sırada sağdan birinci) 1957-ci ildə "Dinamo"nun heyətində. O vaxt futbolçunun bir klubdan digərinə keçməsi həm çətin idi, həm də bu işə yaxşı baxmırdılar. Lakin 1953-cü ildə mövsümün bitməməsinə baxmayaraq, rəhbərliyin razılığı ilə Məmmədov Moskvaya yollanır. Futbolçunun Bakını Moskvaya dəyişməsinin əsas səbəblərindən biri də "Neftyanik"in güclülər dəstəsində davam gətirə bilməməsi, uzun müddət birinci liqa iştirakçıları sırasında qalması olub.

Ələkbəri ilk olaraq "Spartak" öz heyətinə cəlb edir. Lakin bir qədər sonra "Dinamo" rəhbərliyi cəld və hiyləgər tərpənərək onu komandaya götürürlər. Məmmədov "Dinamo"nun heyətində ilk görüşünü 26 oktyabr 1953-cü ildə beynəlxalq yoldaşlıq görüşü çərçivəsində Macarıstanın "Doja" komandasına qarşı keçirir. 1:1 hesabı ilə bitən görüşdə start heyətində meydana çıxan Məmmədovu 78-ci dəqiqədə Aleksey Vodyagin əvəzləyib. Məmmədovun komandanın heyətində rəsmi görüşdə debütü isə 13 aprel 1954-cü ildə çempionat çərçivəsində "Trudovıe rezervı" komandasına qarşı keçirilmiş görüşdə baş tutub. Bu görüş "Dinamo"nun 1:0 hesablı qələbəsi ilə başa çatıb. "Sovetski sport" qəzetinin müxbiri L. Ordin bu oyun haqqında yazdığı məqalədə Məmmədovu "hücumlara rəhbərlik etmək iqtidarında ola bilən futbolçu" kimi dəyərləndirib. Məmmədov "Dinamo"nun heyətində ilk qolunu 7 may 1954-cü ildə "Krılya Sovetov"un qapısından keçirib. Ələkbər Məmmədov "Dinamo"nun heyətində 1954-cü il mövsümündə 15 oyunda 5 qol vuraraq komandasının çempion olmasında böyük pay sahibi olub. İlk mövsümündə o, həmçinin 8 beynəlxalq yoldaşlıq görüşündə iştirak edib və 4 qol vurub.

Növbəti mövsümdə Məmmədov "Dinamo"nun heyətində ikinci dəfə ölkə çempionu olub. Bu mövsümdə o, ölkə kuboku və beynəlxalq yoldaşlıq görüşləri də daxil olmaqla, ümumilikdə 18 oyun keçirib və 12 qol vurub. Məmmədovun futbolçu karyerasında ən yadda qalan hadisələrdən biri məhz 1955-ci ildə baş verib. Belə ki, o, 4 sentyabr 1955-ci ildə "San Siro" stadionunda İtaliyanın "Milan" komandasının qapısına bir oyunda 4 qol vuraraq rekorda imza atıb. "Dinamo" həmin vaxt İtaliyaya səfərə gələn ilk sovet komandası idi. 100 min azarkeşin tribunadan canlı izlədiyi oyuna böyük maraq yaranmışdı. İtaliya futbolu həmin vaxt dünyanın ən güclülərindən sayılırdı. İkiqat dünya çempionlarının ən güclü komandalarından birini doğma meydanda 4:1 hesabı ilə məğlub etməklə "Dinamo" hər kəsi təəccübləndirmişdi. Oyundan sonra italyan futbol mütəxəssisləri Məmmədovu "nəinki Rusiyanın, həm də Avropanın birinci dərəcəli futbolçusu" adlandırılmışdılar. Uzun illər sonra həmin tarixi oyunu xatırlayan Lev Yaşin belə deyəcəkdi: "Ələkbər inanılmaz texnikaya malik idi. Onda hücumçu üçün vacib olan bütün keyfiyyətlər cəmlənmişdi. Meydanı əla görür, sürətli keçidlərlə rəqibini çaşbaş salırdı. Özünəməxsus ötürmələri isə komanda yoldaşları üçün göydəndüşmə qol fürsəti idi". Məmmədovun əldə etdiyi bu rekord, 2014-cü ilin yanvarına qədər toxunulmaz qaldı. Həmin vaxt "Sassuolo"nun hücumçusu Domeniko Berardi milanlıları 4 dəfə məyus etməklə Məmmədovun rekorduna şərik oldu.

Sonrakı illərdə Məmmədov "Dinamo"nun heyətində daha iki dəfə (1957, 1959) ölkə çempionatının qalibi olub. O, həmçinin komandanın heyətində iki dəfə (1956, 1958) ölkə çempionatının, bir dəfə isə (1955) ölkə kubokunun gümüş mükafatçısı olub. Məmmədov 1956 və 1957-ci illərdə SSRİ-də mövsümün ən yaxşı 33 oyunçusu siyahısında üçüncü yerdə qərarlaşıb.

Neftyanik: 1960–1961 "Neftyanik"in yüksək liqaya qayıtmasından sonra Ələkbər Məmmədov yenidən doğma komandasına dönür. İki mövsüm doğma "Neftyanik"in şərəfini qoruyur və meydana çıxdığı 25 oyunda rəqib qapıçıları 4 dəfə məyus etməyi bacarır. Məmmədovu əvvəlki formasını bərpa etməsinə çoxsaylı zədələr və mədə xorası xəstəliyi imkan vermirdi. Bütün bu halları nəzərə alan hücumçu 1961-ci ildə futbolçu karyerasına son qoymaq qərarına gəlir. Həmin il iyulun 25-də Bakıda Donetsk "Şaxtyor"u ilə görüşün ikinci hissəsində meydana çıxaraq sonuncu oyununu keçirir.

Klub statistikası Mənbə: KlubÇempionatMövsümLiqaKubokCəmiOyunQolOyunQolOyunQolOyunQolNeftyanikYüksək liqa194934322—365195034621—367Birinci liqa1951342110—3521195220843—2411195310300—103Cəmi1324196—14147DinamoYüksək liqa1953000030301954155008423919551481034181219561612004120131957176224223101958199303025919591131000123Cəmi924372251112456NeftyanikYüksək liqa196011200—112196114200—142Cəmi25400—254 Karyera cəmi249881682511290107

Milli komanda karyerası

İkinci milli komanda Ələkbər Məmmədov 1954-1957-ci illər aralığında İkinci SSRİ milli futbol komandasının heyətində səkkiz oyun keçirib və iki qol vurub.

Əsas milli komanda Ələkbər Məmmədov 30 avqust 1958-ci ildə Çexoslovakiya milli komandasına qarşı keçirilən yoldaşlıq oyununda SSRİ milli komandasının heyətində debüt edib. O, SSRİ yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşmış bu görüşün ikinci hissənin əvvəlində Valeri Urinin əvəzinə meydançaya daxil olub. Yığmanın heyətində ikinci görüşünü 28 sentyabr 1958-ci ildə 1960-cı il futbol üzrə Avropa çempionatının seçmə oyunu çərçivəsində Macarıstan milli komandasına qarşı, üçüncü görüşünü isə 22 oktyabr 1958-ci ildə Uembli stadionunda yoldaşlıq oyunu çərçivəsində İngiltərə milli komandasına qarşı keçirib. Məmmədov yığmanın heyətində son oyununa 3 oktyabr 1959-cu ildə yoldaşlıq oyunu çərçivəsində Çin milli komandasına qarşı keçirilmiş oyunda çıxıb.

Əsas milli komanda statistikası # Tarix Yer Rəqib Nəticə Qeyd Yarış 1. 30 avqust 1958 Straqov stadionu, Praqa, Çexoslovakiya Çexoslovakiya 2:1 Yoldaşlıq oyunu 2. 28 sentybr 1958 Lujniki stadionu, Moskva, SSRİ Macarıstan 3:1 — UEFA Avropa Kuboku 1960 (seçmə mərhələ) 3. 22 oktyabr 1958 Uembli stadionu, London, İngiltərə İngiltərə 0:5 — Yoldaşlıq oyunu 4. 3 oktyabr 1959 Syannuntan stadionu, Pekin, Çin Çin 1:0 Yoldaşlıq oyunu

Oyun üslubu Ələkbər Məmmədov SSRİ-nin 1950-ci illərdəki ən yaxşı hücumçularından biri hesab olunur. Məmmədov sürətli, çevik, cəld, əla texniki hazırlıqlı, meydanı gözəl görən və kombinasiyalı oyunda özünü inamlı hiss edən futbolçu kimi xarakterizə olunur. O, rəqib qapısı yaxınlığında vaxtında və dəqiq ötürmələrin mahir ustası idi. Məmmədov çox vaxt orijinal və müxtəlif aldadıcı hərəkətlər hesabına rəqibin cərimə meydançasında bir neçə müdafiəçini aldadırdı.

Məşqçilik karyerası 180px|thumb|right|Banişevski "Neftyanik"in heyətində məhz Məmmədovun rəhbərliyi altında debüt edib. Qısa müəllimlik fəaliyyətindən sonra, 1963-cü ildə Məmmədov doğma klubu "Neftyanik"ə baş məşqçi kimi qayıdır. O, ilk ilindəcə "Neftyanik"i güclülər dəstəsində səkkizinci yerə çıxara bilir. Bu göstərici Bakı klubunun güclülər dəstəsindəki ən yaxşı nəticəsi idi. Bundan sonra rəhbərlik ondan daha yaxşı nəticələr tələb etməyə başlayır. Buna görə də Məmmədovla rəhbərlik arasında münasibətlər pisləşməyə başlayır.