Əbu Əyyub Süleyman ibn Əbdülməlik ibn Mərvan ibn əl-Həkəm əl-Əməvi (; ) — Əməvilərin yeddinci, Mərvanilərin dördüncü xəlifəsi.
Həyatı Hicri 55-ci və ya 60-cı (675 və ya 679) ildə Mədinədə doğulub. Atası xəlifə Əbdülməlik ibn Mərvan, anası Qətəfan qəbiləsindən Vəlladə bint Abbasdır. Bəlazuri bildirir ki, uşaqlıq illərinin bir hissəsini çöldə, dayılarının yanında keçirdi. Sonra qardaşları Vəlid və Məsləmə ilə birlikdə Dəməşqdə xüsusi müəllimlərdən dərs aldı. Atası onun təhsil və əxlaqına ciddi nəzarət edirdi.
Hicri 81-ci (701) ildə həcc əmiri, hicri 85-ci (704) ildə isə qardaşı Vəliddən sonra ikinci vəliəhd təyin edildi. Vəlidin dövründə Fələstin hərbi vilayətinin (Cündi-Fələstən) valisi idi. Burada Qüdsə 45 km-lik məsafədə Rəmlə şəhərinin əsasını qoydu və siyasi mərkəzinə çevirdi.
Hicri 90-cı (709) ildə həbsdən qaçıb, ona sığınan Yezid ibn Mühəlləbi əfv edilməsinə nail oldu.
Hicri 96-cı (715) ildə qardaşı Vəlid ölən zaman o xəlifə elan edildi. Xəlifə olduqdan sonra ümumi əfv elan etdi, sürgündə olanlara qayıdış icazəsi verdi, əsirləri azad etdirdi. Namazların vaxtında qılınmasına nəzarət etdi. Bu səbəbdən ona "miftəhül-xeyr" (; ) ləqəbi verildi. Həccac ibn Yusifin tərəfdarlarını və bir çox valiləri vəzifədən uzaqlaşdırdı, bəzilərini cəzalandırdı. Qardaşı Məsləməni 100 minlik ordu ilə Konstantinopola hərbi yürüşə göndərdi. Ordu hicri 97-ci (sentyabr 715) ildə Dəbikdən yürüşə başladı. Lakin mühasirə uğursuz oldu. Öz oğlanları (Əyyub və Davud) gənc yaşda öldüyü üçün vəliəhdlik məsələsini dəyişdi. Məsləhətçisi Rəcə ibn Həyvanın təklifi ilə Ömər ibn Əbdüləzizi vəliəhd, Yezidi isə ikinci vəliəhd elan etdi. Cürcan və Təbəristan ələ keçirildi.
Süleyman, hələ Konstantinopol mühasirəsinin davam etdiyi günlərdə, hicri 99-cu (22 və ya 24 sentyabr 717) ildə, dünyasını dəyişdi.
İrsi və mirası O, dövlətin maraqlarını deyil, şəxsi münasibətləri əsas götürərək bəzi sadiq dövlət adamlarını cəzalandırdığı üçün tənqid olunmuşdur. Lüks həyat tərzinə, bahalı və naxışlı paltar geyməyə həvəskar olmuş, yemək-içimə düşkünlüyü ilə də tanınmışdır. Onun dövrü Əməvilərdə durğunluq mərhələsinin başlanğıcı sayılır. Bu dövrdə din alimlərinin nüfuzu artmış, xüsusilə Ömər ibn Əbdüləziz və Rəcə ibn Həyvanın rolu güclənmişdir. Onun xəlifəlik dövrü Rəmlə şəhərinin inşası, Nil çayında "əl-Miqyasul-kəbir" () adlı suölçən qurğunun düzəldilməsi, Böyük Hələb məscidinin tamamlanması ilə yadda qalmışdır.
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:VIII əsr Avropa monarxları Kateqoriya:Mədinəlilər